“Çempionatın səviyyəsi düşüb” cümləsini işlədə bilmərik"

13:36 24-12-2013
 “Çempionatın səviyyəsi düşüb” cümləsini işlədə bilmərik"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev  müsahibə verib. PFL rəhbəri dialoq zamanı ilk dövrənin yekunlarından və qarşıda duran məsələlərdən danışıb.

 

- Artıq Azərbaycan Premyer Liqasında qış fasiləsi yaranıb. Qış fasiləsinə qədər baş tutan oyunlar sizdə hansı təəssüartı oyadıb və çempionatın ümumi səviyyəsi barədə qənaətiniz necədir?

- Ümumi götürsək, pis deyil. “Çempionatın səviyyəsi düşüb” cümləsini işlədə bilmərik. Əksinə, çempionatın səviyyəsi qalxıb. Bilirəm ki, çempionatı izləyirsiniz. Mən də diqqətlə izləyirəm. “Xəzər Lənkəran”ın yeni baş məşqçisinin və millinin çalışdırıcısının sözlərini diqqətlə dinlədim. Futboldankənar futbol ictimaiyyətinin də fikirlərini bilirəm. Bir var iş yerində söhbət edəsən, bir də var iş yerindən kənarda söhbət edəsən. Mən görürəm ki, futbola məhəbbət artıb. Deyə bilərəm ki, çempionatın səviyyəsi yüksəlməkdədir. İşim olduğu üçün demirəm, hər şey göz önündədir.

 

 

- Amma çox təəssüf bəzi oyunlar, xüsusən də paytaxtda baş tutan matçlarda azarkeş sayı çox az olur. Bəzən futbolçu və texniki heyətdə yer alanların sayı azarkeş sayından daha çox olur. Bəs futbolu kim üçün oynayırıq?

- Mən sizin fikrinizdə tamamilə razıyam. Bu gün Bakı şəhərində keçirilən oyunlara azarkeş gəlmir. Mən hesab edirəm ki, azarkeşlərin gəlməməsində birbaşa günahkar klublardır. Niyə Sumqayıtda azarkeş var?

 

- Çünki Sumqayıtın bir təmsilçisi var, Ramin müəllim...

- Ay sağ ol! AZAL-da azarkeş necə gəlir?

 

- Zəif.

- AZAL-ın azarkeşi çoxdur, ya “Qarabağ”ın?

 

- Nisbətən “Qarabağ”ın.

- Elədir. Nəyi demək istəyirəm? Baxın, Bakının neçə komandası var? “İnter”, “Neftçi”, “Bakı”, “Rəvan”, AZAL + ev oyunlarını burada keçirən “Qarabağ”. Bu insan kimə azarkeşlik etsin? Paytaxtdakı matçlara azarkeş gəlməməsinin birbaşa səbəbkarı klublardır. Bunun AFFA və PFL-ə heç bir aidiyyatı yoxdur.

 

- Növbəti mövsüm üçün təqvimi tərtib edən zaman nəzərə almaq lazımdır ki, paytaxtdakı oyunlar eyni günə salınmasın...

- İnşallah, çempionat başa çatdıqdan sonra klub rəhbərləri ilə, əsasən də klub sponsorları ilə görüşüb onlara normal şəkildə izah eləmək lazımdır ki, ay klub rəhbəri, ay klub sponsoru, azarkeşsiz stadionda futbolçularından gözəl oyun sərgiləməyi tələb etmə, gözləmə. Niyə Qəbələdəki, niyə Lənkərandakı oyunlar maraqlı alınır? Azarkeş oyuna birbaşa təsir edir. “Qarabağ” və “İnter” komandaları arasında əla bir oyun keçirildi. Amma baxın bu matçı neçə nəfər izlədi? Mənim ayın ən yaxşılarının tədbirində sööylədiyim fikirlər təəssüflər olsun ki, başqa cür qəbul olundu (“İnter”in prezidenti Georgi Nikolov həmin vaxt demişdi ki, mən hansısa “Keşlə”nin prezidenti ola bilmərəm). Mən həmin vaxt demədim ki, klubun adı dəyişdirilsin. “İnter”in qarşısına Bakı yox, Keşlə sözünün yazılmasını, “Bakı”nın qarşısına Biləcəri sözünün yazılmasını istədim. AZAL Şüvəlan təmsilçisi olmaqla nə itirdi? Eşitmişəm ki, “Rəvan” Suraxanıya köçəcək. Suraxanı böyük bir əhaliyə malik olan yerdir. Düşünürəm ki, azarkeşləri artacaq.

 

- Çempionata qayıdaq. Hansı komandanın nəticələri sizin üçün sürpriz oldu? Həm yaxşı, həm də pis mənada...

- Komandalar arasında fərq qoymaq istəmirəm. Amma səmimiliyimi də itirə bilmərəm. Açığı, “Xəzər Lənkəran”ın 8-ci yeri tutması sevindirici hal deyil. AZAL, “Simurq” və “Rəvan” rəhbərliyi məndən küsə bilər. Amma gəlin reallığı danışaq. Bu gün “Xəzər Lənkəran” adlarını çəkdiyim komandalarla müqayisədə komandaya daha çox maliyyə ayırır. Yaxşı mənada sürpriz edən komanda? Vallah ad çəkmək çətindir. Mən sizə bir söz deyim. “Sumqayıt” sonuncu pillədə qərarlaşsa da, yaxşı oyun sərgiləyir. “Rəvan” komandası Şahin Diniyevin gəlişindən sonra tamam fərqli futbol oynayır. Düzdür, “Simurq”a uduzdular. Amma nəzərə alın ki, yeni il öncəsidir. Futbolçular evlərinə zədəli getmək istəmirlər və bu kimi digər səbəblər mübarizəni ikinci plana atır. Mustafa Dənizlinin gəlişindən sonra “Xəzər Lənkəran” 4 oyundur ki, uduzmur. Bu böyük faktdır. “İnter” mənim üçün sürpriz oldu. Komanda çox yaxşı toparlandı. Kaxaber Sxadadzedən yaxşı oyun sərgiləyəcək komanda yaratmasını gözləyirdim. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, “İnter” elə də yüksəködənişli olmayan futbolçulardan döyüşkən komanda qurub. Hesab edirəm ki, yanvardan sonra “Rəvan” və “Xəzər Lənkəran” daha yaxşı matçlar sərgiləyəcək.

 

- İlk dövrədəki hakimliklə bağlı münasibətiniz də maraqlıdır...

- Hamı deyir ki, Ramin Musayev hakimləri müdafiə edir. Mən heç kimi müdafiə etmirəm. Sadəcə, işə düzgün qiymət vermək lazımdır. İzlədiyiniz oyunlardan birini deyin ki, orada hakim səhvləri olmasın. Hakim səhvləri olub, olacaq da... Dünya səviyyəli Messi boş qapıya topu vura bilmirsə, deməli futbolda sürprizlər və səhvlər mövcuddur. Top bəzən xəttə çatıb, dayanır. Belə hallar olur. Vacib odur ki, qərəzli idarəçilik baş tutmasın. Tam varlığımla deyə bilərəm ki, bu gün Azərbaycan Premyer Liqasında, Topaz Premyer Liqasında heç bir hakim qərəzli mövqe tuta bilməz və tutmur. Əgər hakim qərəzli mövqe tutsa, mən onu Premyer Liqaya buraxmaram(futbol11.az)



.
.
.
0.77571392059326