Olimpiadaya lisenziya qazanmış güləşçi qızlarımız Vətənə qayıdıblar

13:48 11-05-2014
Olimpiadaya lisenziya qazanmış güləşçi qızlarımız Vətənə qayıdıblar
SM: Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vuran qızlardan ibarət güləş üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıb. Güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar. 

Yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri Avropa çempionatını 2 qızıl medalla tamamlayıb. Qızıl medalları yığmamıza Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb. Yeniyetmə qızlarımız Nanjinqdə keçiriləcək ikinci Olimpiya Oyunlarına qazandıqları 2 lisenziyanı 2 qızıl medalla əldə edib. Ancaq FİLA qaydalarına əsasən hər bir ölkə qızların yarışında yalnız 1 güləşçi ilə iştirak edə bilər. 

Olimpiya Oyunlarına lisenziyanı qızıl medal qazanan Türkan Nəsirova qələbə həyəcanını belə paylaşıb: 

"Federasiya rəhbərliyinə, məşqçilərimizə öz təşəkkürümü bildirirəm ki, bizə lazım olan şəraiti yaradırlar,  hər cür dəstək göstərirlər. Avropa çempionu olduğum üçün çox sevinirəm. Arzulayıram ki, Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarında da qızıl medal qazanıb, xalqımızı və federasiyamızı sevindirim".

.
.
.
0.38354301452637