Bakıda Dünya çempionatının püşkü atıldı 

23:14 06-07-2012
		Bakıda Dünya çempionatının püşkü atıldı 

SM: Bu gün Bakıda FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012-nin püşkatma mərasimi təşkil olunub. Sportmedia.az xəbər verir ki, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə Avropadan Azərbaycan, Almaniya, Fransa, Asiyadan Çin, Şimali Koreya və Yaponiya, Okeaniyadan Yeni Zelandiya, Afrikadan Nigeriya, Qana və Qambiya, Şimali Amerikadan Amerika Birləşmiş Ştatları, Kanada və Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya və Uruqvay milli komandaları iştirak edib. Yığmamız dünya çempionatına ev sahibi statusu ilə birbaşa vəsiqə qazanıb. 

Açılış mərasimi Azərbaycan haqda tanıtım xarakterli videoçarxın nümayişi ilə başlayıb. Ardınca tədbirin təşkil olunduğu Muğam Mərkəzi haqda məlumat verilib.

Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Dünya çempionatının Yerli Təşkilat Komitəsinin sədri çıxışında U-17 qızlar arasında ən yaxşı çempionatı təşkil ediləcəyini bildirib. 2 il əvvəl bu hüququ ölkəmizə verən FİFA-ya inamına, ölkə prezidenti İlham Əliyevə dəstəyə görə təşəkkür edən Məmmədov Azərbaycan xalqına və son 2 ildə futbola başlayan qızlara da minnətdarlıq edib. 

FİFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin sədri Hani Əbu Ridə çıxış etdikdən sonra isə bədii hissə başlayıb. Söz musiqiçilərə verilib. 

Əvvəlki 2 dünya çempionatının maraqlı fraqmentləri əks olunan videoçarx nümayiş olunandan sonra püşkatmaya start verilib. Proseduru keçirən Tatyana Hayenne püşkü atmaqda ona kömək göstərəcək şəxsləri dəvət edib. Bunlar U-17 qızlar yığmamızın üzvləri Aysun Vəliyeva, Əminə Heydərova, əsas millinin baş məşqçisi Berti Foqts və Hollandiya yığmasının sabiq üzvü Ronald de Bur olub. Sonuncular komandaları, millimizin futbolçuları isə həmin yığmanın qrupdakı mövqeyini səbətdən çıxarıb.

Sentyabrın 22-dən oktyabrın 13-dək davam edəcək yarışın qrup mərhələsində çıxış edən komandalar qitələr üzrə bölünüb. Belə ki, eyni konfederasiya təmsilçiləri pley-offa qədər üz-üzə gələ bilməz. Yalnız hər qrupun 2 ən yaxşısı 1/4 finala çıxdıqdan sonra bu mümkündür. Püşkatma nəticəsində bu komandaların qruplar üzrə bölgüsü müəyyənləşib.


A qrupuB qrupuC qrupuD qrupu
AzərbaycanFransaMeksikaUruqvay
KolumbiyaABŞYeni ZenlandiyaÇin
NigeriyaŞimali KoreyaBraziliyaQana
KanadaQambiyaYaponiyaAlmaniya


Qeyd edək ki, tədbirə Azərbaycanın tanınmış futbol veteranları ilə yanaşı, xarici qonaqlar da iştrak edib. Onların aarsında iştirakçı ölkələrin yığma komandaların nümayəndələri ilə yanaşı, FİFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin sədri Hani Əbu Ridə, UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund, Gürcüstan Futbol Federasiyasının prezidenti Domenti Siçiniva, baş katibi Revaz Arveladze, tanınmış futbol veteranları Vagiz Xidyatullin, İqor Kolıvanov, Viktor Losev, Almaniya milli komandasının sabiq üzvü Ditmar Hamann, Hollandiya milli komandasının sabiq üzvü Ronald de Bur, “Kayserispor”un baş məşqçisi Şota Arveladze də olub. Tədbirin bədii hissəsində əməkdar artist Sevda Ələkbərzadə və Səfurə Əlizadə çıxış edib. 

.
.
.
0.41665601730347