“Əsas sistem hakimlərin keçmiş futbolçulardan ibarət olması idi” (MÜSAHİBƏ)

02:14 27-04-2016
							 “Əsas sistem hakimlərin keçmiş futbolçulardan ibarət olması idi” (MÜSAHİBƏ)

“Tofiq Bəhramov  və  Eldar Əzimzadə Azərbaycan hakimliyini daima ən yüksək zirvədə saxlayırdılar”

Keçmiş hakim, hazırda hakim-inspektor olan Əhmədağa Cabbarovun Sportmedia.az-a verdiyi müsahibə

- Sovet dövründəki Azərbaycan hakimlik məktəbinin əsas sistemi nədən ibarət idi?
- Sovet dövründə Azərbaycanın futbol hakimlik məktəbi SSRİ üzrə ən qabaqcıllardan idi. Moskva Hakimlər Kollegiyasından sonra Azərbaycan Hakimlər Kollegiyası ikinci yerdə gedirdi. Zaqafqaziyada ən güclü futbol hakimlik məktəbi bizdə idi. Ən mötəbər hakimlər Moskvada və Bakıda idi. Moskva sadəcə say çoxluğuna görə birinci yerdə idi. Azərbaycanda həmin dövrdə  bu sahəyə maraq az olduğundan bizdə hakimlərin sayı az idi. Tofiq Bəhramov, Eldar Əzimzadə, Nəsir Məmmədzadə, Teymur Vəliyev və s. Biz də bunlara baxıb, həvəslənib hakimliyi öyrənməyə gedirdik. O dövrdə əsasən futbolçular karyeralarını bitirdikdən sonra hakimliyə gəlirdilər. Yəni bu peşənin sahiblərinin çoxusu əvvəlki futbolçular idi. Ona görə də hakimlərimiz  güclü idilər. Azərbaycan hakimlik məktəbində əsas sistem hakimlərin keçmiş futbolçulardan ibarət olması idi. Bəhs etdiyim dövr təxminən 1960-cı ildən 1980-ci illəri əhatə edir.

- Həmin dövrdəki hakimlik məktəbindəki sistemlə və hakimlərimizlə müasir dövrdəki sistem və hakimlərimiz arasında nə kimi fərq görürsünüz?
- Biz həmin dövrdə “ağ kağız” üzərində çalışırdıq. Hər şeyi sıfırdan başlamışdıq, heç bir şərait, təchizat yox idi. Ancaq futbola və hakimliyə olan sevgimizlə bu peşəyə yiyələnməyə çalışırdıq. İndi isə hər şey var, o vaxt  heç nə yox idi. O dövrdə indikindən fərqli olaraq hakimlərimizin təhlükəsizliyi qorunmurdu. Elə bölgələr var idi ki, biz oralara qorxa-qorxa gedirdik. Bilmirdik ki, getdiyimiz yerlərdən qayıdacağıq yoxsa, yox. 

- Əsasən hansı bölgələr təhlükəli idi?
- Gəncə, Ağdam, Tovuz, Lənkəran. Indi isə hakimlər üçün tam təhlükəsizlik təmin olunub.
- Həmin dövrdə hakimliyi öyrədən müəllimlər kimlər idi? 
- Tofiq Bəhramov, Eldar Əzimzadə, Nəsir Məmmədzadə, Teymur Vəliyev və s

- Siz hakimliyə necə oldu ki, gəldiniz? Yəni maraq sizdə nə zaman yaranmağa başladı?
- Mənim hakimliyə gəlməyimdə əsas səbəb Tofiq Bəhramovun İngiltərə-Almaniya oyunundakı idarəçiliyi oldu. Hakimliyə sevgim buradan başladı. Məni hakimliyə gətirən isə, Orucəli Durmuşov oldu. 

- Sizi hakimliyə gətirəndə Orucəli Durmuşov artıq təcrübəli hakim idi?
- Bəli. SSRİ çempionatı oyunlarını idarə edirdi. 

- Özünüzə örnək kimi Tofiq Bəhramovu seçmişdiniz?
- Tofiq Bəhramov və Eldar Əzimzadəni. Onlardan daima nə isə öyrənməyə çalışırdım. Mən qısa müddət Moskvada yaşamışam. Moskvada Tofiq Bəhramov və Eldar Əzimzadə oyunlar idarə edəndə fəxrlə deyirdim ki, yerlilərimdi. Onlar daima Azərbaycan hakimliyini ən yüksək zirvədə saxlayırdılar. 

- Futbol hakimlik məktəbi Azərbaycanda əsasən hansı bölgələrdə var idi?
- Bilirsiniz, o dövrdə konkret məktəb yox idi. Hakimliyi öyrənənlərlə fərdi məşqul olurdular. Bu da əsasən Bakıda idi, hakimlərin əksəriyyəti də bakılılar idi. Gəncədən bacarıqlı hakim Nəsir Məmmədzadə var idi. 1980-ci illərdən başladıq seminarlar təşkil etməyə. İndiki Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında axşamlar bizə yer verirdilər ki, orada məşq edək. Təcrübəli hakimlərimiz  orada bizə seminarlar keçirdilər. Beləcə, nəzəri biliklərimizi artırırdıq. 

- Sizin hakimlik etdiyiniz dövrdə qonorar necə idi? Qənaətbəxş idi?
- O vaxt qonorar  Sovet puluynan 1, 3, 5 rubl idi. İndi isə 700 manatdır. Biz çalışırdıq ki, qonorardan asılı olmayaraq elə oyun idarə edək ki, Tofiq Bəhramovun beynəlxalq aləmdə Azərbaycana qazandırdığı ada xələl gətirməyək. Sağlam nöqteyi nəzərdən SSRİ-də olan bütün millətlər bizə paxıllıq edirdilər. Haraya oyun idarə etməyə gedirdiksə, deyirdilər Tofiq Bəhramovun davamçıları gəlib, çox yüksək səviyyədə qarşılayırdılar. 
Ən çox da ruslar bu məsələyə qısqanc yanaşırdılar. Çünki Tofiq Bəhramov artıq bütün SSRİ hakimliyinin adını dünyada qaldırmışdı. Bəhramova İngiltərə-Almaniya oyununa qədər maeələr də var idi, bu oyundan sonra onun üçün bütün yollar açılmağa başladı. 1970-ci ildə də Bəhramov Dünya çempionatına təyinat almışdı. Amma 1974-cü ilin Dünya Çempionatına Konstantin İvanov getdi və  etikadan kənar hərəkət edərək SSRİ-ni biabır etdi. 
O dövrdə yüksək liqanın oyunlarını idarə edən hakimlərin təlim-məşqləri Soçidə, I və II divizionun hakimləri isə Soçi yaxınlığında Adlerdə keçirdilər. 

- Azərbaycan hakimləri idarəçiliyinə və inkişaf  tempinə görə, sizin hakimlik etdiyiniz dövrdə daha gücülü idi yoxsa, indi?
- Birmənalı şəkildə deyərəm bizim dövrdə. Həmin dövrdə hakimlikdə demək olar ki, pul yox idi, xırda qonorarlar var idi.  Amma hakimliyə gələnlərdə futbola sevgi var idi. Əsas səbəb ondadır ki, bu peşəni sevib gəlirdilər, pula görə yox. Pula görə hakimlik edəndə keyfiyyət aşağı olur. 

- Keçmiş hakimlərimizdən hansı ilə münasibətiniz daha yaxın idi, dost idiniz?
- Hamısı ilə münasibətim yaxşı idi. Amma Eldar Əzimzadənin ən yaxın dostu mən idim. Özü də bunu həmişə deyirdi. 

- Hakimlik karyeranızda Eldar Əzimzadənin sizə köməyi olub?
- Yox. Biz ancaq dost olmuşuq. Mən elə aciz hakim olmamışam ki, köməyə ehtiyacım olsun.  Mən onunla 1980-ci illərdə dostluq edirdim. O zaman köməyə də ehtiyacım yox idi. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İlkin Vidadioğlu 
Sportmedia.az 


.
.
.
0.58922410011292