Azərbaycan futbol hakimliyinin zirvəsi - Tofiq Bəhramov (FOTOLAR)

06:42 01-05-2016
			Azərbaycan futbol hakimliyinin zirvəsi - Tofiq Bəhramov (FOTOLAR)

Sportmedia.az “Azərbaycan futbol hakimliyinin dünəni, bugünü və inkişaf perspektivləri”  (İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması) layihəsi çərçivəsində dünya futbol tarixinə adını qızıl hərflərlə yazdırmış Tofiq Bəhramov haqqında məlumat verəcək.

SM: Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Bakıda anadan olub. İdman aləminə futbolçu kimi ayaq açıb. Futbolçu karyerasına 1940-cı ildə başlayan Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyannik”ə (“Neftçi”) dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası tez bitib.  Çünki dizindən ciddi zədə alıb və bu zədə onun futbolçu karyerasına son qoyurb Həkimlər ona futbol oynamağı qadağan ediblər. Lakin bu gəncin futbola olan sevgisi onu futboldan ayırmağa imkan verməyib. Bu dəfə özünü hakim kimi sınamaq qərarına gəlib və bu həmləsi çox uğurlu alınıb. Beləliklə, qısa bir müddətə Bəhramov hakimliyin sirlərinə yiyələnməyi bacarıb və karyerasında sürətli inkişaf dövrü başlayıb. 
Öncə SSRİ daxilində oyunlar idarə etməyə başlayıb. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb. Müasirlərinin dediklərinə görə, futbolçular Bəhramova qarşı xüsusi rəğbət bəsləyiblər. Heç bir futbolçu onun qərarlarından narazı qalmırmış. Çünki Bəhramovun ədalətli və qərəzsiz olduğuna əmin olublar. Bu amil hakim üçün ən əsas üstünlüklərdən hesab olunur. 
Tofiq Bəhramovun oğulu Bəhram Bəhramov bir dəfə atası ilə bağlı xatirələrini bölüşərkən simulyasiya edən futbolçularla bağlı atasının məzəli reaksiyasını da xüsusi qeyd edib: “Oyunçu yalandan yerə yıxılanda bunu gülüşlə qarşılayardı və həmin oyunçuya yaxınlaşıb deyərdi: “Qalx ayağa, soyuq dəyər sənə”
tofiq 5.jpg


Tanınmış arbitr 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun Futbol və onun Metodikası  kafedrasının müdiri vəzifəsində işləməyə başlayıb. O, 1974-cü ilə qədər hakimlik etməklə yanaşı bu vəzifədə də çalışıb. Bəhramov sonrakı illərdə fəaliyyətini Mirzə Fətəli Axundov adına Dillər İnstitutunun Bədən Tərbiyəsi və İdman kafedrasının müdiri vəzifəsində davam etdirib.
1964-cü ildən isə beynəlxalq oyunlara təyinat almağa başlayıb. O, SSRİ-də beynəlxalq çempionatlara təyinat alan ilk hakim kimi də tarixə düşüb. Bəhramov Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən isə birinci sovet hakimi olub. 
İndiki hakimlərin bacarmadıqlarını Bəhramov bacarıb.. Belə ki, o, iki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. 
1964-cü ildə beynəlxalq dərəcəli hakim statusu aldıqdan sonra Tofiq Bəhramov SSRİ çempionatı ilə yanaşı, Avropa və dünyada da bir-birindən mühüm oyunlarda ədalət qoruyucusu kimi çıxış etməyə başlayıb.  
tofiq 1.jpg

Tofiq Bəhramovun karyerası ərzində hakimlik etdiyi oyunların içində onu dünyanın diqqət mərkəzinə çevirən idarəçiliyi 1966-cı ilin Dünya Çempionatının final görüşü olan İngiltərə - AFR (Almaniya) matçı olub. Bu matçda gecənin adamı məhz Tofiq Bəhramov olub. Həmin mundial həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırıb. Həmyerlimiz DÇ-1966-nın oyunları zamanı adını tarixə qızıl hərflərlə həkk etdirməyi bacarıb. 

tofiq behramov london.jpg

Belə ki, bəhs etdiyimiz matçın əsas vaxtı 2:2 hesabıyla başa çatdığından əlavə vaxt oynanılmalı olub. Bu final mundialın bütün tarixi ərzində ən maraqlı və dramatik oyun olub.  İki layiqli rəqib əlavə yarım saat ərzində "Qızıl ilahə" uğrunda münasibətlərinə  aydınlıq gətirməli olublar. Matçın 101-cu dəqiqəsində ingilis hücumçu Herst topu almanların qapısına vurur, top qapı tirinə dəyərək zərbədən sıçrayır və yerə düşür, almanlar topu  uzaqlaşdırmaq üçün  küncə vururlar. Oyunun baş hakimi, aşkar şəkildə topun uçuş trayektoriyasını görməyən isveçrəli Dinst özünü itirir. Bu mübahisəli epizodun yükünü öz üzərinə götürmək istəməyən baş hakim oyunun taleyini həll edəcək qərarın yan xətt köməkçisi sovet hakimi – Bəhramovun üzərinə atır.  Bəhramov isə dərhal bayrağı yellədərək mərkəzi göstərir və İngiltərədə sevinc, Qərbi Almaniyada qəzəb doğurur.  Almanlar onu əhatəyə alaraq, bu qərara etiraz edirlər, lakin Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünün üçüncü qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatır. 
Oyundan sonra Böyük Britaniya kraliçası II Yelizaveta özü "Qızıl ilahə" və “Qızıl fit” mükafatının kiçik modelini həmyerlimizə təqdim edib. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu. Məhz bu oyundan sonra Tofiq Bəhrəmov ingilislər üçün əlamətdar şəxs, xilaskar hesab edilir. İngiltərə xalqı o gündən Tofiq Bəhrəmovu çox sevir. Bu gün yeni "Uembli" stadionunun muzey vitrinlərindən birində vüqarlı azərbaycanlının bürüncdən tökülmüş heykəli əbədi yerləşdirilib. Tofiq Bəhramov haqqında sənədli film də çəkilib. ( “Hakim”, “Hakim mərkəzi göstərir”).  Həmyerlimiz 2006-cı il Dünya çempionatına həsr edilmiş cizgi filminin də qəhramanına çevrilib. Bundan başqa 2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Hopkraft kitabında belə yazır:
 
“Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, - Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə”

Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib. 

2403018536dca4c044341399704140_unnamed (8).jpg

1966-cı ilin Dünya Çempionatının qəhrəmanı bundan sonra da bir çox mühüm beynəlxalq oyunları idarə edib. Bəhramov 4 il sonrakı mundiala da təyinat alıb. Belə ki, 1970-ci ildə Dünya Çempionatının yarımfinalında Braziliya – Uruqvay, 1972-ci il Klublararası Dünya Çempionatının finalında “Ayaks” (Hollandiya) – “İndependyente” (Argentina) qarşılaşmalarını idarə edib.  Klublararası beynəlxalq yarışlardan 1968-ci ildə Çempionlar Liqası yarımfinal oyununda “Mançester Yunayted” – “Real Madrid” matçında da hakimlik edib. Bu siyahıya başqa oyunları  da əlavə etmək olar. 
1992-ci il Azərbaycan Futbol Federasiyaları Assosisiyası (AFFA) yarananda Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri, daha sonra isə baş katib postlarında çalışıb. Xalqımızın görkəmli idman xadimi, sadə, səmimi, təkrarolunmaz futbol hakimi T.Bəhramov  1993-cü il mart ayının 26-sı dünyasını dəyişib.
Tofiq Bəhramovun xidmətlərinə görə, ölkəmizin mərkəzi arenasına – Respublika stadionuna onun adı verilib.  Stadionun girişində mərhum hakimə abidə ucaldılıb. 2004-cü il oktyabrın 14-də keçirilən abidənin açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın keçmiş prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak edib. 

Tofiq Bəhramov dünya futbol tarixində “Qızıl Buts” qazanmış, İngiltərə Kraliçası tərəfindən iki mükafata layiq görülən, adına heykəl olan və türkdilli ölkələrdə adı stadiona verilən yeganə hakimdir.

Sonda Tofiq Bəhramov haqqında digər maraqlı faktları da qeyd etmək istəyirəm. 
1. Bəhramov 15 il ərzində idarə etdiyi oyunların heç birində qırmızı vərəqə göstərməyib;
2. Mərhum hakim dünyanın 52 ölkəsinə səfər etsə də, heç vaxt Almaniyada olmayıb;

4396354536dca4bc727d1399704139_unnamed (3).jpg

3149522536dca4bbca971399704139_unnamed (2).jpg

tofiq 2.jpg

tofiq 3.jpg

tofiq 4.jpg

tofiq 7.jpg

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ





 
 
 






.
.
.
0.74313998222351