HK-nin hakimlik kurslarından Sportmedia.az-ın reportajı (FOTOLAR)

08:30 17-05-2016
				HK-nin hakimlik kurslarından Sportmedia.az-ın reportajı (FOTOLAR)

Sportmedia.az “Azərbaycan futbol hakimliyinin dünəni, bugünü və inkişaf perspektivləri” (İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması) layihəsi çərçivəsində AFFA Hakimlər Komitəsinin hakimlik kurslarından hazırladığı reportaj  

SM: AFFA Hakimlər Komitəsi gənc və istedadlı hakimlərin hazırlanması üçün hakimlik kursları təşkil edir. Təxminən 1-2 il öncəyə kimi kurslar daha geniş formada təşkil olunurdu. Yəni çimərlik futbolu və futzalla bağlı ayrı, böyük futbolla bağlı isə ayrılıqda hakimlik kursları təşkil olunurdu. Kurslarda Ceyhun Haşımov, Elçin Məmmədov, Əfqan Həmzəyev dərs deyirdi. Lakin hazırda C.Haşımovdan savayı heç kim hakimlərlə məşqul olmur.  Bunun da müəyyən səbəbləri var. Kimisinin başı şəxsi biznesinə qarışıb, kimisini isə yaxın buraxmırlar dərs deməyə. Amma ən önəmli səbəbi bu kuslarda dərs deyən müəllimlərə heç bir maliyyənin ayrılmamasıdı. Maliyyənin niyə ayrılmamasının səbəbini isə ayrılıqda araşdırıb yazacağıq. 
Gənc hakimləri hazırlayan müəllimlər üçün heç bir maliyyə ayrılmamasına baxmayaraq, işinin vurğunu olan, peşəsini hər şeydən üstün tutan Ceyhun Haşımov bu kurslarda fəaliyyətini davam etdirir. Heç bir maddi marağı olmasa da, gənc hakimlərə çox həvəslə hakimliyin sirrini aşılamağa çalışır. Hazırda Bakıda gənc hakimlər hazırlayan yeganə kurs Ceyhun Haşımovun rəhbərlik etdiyi kursdu. Haşımova burada köməklik edən qardaşı, hakim Mübariz Haşımovdu.  Bu qardaşlar gənc hakimlərin hazırlanması üçün əllərindən gələni edirlər. Həmin hakimlik kursuyla yaxından tanış olmaq üçün Sportmedi.az  gənc hakimliklərin hazırlandığı məşğələlərdə iştirak etdi. 
Ceyhun Haşımovun rəhbərliyi altında təşkil olunan hakimlik kursları “Bayıl Arena”da keçirlir. Öncə nəzəri məşğələlərə başlanılır. Təxminən 1.5 saata qədər davam edən məşğələdə futbol oyun qaydaları və hakimliklə bağlı nəzəzəri dərslər keçirilir. Burada oyun qaydalarının əyani sübutlarla başa salınmasına üstünlük verilir. Sonra Mübariz Haşımov müxtəlif  video kadrlar nümayiş etdirərək  bu vasitəylə hakimlərin nəzəri biliklərini daha da artırmağa çalışır. Bu video kadrlar Avropa Hakimlər Kollegasının iclaslarından sonra üzv ölkələrə göndərilən kadrlardı. Daha sonra ölkə çempionatında və kubok oyunlarında hakimlərimizin idarə etdikləri matçlarda olan mübahisəli epizodlar müzakirəyə çıxarılır və oyun qaydalarına əsasən təhlil olunur. Hansısa gənc hakimə beynəlxalq oyunlarda olan maraqlı və qaranlıq qalan epizodlar varsa, həmin kadrlara da baxılır və analiz edilir. 
Hakim üçün mövqe seçməkdə ən önəmli olan diaqonal qaçış geniş izah olunur. 
Futbolçu və hakim münasibətlərindən danışılır və məsləhətlər verilir. 
Sonra ehtiyyatsız, düşüncəsiz, həddən artıq güc tətbiq etməklə baş verən qayda pozuntularının təhlili və izahatı olur.
Aşkar və gizli jestlər başa salınır, nəzəri məşğələdən sonra praktiki məşğələlərdə tətbiq olunur. 
Nəzəri məşğələlərdə hakimlərə pedoqoqluğu bacarmağı və psixoloji durumlarıyla bağlı xüsusi göstərişlər verilir. 
Hakimlərin hərəkətləri, mövqe seçimləri və hakimliyə aid digər predmetlər böyük monitorda animasiyalarla izah olunur.  Mövqe seçimlərində gənc hakimlərə epizodların nəzarətsiz buraxılmasının fəsadları başa salınır. Onlara izah olunur ki, nəzarətsiz qalmış epizod vərəqəyə və daha da neqativ hallara, hətta kiçik bir qığılcımın böyük söz-söhbətə, davaya və matçın dayandırılmasına gətirib çıxara bilər. Oyun zamanı gözlənilməz hadisələrə daima hazır olmaq və belə vəziyyətlərdə soyuqqanlı hərəkət etmək aşılanılır. 
Uşaq futbolunda idarəçiliyə daha həssas yanaşmaq lazım olduğu bildirilir və uşaqlarla davranma qaydaları öyrədilir. Gənc hakimlərə nüfuzlarını saxlamağı və qətiyyətli olmaqları tövsiyyə olunur. 
Ən təcrübəli hakimlərin belə təkrar etməli olduqları 17 oyun qaydası hər dərsdə təkrar edilərərək sorğu-sual edilir. Bu oyun qaydalarına yeni edilmiş əlavələr geniş izah olunur. Müxtəlif rəsmlərə və rəqəmlərə baxış keçirdikdən sonra yaddaşın yoxlanılması və inkişafına çalışılır. 
Hasanzade™-2116.jpg

Sonra praktiki məşğələlərə başlanılır. Burada nəzəri məşğələlərdə öyrənilənlərin praktiki tətbiqinə həyata keçirilir. Gənc hakimlər baş hakim, yaxud köməkçi hakim kimi ayrılıqda yox, birlikdə məşq edirlər. Bu, gənc hakimlərin işlərində daha peşəkar olmalarına siraət edir. Bəzi gənc hakimlərin isə konkret hələ baş hakim, yaxud köməkçi hakim kimi fəailliyyət göstərəcəyi dəqiqləşmədiyi üçün ümumi məşq edirlər. 

Praktiki məşğələlər bir neçə mərhələdən ibarət olur:
1. Oyun epizodlarının imitasiyası;
2. Hakimlər briqadalarının qərarları birgə qeydə alması;
3. İkitərəfli oyunlar zamanı oyunların idarə edilməsi;
4. Aşağı yaş qrupları arasında keçirilən oyunlarda hakimlik etməklə praktikanın artırırlması;

Praktiki məşğələlərdə hakimin meydana daxil olub oyun bitəndən sonra meydandan çıxanadək ədalət təmsilçilərinə aid bütün jestlər və digər aid olan elementlər, salamlaşamaya qədər hamısı öyrədilir. 
Daha sonra gənc hakimlərlə mövqe seçimləri məşq edilir və onlara niyə hansı mövqeni seçməli olduqları praktiki şəkildə izah olunur.  
Hakimlərin bir-birini yaxşı başa düşmələri üçün gizli jestlər məşq edilir. 
Bayrağın epizoddan asılı olaraq hansı əllə istifadə olunması, oyundan kənar vəziyyətlərin aşkara çıxarılması öyrənilir və diaqonal qaçışın praktiki izahına geniş yer verilir. 
Süni psixoloji gərginlik yaradılır və belə vəziyyətlərin gənc hakimlər üçün adiləşməsinə, oyunlar zamanı belə hallar baş verərsə, hazırlıqlı olmasına çalışılır. 
Köməkçi hakimlə vizual kontaktın, qayda pozuntusunun sinxron qeydə alınması üzərində xüsusi məşq keçirilir. Bunu oyun zamanı düzgün tətbiq etməyəndə, hakimlərin fərqli fikirlərdə olduqları və aralarında rabitənin normal qurulmadıqları görünür və verilmiş qərara komandalar tərəfindən etirazlar yarana bilir. 
Simulyasıyanın aşkara çıxarıması üçün gənc hakimlərə düzgün mövqe seçimi öyrədilir və praktiki izahı verilir. 
Fitdən düzgün istifadə qaydaları başa salınır və göstərilir. Gənc hakimlərə bildirilir ki, hər epizodda eyni fit verməklə işarə etmək olmaz. Gələcəyin ədalət təmsilçilərinə müəyyən epizodlarda fit vermədən də işarə vermək olduğu öyrədilir. Qayda pozuntusuna uyğun olaraq, fitin uzun, qısa və daha ciddi verilməsi praktiki şəkildə göstərilir.

Hasanzade™-2230.jpg

Sonra fiziki məşqlərə başlanılır. Fiziki məşqlər zamanı fərdi olaraq hakimlərin fiziki cəhətdən çatışmamazlıqları aşkar edilir və onların aradan qaldırılması yönündə individual proqram tətbiq olunur və tapşırıqlar verilir. Çəki və çəkiyə nəzarət planında məsləhətlər verilir və xüsusi rejimlər tərtib olunur. Sıçrayış, artırma və uzun məsafəyə qaçışlar məşq edilir. Gücə və dözümlülüyə hesablanmış fiziki məşğələlər keçirilir. FİFA-nın tələb etdiyi fiziki normativlərə xüsusi hazırlıq keçirilir.

Hasanzade™-2192.jpg

45 nəfər gənc hakimin  olduğu bu kursda əsasən 17-30 yaş arası olan hakimlər seçilir. Seçimlərdə keçmiş futbolçulara daha üstünlük verilir.  Hazırda bu kursda 5 nəfər zərif cinsin nümayəndəsi də hakimliyi öyrənməyə çalışır. Məşğələlər həftədə 1 dəfə keçirilir. Kursda məşq edən hakimlər arasında yüksək dəstədə oyunlar idarə edən gənc hakimər də var. Ümumiyyətlə, hazırda Premyer-Liqada, I divizion və əvəzedicilərin çempionatında olan gənc hakimlərin çoxusu Ceyhun Haşımovun dərs dediyi hakimlik kurslarında bu peşənin sirrlərinə yiyələniblər. Bununla bağlı C.Haşımovun da fikirlərini öyrəndik. O, indiki gənc hakimlərin əksəriyyətinə dərs dediyini bildirdi: “14 ildir gənc hakimlərə dərs deyirəm. Hazırda hakimlik edənlərin böyük əksəriyyəti bizim kurslardan çıxıb. İndiki FİFA hakimlərinin əksəriyyəti demək olar ki, bizim kursları bitiriblər. Əliyar Ağayev, Orxan Məmmədov, Ömər Paşayev, Ramil Diniyev, İnqilab Məmmədov, Fuad Həsənov, Rza Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vaqif  Musayev, Ülviyyə Mustafayeva və s. Hazırda kursda həm məşq edən, həm də Premyer-Liqada hakimlik edənlər Kamal Bayramov, Elgün Adıgözəlli və I divizionda hakimlik edən, Premyer-Liqada hakimlik etməyə namizəd Cəmil Quliyev və başqaları var. Yaxında sürpriz hakimlər görəcəksiniz. 2 il ərzində yüksək dəstəyə 20-yə yaxın hakim hazırlanıb verilib. Əsasən biz futbol anlayışı olan şəxslərə üstünlük veririk. Keçmişdə futbol oynamış, futbolçu olub zədə və yaxud hansısa səbəbindən karyerasını yarımçıq qoymuş şəxslərə üstünlük veririk.  Onların fiziki göstəricilərinə, boylarına və digər amillərə görə seçimlər edirik. Seçimlərdən sonra onlarda baza yaradana qədər fiziki durumlarını da qaydaya salırıq. İlk növbədə özlərində həvəs olub öyrənməyə çalışmalıdırlar ki, biz də əlimizdən gələni edək. Yoxsa çox çətin olur”

Ceyhun Haşımov hansı proqramlardan istifadə etdiklərinə də aydınlıq gətirdi: “Əsasə istifadə etdiyimiz proqramlar UEFA-dan və FİFA-dan göndərilən proqramlardı. Nəzəri, metodiki və fiziki hazırlıq üzrə olan proqramlardı. Bunlardan başqa lazımlı vəsaitləri özümüz əlavə edirik” 
Təcrübəli hakim istər gənc hakimlərə. istərsə də peşəkar, FİFA dərəcəli hakimlərimizə edilən təzyiqlərlə bağlı da futbol ictimaiiyyətinə səsləndi: “Gəlin, hakim səhvlərini insan amili kimi dəyərləndirək, qərəz kimi yox. Futbolçular oyun ərzində dəfələrlə səhv edir onu nə döyən var, nə söyən. Keçmişdə futbolçu olmuş və sonradan hakimliyə gəlmiş dostlarımz hakimlərə qarşı nə qədər haqsız olduqlarını etiraf ediblər. Ona görə də kimisə günahlandırmağa tələsməyin. Mən güclü o adamı sayıram ki, günahı digərində yox, özündə axtarsın. Hakimi tənqid etmək çox asandı, bir dəfə onun yerində olsanız işinin necə çətin olduğunu görərsiniz. Hakim də insandı…” 

Hasanzade™-2123.jpg

Gənc hakimlərin Premyer-Liqada oyunlar idarə etmək üçün hansı mərhələlərdən keçməli oldqularını da araşdırdıq. Hakimliyi öyrənməyə ilk gələnlər 2-3 ay hazırlaşdırılır. Əgər, bu peşəni mənimsəməyə başlayarsa, Bakı birinciliyinə göndərilir. Burada özlərini doğruldanlar “Sabahın Ulduzları” turnirində idarəçilik etməyə başlayırlar. Onların idarəçiliyinə baxılır, video çəkilişlər edilir, dərslərdə səhvləri başa salınır. İnkişaf edənlər haqqında artıq rəsmi şəkildə Hakimlər Komitəsinə bildirilir. Qəbul olunanlar “U” liqalarına təyinatlar alırlar. Orada da oyunlardakı idarəçilikləri izlənilir, məsləhətli gənc hakimlərin idarə etdikləri oyunlara baxmaq üçün Hakimlər Komitəsinin (HK) sədrinə bildirilir. Həmin hakimlərə baxış keçirmək üçün komissiya göndərilir və gənc hakimlər haqqında rəy hazırlanır. Güvəndikləri hakimlər müəyyən müddətdən sonra özlərini doğrultsalar  yenə də həkim yoxlamasından keçib, normativ verirlər və I dərəcə alırlar. 200-dən çox uşaq futbolunda oyunlar idarə etmiş istedadlı gənc hakimlər I divizion və əvəzedicilərin çempionatında idarə etmək hüququ qazanırlar. İl ərzində 4-ə yaxın normativlər verirlər. Perspektiv vəd edən I dərəcəli hakimlər təlim-məşq toplanışlarına çağrılırlar. Orada da baxılır ki, Premyer-Liqada hansı gənc hakim oyun idarə edə bilər. Premyer-Liqaya təyinatlar alan gənc hakimlər 25-30 oyun idarə etdikdən sonra Milli dərəcəli hakim adını qazana bilir. 

Hasanzade™-2163.jpg

Hasanzade™-2166.jpg

Hasanzade™-2135.jpg

Hasanzade™-2236.jpg

Hasanzade™-2240.jpg

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”


.
.
.
0.40555191040039