Elçin Cəlilov AFFA yanında Media Komitəsi ilə bağlı SPORTMEDİA.AZ-a danışdı… (MÜSAHİBƏ)

Cəlilovun narazı qaldığı məqamlar hansıdı?

02:03 01-06-2016
				Elçin Cəlilov AFFA yanında Media Komitəsi ilə bağlı SPORTMEDİA.AZ-a danışdı… (MÜSAHİBƏ)	
	
	Cəlilovun narazı qaldığı məqamlar hansıdı?

Futbolpress.az-ın baş redaktoru və AFFA yanında Media Komitəsinin idarə heyətinin üzvü Elçin Cəlilovun Sportmedia.az-a müsahibəsi

- Gördüyümüz qədərilə artıq "Futbolpress.az"ın fəaliiyətini bərpa etmisiniz. Fasilə nə ilə əlaqədar idi?
- Keçən yaydan başlayaraq saytın fəaliyyətində 2-3 dəfə qısamüddətli fasilələr yaranmalı oldu. Bunun da obyektivdən çox, subyektiv səbəbləri var. Həm əməliyyat olundum – işə nəzarət edə bilmədim, həm də maliyyə sıxıntıları var idi. Sonralar isə hostinqə görə problemlər yaranmışdı. Bu çətinlikləri qismən də olsa, keçmiş saymaq olar.

- AFFA yanında Media Komitəsində idarəetmə heyətindəki üzvlərdən biri seçilmisiniz. Bu komitənin əsas hədəfi nədi?
- Komitənin əsas hədəflərindən biri idman mediasını peşəkarlaşdırmaq və yaranmış bu və ya digər problemlərin aradan qaldırılmasına kömək etmək. Bunun üçün də layihələr həyata keçiririk. Təqdim olunan layihələr komitənin 7 nəfərlik idarə heyətinin verdiyi səslər əsasında seçilir və AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.  Pislər yox, yaxşılar maliyyələşdirilir və beləcə tədricən qeyri-peşəkarlar sıradan çıxacaqlar.

- Birinci rübdə təqdim olunan layihələrin seçimində 7 nəfərin hamısı bütün layihələri oxumuşdu?
- Laihələrin 95 faizi oxunmuşdu. 

- Seçimlərdə əsasən nəyə üstünlük verirdiniz?
- İlk olaraq  layihənin standarta uyğun hazırlanmasına fikir verirdik.  Sonra isə ən çox probemli məsələləri əhatə edən layihələrə üstünlük verirdik. 

- Layihə seçimlərini üzv olan media orqanları ilə birlikdə açıq qapı şəklində etsəniz daha obyektiv görsənər…
- Gələcəkdə planımızda belə etmək var. Seçimləri açıq şəkildə həyata keçirmək fikrimiz var.  

- Seçimlərdən öncə 7 nəfərlik idarə heyətiniz qeyd etmişdi ki, nəticələrdən sonra kimin layihəsinin niyə seçilib və seçilmədiyinin səbəblərini açıqlayacaqsınız. Amma seçimlərdən artıq  təxminən 2 ay keçib hələ də bir açıqlama yoxdu…
- Seçilən və seçilməyən layihələrlə bağlı məlumat verilməliydi. Ancaq gecikir. Çünki idarə heyətində olanlar da hamınız kimi, aktiv jurnalistikayla məşğuldu. Boş vaxt çox az olur. Bu hesabatları hazırlamaqsa vaxt istəyir. İlk layihə müddətinin sonunda açıq görüşdə hamıya bu haqda məlumat veriləcək. Məncə, maraqlananlar görüşə gəlsin və orada idarə heyətindən hər şeyi öyrənsin. Biz birlikdə bu komitəni hərəkətləndirməliyik.  Hamı ilə - bütün üzvlərlə…

- İdman jurnalistləri nə qədər istəsə də birləşib belə bir qurum yarada bilmədi. Təşəbbüs AFFA-dan gəldi və bu, idman mediasında xoş qarşılandı. Təşəbbüskar, bildiyim qədərilə, əsasən AFFA-nın baş katibi Elxan Məmmədov idi. Düzdü, hələ komitə yaranmamışdan öncə müəyyən söhbətlər ortaya atılmışdı ki, Elxan Məmmədov Media Komitəsini yaratmaqda hanısısa məqsədlər güdür. Ancaq gedişat belə göstərdi ki, Məmmədov idman mediasının sadəcə, inkişaf etdirilməsində maraqlıdı. Niyə məhz Elxan Məmmədov?
- Çünki qarşıda Azərbaycanda dünya əhəmiyyətli yarışlar kiçiriləcək. İndiyə qədər idman mediasının maliyyələşdirilməsində elə də ciddi problemlər yox idi. Amma indi klublar mediaya ayırdıqları maliyyəni dayandırmaq üzrədilər və bəziləri çoxdan dayandırıb. İdman mediasında müstəqil maliyyələşə bilən heç bir sayt, idman portalı yoxdu. Özünü maliyyə cəhətdən təmin edəcək qəzet də yoxdu. 2020-ci ildə Avropa çempionatının final mərhələsinin oyunları Azərbaycanda keçiriləcək, İslam Oyunları, Formula 1 Avropa Qran Prisi, artıq başa çatmış 17 yaşlılar arasında Avropa çempionatı və sair nüfuzlu yarışların işıqlandırılması üçün idman mediasına ehtiyac var.  Ona görə də AFFA Media Komitəsini yaratdı. Bu komitəyə Gənclər və İdman Nazirliyi, PFL və AFFA maliyyə dəstəyi verdi. Hamısına təşəkkür etmək lazımdı. Əgər bu da olmasa, nə olacaqdı sualına cavab vermək çətindi. Yəqin bir neçə sayt artıq fəaliyyətini dayandıracaqdı. 

- Xahiş edirəm, səmimi cavab verəsiniz, AFFA-nın bu komitənin fəaliyyətində hər hansısa bir kənar təsiri varmı?
- Xeyr, qətiyyən. Seçilən layihələrdən biri sizin təqdim etdiyiniz layihədir. Bu layihədə də Azərbaycan hakimliyindəki problemlər qabardılır. Layihənin seçilməsində səs verənlərdən biri də mən olmuşam. Əgər AFFA-nın kənar təsiri olsa idi, bu layihənin maliyyələşdirilməsini istəməzdi. İnanıram ki, siz hakimliyimizdəki problemlərin kökünü araşdırıb tapa biləcəksiniz və ortaya çıxardacağınız mövzulardan digər media orqanları da mövzu hesab edib işləyəcəklər. Seçilən layihələrin də 99 faizinin əsas səbəbi sizin layihənizdəki kimi problemlərin düzgün qoyuluşudu.  Həm də məni şəxsən və ya jurnalist kimi tanıyanlar bilir ki, doğru bilmədiyim yerdə olmaram. Bu təşəbbüs olub və mən burdayam ki, problemdən çıxış yollarını araşdırmaqda mənim də köməyim olsun.
Komitəin idarə heyəti, elə olur ki, ay ərzində 4-5 və daha çox görüşlər keçirməli olur.Bunun üçün də ofisə və texniki vəsaitlərə ehtiyac olur. Bu məsələdə də AFFA köməklik göstərir.Nəzərə almaq lazımdır ki, 80 minlik ilkin büdcə də AFFA-nın dəstəyi ilə olub.Buna görə də bu qurumda AFFA-nın adının çəkilməməyi ən azı etika cəhətdən düzgün deyil. Amma AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib ki, çalışacaq ki, gələcəkdə bu komitədə tam müstəqil qurum olsun. Adı, loqosu, peçatı, bank hesabı, ofisi və s.

- İdman mediasının peşəkarlaşdırılmasında AFFA yanında Media Komitəsi nə kimi işlər görəcək? Jurnalist adına ləkə gətirənlər, şantajla məşğul olanlar və mediadakı digər neqativ halların aradan qaldırılması üçün Media Komitəsi hansı addımlar atacaq? Ən problemli olan jurnalist futbolçu, jurnalist klub münasibətlərinin nizamlanması üçün də işlər görəcəksiniz?
- Əla sualdı. Biz komitəsin “facebook” səhifəsinə əsasnaməmizi yerləşdirmişik. İstənilən jurnalist girib, hansı işlərlə məğul olacağımızla tanış ola bilər. Bir də ki, Etika kodeksimizdə nəzərdə tutulan hallardan biri də AFFA və PFL bayrağı altında keçirilən yarışlarda iştirakçılar AFFA yanında Media Komitəsinə  üzv olan istənilən KİV-dən yazılı şikayət edilsə biz həmin məsələyə baxacağıq. Şikayət KİV haqqında qanuna əsaslanaraq baxılacaq və  digər dövlət qanunları çərçivəsində baxılacaq və nöqsan varsa, həmin KİV-ə xəbərdarlıq ediləcək. Eyni KİV-ə ikinci xəbərdarlıqdan sonra (yəni ikinci sarı vərəqədən sonra qırmızı vərəqə) AFFA yanında Media Komitəsindən uzaqlaşdırılacaq. Nəticədə maliyyələşdirilməsi zəifləyəcək. Bu sanksiyanın əsas məqsədi ortadakı neqativ halların aradan qaldırılmasıdı. 

- Bunlar görünən tərəflərdi. Ancaq sifarişli yazıların məhdudlaşdırılması üçün tədbirlər görə biləcəksinizmi? Yəni bu formatda işləyənlər onsuz da sizin maliyyəyə ehtiyacları olmayacaq…
- Səmimi deyim ki, çox çətin ki, belə hallara qarşı nə isə edə bilək. Çünki biz xəfiyyə deyilik ki, onun məqsədli yazdığını və kimdən sifariş aldığını sübut edə bilək. Amma Klublar Komitəsiylə görüşdə də onlara çatdırdıq ki, əgər sizin haqqınızda əsassız yazıların olmamasını istəyirsinizsə, şəxsi maliyyələşməni dayandırmalısınız. Verdiyiniz maliyyəni AFFA yanında Media Komitəsinə ayırın, biz də peşəkarlar arasında seçim edək.

- Belə halların aradan qaldırılması üçün ən azı ictimai qınaq formatında hansısa addımlar atmaq olar…
- Təbii ki, bu, ola bilər. Standart mətn hazırlanıb üzv media orqanlarında tirajlamaq olar. 

- Ən əsası, jurnalistlərə qarşı təzyiqlərin aradan qaldırılması üçün AFFA yanında Media Komitəsində işlər görüləcək? 
- Bizim əsas məqsədlərimizdən biri də həmkarlarımızın hüquqlarının müdafiəsidi. Hansısa həmkarımız təzyiqlərə məruz qalarsa bizə yazılı şəkildə müraciət edib, şikayətini əsaslandırdıqdan sonra biz də komitə olaraq müvafiq addımlar atacağıq. Aidiyyatı qurumlara, hüquq mühafizə orqanlarına müraciət edə bilərik. 

- Səfərə gedəcək jurnalistlərin seçimi ilə bağlı İbrahim Cəfərov və bir neçə başqa həmkarım narazılıq edirlər…
- Klublar Komitəsi və AFFA rəhbərliyi ilə anlaşmamıza əsasən, xarici səfərlərin media işini təşkil etmək üçün jurnalist aparılmasında seçim üçün bizim də fikrimiz soruşulacaq. İlk təşəbbüs AFFA-dan gəldi. Dedilər milli ilə Avstriya toplanışına 6 nəfər jurnalist aparacağıq. 3 nəfəri komitə seçməli idi. Komitənin seçimi narazılıq yaratdı. Mən o seçimə qatılmamışam. Niyə komitənin absurd qərarına cavabdehlik daşımalıyam? Bunu açıq şəkildə bildirmişəm. Bu mövzu qaldırılanda təklif etdim ki, gəlin səfərə idarə heyətindən heç birimizi salmayaq. Elə oldu ki, tam əksi, üçü də idarə heyətinin təmsil olunduğu media orqanları oldu. Bu, normal hal deyil və gələcəkdə belə şeyə yol vermək olmaz. Narazılıqları haqlı sayıram. 

- Komitənin idarə heyətində təmsil olunan media orqanlarının səfərə getməsində nəyi anormal hesab edirsiniz? Təbii ki, daimi eyni media orqanı olmamaq şərti ilə. Əgər dəyişən sistem üzrə olacaqsa, ilk kimlərdənsə başlamaq lazım idi…
- Səsvermə idarə heyətini təşkil edən 7 nəfər arasında keçirilmişdi. İdeyanı həmkarlardan biri verdi, 3 KİV adı çəkdi. Bir ideya verən və bir də o 3 nəfərin verdiyi səslə səs çoxluğu oldu. Qalan 3 nəfər lehinə səs verməyib. Bir anormallıq burdadır. İkincisi isə, idarə heyəti ilk cəhddəcə özünü yox, üzvləri təklif etsəydi, daha gözəl olardı. Mən bunu artıq bildirmişəm – iclasımızda da, digər yerlərdə də. Bizim komitədə demokratiyadı, açıq fikirlilikdi. 

- Digər komitələrlə müqayisədə AFFA yanında Media Komitsində açıq sözlülük və fərqli fikirlərin olması sevindirici haldı. Elçin Cəlilov necə bu durumu demokratik bir komitə kimi, yoxsa dağınıq fikirlərin olduğu bir komitə kimi qiymətləndirir? 
- Demokratiya həm də bir növ dağınıqlıqdı, ancaq fikri dağınıqlıq, xaotik yox. Komitədə pis şey olsaydı, orda olmazdım. Gərək açıq fikirli olaq ki, iş qoyulsun ortaya. 

- Layihələrin işlənməsində gündəlik xəbər sistemindən fərqlənməyən formada işləmək nə dərəcədə düzgündü? Bu, araşdırma aparan, təhlillər edib yazılar hazırlayan jurnalistlərin işi ilə müqayisədə çox asan deyilmi?
- İlk cəhddir. İdman mediasında hələ belə hal olmamışdı. Bu, hələ təcrübənin yaranması və formalaşması deməkdi. Ona görə də radikal münasibət bildirməyin tərəfdarı deyiləm. Səhvlər çoxdu fərdi olaraq. Bunun üçün xüsusi görüş də planlaşdırılıb.

- Formula 1-lə bağlı razılaşdırmanın təfərrüatları haqqında üzvlərə nə zaman məlumat verəcəksiniz?
- Formula 1-lə bağlı problem yaranıb. Bu barədə yaxınlarda məlumat veriləcək. Bizdən asılı olmayan səbəblərdi.

- Komitənin işinə başqa yerlərdən kənar təsirlər etmək istəyənlər,  yaxud edənlər yoxdur ki?
- Qətiyyən. orda olanlar demokratik seçki şəraitində seçilənlərdi. Hər biri də idman jurnalistikasında əməyi olmuş nəfərlərdi. Mən idarə heyətinin ədalətli olduğunu düşünürəm və fikrimcə, Azərbaycan futbolunda ən faydalı işləri AFFA yanında Media Komitəsi görür. Kənar müdaxilə dərhal özünü büruzə verər və nədəsə, bunu mütləq hiss edərsiniz. 


İLKİN VİDADİOĞLU 
SPORTMEDİA.AZ


.
.
.
0.56316494941711