Eldar Əzimzadə: \"Bir-biri ilə dövlət sərhəddi ilə ayrılan bir xalqın oğulları Bakıda, Təbrizdə, Ərdəbildə yox, Tehranda görüşürdülər\" (TARİXİ MÜSAHİBƏ)

15:25 14-06-2016
			Eldar Əzimzadə: \"Bir-biri ilə dövlət sərhəddi ilə ayrılan bir xalqın oğulları Bakıda, Təbrizdə, Ərdəbildə yox, Tehranda görüşürdülər\" (TARİXİ MÜSAHİBƏ)

Sportmedia.az "Azərbaycan hakimliyinin dünəni, bu günü və inkişaf perspektivləri" mövzusunda fərdi jurnalist araşdırması layihəsi çərçivəsində keçmiş azərbaycanlı məşhur hakimimiz Eldar Əzimzadənin hakimlik tariximizdəki bir çox maraqlı məqamlara toxunduğu tarixi müsahibəni təqdim edir.
1980-ci illərin məşhur olan "Gənclik" jurnalında bir neçə idman xadimindən müsahibə yer alıb. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq 23 il bundan əvvəl Yadigar Türkelin Eldar Əzimzadədən götürdüyü müsahibəni olduğunu kimi nəzərinizə çatdırırıq.

- Eldar müəllim, hər bir idmançının tərcümeyi-halında Olimpiya oyunlarının çempionu olmaq ən böyük nailiyyət sayılır. Olimpiya oyunlarının futbol turnirinin final oyunlarının baş hakimi olmaq da hakimlərin idman həyatında şərəfli bir işdir. Siz SSRİ-dən Olimpiya oyunlarının final oyununa hakimlik etmiş yeganə hakimsiniz. Haçansa Olimpiya oyunlarının final oyununa hakimlik edəcəyinizin fikirləşirdinizmi?
- Doğrusu, o illərdə mən UEFA və FİFA-da sayılan hakimlərdən idim. Ona görə də Olimpiya oyunlarına hakimlik etməyə çağrılmağım gözlənilməz olmadı. UEFA və FİFA-da hakimləri onların real göstəricilərinə görə seçirlər. Bu federasiyalarda heç bir milli, dini, irqi ayrı-seçkilik qoyulmur.
Birinci turda Meksika-Əlcəzair oyununa baş hakim təyin edildim. Milçenko və Stupar mənə kömək edirdilər. Yadımdan çıxmaz, N.Latışevin təəccüblə verdiyi: "Niyə, məhz Əzimzadəni?” - sualına Avropa Hakmlər Kollegiyasının prezidenti Zaypert cavab verdi: "Mən Eldar bəyə inanıram. O, çox yaxşı hakimdir”. Düzdür, biz Zaypertin güvəndiyi qədər də hakimlik edə bilmədik. Milçenko və Stupar özlərini tamam itirmişdilər. Çoxlu səhvlərə yol verirdik. Mən özümdən razı qalmasam da, sonrakı oyunlarda vəziyyəti düzəldə bildim. Final oyununu idarə etməyi mənə həvalə elədilər.

- Zaypertin sizə "bəy” deyə müraciət etməsi çox maraqlıdır. Görünür, "yadlar” bizim kimliyimizi bizdən yaxşı bilirlər.
- Zaypert çox savadlı adamdır. Türk xalqlarını yaxşı tanıyırdı. Dəfələrlə İstanbulda olmuşdu. Ona görə də mənə müraciətdə həmişə Eldar bəy deyirdi.

- Siz bir neçə il Respublika İdman Komitəsinin Futbol şöbəsinin rəisi işləmisiniz. Bu illərdə respublika futbolunda böyük müvəffəqiyyətlər qazanılmadı. Sonralar Respublika İdman Komitəsinin futbol idarəsinə çevrilmiş bu dövlət aparatı respublika futbolunda vəziyyəti nəinki düzəldə bildi, hətta respublikanın əsas futbol komandası "Neftçi” güclülər dəstəsini tərk etdi. Azərbaycanın SSRİ çempionatının ikinci dəstəsində çıxış edən komandaları elə bir uğur qazana bilmirlər. Respublika birinciliyində iştirak edən komandaların sayı ilbəil artırılsa da, çempionatın hər iki liqasının oyun səviyyəsi mütəxəssisləri çox narahat edir. Bakının çoxsaylı birinciliklərində də futbolun səviyyəsi qənaətbəxş deyil. Sizcə, respublika futbolunu bu gerilikdən çıxarmaq üçün nə etmək lazımdır?
- Respublika futbolunu bir adamın sürətlə irəli çıxara biləcəyini fikirləşmək düzgün deyil. Respublika futbolunun geriliyinin səbəbi çoxdur. Bu səbəbləri qısaca belə qruplaşdırmaq olar: respublika futbolunun maddi-texniki bazasının pis olması, sovet təhsil sisteminin insanın tərbiyəsində buraxdığı qüsurlar, bədən tərbiyəsi və idman işində kütləviliyin olması, yüksək intellektli idmançıların azlığı, inzibati idarənin futbola hüquqi rəhbərlik edə bilməməsi, Azərbaycan futbolçularının beynəlxalq əlaqələrinin məhdudluğu və s. Təsadüfən idmana gələnlərdən isə böyük nailiyyətlər gözləmək əbəsdir.

- Eldar bəy, bağışlayın, obyektiv çətinliklər öz yerində, amma ağıllı, öz işini dərindən bilən rəhbərlərin cəmiyyətin həyatındakı böyük rolunu da inkar etmək olmaz.
- Düzdür. Mən Respublika İdman Komitəsinin Futbol şöbəsinə rəhbərlik edəndə də respublika futbolu böyük uğurlar qazana bilmədi. Eh, burada çoxlu müəmmalar vardır...

- İndi aşkarlıqdır və biz oxuculardan heç nə gizlətmirik...
- Elə götürək məşqçi və futbolçuların hüquqi və peşəkar statusunun olmamasını, vəzifəli şəxslərin çox vaxt yersiz müdaxilələrini...
O illərdə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev futbolla çox maraqlanırdı. Ancaq bu maraq respublika futboluna əməli elmi köməkdan daha çox "Neftçi” komandasının cədvəldə neçənci yer tutmasından o yana getməyən inzibati hökmlərdən ibarət idi. Respublika İdman Komitəsinin Futbol İdarəsinin fəaliyyəti olduqca məhdudlaşdırılmışdı. Bütün vacib məsələləri F.Musayevlə "məsləhətləşmədən” sonra "Neftçi” komandasının rəisi Rauf Adıgözəlov həll edirdi. Futbol idarəsi R.Adıgözəlovun əmrlərini yerinə yetirən icra aparatına çevrilmişdi. Respublika İdman Komitəsinin sədrinə belə təsir edirdilər.

- Son illər Azərbaycan çempionatında oyunlar mübahisəli, dava-dalaşlarla, qonaqlara və hakimlərə hörmətsizliklə keçir. Bəzi "futbolçular” futbol oynamaqdan daha çox rəqiblərinə kobudluq etməyi üstün tuturlar. Hakimlərlə mübahisəyə girişirlər. Futbol idarəsi və onun hakimlər kollegiyası bu "anlaşılmazlıqları” ləğv edə bilmirlər. Buna görə də bəzi hakimlər respublika çempionatında hakimlik etməkdən boyun qaçırır, Bakı birinciliyində hakimlik etməyi üstün tuturlar.
- Dediklərimiz təkcə Respublika İdman Komitəsinin Futbol İdarəsinin təklikdə həll edə biləcəyi məsələ deyil. Respublika ərazisində futbol oyunlarının keçirilməsi və ona rəhbərlik barədə ümumrespublika qanunu olmalıdır. Rayon və şəhərlərin XDC icraiyyə komitələri bu qanunların sözsüz həyata keçirilməsini təmin etməlidirlər. Stadionlarımızın yaşıl meydançalarını tribunalardan ayırmaq lazımdır. Avropanın bütün stadionlarının yaşıl meydançaları tribunalardan xüsusi qoruyucu sədlə ayrılıb, hakimlərin və futbolçuların təhlükəsizliyi polis işçiləri tərəfindən tam təmin edilir və heç kəs bunu gerilik əlaməti saymır. Xoşbəxtlikdən Azərbaycanın stadionlarında Brüsellin, Moskvanın stadionlarındakı kimi vandalizm hadisəsi olmayıb. Allah eləsin, heç vaxt olmasın da. Ancaq arxayınca oturub gözləmək də olmaz.




- Uzun illər ərzində iş prosesində təmasda olduğum idmançıların çoxunun savadsız, intellektual səviyyəcə inkişaf etməmiş, dünyanın aktual hadisələrinə biganə münasibət göstərən, necə deyərlər, "baş girləməklə” məşğul olduqlarını görmüşəm. Bununla belə hətta Bakı birinciliyində futbol oynayan futbolçuları zavod-fabriklərin büdcəsindən "yardımlarla” təmin edir, ikaruslarla yarışlara göndərirlər. Dövlətimizin və xalqımızın iqtisadi və mənəvi böhranı günlərində belə "yardımlar” xalqımızın içində başgirləyənlərin, gələcək tüfeylilərin çoxalmasına şərait yaratmırmı?
- Müəssisələrin təsərrüfat hesabı və özünümaliyyələşdirməyə keçirilməsi ilə əlaqədar qeyd etdiyiniz hallar aradan çıxır. Bakı və respublika birinciliklərində oyundan əvvəl, ya fasilədə siqaret çəkən yekəqarın "futbolçuların” oynadıqları futbol respublika idmanına xeyir vermir. Məncə, Bakı birinciliyinin ən çox 30-35 yaşlı oyunçular oynayan liqasının əvəzinə daha iki yeniyetmə və gənclər turniri keçirmək respublika futboluna daha çox xeyir verərdi. Zavod və fabrik komandaları isə ildə bir, iki dəfə öz aralarında turnirlər keçirə bilərlər. Yeniyetmələrin futbola kütləvi axınını, onlardan peşəkar futbolçu tərbiyə edilməsi işini təşkil edə bilməsək, uğurlarımız çox az olacaq.

- Qeyri-ixtiyari gəlib xalqımızı ən çox narahat edən məsələlərdən birinin- gənclərimizin tərbiyəsi məsələsinin üstünə çıxdıq. Siz hazırda Rabitə-Elektronika Texnikumunda bədən tərbiyəsi rəhbəri işləyirsiniz. Uzun illər də Bakı Bədən Tərbiyəsi Texnikumunda işləmisiniz. Orta ixtisas məktəblərində bədən tərbiyəsinin təşkili ilə razısınızmı?
- Ümumiyyətlə, yox. Orta ixtisas məktəblərində bədən tərbiyəsi dərsləri gənclərə sağlam həyat tərzinin öyrədilməsinə, yeniyetmələrə mənəvi kamilləşmənin bədəni fiziki tərbiyə etmədən mümkün olmadığının dərk etdirilməsinə yönəldilməlidir. Çin və Yaponiyadan gəlmə idman növlərinin insanın mənəvi kamilləşmə prosesinin bir komponenti olduğunu görürük. Bizim ölkəmizdə çox şeyə üzdən baxırlar. Biz balalarımızın çoxunu mənən zənginləşdirə bilmirik. Texnikumlarımızda maddi-texniki baza çox kasaddır. Kiçik bir zal, bir neçə sadə idman aləti ilə 20-ci əsrin kompyuterləşmə çağında dünya miqyasında böyük uğurlar qazanmaq çox çətindir. Ölkə idmançılarının son illərdəki uğursuzluqları bunu bir daha sübut elədi. Mənim idman aləmindəki təcrübəm belə qəti fikir söyləməyə əsas verir: xalqımızın və dövlətimizin hazırkı inkişaf səviyyəsində bizə orta ixtisas təhsili verən bədən tərbiyəsi texnikumları lazım deyil. Bu, əsrdən geri qalmaqdır.

- Gənclərimizin bəziləri yaxalarından müxtəlif nişanlar, simvollar asırlar. Sinələrindən Azərbaycan Demokratik Respublikasının bayrağındakı 8 bucaqlı ulduz və ay çəkilmiş medalyonlar asmış gənclərə və orta yaşlı adamlara rast gəlinir. Gənclərimizin böyük bir hissəsinin tərbiyəçisi kimi bu məsələyə münasibətinizi bilmək istərdik.
- Dediyiniz inamlar, məsələn, Azərbaycan Demokratik Respublikasının bayrağındakı ay və ulduza inam gənclərdə vətənpərvərlik hissləri tərbiyə edər, onlarda cənuba və şimala bölünmüş Azərbaycanın bölünməzliyinə inamı artırar. ABŞ-da bütün idarə rəhbərlərinin başının üstündən ABŞ-ın dövlət bayrağı asılır. Bunun vətəndaş tərbiyəsində böyük rolu vardır. Bu hadisələr gənclərimizin milli şüurunun artdığını göstərdi. Fikrimcə, Azərbaycan SSR Ali Soveti xalqımızın Milli özünüdərkitək meydana çıxan hadisələrə siyasi qiymət verməli, mayın 28-də Azərbaycan xalqının suveren demokratik dövlətinin yaranma tarixini, Azərbaycan Demokratik Respublikasının bayrağını və simvollarını Azərbaycan SSR-in milli bayramı, bayrağı və simvolları kimi qəbul etməlidir. Məncə, bu, xalqımızın mənəvi və siyasi hüququdur. Rəhbər vəzifələr tutan yoldaşlar xalqın istəyini duymaq siyasətini öyrənməlidirlər... Ancaq bu inam və ideyanın başqa ideya və cərəyanlarla barışmazlığına yol vermək olmaz.
Hər şeyin nisbiliyini bilə-bilə bir ideya və fikrin mütləqiliyini qəbul edib, təkideyalılığı təbliğ etmək mənəvi zorakılıqdır. Allaha inam cəmiyyətə inamı üstələməməlidir:
Bulmuşam həqqi, ənəlhəqq
söylərəm.
həqq mənəm, həqq məndədir,
həqq söylərəm.

- İdman həyatınızda heç vaxt yaddan çıxara bilmədiyiniz hadisə olubmu?
- Hakimlik etdiyim illərdə unudulmaz hadisələr çox olub. Elə Moskva Olimpiadasını götürün. Amma mənim idman həyatımda İranda təşkil edilmiş beynəlxalq turnirdə iştirakım qədər təsirli hadisə olmayıb.Tehranda məni qarşılayanların, demək olar ki, hamısı azərbaycanlı idi. Tehran fars şəhəri olsa da, şəhərdə iki-üç nəfərdən biri azərbaycanlıdır. Azərbaycanlılara İranda türk deyirlər. Yan həkimlərin hər ikisi Azərbaycan türkü idi. Təsəvvür edirsinizmi, bir-biri ilə dövlət sərhəddi ilə ayrılan bir xalqın oğulları Bakıda, Təbrizdə, Ərdəbildə yox, Tehranda görüşürdülər.

- Yenidənqurma və aşkarlıqla əlaqədar Azərbaycan idmanı əsasən hansı istiqamətlərdə inkişaf etməlidir?
- Bütün yaxşı idmançıların tədricən peşəkarlığa keçirilməsi istiqamətində. Müttəfiq respublikaların idarəetmə hüquqlarının artırılması ilə əlaqədar mütləq Azərbaycan Olimpiya Komitəsi yaradılmalıdır. Azərbaycan Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin üzvü olmalı, suveren təşkilat kimi dünya və Olimpiya oyunlarında iştirak etməli, Olimpiya Hərəkatının qanunlarına uyğun olaraq, respublikada bədən tərbiyəsi və idmanı inkişaf etdiriməli, xalqlar arasında dostluğun, sülh və əmin-amanlığın möhkəmləndirilməsinə kömək etməlidir. Bu, xalqımızın dünya xalqları arasında siyasi mövqeyini də artırar.

- Eldar bəy, uğurla hakimlik etdiyiniz vaxt birdən-birə hakimlikdən gedişinizi hərə bir şeylə bağlayır, daha doğrusu, hansısa "pis əməllə”
- Nahaq. Mənim pis əməlim olmayıb. Mən 1980-1982-ci illərdə dalbadal üç dəfə SSRİ-nin bir nömrəli hakimi elan edilmişdim. FMFA-nın prezidenti J.Avelanjın 60 illiyinə həsr olunmuş çox sayılan turnirə SSRİ-dən yalnız məni çağırmışdılar. Şübhəsiz ki, bu uğurlar həm Moskvada, həm də Bakıda bəzi adamlara rahatlıq vermirdi. Birdən-birə mənə Respublika İdman Komitəsinin Futbol şöbəsinə başçılıq etməyi təklif etdilər. Mən düşünmədən razılıq verdim. Təzəcə işləməyə başlamışdım ki, SSRİ İdman Komitəsinin Futbol İdarəsinin rəisi V.Koloskov qarşımda şərt qoydu: ya hakimlik, ya da rəislik. 48 yaşımda uşaq kimi tora düşdüm. Təzədən hakimliyə qayıtmağa gücüm çatmadı...
Mən idman səhnəsində baş rolumu oynamışdım.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

"Gənclik” jurnalı,
(sentyabr, 1989-cu il)

.
.
.
0.46592402458191