(ARAŞDIRMA) Niyə peşəkar futbol hakimlik məktəbimiz yoxdur? (YAZI) 

01:19 16-06-2016
	(ARAŞDIRMA) Niyə peşəkar futbol hakimlik məktəbimiz yoxdur? (YAZI) 

Layihəmiz çərçivəsindəki ötən yazılarımızda hakimliklə bağlı problemləri araşdırmış, futbolun ayrılmaz hissəsi olan bu sahənin istədiyimiz səviyyədə görə bilməməyimizin səbəblərini üzə çıxarmağa çalışmışdıq. Əslində səbəblər çoxdur. Hakimliklə bağlı ənənələrimizin olmasına baxmayaraq son illərdə ölkəmizdə Tofiq Bəhramov, Eldar Əzimzadə kimi Avropa səviyyəli hakimlərin yetişməməsi üzücüdür. Avropa səviyyəsi dedikdə DÇ, AÇ kimi böyük və milyonların diqqətini cəlb edən çempionatları nəzərdə tuturuq. Bunlar bir kənara, hər il keçirilən ÇL və Avroliqada da lazımınca sözünü deyə biləcək hakimlərimiz yoxdur və çox təssüf ki, bu, reallıqdır. Hə, savadlı kadrlarımızın olmasını da istisna etmirik. Bizi Avropada layiqincə təmsil etməyə çalışan Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov var, amma...Potensialları böyükdür, gələcəkləri var, sadəcə onlara təkan verən yoxdur. Daha doğrusu inkişaf təməlləri düzgün qoyulmayıb, psixologiyaları zəifdi. Başqa sözlə, o səviyyədə olmağa gücləri çatmır. O mənada ki, ölkə çempionatlarında yığdıqları təcrübə beynəlxalq səviyyədə idarəçilik etməyə yaramır. Üstəlik onların ümumiyyətlə, təcrübələri yoxdur. Onları ən yaxşı hakimlərimiz kimi görürük, amma Avropa səviyyəli yarışlar bir kənara, ölkədaxili çempionatda belə yol verdikləri səhvlərin sayı kifayət qədərdir. Yəni təkcə təsnifat mərhələlərində oyun idarə etmək və ya bir dəfə Avroliqanın qrupuna dəvət almaq hələ hakimliyin inkişafı demək deyil. Sirr deyil ki, ölkədə hakimlərə yetərincə şərait yaradılması, xaricdə hazırlığa göndərilməsinə baxmayaraq, hakimlərimiz nüfuzlu turnirlərin əsas mərhələlərinə dəvət almaqda böyük çətinliklə qarşılaşırlar. Yeri gəlmişkən hakimlərin psixologiyalarının zəif olması və onun səbəbləri, o cümlədən problemləri aradan qaldırmağın yolları ilə bağlı araşdlrma yazımızı da yaxın günlərdə təqdim edəcəyik. Bəs, bütün bu problemləri aradan qaldırmaq üçün nələri həyata keçirmək lazımdır? Belə desək, təməl şərtlər hansılardır və bizim üçün ən yaxşı variant nədir?

Məktəbsiz inkişaf mümkün deyil

Hər peşənin öz məktəbinin olması vacib şərtdir. İnsan öz işində peşəkarlaşmağa doğru addımlamaq və gələcəkdə işini bir mütəxəssis kimi yüksək səviyyədə görmək istəyirsə, mütləq peşəkar məktəb keçməlidir. Amma çox təəssüf ki, Azərbaycanda sırf hakimlik məktəbi yoxdur. Hə, yəqin ki, aranızda “Bəs ənənələrimiz var axı, bundan öncəki hakimlərimiz hansı məktəbi keçiblər” kimi düşünənlər də var. Söhbət müstəqilik dönəmindən bəri olan müddətdən gedir. Bəli, Tofiq Bəhramov kimi hakimlərimiz sovet məktəbi keçmişdilər. Hansı ki, həmin vaxtlarda ən güclü məktəblərdən sayılırdı. Amma həmin dövrdə sırf ayrıca hakimlik məktəbi olmasa da, hakimlərin individual şəkildə hazırlayacaq peşəkar müəllimlər var idi. Elə ənənələrimizin davam etdirilməməsinin bir səbəbi də məhz bununla bağlıdır. Azərbaycan müstəqillik dönəminə qədəm qoyandan bəri ölkədə bir dənə də olsun hakimlik məktəbi fəaliyyət göstərmir. Yalnız müəyyən kurslar, seminarlar və ya kiminsə fədakarlığı nəticəsində bu baxımdan nəsə edə bilmişik. Hazırda ölkədə UEFA və FİFA-nın təşkil etdiyi seminarlardan əlavə tanınmış hakimlərimiz Ceyhun və Mübariz Haşımov qardaşlarının hazırlıq keçdikləri hakimlik kursları var. Ancaq təbii ki, bununla çox uzağa getmək olmaz. Üstəlik AFFA səviyyəsində belə kurslara maliyyə ayrılmırsa, gələcəyə nikbin baxmağın mənası yoxdur. Bəs bir müddətdən sonra maliyyə problemləri üzündən bu kurs da fəaliyyətini dayandırsa necə olacaq? Hakimliyin məhvi ilə barışmalıyıqmı? Əlbəttə, bizim üçün qəbuledilməz olacaq. Bu üzdən AFFA indiyə qədər etmədiklərindən dərs çıxarmalıdır. AFFA pulu özünü təsdiq etməyən layihələrə yatırımlar etməsinin əvəzinə futbolumuzun inkişafı üçün ən önəmli sahə olan hakimliyin inkişafına yönəltsə daha uğurlu olar. AFFA Azərbaycana – futbolumuzun inkişafına daha çox fayda verəcək sahələrə, məsələn elə hakimlik məktəbinin fəaliyyətə başlamasına maliyyə ayırsa, bu zaman AFFA-nın strategiya baxımından düzgün addım atdığını bildirmək olar .Təbii, “qurum niyə pul ayırmır?” sualı növbəti araşdırma yazılarının mövzusudu. Amma faktiki ölkədə hakimliyin inkişafı böyük işlər görülmür.

Məktəb yaratmaq çətindirmi?

Əslində bu sualın cavabı hamımıza məlumdur. Bunu bilmək heç dərin məntiq, fantastik bilik də tələb etmir. Məktəb formalaşdırmağın heç də çətin olmayan strategiyası mövcuddur. Başqa, aparıcı futbol ölkələrinin təcrübələrindən yararlanmaq lazımdır. Təbii, hər şeydən öncə məktəbin yaradılması üçün tələb olunan miqdarda maliyyə vəsaiti ayrılmalıdır. Belə desək, prosesin ən çətin hissəsi də məhz budur. Ardından ölkə futbolunun bütün sahələrini (futzal, çimərlik futbolu, böyük futbol və sair) əhatə edəcək şöbələr açılmalı və orada təcrübəli, savadlı kadrların dərs keçməsi üçün şərait yaradılmalıdır. Məktəbdə gənclər ingilis və mümkün qədər başqa dillərdə də təhsil almalıdır. Hansı ki, əsas şərtlərdən biri də Avropa səviyyəli turnirlərdə idarəçilik edən hakimlərin ən azı ingilis dilini mükəmməl səviyyədə bilməsidir. Xatırlayırsınızsa, layihə ilə bağlı ötən yazımızda “Mentor Proqramı”ndan bəhs etmişdik. Elə sabiq FİFA referisi, vaxtilə ölkənin istedadlı hakimlərindən sayılan Anar Salmanov da Azərbaycanda bu sistemin tətbiq edilməsinin vacibliyini vurğulamışdı. Yeni yaradılan məktəbdə ən azı bir neçə savadlı, UEFA və ya FİFA ilə geniş əlaqələri olan mentor fəaliyyət göstərməlidir. Müasirliklə ayaqlaşmaq üçün isə ən yaxşı vasitə xaricdən təcrübəli mütəxəssislərin dəvət olunması, yaxud da bizim hakimlərin gedib başqa ölkələrdə təlim keçmələridir. Çünki zaman ötdükcə futbolun inkişafı ilə yanaşı qaydalarda da xeyli dəyişikliklər edilir, yeni qərarlar çıxarılır.Bundan əlavə, təbii ki, belə məktəblər digər, xüsusən də böyük futbol ənənəsi olan bölgələrimizdə fəaliyyətə başlamalıdır. Hazırda hakimlikdə sözünü demiş o cümlədən müəyyən səbəblərdən futboldan kənarda qalmış istedadlı mütəxəssislər də bölgələrə kurator kimi göndərilməli və kadrların üzə çıxarılması yolunda çalışmalıdırlar. 

Uşaq futbolundakı hakimliyə nəzarət yoxdu

Yüksək liqalarla yanaşı uşaq futbolundakı hakimliyə də ciddi nəzarət olunmalıdır. Ümumiyyətlə, bu sahədən danışarkən tənqidlərimiz və ya digər fikirlərimiz daha peşəkar liqalara, birinci diviziona, əvəzedicilərə və digər çempionatlara yönəlir. Faktiki aşağı yaş qruplarında hakimliyə ciddi şəkildə fikir verilmir. Bu mənada həddindən çox narazılıqlar var. Məsələn,hakim-inspektor sistemi aşağı yaşlılar arasında keçirilən liqalarda tətbiq olunmur. Yəni, hakimlərə qiymət və buraxdığı səhvlərə görə lazımı şəkildə cəza verilmədiyi üçün onlar istədiklərini etmək səlahiyyəti “qazanırlar”. Hansı ki, hakim-inspektorlar oyunu idarə edən hakimlərin səhvlərini deməlidir. Xüsusən də gənclərin üzərində ciddi nəzarət olmadığı üçün onlar səhv yola yönəlir və bu da hakimliyin inkişafına ciddi şəkildə təsir edir. Bilirsiniz, maraqlısı budur ki, biz gənc hakimlərin inkişafı üçün müəyyən yollar axtarırıq. Amma nədənsə, HK-ni, Hakim-İnspektorlar Komitəsini bunlar maraqlandırmır. Bir fikri əlavə edək, bəzi aşağı yaşlılar arası çempionatlarda üç hakimliliyi yığışdırıblar. Bəs belə olan halda hakim oyunu necə obyektiv idarə edə, məsələn ofsaydları, bəzi məqamlarda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirə bilər? Yəni, bu addımların atılmasında məqsəd nədi? Hakimlər niyə kortəbii şəkildə oyun idarə etməyə məhkum olunur? Hakimlər Komitəsi niyə məsələ ilə bağlı iradlarını rəhbərliyə bildirmir? Hansı ki, bu işləri görmək üçün böyük maliyyə də lazım deyil. Məsələn, aşağı yaş qruplarında yan hakimə 15, baş hakimə 30 manat qonorar verilir. Oyunları nəzərə alsaq, bu da ayda maksimum 2000-2500 manata yaxın məbləğ deməkdir. Bu məbləğ üçün hakimliyi məhvə sürükləmək nə dərəcədə düzgündür?
Onu da əlavə edək ki, UEFA və FİFA hər bir ölkədə bu sahənin inkişafına dəstək verir. Yəni, qurum bu yöndə irəliləyişə nail olmaq istəyən ölkələri bütün tədris vasitələri, kitablar, müxtəlif videodərsliklər, geyim dəstləri, digər ləvazimatlarla təmin edir və hazırlıq üçün kifayət qədər maliyyə ayırır. Yəni bu baxımdan ölkələrin üzərinə o qədər də ciddi yük düşmür. Sadəcə, addım atmaq və bu cür məktəblərin inşasına başlamaq lazımdır. Məhz bu cür layihələr ölkə futboluna daha çox xeyir verə bilər.

Başqa ölkələrdə necədi?

Uzağa getməyib, elə qardaş ölkədən, Türkiyədən nümunə gətirək. Orada hakimlər bir neçə kateqoriyaya bölünür. Ancaq bundan öncə hakimliyə gənc namizədlər üzə çıxarılır. Məsələn, yaşı 18-dən az olmayan və gələcəkdə hakimlik etmək istəyən yeniyetmələr üçün hazırlıq kursları keçirilir. Hakim olmaq istəyən gənc kadr əvvəlcə Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən internet üzərindən onlayn təlimatlar üçün qeydiyyata alınır. Bundan sonra dərslər başlanılır və qeydiyyatdan keçmiş şəxslərə Futbol Oyun Qaydaları öyrədilir. Dərslərin sonunda imtahan keçirilir və 100 baldan ən azı 60-nı toplayanlar bir, iki həftə sonra sinif təlimlərinə çağrılır. Bu təlimlər zamanı Futbol Oyun Qaydaları yeniyetmələrə daha dərindən öyrədilir və növbəti dəfə sınaq imtahanları keçirilir. Yenə də 100 baldan ən azı 60-nı toplayanlar səhərisi meydan təlimlərinə dəvət olunur, burada onlara bayraq və fitlə hərəkətlər öyrədilir.Təlimləri tamamlayanlar,TFF-nin “Her Kes İçin Futbol” (HİF) layihəsinin hakimi kimi qeydiyyata alınır. Düzdü, onlara lisenziya verilmir, amma daha üst mərhələləri keçəndən sonra buna nail olurlar. Türkiyədə futbol hakimlərinin bölündüyü kateqoriyalar isə bunlardır:
“HİF hakimi” - Yuxarıda qeyd etdiyimiz hakimliyə yenicə addımlar atmış bu yeniyetmələrə, həvəskar və xüsusi yarışlarda idarəçilik etmək üçün şans yaradılır. Yetişmə mərhələsində olduqları üçün əsasən oyunlara köməkçi hakim kimi dəvət alırlar. Potensialları imkan verərsə və TFF-nin nəzdindəki Komitə bəyənəcəyi təqdirdə ən azı bir, ən çoxu 2 ildən sonra “Rayonhakimi” ola bilirlər. 
“Rayon hakimi” -“HİF” hakimliyindən daha sonrakı mərhələdir. Bu mərhələyə yüksələnlərin əvvəlkindən fərqi lisenziyaları olması və baş hakim kimi daha çox oyunlara çıxmasıdır. Amma yenə eyni şəkildə, həvəskar və xüsusi yarışlar zamanı keçirilən oyunlara dəvət alırlar. Rayon hakimliyindən regional hakimliyə yüksələ bilmək üçün həmin gənclərə 27 yaşına qədər vaxt verilir. Bu müddətdə növbəti mərhələyə yüksələ bilməsələr, yenə də rayon hakimi kimi fəaliyyət göstərmələri mümkündür. Amma peşəkar oyunlara çıxmaq ehtimalı qalmayacaq.
"Regional hakim" - Artıq bu mərhələyə yüksəlmiş gənclər peşəkar liqalardakı matçlara çıxmağa başlayır. Onlara əsasən 3-cü divizion və regional liqalarda idarəçilik etmək tapşırılır. Artıq bu mərhələdə həmin gənclərin gələcəkdə baş, yoxsa yan hakim kimi ixtisaslaşacağı da müəyyənləşdirilir. Yəni göstəriciləri mütəxəssislər tərəfindən dəyərləndirilir və hansı şəkildə fəaliyyət göstərəcəkləri aydınlaşır. Bundan sonra onlar milli hakim statusu alırlar və əsasən ikinci divizionda idarəçilik etməyə başlayırlar. Növbəti mərhələ “Üst Klasman” adlanır. Yəni artıq Superliqada və “Bank Asya” liqasına təyinat alırlar. Ən son mərhələ FİFA referisi statusudu ki, bundan sonra hansı oyunlara təyinat alındığını hamı bilir. Artıq yetərincə təcrübə toplamış və ixtisaslaşmış hakimlər superliqa ilə yanaşı beynəlxalq səviyyəli oyunları da idarə etmək imkanı qazanırlar. Bir haşiyə də çıxaq ki, hakimlər qonorarlarını yüksəldikləri mərhələyə görə alırlar ki, bu məbləği də TFF özü məyyənləşdirir.
Təbii ki, hər ölkənin özünəməxsus inkişaf proqramı var və bu yolla gedir.Yuxarıda göstərdiklərimiz qısa bir nümunə idi. Yəni onu nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanda da belə bir sistem tətbiq etmək mümkündür. Potensiallı gənclərimizn olmasına heç bir şübhə yoxdur. Burada əziyyət tələb edən məsələ bir qədər araşdırma aparıb hansı sistemin bizə uyğunluğunu tapmaq və sistemi tətbiq etməkdir. Başqa sözlə inkişafın təməlini qoymaqdır. Yalnız bundan sonra nəyəsə nail olmaq, xəyalları gerçəkləşdirmək mümkündür.

“Hər kəs özünə mütəxəssis deyir, amma...”

Şübhəsiz, bu yazıda da mütəxəssislərə müraciət edib fikirlərini bölüşməsini istədik. Və təbii ki, onlar da dediklərimizi təsdiqləyib Azərbaycanda peşəkar hakimlik məktəbinin yaradılmasının əsas şərt olduğunu bildirdilər. Sabiq hakim, Şimal-Qərb Regional Futbol Federasiyasının rəhbəri Rövşən Əhmədov bu məsələnin yoluna qoyulması və məvacib probleminin həll olunmasının vacibliyini söylədi: "Hakimlik ictimai işdir. Tarixdə hakimlik məktəbimiz geniş olub. Həmişə güclü hakimlər yetişib. Tofiq Bəhramov və Eldar Əzimzadə kimi hakimlərimizin yolunu davam etdirməli olduğumuzu unutmamalıyıq. Peşəkar hakimlik məktəbi yaradılsa, çox yaxşı olar. O zaman görülən işlər də daha peşəkar səviyyədə və daha məsuliyyətli olacaq. Hakimlik məktəbi hər region üzrə ayrıca olsa yaxşıdır. Regional futbol federasiyalarının nəzdində Hakimlər Komitəsinin regionlar üzrə məktəbləri formalaşsa daha məqsədə uyğun olar. Hər region üzrə 1 təcrübəli hakimimiz rəhbər təyin edilsə, işlər daha peşəkar səviyyədə qurular. Amma burada əsas məsələ məvacib probleminin həll olunmasıdır. Məvacib mütləq olmalıdır. Perspektivli uşaqlar çoxdur. Peşəkar məktəb yaranarsa, vaxtını keçirmək istəyənlər yox, əsl hakimliyə marağı və bacarığı olanlar qalacaq".

Keçmiş təcrübəli referilərimizdən olan Ceyhun Haşımov peşəkar məktəb yaratmağın təməl prinsiplərinin necə qoyulması ilə bağlı fikirlərini bölüşdü: “Regionlarda Hakimlər Komitəsi qrulmalıdır.Təbii ki,  bunlar AFFA HK-yə  tabe olmalıdır. Birinci və ikinci qruplar yaradılmalı, seçilən uşaqlar mentorlar arasında paylanmalıdır. Onlarla individual şəkildə çalışılmalı və inkişafları barəsində komitəyə məlumat verilməlidir. Mentor o demək deyil ki, hərəsi 5 hakim hazırlayıb kənarda dayansın. Onlar bir-biriləri ilə daim əlaqədə olmalıdılar. Fikir mübadiləsi aparmalı, birlikdə məşqlər keçilməlidir. Ümumiyyətlə, nəzəri və metodiki məşçilər olmalıdır. Kompleks şəklində bütün işləri həyata keçirməlidilər. Bunun üçün böyük vəsait və yaxşı mütəxəssislər lazımdır. Demək olar ki, belə mütəxəssislər Azərbaycanda barmaqla sayılacaq qədərdir. Hər kəs özünə mütəxəssis deyir, amma belə deyil axı. Hakimlik etmək üçün təcrübən ola bilər. Amma hakim yetişdirmək üçün başqa təcrübə lazımdır. Ona görə də əcnəbi mütəxəssislərin cəlb olunması vacibdir. Xatırlayırsınızsa, klublara əcnəbi idman direktorları təyin etmişdilər. Eyni proqram hakimlikdə də tətbiq olunmalıdır. Gələnlər hərəsi öz işinə uyğun hazırlıq keçməlidir. Bütün bunlara da AFFA səviyyəsində nəzarət olunmalıdır. 
Bilirsiz yaşlı nəsil bu işlə ayaqlaşa bilməyəcək, çünki hakimlik tələbləri xeyli dəyişib. Azərbaycana xaricdən savadlı mentorlar dəvət olunmalıdır və rayonlarda qruplar açılmalıdır. Yəni baza olmalıdır, daha sonra proqram tərtib edilməlidir. FİFA və UEFA, o cümlədən yaxın xarici qonşularla iş birliyi qurulmalıdır yəni, turnirlərə gənc hakimləri göndərmək lazımdır. Qarşılıqlı şəkildə əlaqə qurduğumuz ölkələrdən də bizə gənclər gəlməlidir və turnirlərdə təcrübələrini bölüşməlidirlər”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

SƏBUHİ NƏRİMANOĞLU
SPORTMEDİA.AZ


.
.
.
0.96622514724731