(YAZI) Azərbaycan futbol hakimliyi üçün uyğun model hansıdı? (ARAŞDIRMA)

14:31 21-06-2016
				(YAZI) Azərbaycan futbol hakimliyi üçün uyğun model hansıdı? (ARAŞDIRMA)

Dünya futbolu durmadan inkişaf edir və bu tendensiya özlüyündə zərurətdən irəli gəlir. Temp artır mübarizə çoxalır, taktiki və texniki anlamda müxtəlif proqram və hətta elektron versiyalar belə yaradılır. Amma futbolun gözəlliyi itmir və əksinə daha da cazibəli hala gəlir. 
Futbolun bir parçasi olan hakimlik də artan templə müasir futbolla ayaqlaşmağa çalışır. Bunun üçün müxtəlif ideyalar, üslublar və proqramlar hazırlanır. FİFA-nın Qaydalar Şurası  hər il demək olar ki, FİFA Oyun Qaydalarına dəyişiklik və əlavələr edir. Bunların da hamısı hakimlik üçün həm faydalı, həm də vacibdi. Hakimlik hər zaman mübahisə mövzüsu olmuşdu. Nə qədər bu sahəyə diqqət və yatırım olsa da, yenə də problemlər az deyil. 
Dünyanın bir çox yerində olduğu kimi bizdə də hakimlikdə böyük problemlər var. Halbuki, Azərbaycan da hakimlik üçün yatırım edən ölkələr sırasındadır və hakimliyin inkişafı üçün br sıra işlər görür. Amma bunlara baxmayaraq, Azərbaycan hakimliyində səhvlər və problemlər davam edir. Bəs, bunun qarşısını almaq üçün nə etməliyik? İllər boyu öndə gələn və inkişaf etmiş ölkələrin belə zaman-zaman üzləşdiyi bu problemi necə aradan qaldırmaq olar?
Bu suallara cavab tapmaq və problemlərin mahiyyətinə varmaq üçün sizi müxtəlif ölkələrin hakimlik sistemləri ilə tanış edəcəyik və bizdə olan hakimliklə müqayisə apararaq sonda öz konsepsiyamızı təqdim edəcəyik. Bunun üçün müxtəlif ölkələrdə hakimlərə seminarlar keçən, Azərbaycanda hakimlik kurslarında müəyyən müddət dərs deyən çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyevə müraciət etdik. Təcrübəli hakim hakimliyin inkişafı üçün qabaqcıl ölkələrin hakimlik modelləri ilə bizim hakimlik sistemimizi müqayisə etdi və uyğun modelin AFFA və HK-yə tövsiyyə olunmasında yardımcı oldu. 

Əfqan Həmzəyevin təqdimatında hakimlik modellərinin müqayisəsi

“Böyük Britaniya

Dünyada ən böyük futbol sənayesinə malik olan ölkələrdən biridi. Toplamda 450 komanda və 4000-ə yaxın hakimi ilə dünyada önəmli yer tutur. Dünya Qaydalar Şurasında 10 nəfər üzvündən 5-nə sahib olan Böyük Britaniya hakimlik sistemi ilə seçilir. Məhz bu ölkələrin liqalarında yaş limiti tətbiq olunmur. Yəni hakim fiziki hazırlığa malikdirsə, hətta 55-60 yaşına qədər hakimlik edə bilər. Halbuki, dünyada hakimlik üçün ümumi qəbul olunmuş yekun yaş həddi 45-di. 

Çempionatında amansız və sərt mübarizənin şahidi olduğumuz bir ölkənin hakimləri hansı sistemlə yetişdirilir və bunu bizdə tətbiq etmək olarmı?

Əvvəla onu deyək ki, dünyanın heç bir ölkəsində xüsusi olaraq hakimlik məktəbi, yaxud bununla məşqul olan bir müəssisə yoxdu və hakimlik məktəbi adlı bir anlayış doğru deyil. 
İngiltərədə hakimlik üçün seçim həddi 16-17 yaş arasındadı. Istisna olaraq isə futbolçu karyerasını tez başa vurmuş keçmiş futbolçular üçün bu yaş həddi 25-ə qədərdi. Hakim olmaq üçün elektron, yaxud şifahi müraciət olunur. Müraciətlər İFA-nın mərkəzləşmiş Qəbul Komitəsunə olunur və seçimə qatılmaq istəyən şəxs öz yaşadığı ünvana daha yaxın olan Futbol İdarəetmə Mərkəzinə yönləndirilir. Burada həmin şəxs ilkin olaraq tibbi baxışdan keçirilir. Daha sonra 2 aylıq nəzəri kurslara qatılır. Burada onlar futbol oyun qaydalarına yiyələnirlər.  Sonra şifahi imtahan olunaraq aralarından ən yaxşıları daha mütəşəkkil şəkildə təlim görməsi üçün yerlərdə olan mentorlar arasında bölünürlər. Bundan sonra onlarla həm nəzəri, həm də fiziki hazırlıqlar başlayır. 
Onu da qeyd edək ki, bu ölkədə yüksək dəstədə idarəçilik hakimlik etmək üçün böyük bir yol keçməlisən. Bu yol ən azı insanın 10 ilini alır. Yeni bir hakimin yüksək liqaya çıxması üçün ən azı 10 il durmadan və yorulmadan çalışması lazımdı. Bu illərdə o, həm təcrübə toplayır, həm nəzəri biliklərini artırır, həm də peşəkarlaşır. 
Onlarla təkcə mentor məşğul olmur. Mentor qrupuna 4 nəfər daxildi: Mentor yəni müəllim, fiziki və psixoloji hazırlıq rəhbəri, məntiqi hazırlıq üzrə rəhbər. Fikir verin, 1 hakimin hazırlanmasında neçə nəfərin əməyi olur və hakim kompleks şəkildə hazırlanır. Futbol biliyi, məntiqi düşüncəsi və psixoloji hazırlığı ilə bərabər yüksək fiziki gücə sahib olan bir hakimin oyunda səhv etmək imkanı demək olar ki, olmur. Əgər olarsa da, bunu sırf  insani amillərlə bağlayırlar. 

Bizdə bu sistemi tətbiq etmək olarmı?

Fikrimcə, olmaz. Çünki İngiltərədə hakimlər üçün sınaq poliqonu olan liqalar mövcuddu və bu liqalarda gənc hakimlər pillə-pillə inkişaf edir. Amma bizdə liqaların sayı o qədər çox olmadığı üçün hakimin də oyun sayına təsir edir və təcrübə toplamasına mane olur. 
Onu da qeyd edək ki, İngiltərədə hakimin fiziki göstəriciləri də önəmlidi, yəni xarici görünüş öz aktuallığını saxlayır, seçimdə və yekunda böyük rol oynayır. 
Bizdə bu sistemin qısa formasını tətbiq etmək olar... Necə?
İlkin seçim edərək xüsusi istedadlı gəncləri bir qrupda toplamaq olar. 
Seçim üçün kriteriyalar:  Boyun yüksək olması, ali təhsilli və dünya görüşünün geniş olması, fiziki hazırlığının yüksək olması. Bunlar hakim üçün önəmli təməl şərtləridi. Savadsız bir insandan hakim olması demək olar ki, mümkün deyil və ona sərmaye qoymağın da heç bir mənası yoxdu. 
Bu qrup hakimlərlə xüsusi təyin olunmuş 3 nəfər daima işləməlidi. Bu insanlardan biri mütləq mentor olmalı, digəri fiziki hazırlıq rəhbəri və sonuncusu psixoloji hazırlıq rəhbəri olmalıdı. Çünki Azərbaycanda futbol hakimliyinin təməl problemi savadsızlıq, ilkin seçimin tamamən yanlış olması və psixoloji hazırlığın 0 dərəcəsində olmasıdı. Təcrübənin və oyun sayının azlığı, kənar basqı və məntiqi düşüncənin olmamağı bizim hakimlərin daha da irəli getməsinə əmgəl olan böyük səbəblərdi. Ölkəmizdə 3 ilə də yaxşı hakim yetişdirmək olar, sadəcə bunun üçün durmadan çalışmaq lazımdı və Hakimlər Komitəsi (HK) bunun üçün əlindən gələni etməlidi. HK-yə keçmiş FİFA hakimləri cəlb olunmalıdı. Onların mentorluq sisteminə cəlb olunması üçün ən azından xaricdən mütəxəssis dəvət olunaraq müxtəlif kurslar təşkil olunmalıdı. Hər keçmiş hakimdən yaxşı mentor ola bilməz. Mentor olan hakim pedaqogikanı bilməlidir, yəni anlatdığı hər bir şeyi qarşısındakına dəqiq və səlist izah etməyi bacarmalıdı. Çox savadlı olmalı, bu savad təkcə futbola aid deyil, həm məntiqi, həm də ümumi biliklərə aiddi. Savadsız insan mentor ola bilməz, bu, birmənalıdı. Hakim hərtərəfli hazırlanmalıdı. Psixoloji hazırlıqlarına xüsusi önəm verilməlidi. Ən vacib amillərdən biri budu. Liqadan liqaya keçməsi üçün müəyyən oyun sayı həddi olmalıdı. Gənc hakimlər mütəmade olaraq UEFA və FİFA-nın təşkil etdiyi beynəlxalq seminarlarda iştirak etməlidilər. Oyun təcrübələri üçün təlim-məşq toplanışlarına aparılmalı və orada çoxlu oyunlar idarə etməlidilər. Daima həkim nəzarəti altında olmalıdılar. Tibbi qüsuru olan insan ya müəlicə olunmalı, ya da birdəfəlik ona hakimlik qadağan olunmalıdı. Hakim olmaq istəyən şəxs xarici mühitlə münasibətə, insanlarla ünsiyyətə böyük diqqət yetirməlidi. Yuxarıda bütün bu sadaladıqlarımız olmayacağı halda heç bir hakimlikdən söhbət gedə bilməz. Azərbaycanda mentorluq etməyə qadir olan insanlar demək olar ki, yoxdu, çünki onların futbol və ümumi bilikləri buna imkan vermir. 

Almaniya modeli

Bu ölkə də dünya futbolunda xüsusi çəkiyə malik olan ölkələrdəndi. Almaniyada İngiltərədən fərqli olaraq hakimlərin seçimində fiziki hazırlıq və xarici görünüşə çox önəm verilir. Təsadüfi deyil ki, dünyanın ən dözümlü hakimləri məhz alman hakimləri sayılır. 
Onlarda da hakimin ən yüksək səviyyəyə gəlib çatması üçün 10-12 il vaxt lazım olur. Yəni bu illər sırf peşəkar hakimin hazırlığı üçün vacib şərtdi. 
Almaniyada xüsusi hakim kursları var, bir növ rəssamlıq kursları kimi. Keçmiş hakimlər öz yaşadıqları bölgələrdə xüsusi olaraq belə kurslar açırlar, onlar xüsusi istedadları toplayır və onları hazırlayırlar. Bütün bunlar Almaniya Futbol federasiyasının maddi dəstəyi ilə həyata keçirilir. Həftənin 5 günü gündə ənazı 4 saat məşğul olurlar, bu da çox ağır bir proses olur. Burada fiziki testlər, həkim müayinələri, vitaminlər və yardımcı vasitərlər təmin olunurlar. Buradakı sistemin özəlliyi də ondan ibarətdir ki, hakim inkişaf etdikcə mentorluq sistemi də dəyişir, yəni 2-3 mentorun rəhbərliyi altında olur. Almaniyada ilkin başlanğıc üçün dediyimiz kurs müəllimləri ilk sayılır. Hakimlər liqadan-liqaya keçərkən müəllimləri dəyişir və başqa mentor onları qəbul edir. Əgər hakim yüksək dəstədə çıxış üçün hazırlanmalıdısa, onunla artıq xüsusi mentorlar məşğul olmağa başlayır -  3 mentor dəyişir. 
Almaniyada hər mövsümsə hətta, FİFA referiləri belə aşağı yaş qruplarında 20 oyun idarə etməlidilər. Bu, həm hakimləri fiziki cəhətdən rahatladır, həm də cəmiyyətlə ünsiyyətlərini artırır.  Bu isə nəhayətində hakimin populyarlaşmasına xidmət edir. 

Bizdə bu sistemi tətbiq etmək olarmı?

Bu, bizdə çətinlik yaradacaq, çünki mentordan mentora keçmək problem ola bilər, yaxud bölgələrdə olan hakimlərimiz bu sistemə ayaq uydura bilməz. Başqa bir səbəb onların qidalanması və belə ağır təlimlərə dözməməsi ola bilər. Ona görə bizim almanlardan götürəcəyimiz ən yaxşı variant uşaq oyunlarının çoxluğu ola bilər. Bizdə FİFA və Premyer Liqa hakimləri demək olar ki, uşaq oyunları idarə etmirlər, amma bu, onlara maddi baxımdan olmasa da, təcrübə baxımından çox şey qazandıra bilər. 
Onlardan götürəcəyimiz başqa bir önəmli özəllik isə təlim-məşq toplanışlarına xüsusi istedadlar qrupuna daxil olan hakimlərin aparılması, yaxud da onlarla ayrıca təlim-məşq toplanışlarının təşkil edilməsidir. Məhz belə olan halda onlar xüsusi təcrübəyə malik olacaqlar. 

İtaliya modeli

Bildiyimiz kimi İtaliya dünyada aparıcı futbol ölkələrindən biridi. Amma buna baxmayaraq, hakimliklə bağlı böyük problemlərin olduğu bir ölkə kimi də bilinir. Bunun da səbəbi bu ölkədə bəzi danışılmış oyunların olması ilə əlaqədardı. Futbol bukmeykerlərinin bu ölkənin futboluna təsiri hakimlərdən də yan keçmir, amma bununla belə son illərdə İtaliya hakimləri dünya futbol hakimliyində öz sözünü deyir. Kollina və Rozetti kimi hakimlərin adlarını çəkmək kifayətdi.
Bunlarda isə sistem tam başqadı. Hakim olmaq üçün yaş həddi yoxdu. Müraciət edən hər bir şəxs xüsusi qrupa qəbul olunur və 6 ay nəzəri hazırlıq keçir, bundan sonra imtahan verir. Əgər həmin şəxs bu imtahandan keçərsə, artıq onunla müqavilə bağlanılır və həmin şəxs pul ödəyərək hakimlik üçün mentor tutur, yəni özü öz xərclərini ödəyir. Amma bu, cəmi 2 il çəkir. Əgər hakim bu sistemdən də uğurla keçib daha yüksək qrupun imtahanlarını da uğurla verərsə, o zaman İtaliya Futbol Federasiyasınn ödənişsiz kurslarına qəbul olunur və artıq hər bir lazımlı vasitələrlə təmin olunaraq karyerasına başlayır. Burada onun qrupdan qrupa keçməsi üçün əsas amil kimi də həvəskar komandalar arasında daha çox oyun idarə edilməsi götürülür. Yəni bu oyunları daima idarə etməlidi. ən əsası da odur ki, gənc hakim ən yüksək liqaya daxil olsa belə mentoru dəyişmir, ilkin müəllimi ilə yoluna davam edir. İtaliya hakimlərini başqalarından fərqləndirən cəhət isə onların intellektual hazırlıq səviyyələrinin yüksək olmasıdı. Təsadüfi deyil ki, onların hakimlərinin demək olar ki, hamısının ali təhsili var və bu təhsil heç də futbolla, yaxud idmanla bağlı deyil. Məsələn, Kollina vatonəqliyyatçı olub və indi də Milan və Romada böyük taksi biznesinə sahibdi.

Bizdə bu sistemi tətbiq etmək olarmı?

Bizim italyanlardan götürəcəyimiz əsas amil pullu ödənişli hakimlik kurslarının yaradılması olar. Yəni AFFA özünün xüsusi seçilmiş və lisenziya vermiş mentorlarına icazə verə bilər ki, onlar həm Bakıda, həm də bğlgələrdə xüsusi ödənişli kurlar açsınlar, istedadları tapıb üzə çıxarsınlar. Məhz bundan sonra onlar ümumi imtahandan keçərlərsə, pulsuz futbol biliklərinə yiyələnməyə başlamalıdılar və liqalara cəlb olunmalıdılar”

Mövzu davam edəcək...

Növbəti araşdırma yazılarımızda bunların bizdə tətbiqindən və bizim cəmiyyətimizdə ideal hakimlik modelinin necə formalaşdırılmasından bəhs edəcəyik.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ


.
.
.
0.30643486976624