(YAZI) Hakimlərimizin zəif nöqtəsi: Psixologiya! (ARAŞDIRMA)

Avropaya getmək istəyənlər bu “sərhəddən” keçməlidir

14:05 25-06-2016
	(YAZI) Hakimlərimizin zəif nöqtəsi: Psixologiya! (ARAŞDIRMA)Avropaya getmək istəyənlər bu “sərhəddən” keçməlidir

Futbolda olduğu kimi hakimlikdə də psixologiya önəmli şərtdir. Bir hakim nə qədər yaxşı, təcrübəli və öz işini peşəkar şəkildə yerinə yetirsə də, psixoloji təcrübəsi olmasa mütləq şəkildə ciddi səhvlərə yol verəcəyi qaçılmazdır. Ümumiyyətlə, psixologiya insanın zəif nöqtələrindən sayılır. Nəinki futbolda, digər sahələrdə də ardıcıl uğursuzluqla üzləşən insanlar müəyyən müddət ərzində özünəinamı itirir və toparlanmaqda çətinlik çəkirlər. Bu uzun müddət davam edərsə, insan sevdiyi işindən ayrı düşə və bəlkə də gələcəkdə qazanacaq böyük uğurların üzərindən xətt çəkə bilər. Yəni belə desək, kiçik bir psixoloji zəiflik istər meydanda istərsə də ondan kənarda böyük fəsadlar yarada bilər. Bu zəifliyi aradan qaldırmaq üçünsə heç şübhəsiz məşqlər keçməli, lazım gələrsə psixoloqlarla məsləhətləşməli və özünəinamı ən qısa zamanda bərpa etdirə biləcək insanların mənəvi dərslərinə ehtiyac duymalısan. Çünki özünəinam ümumi özəllik olmaqdan daha çox, fərdin bəlli bir fəaliyyəti uğurlu şəkildə yerinə yetirəcəyinə yönəlik inancı, onun özünün mühakimə, istedad, güc və qərarlarına güvənməsi şəklində təyinatlanır. Çox təəssüf ki, Azərbaycanda da futbol hakimləri bu cəhətdən əziyyət çəkirlər. Onların inkişafının qarşısını alan önəmli amillərdən biri də məhz budur. Psixoloji baxımdan zəif olan, vacib məqamlarda düzgün qərar verə bilməmək qorxusu getdikcə özünəinamı daha çox ititrir. Hakim insandı və onun da psixologiyası, dolayısı ilə digərlərində olduğu kimi zəif nöqtəsi var. Üstəlik minlərlə insanın canlı izlədiyi bir matçda ən obyektiv qərarı qəbul etmək çətindir. Hansı ki, bunu saniyələrlə ölçülən çox qısa vaxt ərzində və düzgün şəkildə yerinə yetirməlisən. Avropada sözünü demək potensialı olan hakimlərimizə həm də mənəvi, psixoloji dəstək vacibdir. Bütün bunları nəzərə alaraq istər oyun zamanı, istərsə də digər məqamlarda psixoloji gərginliyin aradan qaldırılması yollarını və hakimin özünü oyuna zehni, mənəvi baxımdan necə hazırlaşmalı olduğunu araşdırmağa çalışdıq.

Meydanda necə görünməli?...
..və ya streslə necə mübarizə aparılmalı?

Hakimlər bir qarşılaşmanı müəyyən olunmuş qaydalar əsasında idarə edən ən önəmli faktorlardır. Əksər vaxtlarda məğlubiyyətə uğrayan komandaların qəzəbinə tuş gəlirlər. Bundan başqa, məşqçilər üçün yaxşı müdafiə mexanizmidir. Çünki bəzi hallarda məşqçilər “hakimlər üzündən yenildik” deyərək özlərini müdafiə etməyə çalışırlar...
Bəs hakimlər oyun zamanı və ya ondan kənarda başqaları ilə necə münasibət qurmalıdır? Hakimliklə əlaqəli psixoloji bacarıqlarını necə inkişaf etdirə bilərlər? Davranışlarını hansı şəkildə formalaşdırmalıdır? Ümumiyyətlə hakim meydanda necə görünməlidir?
Öncəliklə qeyd edək ki, futbol hakimlərində oyun və onun qaydaları haqqında biliklər, fiziki dözüm, intizam və əxlaqla yanaşı, matç zamanı meydandakı insanlarla effektli münasibət qurmaq və psixoloji bacarıqları da olmalıdı. Çünki rəqabət stresə bərabərdir. Stress isə orqanizmin fiziki və psixi sərhədlərinin gərginlik altına salınması ilə ortaya çıxan durumdur. Amma bu durumu düzəltmək o qədər də çətin deyil. Hər şeydən öncə pozitiv düşüncə lazımdır. Məsələn, ikinci oyunda “bir daha səhv etməyəcəyəm” əvəzinə, “ən doğru şəkildə davranacam” kimi düşünmək və oyun zamanı bunu tətbiq etmək lazımdır. Konkretləşdirsək, qarşıya hədəf qoyulmalıdır və “Növbəti oyunda bu problemi yoluna qoyacam” kimi düşünülməlidir. İnsanlar düşünərək inandıqları, təsəvvür etdikləri və olacağına əmin gözü ilə baxdıqları şeyləri mütləq yaşayır. Düşüncə yaşamımızı idarə edən, amma bunun fərqində olmadığımız ən önəmli ünsürdür. O cümlədən sürətli və asan şəkildə dəyişdirilə bilən incə enerji formasıdır. Düşüncə ilə yanaşı hakimdə mütləq şəkildə bu xüsusiyyətlər olmalıdır: Diqqət, köklənmə bacarığı və motivasiya. Diqqət - eyni anda bir neçə obyektdən birinin canlı və aydın şəkildə zehin tərəfindən canlandırılmasıdır. Köklənmə - uyğun qərarlara diqqət yetirmək və bunu sona qədər sürdürmək bacarığıdır. Motivasiya - fiziki, psixoloji fəaliyyəti axıracan saxlamağı əhatə edən, hər bir məqam üçün istifadə olunan anlayışdır. Daha aydın desək, motivasiya insanı çalışmağa yönləndirmək, başqa sözlə fərdi hərəkətə keçirmək və istəkləndirmək anlamındadır. Bəs hakim matçöncəsi özünü necə motivasiya etməli və stresslə mübarizə aparmalıdır? Əslində, bunun 3 yolu var. 
Avtogenik istirahət. Bu anlayış 6 standart cümlədən ibarətdir: Əllər, ayaqlar isti və ağır, qəlb atışı sakit, qaydasında, nəfəs dərin və rahat, alın sərin, qarın isti olmalıdır. 
Mütərəqqi istirahət. İnsan vücuddakı əzələ qruplarını yığıb, boşaltma xüsusiyyətinə malikdir. Bu sayədə əzələlərin gərginlik zamanı hansı duruma düşdükləri öyrənilir.
Nəfəs məşqləri. Ardıcıl şəkildə, bir neçə dəfə, 1-dən 8-ə, 1-dən 4-ə və 5-dən 1-ə doğru saymaq. 
Hər bir hakim oyundan öncə özünü motivasiya etməyi bacarmalıdır. Ümumiyyətlə, oyuna hazırlığın iki yolu var. 1. Fiziki hazırlıq – dözümlülük, güc, sürət və rahatlıq bunun üçün vazkeçilməzdir. 2. Zehni hazırlıq – bundan öncəki oyunu zehində yenidən canlandırmaq, yol verilən yanlışlıqları düzəltmək, yaxşı qərarları nümunə kimi istifadə etmək gözəl zehni çalışma ola bilər. Qarşılaşma zamanı yarana biləcək problemləri çözmək üçün yollar müəyyənləşdirilməli, yazılmalı və oxunub beyində kodlaşdırılmalıdır. Bu oyun zamanı rastlanan problemləri sürətli şəkildə yoluna qoymaqda böyük yardımçı olacaq. 
Oyun öncəsi hazırlıqla yanaşı, oyun sonrası analizlər, dəyərləndirmələr də lazımdır. Oyundan sonra hakim həm laysmanlar, həm də hakim-inspektor tərəfindən iradlar və ya xəbərdarlıqlar alır. Təbii ki, bütün bunların duşdan və bir qədər istirahətdən sonra həyata keçirilməsi daha məqsədəuyğundur. Qarşılaşmanın sağlam şəkildə dəyərləndirilməsi bir gün sonra matçın videoyazısına baxan zaman gerçəkləşdirilə bilər. Belədə yol verilən xətalar yaxud da yaxşı qərarlar daha aydın şəkildə anlaşılar. Bununla yanaşı oyunu izləyən yaxın çevrədəki insanlar (müəyyən azarkeşlər də demək olar), o cümlədən həmkarları da fikirlərini bildirə bilər. Bu zaman hakim deyilənləri daha obyektiv şəkildə qarşılamalıdır. Oyun zamanı hakimlər “mesajlarını” fit və digər vasitələrlə göndərirlər. Digərləri də bu “mesajları” aldıqlarını göstərdikləri reaksiya ilə bildirirlər. Ümumiyyətlə hakimlər oyun idarə edərkən sözsüz əlaqələri, məsələn, hakim işarələri, “bədən dili” və jestləri, o cümlədən mimikaları, fit səsini daha üstün tutmalıdırlar. Sözlü mesajlardan, ehtiyac yarananda qısa və konkret şəkildə istifadə olunmalıdır. Sözlü mesajların uyğun səs tonu ilə bildirilməsi, ətrafdakılarla uğurlu əlaqə yaratmaq üçün ən yaxşı yoldur. 

Kiçik psixoloji dərs

Futbol hakimliyi psixoloji və zehni yönləri olan fiziki fəallıqdır. İdman psixologiyası indiyə qədər bu sahəyə o qədər də böyük təsir göstərməyib. Əksinə, bu fəallıq idman dünyasında illərcə aşağılanıb. Futbol hakimi, qaydaları tətbiq edən bir güc, belə desək “lazımlı bir şeytan” kimi qəbul edilib. Bu gün isə idman dünyasındakı peşəkarlığın inkişafı, daha yaxşı göstərici əldə etmək istəyi, futbol hakimlərinin fiziki, psixoloji cəhətdən hazırlığının və oyun qaydalarını bilməsinin vacibliyini ortaya çıxarıb. İndi sizə təqdim edəcəyimiz çalışma, idman psixologiyasının bu sahəyə də tətbiq olunması ilə bağlı bilgilər vermək üçün hazırlanıb. Çalışma 3 bölmədən ibarətdir. 

A) Əsas tələblərin müəyyənləşdirilməsi.
B) Psixoloji və koqnitiv funksiyalar.
C) Futbol hakiminin zehni məşqi.

A) Əsas tələblərin müəyyənləşdirilməsi. Hakimin verdiyi hər bir qərar aşağıda göstərilən beş xüsusi tələbə cavab verməlidir. 
Qaydaları oyun zamanı tətbiq edə bilmə: Hakim tətbiq edilən qaydaların, qəbul edilən normalara uyğunluğuna diqqət yetirməlidir. Eyni zamanda qaydaları pozan futbolçunun idman çərçivəsində cəzalandırılması da onun vəzifələri sırasındadır. Qaydaları tətbiq etmək, o cümlədən vəzifəsinin nədən ibarət olduğunu tam şəkildə bilmək hakimin təməl funksiyasını müəyyənləşdirir. Bütün bu özəlliklər hakimi cəzalandırıcı, idmançını isə cinayətkar etməz. Əksinə, belədə hakim qaydaları idman çərçivəsi daxilində tətbiq etmiş olur. Yəni onun qayda bilgisi, davranış tərzinə uyğun olmalıdır.
Dəyərləndirmə zamanı tərəfsiz olduğunu göstərmək: Veriləcək qərar seçilməli, analiz edilməli, kateqoriyalar bölünməli, hakimin bilgisi ilə uzlaşdırılmalı və ən uyğun şəkildə olmalıdır. Hakimin qərarı onun sadəcə, meydandakı performansına, xarakterinə təsir etmir, eyni zamanda azarkeşlərin, məşqçilərin və oyunçuların təzyiqinə səbəb olur. Bu da hakimin müstəqil şəkildə dəyərləndirmə aparmasına müəyyən məhdudiyyətlər qoyur. Ümumiyyətlə futbol hakimi bir oyunda təxminən 120 qərar verir və eyni zamanda azarkeşlərin, məşqçilərin, o cümlədən futbolçuların təxribatı ilə qarşılaşır. Bu da onun hər bir məqamda doğru qərar verə bilməsi üçün özünü daim inkişaf etdirməsini şərtləndirir.
Məqsədləri qəbul etmək: Oyun qaydaları bilgisini və tərəfsiz qərar vermək funksiyasını daşıyan hakimin qərarları eyni  zamanda idman çevrəsi tərəfindən qəbul edilməlidir. Çünki hakim mühitə nəzarət edir. O avtoritetlik qazanmaq üçün şəxsi istəklərini tətbiq edə bilməz. İdmançılar tərəfindən qəbul edilmək onun daha az səhvə yol verməsinə səbəb olur. Bu oyuna nəzarətin azalması demək deyil, sadəcə qətiyyətliliyi göstərməkdir. Futbol hakimi çətin olayları çözən, rəqib futbolçular və ya oyun zamanı iki komanda arasındakı əlaqələri idarə edən şəxsdir.
Fiziki durumun yaxşı olması: Hakimin fiziki durumunu iki şəkildə dəyərləndirə bilərik - oyun ərzində olan və ümumi fiziki-atletik hazırlıq. Oyun boyunca hadisələri izləmək üçün hakimin fiziki hazırlığı ən yüksək şəkildə olmalıdır. Sağlamlıqla bağlı hər hansı problem hakimin işinə köklənməsini əngəlləyir. Eyni zamanda fiziki və atletik cəhətdən hazır deyilsə yorğunluq qaçılmaz olur ki, bu da zehni fəaliyyətin zəifləməsinə və qərar verməkdə çətinliklə üzləşməsinə gətirib çıxarır. 
Hərəkətin və ya folun artıq “yetişdiyini” öncədən təxmin etmək: Hakimlik peşəsində illərdən bəri bir növ xüsusiyyət mövcuddur. Bu dəyərləndiriləcək hərəkətin öncədən təxmininə imkan verən qayda bilgisi və bacarığının inkişafına söykənən bir xüsusiyyətdir.
(B) Psixoloji və koqnitiv funksiyalar. Hakimlik üçün gərəkli özəlliklərlə tanış olduq. Belədə sual yarnır: “Bəs hansı motivasiya xüsusiyyətləri mövcuddur?”.
Zehni dəyərləndirmə həyata keçirdiyimiz öncəki çalışmada hakimin idmanda hansı şəkildə uğura nail ola biləcəyini gördük. Təbii ki, bütün bunlar motivasiyanı artıran məqamlardır. Yəni hakimin matç ərzindəki davranışları bilavasitə özünəinamını və motivasiyasını artırmağa yaraya bilər. Ümumiyətlə, bu sahədə yüksək səviyyədə motivasiya lazımdır. Çünki eyni zamanda xarakteri də inkişaf etdirir. Bu işin məsuliyyətini üzərinə götürmək hakimə idman dünyasının bir parçası olmaq şansını verir. Bu yolla insanlar idmanla bütünləşə bilirlər.
Ötənlərin tanınmış hakimlərindən olan Cim Lever motivasiya haqda bunları söyləyib: “İnsanların böyük əksəriyyəti futbolu sevdiyi üçün hakim olmaq istəyir. Digər qism isə həvəskar şəkildə futbol oynayıb və peşəkar olmağı düşünüb. Hakimlik onlara oyun meydanında olmaq və önəmli vəzifə yerinə yetirmək şansı verir. Hakimlərin əsasən avtoritet bir xarakterə sahib olmalarına inanılır, ancaq bu elmi şəkildə təsdiqini tapmayıb. Ancaq gerçəklik budu ki, hakimlər vəzifələrindən irəli gələn hisslərinə və emosiyalarına nəzarət etmək məcburiyyətindədilər. Yəni avtoritet və kobud görünən davranışları əngəlləmək üçün özlərini cilovlamaları vacibdir”.
Bundan öncəki illərdə ideal hakim profilini müəyyənləşdirmək üçün aparılan bəzi araşdırmalar o qədər də məntiqli olmadığından dayandırılıb. Son illərdə isə psixologiya sahəsində əldə edilən və daha keçərli yanaşma olan “Mənim Yanaşmam” davranışı yoxlanılır. Bu yanaşma, davranış, şəxs və içində olduğu mühit arasındakı mütəmadi əlaqələrlə əldə olunur. Şəxsi çalışmalarda istifadə olunan modellər arasında ən çox müraciət olunan psixoloji nəzəriyyələr məhz bu yanaşmaya uyğun gəlir. Araştırmaçılar ilk nəzəriyyəni bir olaya şəxsin verdiyi psixoloji cavabları, ikincisini isə bir çox davranış ölçüsünün müəyyənləşdirilməsində istifadə edirlər. Bu mövzuda daha çox araşdırma həyata keçirilsə hakimlik davranışları ilə bağlı xeyli maraqlı nəticələr əldə oluna bilər.
Haqsızlıq etmək qayğısı. Bu qayğıya nəzarət etmək hakim üçün ən önəmli vəzifələrdəndir. Məsələn, voleybolda azarkeş və oyunçularla qurulan şəxsi əlaqələr “qayğı nəzarəti”ni çözülməsi vacib olan problem edir. Hakimin emosional səviyyəsini idarə etməsi çox önəmlidir. Çünki yüskək qayğı səviyyəsi həm qəzəbin həm də yanlış qərarların artmasına səbəb olur. Qayğı dolu bir hakimin özünəinamı oyunçulara da yansıyır və qəzəbli mühit yaradır. Bu da komandaya və ya ayrılıqda idmançılara qarşı daha çox səhvlərə yol açır. Belə davranan hakim, oyunçunun, azarkeşin və məşqçinin “haqsızlıq edilir” kimi düşüncələrinə səbəb olur. Bu da olduqca təhlükəlidir. Çünki, sadəcə, hakimə etibarın azalmasına deyil, eyni zamanda idmanda şiddətə də səbəb olur. Bu mənada bir hakim öz duyğularına nəzarət etməli, qaydaları lazımi şəkildə ətrafdakılara anlatmalı, gərgin və dolayısı ilə təhlükəli bir mühit yaratmamalıdır.
Biliklərin analizi. Hakimlik oyunun axarına görə tez-tez dəyişən xəbərdarlıqlarla doludur. Hakim doğru qərar vermək üçün diqqətini toplamalıdır. Öncəliklə meydanda nələr baş verdiyinin fərqində olmalıdır. Bu da geniş diqqət tələb edir. Eyni zamanda hakim kənar fikirlərə əhəmiyyət verməməlidir. Çünki çox kiçik bir olay onun gözündən yayına bilər. 
Bir hakim oyunu diqqətli şəkildə izləməlidir. Amma bu meydandakı hər hərəkəti izləmək anlamına gəlmir. Çünki insan deyilən sistemin müəyyən sərhədləri var və bunlar bir olaya reaksiya vermək sürəti ilə xəbərdarlıq arasındakı seçimə təsir edə bilər. Beləcə hakim oyunun axarını görə biləcəyi şəkildə hər hərəkətə hazır olmalıdır. Bütün bunlar hakimlik texnikası ilə bağlı bəzi praktik bilgilər şəklində yekunlaşır. Bunlar aidiyyatı olmayan məlumatları kənarlaşdırmaq, müşahidə zamanını bilmək və təxmin gücündən, yəni intuisiyasından istifadə etməkdən ibarətdir.
Aidiyyatı olmayan məlumatları kənarlaşdırmaq: Lazımsız məlumat performansı əngəlləyir. Çünki bu diqqəti lazımlı məlumatdan ayırıb hakimlik performansını daha az təsirli hala gətirir. Bu xüsusən də olaya reaksiya mexanizmi üçün vacibdir. Məsələn topun hərəkəti avtomatik şəkildə diqqəti çəkər və onun havadakı hərəkətinə səhv reaksiya verilə bilər. Bunun əvəzinə topun yerlə və oyunçuya olan təmasını öncədən görmək vacibdir. Fikri dağıdan digər faktor isə oyun zamanı ortaya çıxan və diqqətə təsir edən qayğıdır. Dəqiq olan budu ki, yanlış ya da yetərsiz oyun qaydaları bilgisi hakimi matçın lazımsız yönlərini izləməyə yönəldir... 
Müşahidə zamanını bilmək: Hakimin oyunun axarını bilməsi və diqqətini yönəltdiyi olaylar zəncirinin fərqində olması vacibdir. Eyni zamanda bir hakim diqqətini geniş sahədən dar sahəyə yönəltməyi bacarmalıdır...
İntuisiyadan istifadə: Olayları öncədən təxmin etmək, reaksiya zamanını azaldaraq hərəkətli obyektə daha düzgün diqqət yetirmək üçün vacibdir. Hazırlıqlı bir insan üçün bu zamanı təxminən 17/100 saniyə azaldır. Yəni, bir hakimin topun havada qalma zamanını dəyərləndirməsi üçün mütəmadi məşq etməsi lazımdır. Ancaq bu zamansız, yaxud yanlış vaxtda qərar vermək anlamına gəlməməlidir. Sadəcə, hakimin özünü baş verə biləcək bütün hadisələrə hazırlaması, hərəkəti hiss etməsi və qərar çıxarması anlamına gəlir.
(C) Futbol hakiminin zehni məşqi. Hakimlik üçün lazımlı psixoloji və koqnitiv funksiyalardan danışdıq. Əslində bu funksiyalara hər kəs sahibdir. Ancaq bir hakimdə bunların daha da təkminləşmiş olması mütləqdir. Çünki o gərgin bir mühitdə bu funksiyalardan istifadə etməyə məcburdur. Əvvəlcə hakim öz performansını yuxarıda sadaladığımız beş nöqtəyə görə formalaşdırmalıdır. Beləcə o öz hakimlik xüsusiyyətlərini şəkilləndirə, zəif tərəflərini inkişaf etdirə bilər. Yararlı ola biləcək daha bir neçə məsləhət də verək. Oyunun bölümlərini həqiqətdə olduğu kimi zehində təkrarlanması çox faydalıdır. Hansı ki, buna “İdeomotor məşqi” deyilir. Bu səhvləri həm görmək həm də onları düzəltmək üçün əlverişlidir. Bununla yanaşı, zehni fəaliyyət və onun seçiciliyi də inkişaf etdirilə bilər. Məsələn, hakim köklənməni pozan, diqqəti dağıdan xəbərdarlıqların fərqinə varırsa, zehni məşqlər sayəsində onları azalda bilər. Zehni məşqlərin yararlı ola biləcəyi digər nüans oyuna lazımi səviyyədə hazırlaşmaqdır. Meydana çıxacaq komandaları tanımaq, hakimin ümumilikdə oyunun axarını və yarana biləcək olayları öncədən görməsinə kömək ola bilər. Belə təxminlər təbii şəkildə oyun zamanı ortaya çıxar və doğru olarsa hakimin qərarlarında önəmli rol oynayar.
Əslində bütün bunlar hamısı peşəkar hakimlik məktəbində gənclərimizə öyrədilməlidir. Ancaq çox təəssüf ki, Azərbaycanda bu cür məktəblər və müəllimlər yoxdur. Hər halda ümid edək ki, özünü doğrultmayan layihələrə xərclənən pulların heç olmasa bir qismi yaxın gələcəkdə bu cür, faydalı ola biləcək işlərə sərf ediləcək. Yoxsa hakimliyin inkişafından danışmağa belə dəyməz...

“Hakimləri “qohumdu, qardaşdı, yerlimdi” fikri ilə seçmək lazım deyil”

Maraqlıdır, bəs Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov nə düşünür? Doğurdanmı Azərabycanda hakim psixologiyası ilə bağlı ciddi problemlər var? Bu suallarla ona müraciət etdik. Xaqani bəy də hakimlərimizin bu baxımndan əziyyət çəkdiyini etiraf etdi: “Hazırda hakimlərimizdə olan problemlərdən biri də psixologiadır. Onlar nə fiziki nə də nəzəri baxımdan çətinlik çəkirlər. Yeganə əziyyət çəkdikləri məqam psixoloji durumlarıdır. Bununla yanaşı, oyunlar zamanı “nüfuzlu” futbolçuların da təsiri altına düşürlər. Belədə hakimlərimizin düzgün qərar vermələrində böyük maneələr yaranır. Bəli, psixoloji problemlərin həll olunmasında psixoloqa ehtiyacımız var. Xüsusən də gənc hakimlərimiz psixoloqla mütləq işləməlidir”.
Psixoloqa da müraciət etdik. Azərbaycan futbolunu yaxından tanıyan biri kimi psixoloq, psixoterapeya liqasının Azərbaycandakı nümayəndəsi Dəyanət Rzayevin də fikirlərinin maraqlı olacağını düşündük: “Hakim ədalətli bir insandır. Amma, Azərbaycanda hakim olmaq ən çətin peşədir. Təkcə məhkəmələrədə deyil, idmanda da hakim olmaq asan deyil. Avropada, Amerikada hakim oğluna görə heç nədən keçməz. Hər şeyə düzgün, ədalətli yanaşır. Bilirsiz, bizim millət bir az qohumcanlıdı, ailəni üstün tutur. “Sən öl, mən ölüm”ə, rüşvətə gedəndi, müəyyən mənada da qorxandır. İndi təsəvvür edin, hakim oyun idarə etdiyi anda, qəfil tribunadan zəng gəlir ki, oyun filan nəticə ilə yekunlaşmalıdır. Siz təsəvvür edə bilərsizmi ki, bu zaman hakimdə hansı psixoloji gərginlik yaranar? Ona görə də burda ədalətli olmaq çətindi. Hakimlərə psixoloq lazımdımı? Xaqani Məmmədov hörmət etdiyim insanlardandı. Əvvəllər mənimlə söhbətdə deyirdi ki, bizim hakimlərə psixoloq lazımdı. Amma onun dediyi hələ ki, söz olaraq qalır. Ümumiyyətlə, hər şeydən öncə hakimlərimizin psixoloji durumunu qiymətləndirmək, şəxsi diqqət və keyfiyyətlərini ölçmək lazımdır. Daha sonra onlarla iş aparmaq olar. Çünki bu keyfiyyətlər onların peşəsinə təsir göstərir. Ola bilər yaxşı hakimdir, amma şəxsi keyfiyyətləri onun işinə mane olur. Hansısa nöqsanlar varsa, mərhələli şəkildə aradan qaldırmaq mümkündür. Hakimlərin peşəsi çox məsuliyyətlidir. Bir insanın da üzərinə böyük məsuliyyət düşəndə istər-istəməz həyəcanlanır, nəticədə də özünü itirir. Belədə soyuqqanlı olmağı bacarmır. Ona görə hakimlərimizin üzərində işləmək lazımdır ki, hər şeyə soyuqqanlı şəkildə yanaşmağı bacarsınlar. Oyun zamanı təbii haldır ki, hakim “görəsən bu şeyi düz etdim ya yox?” kimi fikirlərli ağlından keçirir və narahat olur. Burda peşəkarlıqdan, təcrübədən də çox şey asılıdır. Tofiq Bəhramovu nümunə göstərim. Meydançada sözünü demiş insan olub. Ona bütün dünyada hörmət edirdlər, çünki heç nədən qorxmayıb. Qərarını verib və arxasında dayanıb. Ümumiyyətlə, hakimləri “qohumdu, qardaşdı, yerlimdi” fikri ilə seçmək lazım deyil. Bu sahədə seçimlərin necə aparıldığını bilmirəm. Amma imtahan verməsi, müəyyən testlərdən keçməsi lazımdır ki, hakim təyin olunsun. Əlbəttə, gənc hakimlərin psixoloji çətinliklərini 3 aydan 6 aya qədər olan müddətdə yoluna qoymaq mümkündür. Hakimlər üçün proqram var və tətbiq olunmalıdır. Ən azı həftədə bir dəfə təlim keçilməlidir. Onlar da insandılar, ailələrində, şəxsi münasibətlərində filan problemlər ola bilər. Şəxsi problemi olan hakim meydançaya çıxarsa, şübhəsiz tam obyektiv, rahat ola bilməz. Çünki psixologiyası onun qərarlarına təsir edəcək. Ona görə də psixoterapeya keçməlidirlər ki, bu problemlərlə mübarizə aparsınlar və ideal idarəçilik etsinlər. Təəssüf ki, bu mənada hələlik real addımlar atılmayıb. Heç kim də bununla bağlı müraciət etməyib. Sizə dediklərim ümumi şəkildədi. Əlbəttə, müəyyən məqamlar var ki, hakimlərlə fərdi şəkilə işləməlisən. Əslində fərdi şəkildə çalışmaq daha düzgün olardı. Ehtiyac yaranarsa qrup halında da proqramlar tətbiq edilməsi mümkündür”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

SPORTMEDİA.AZ
SƏBUHİ NƏRİMANOĞLU


.
.
.
0.40772795677185