(YAZI - TƏHLİL) İdeal futbol hakimliyi (I hissə)

15:54 21-07-2016
	(YAZI - TƏHLİL) İdeal futbol hakimliyi (I hissə)

Əslində hakimlik futbolun ən çətin tərəfidir deyə bilərik. Məsuliyyət, intizamla yanaşı bu peşəyə sahib olan hər kəsin şəxsi düşüncələri, qayğıları, xarakteri də verilən qərarlarda mühüm rol oynayır. Çünki hakim oyunda qərar verən, yəni, dolayısı ilə taleləri həll edən, müəyyənləşdirən tərəfdir. Təbii, bu halda onun çıxardığı qərarlar kiminsə xoşuna gəlirsə, bir başqasının da ciddi etirazlarına səbəb ola bilir. Xüsusən də ağır qərarlar verərkən hakimin hansı hissləri keçirdiyini onun özündən və Allahdan başqa kiminsə bilməsi məntiqli deyil. Hakimi də müəyyən mənada, bir növ tanrı kimi qəbul etmək mümkündür… Amma, yalnız meydanda və oyun bitənə qədər. Axı, “futbol tanrısı”, “futbol xoşbəxtliyi” ifadələrini dəfələrlə işlətmişik, eyni zamanda eşitmişik. Bir çox hallarda komandaların taleyi məhz onun qərarlarından sonra müəyyənləşir. Bu üzdən ədalətli olması ən vacib şərtdir. Hər kəsin ideal hesab etdiyi biriləri var. Futbolda, o cümlədən hakimlikdə də özünü təsdiqləmiş, sözünü demiş və çoxlarına nümunə ola biləcək insanların sayı az deyil. Əksəriyyət belələrini ideal adlandırır. İdeal sözünün mənasını isə yəqin ki, çoxlarmız bilirik – qüsursuz, təmiz, maksimum ədalətli və sair. Bəs doğurdan da qüsursuz, ideal hakimlik olurmu? Hakimin matç bitənə qədər, heç bir səhvə yol verməməsi, qaydaları pozmamağa yönəlik, tam ədalətli və lazımlı qərarlar çıxarması mümkündürmü? Futbolun necə idamn növü olduğunu nəzərə alsaq, çətin və böyük ehtimalla kafi cavablandırıla biləcək bir sualdır. Amma ən yaxşı halda ideal hakimliyin porteritini cızmaq olar…

İdeallığın portreti

Futbol hakimliyi psixoloji və zehni yönləri olan fiziki fəaliyyətdir. Bunun fərqinə varan insan  çox qısa bir zaman dilimi içərisində qərar vermək məcburiyyətindədir. Hakimlər istər meydanda istərsə də ondan kənarda bir çox təzyiqlərə məruz qalırlar. Hər oyundan (yarışdan və sair) sonra günahkar elan edilirlər. Hər bir, müsbət və ya mənfi nəticədən sonra cavabdeh kimi göstərilirlər, ən önəmlisi şəxsiyyətləri haqda müxtəlif fikirlər söylənilir. Bütün bunlar isə hakimlərə həm psixoloji həm də idraki cəhətdən mənfi təsir edir. 
Ancaq hər oyundan əvvəl, matç ərzində və ya ondan sonra qarşılaşdıqları müxtəlif xoşagəlməz hallar zamanı hakimlərin özlərini cilovlamaları, qəzəblərinə nəzarət etməklə hadisələrə müdaxiləsi vəzifələrini uğurla yerinə yetirmələrinə kömək edə bilər. 
İdeal hakim, peşəsi və insani yönü ilə ideal aydınlığa malik bir hakimdir. Hakimdən gözlənənlər sadəcə peşə yetərliliyi, bilgi və məlumat bazası deyil. Eyni zamanda o şəxsi xarakterə, əxlaq və fiziki gücə bağlı dəyərlərə bəlli səviyyədə sahib olmalıdır. Oyun qaydalarını yaxşı bilir deyə, tərəf tutan, qərarlarına yansıyacaq şəkildə bir yığın qayğı, qorxu və təmənnaları olan hakimə ədalət həvalə edilməməlidir. Belə desək, içində ədalət daşımayan hökmün sahibinə hakim deyilə bilməz. Hakim yaxşını pisdən, doğrunu yanlışdan, ayırma iqtidarına, xüsusi anlama istedadına, düzgünlüyə, üstün əminlik və güvənə, mətanətə, seçilmiş ağıla, məntiqə, peşə yetkinliyinə sahib, tutarlı, səviyyəli, ədaləti ən üstün dəyər kimi qəbul edən cəsur və bilgili insan olmalıdır. Burda “cəsarət” kəlməsi qorxusuzluqdan fərqli anlam daşıyır. Qorxusuzluq qorxunun yoxluğu, cəsarət isə qorxunun varlığına rəğmən doğruya yönəlmiş hərəkətdir. Qorxmasına rəğmən gedilməsi lazım olan yönə tərəf hərəkət edən insan cəsurdur. Hakim qərarlarında və gördüyü işlərində cəsur olmalıdır. Çünki cəsarətin bittiyi yerdə əsarət və asılılıq başlayar. Hakimlər ən dürüst insanlar olmaq məcburiyyətindədirlər. Onların gücü isə qayda-qanunlardan və vicdanlarından gəlir. Bu səbəbdən hakim üçün “təzyiq” sözünün yeri olmamalıdır. O hər növ təzyiqə qarşı “dünya dağılsa da, ədalət yerini tapsın” deyə bilməlidir.
Hakim ədalətə güvəni sarsıdacaq heç bir davranışa yol verməməli, söz söyləməmlidir. Bir hakimin insanlara məsafəli davranması, onun toplumdan uzaq, cəmiyyətin xaricində və asosial biri olmasını şərtləndirmir. Önəmli olan, qərarlar zamanı “tərəfsizlik” görüntüsünün verilməsidir. Hakim sadəcə meydandakı fəaliyyəti ilə kifayətlənməli deyil, heç kimdən (futbolçu, məşqçi, hər hansı klub rəhbəri və sair) hədiyyə almamalı, tərəfsizliyinə kölgə salacaq davranışlardan qaçmalıdır. Əlbəttə o yaxınlarından, dostlarından hədiyyə ala, yaxşılıq görə, həmkarları ilə qarşılıqlı şəkildə yardımlaşa bilər, çünki yaşadığı cəmiyyətin bir parçasıdır. Ancaq bunda da ölçü gözləməlidir. Hakim rəqiblərdən heç birinin ziyafətinə və ya dəvətinə gedə bilməz. Tərəflərdən heç birinin evində olmaq, hansısa məkanda başbaşa qalmaq və ya rəqiblərdən birinə, əl, göz, başla işarə etmək, yaxud başqasının bilmədiyi sözlər söyləmək kimi töhmətə, ya da mənfi düşüncələrin formalaşmasına səbəb ola biləcək hərəkətə yol verməməlidir. Qərar verərkən, tərəflərdən birinə xoş digərinə nifrətlə baxmaq, hər rəqiblə fərqli səs tonu ilə təmas qurmaq, birinin sözünü kəsmədən dinlərkən, digərini acılamaq, xülasə fərqli danışma və ya davranmaq, ayrıseçkilik etmək, hakimə yaraşmaz. Əlbəttə, qaydaları pozana xəbərdarlıq etməli, onun qərarlarının tərəfdarı olanı baxış, səs, söz və davranışı ilə müsbət yanaşmalı, amma yenə də aradakı məsafəni gözləməlidir.
İnsanın və insanlığın olmadığı dünyanın heç bir anlamı və dəyəri yoxdur. Bu mənada ədalət də insan və insanlıq üçündür. Ədalət dəyərsiz və ucuz olsaydı, hakimlik çox asan olardı. İnsanlar müxtəlifdir, amma onların vicdanından gələn səslər eynidir: “Əyri, qorxaq, kirli deyil, tərtəmiz və düzgün hakimlik istəyirəm…”.
Təbii ki, hər bir hakimin fiziki durumun nə yerdə olduğunu müəyyənləşdirmək üçün müxtəlif testlər tətbiq olunur və normativlərə cavab verənlər daha çox təyinat alır, irəli gedir. Bu öz yerində. Amma hakimliyin təkcə fiziki hazırlıqla ideal səviyyəyə çatdırılmasının mümkünsüzlüyünü hamı anlayır. Deməli, “hakimlik dağı”nın  zirvəsinə yetmək üçün digər xüsusiyyətlər də vacibdir.

Bəs ideal hakim nə deməkdir? Əslində sualın cavabı yuxarıda qeyd etdiyimiz fikirlərdə var. Ümumiləşdirsək, ideal hakim - 
- Cəsur, qətiyyətli, ədalətli və hər cür təzyiqlərə sinə gərəcək psixoloji gücə…
- Güclü xarakterə, əmin və sakitləşdirici bir xüsusiyyətə…
- Yüksək dərəcədə dürüst və öncədən şərtlənməmə düşüncəsinə və obyektiv quruluşa…
- Hakim, insanların şəxsiyyət strukturları və təsirləri haqqında inkişaf etmiş bir potensiala…
- Hər oyunun (yarışın və sair) sonunda mənliyini qoruya biləcək sağlam bir ağıl və məntiqə…
- Çağdaş yaşam tərzinə, düşüncə və praktikasına sahib olmalıdır.
- Kəskin öcəduymaya, qüsursuz dəyərləndirməyə və ani qərarlar üçün davamlı şəkildə maarifləndirməyə yönəlməlidir.
- Özünə güvənməli, komplekslərdən uzaq durmalı, yüksək və ideal məqsədli bir struktura malik olmalıdır.
- Həddindən artıq qəzəb və maddi qazanc həvəsi fikri ilə ortaya çıxacaq çirkin oyun və intriqalardan uzaq durmalıdır.
- Peşəsini sevməli və intizama bağlı qalmalıdır.

Hakimlik çoxyönlü, inkişaf etdirilmiş bir şəxsiyyət, o cümlədən hakimin sosial yaşamında da diqqət, düzən və bacarıq tələb edir. İdmandakı uğurlar kimi, idmanla bağlı digər sahələrdəki nailiyyətlər də psixoloji faktorlarla əlaqələndirilir. Hansı ki, buna hakimlik də daxildir. Əslində hakimlikdəki fiziki performans, şəxsi özəlliklər və psixaloji faktorlara nisbətdə daha az önəm daşıyır. Effektli idarəçilik, hakimin fərdi xüsusiyyətləri, özünə güvəni sakitliyi və hətta, müəyyən anlarda mehribanlığı ilə əlaqədardır.
Hakim hər zaman işinin ayrı-ayrı olayları idarə etmək deyil, bütün oyunu nəzarətdə saxlamaq düşüncəsi ilə meydana çıxmalıdır.
İnsan xüsusən də qəzəbi artdığında və qələbə qazanmaq istəyi oyunun necə oynanılmasının önünə keçdiyində, əksər vaxtlarda avtoritetə hörmət etməyə meyl göstərmir. Hakim meydanda şiddətə nəzarət etmək səlahiyyətinə sahibdir, ancaq eyni zamanda bir qərarla aranı qızışdıran insan da ola bilər.
Hakimlik futbolun qızıl üçbucağının ən önəmli küncünü təşkil edir. O həm tamaşaçı ilə futbolçu, həm də rəqib komandalar arasında körpü rolunu oynamaqla yanaşı, digər tərəfdən oyunun öncədən müəyyənləşdirilmiş qaydalar çərçivəsində dəyərləndirməsini həyata keçirir. Bir oyunun gözəl, həyəcanverici, “feyr-pley” qaydaları çərçivəsində bolqollu keçməsində və ya intizamsız, xoşagəlməz hadisələrlə dolu, dava-dalaşla bitməsində hakimin rolu son dərəcə önəmlidir. Hakimlik bilgi, təcrübə, təlim, peşəkarlıq, mənlik, yüksək səviyyədə oyuna köklənmə tələb edir.
O düzgün yaşaması, dürüst şəxsiyyəti ilə insan psixologiyasını və cəmiyyət sosioligiyasını anlayan, onların fərdi və ya cəmiyyət içərisindəki davranışlarına münasibət göstərə bilən, meydan və meydandankənar hərəkətləri ilə nümunə olması vacib bir şəxsdir. Hakim anlaşa bilməyən iki tərəf arasında doğrunu göstərərək vasitəçilik edən bir insandır. Hakimliyi insan davranışlarını oyun qaydalarının müəyyənləşdirdiyi sərhədlər çərçivəsində idarə edə bilmə sənəti kimi də qələmə vermək mümkündür. Hakimlik nə elm, nə vəkillik nə də polislikdir, bu bir sənətdir. Futbol hər şeydən öncə oyunçular üçün rekreativ bir idman növüdür. Bu nöqtədə hakimin yanaşması pozitiv və işbirlikçi olmalıdır. O qaydaları pozanlara cəza verməkdən əlavə sənətindən yararlanaraq futbolçularını, özünün zövq alacağı canlı və gözəl futbol atmosferi yaratmalıdır. Hakim qərarlarını ən sürətli şəkildə verən, haqlını haqsızdan saniyədə ayıran, çox qısa bir anda gördüklərini qaydalar çərçivəsində nəticələndirən və ən önəmlisi geri dönüşü olmayan qərarlar çıxaran bir şəxsdir. İdarəçilikdə keyfiyyət anlayışı, şəffaflıq və güvən cəmiyyət üçün təməl kriteriyalardır. Yəni, cəmiyyətin hakimə “yüklədiyi” vəzifə, müasir idmana izn vermək, tamaşa zövqünü artırmaq, idmançıya yaraşmayan hərəkətlərə imkan verməyən, tamamilə obyektiv idarə növü sərgiləməsidir. Hakimlik fəaliyyəti “Görmə - Düşünmə - Qərar vermə və Dəyərləndirmə (tətbiq etmə)” şəklində ifadə oluna bilər. Araşdırmalara görə bilgilərin 85 faizi görülərək əldə edilir. Yaxşı hakim matç ərzində daim futbolçuların hərəkətlərini görə biləcəyi yerdə dayanmalıdır. Bu “birbaşa görmə” kimi qiymətləndirilir. Dolayı yollarla görmə isə köməkçi hakimlər vasitəsilə olur. Ancaq birbaşa görmə daha güvənlidir. Hakim oyunu idarə edərkən aidiyyatı olmayan məlumatlardan  uzaq durmalıdır. 
İdeal hakim ola bilmək üçün sadəcə oyun qaydalarını bilmək yetərli deyil. Qaydalarla yanaşı, bu peşəyə olan bağlılıq, vəzifə məsuliyyəti, oyun idarəsi üçün yüksək əhval-ruhiyyə, ədalətli idarəetmə, çevik və məntiqli qərar verə bilmə istedadı, cəsarətli idarəçilik tərzi, yüksək əxlaqi dəyər kimi vasitələrin olması vacib özəlliklərdir. Hakimlərin performansının ən yüksək və ya aşağı səviyyədə olmasına təsir edən faktorların başında onların effektli münasibət bacarığına nə dərəcədə sahib olmaları dayanır. Bu bacarığa sahib olanlar başqalarının baxış prizmasını qavrayır, meydanda ədalət yayır, problemləri çözür və anlayış dolu yanaşma tərzinə malikdir. Bu tərzdən uzaqlaşanların səhvləri, oyunda təhdid və ya zarafat etmək, qaşları çatmaq, əl-qol hərəkətlərinə yol vermək, pis söz söyləmək kimi xoşagəlməz məqamlardır. 
Hakimin yarışmanın ən önəmli şəxsi olması onun həm məsuliyyətinin artması həm də stres altına girməsi ilə nəticələnir. Bu stres isə səhvlərin artmasının əsas səbəblərindəndir. Deməli hakim stresini nəzarətdə saxlamağı bacarmalıdır. 
Bunlarla yanaşı, çox yaxşı fiziki duruma, fizioloji bazaya da sahib olmalıdır. Müasir futbolun və futbolçuların əvvəlki illərə nisbətən daha sürətli olduğunu nəzərə alsaq, heç nəyi gözdən qaçırmamaq, doğru mövqedə olmaq, ən düzgün qərarı vermək, meydana yüksək səviyyədə hakim olmaq üçün atletik güc vacibdir. Hakim meydanda çox yaxşı şəxsiyyət olmalıdır. Hər oyunu eyni şəkildə ciddiyə almalı, idmançılar və klub idarəçiləri ilə centlmen münasibətlər qurmalıdır. Göründüyü kimi hakim sadə bir insan deyil. O böyük nəzarət altındadır. Hər sözü, davranışı idman ictimaiyyəti tərəfindən yaxından izlənilir. O cəmiyyətin nəbzidir, can damarıdır. Hakim ona verilən dəyəri, güvəni, ən yüksək səviyyədə qoruyub saxlamaq məcburiyyətindədir.

(Davamı var...)

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

SƏBUHİ NƏRİMANOĞLU
SPORTMEDİA.AZ



.
.
.