(MÜSAHİBƏ) Məmmədəli Ağatalibov: “Xəzər Rayon İcra Hakimiyyətinin başçısı söz versə də, yerinə yetirmədi” (LAYİHƏ)

23:11 31-10-2016
		(MÜSAHİBƏ) Məmmədəli Ağatalibov: “Xəzər Rayon İcra Hakimiyyətinin başçısı söz versə də, yerinə yetirmədi” (LAYİHƏ)

“Binə” komandasının baş məşqçisi Məmmədəli Ağatalibovun Sportmedia.az-a verdiyi müsahibə

“Bu boyda qəsəbənin bir dənə futbol komandası var, ona da ki fikir verən yoxdu”

- “Binə” komandasının hazırkı vəziyyəti necədi?
- Futbolçuların çoxusu iş adamlarıdı. Ona görə də işdən çıxandan sonra, axşamlar məşq etməyə imkan olur. Bunlar hamısı futbola bağlı olan insanlardı. Komandada oynadıqları üçün pul da almırlar. Amma yaxşı olardı ki, komanda az da olsa maliyyələşsin, heç olmasa problemlərimizi həll edə bilək. 

- Bildiyimizə görə, komandanın maliyyə durumunda sıxıntılar var...
- Maliyyəylə bağlı çox ciddi problemlərimiz var. Komanda heç bir yerdən maliyyələşmir. Artıq uşaqlarda (futbolçuları nəzərdə tutur) məşq etməyə belə həvəs qalmayıb. Nə avtobusumuz var, nə başqa imkanlarımız var. Səfər oyunlarına belə getməyə çox çətinlik çəkirik. 

- Komandaya maliyyə cəhətdən heç kömək edən yoxdu?
- Kömək edənlər dost-tanışlardı, futbolçuların özləridi, bir də ki, Binə Bələdiyyəsi bir az köməklik edir. Bələdiyyə sədri Habil Həmidov imkanı daxilində yardımcı olmağa çalışır. İstəyərdik ki, Xəzər Rayon İcra Hakimiyyətindən də bizə köməklik olunsun. Amma bu vaxta kimi onlardan heç bir dəstək görməmişik. 

- Xəzər Rayon İcra Hakimiyyətinə heç müraciət etmisiniz?
- Xəzər Rayon Gənclər və İdman İdarəsinin müdiri Vüqar  Əliyevə müraciət etmişik və onun vasitəsilə rayon rəhbərliyinə müraciətimizi çatdırmışıq. 

- Müraciətiniz yazılı şəkildə olub, yoxsa...?
- Xeyr, yazılı müraciət olmayıb. Bir dəfə Xəzər rayon çempionatında rayonun İcra Hakimiyyətinin başçısı Gülağa İslamovdan avtobus istədim. AFFA-nın Həvəskarlar Liqasının 2/1 finalında Naftalana getmək üçün avtobus lazım idi. Gözlədik, Gülağa müəllim söz versə də, onlardan heç bir xəbər çıxmadı. Əsas problem maliyyədi, bu problemə görə yeni mövsümdən çempionatda iştirak etmiyə bilərik.

- Binədə futbol üçün resusr və imkanlar baxımından şərait necədi?
- Şərait çox yüksəkdi. Hər bir imkan, baza var. Geyinib-soyunma otaqlarına qədər hamısının şəraiti əladı. Bir neçə yaş qrupu üzrə milli komandalar burada məşqlər ediblər, oyunlarının bəzilərini bu stadionda keçiriblər. Əgər şərait pis olsa idi, bura gəlməzdilər. Binə qəsəbə stadionunun əsas problemi işıqlandırmadı. Hazırda “Binə” komandası məşq etməyə zaman baxımından çatdıra bilmir. Çünki futbolçular işdən çxıb gələnə kimi hava qaralır. İşıqlandırma sistemi olmadığı üçün axşam saatlarında burada məşq etmək imkansız olur. Məşq cəhətdən də indi çox əziyyət çəkirik. Məşqsiz də formada qalmaq mümkün deyil. 

“Sosial şəbəkədə 2000-dən çox izləyicimiz var, amma bu icra nümayəndiliyindən bizi izləyən, yada salan yoxdu”

- AFFA sizə nə kimi göməklik göstərir?
- AFFA stadionda “Binə” komandasının həftədə 2 dəfə məşq etməyi üçün imkan yaradıb. Bu köməkliyə görə də onlara təşəkkür edirik. Amma futbol geyim dəstləri, maliyyə və digər problemlərdə heç bir yardım etməyiblər. 

- 2016-cı ildə Həvəskarlar Liqasının çempionu “Binə” komandası oldu. Çempion olduqdan sonra rayon rəhbərliyindən sizi təbrik edən olubmu?
- Rayonun yuxarı dövlət qurumlarından heç biri yada belə salmadılar. Bir təşəkkür də etmədilər ki rayonun adını yüksəklərə qaldırırsınız. Həvəskarlar Liqasıyla yanaşı bir neçə turnirin də qalibi olmuşuq, hələ ki qapımızı döyən yoxdu. 

- Yerli icra nümayəndəliyindən necə sizinlə maraqlanan olur?
- Heç kim maraqlanmır. “Facebook” səhifəsinə kimi varımızdı. Sosial şəbəkədə 2000-dən çox izləyicimiz var, amma bu icra nümayəndiliyindən bizi izləyən, yada salan yoxdu. 

- Futbolçular diqqətsizliyi görüb həvəsdən düşmürlər?
- Yüngül dəstək belə olanda həvəsənirlər. Amma belə diqqətsizliyi görüb hamısı həvəsdən düşürlər. Baxırlar ki, qiymət verən yoxdu. Bu boyda qəsəbənin bir dənə futbol komandası var, ona da ki fikir verən yoxdu. Belə şeylərdən sonra mən futbolçuya necə deyim həvəslə oynayın?

- Səfər oyunlarına gedəndə maliyyə məsələsini necə həll edirsiniz?
- Yeməyimizdi hamısı cibimizdən olur, açığı çalışırıq heç yemək yeməyək. Ancaq uzaq rayonlara səfərlər olanda kolbasa-çörəkdən, peçenyədən falandan alıb yeyirik. Nəyə gücümüz çatırsa, onu da alıb yeyirik. Amma bəzi oyunlar da olur ki ac qarına gedib oynayıb qayıdırıq. 

- Binə qəsəbəsinin mütəqillik dövründən sonra futbol tarixi zəif olmayıb. Bu qəsəbə Bakı kəndləri arasında futbola görə daima güclülər sırasında olub. Hələ sizin futbol oynadığınız dövrdə Binə 2 komandayla təmsil olunurdu...
- Bəli, elədi. 1997-ci ildən əvvəlli deyə bilmərəm. Amma 97-dən sonra Binə qəsəbəsi futboluna görə demək olar ki, ən güclü idi. 90-cı illərdən Bakı Kəndlər Futbol Federasiyası müxtəlif turnirlər, çempionatlar keçirir. Vaqif Davudovun keçirdiyi bu yarışların çoxusunda qalib olmuşuq. Məsələn, “Analoti Banişevski Kuboku” keçirlir, bu turnir çox maraqla qarşılanır. Banişevsi vaxtilə özü Binədə olub və Binənin o vaxtkı AZAL komandasına kuboku o, təqdim edib. Həmin ildə Binənin 2 komandası finala yüksəlmişdilər. Həmin final oyununda AZAL “Dostluq” komandasına 4:3 hesabıyla qalib gəlmişdi və “Analoti Banişevski Kuboku”nu qazanmışdı. 

- Həmin dövrdə stadion bərbad vəziyyətdə olsa da, azarkeş marağına görə də Binə digər qəsəbələrdən seçilirdi. 
- Stadion həmin dövrdə torpaq idi. 136 saylı məktəbin həyətində yerləşirdi, indi də stadion məktəbin balansındadı. Buranın meydançasının ölçüləri əvvəl 45-86 m idi. Sonralar güləşçi Musa müəllimin (soyadını bilmir) təşəbbüsü ilə meydança genişləndirildi 45-90 m oldu. Daha sonralar qəsəbə sakinlərinin səyləri nəticəsində meydança bir qədər də böyüdüldü. 98-ci ildən sonra Binənin futbol komandaları Həvəskarlar Liqasında mübarizə aparmaq qərarına gəlmişdilər, ona görə də meydança bir az da genişləndirilməli idi. Həmin dövrdə yerli icra nümayəndələri (o vaxt başqa şəxslər idi), kənd sakinlərinin köməkliyi ilə stadion bir az da düzəldildi. Aeroport rəhbərliyi də həmin vaxt köməklik göstərmişdi. Kənd camaatının hesabına ölçülər 100-54 m oldu. AFFA-dan gəlib stadionu yoxladılar və bu olçülərlərlə qeydiyyata götürdülər. 

- İndi isə hər bir şərait var, sadəcə maliyyə problemi həll olsunsa, digər işlər düzələr. Hazırda Binədə futbola həvəs necədi?
- Bəli, şərait var. Binədə futbola həvəs çox böyükdü. 90-ci illərdə Binənin 33 min əhalisi var idisə, hazırda qəsəbənin 200 minə yaxın əhalisi var. Binənin 6 məktəbi var, hər məktəbdə elə 2000-3000 arası şagirdi var. Bakı kəndləri arasında həm əsas komandalar, həm də kiçik yaşlı uşaqların komandaları arasında Binə hamısından öndədi. Kiçik yaşlı uşaqların futbol oynamaq üçün müraciətləri, sakinlərin boş vaxtlarında stadiona gəlib qəsəbənin komandasını dəstəkləməsi, hətta məşqlərdə belə azarkeşlərin “Binə”ni tək qoymaması qəsəbənin futbola olan həvəsinin göstəricisidi.

- Kiçik yaşlı komandalarınız hansı liqalarda mübarizə aparır?
- U-12 və U-10 liqalarında oynayırlar. İstəyirik gələn il başqa yaş qrupunda yeni komanda da düzəldək. Yenə də bu məsələlər maliyyə probleminin üzərinə gəlib çıxır. Formaların alınmasını, oyunlara getməyi hamsını valideynlərin köməkliyi ilə edirik. 

- Uşaqlardan aylıq pul yığılır?
- Xeyr, bizdə aylıq pul yoxdu. Ancaq oyunlara getmək üçün yol pullarını verirlər – 2-3 manat. Forma lazım olanda pul yığılıb alınır. Başqa heç nə üçün pul yığılmır.

- AFFA-ya uşaq futbolu üçün formalar, toplar və digər ləvazimatlar vermək üçün müraciət etmisiniz? 
- AFFA-ya müraciət etmişik. 10-15 top köməklik edib. Amma forma, məşqlər üçün də lazım olan ləvazimatlar cəhətdən köməkliyi olmayıb, hamısını özümüz almışıq. 

- Uşaqlar üçün stadionda məşqlər keçməyə yer verirlər?
- Bəli, verirlər. Məşqlərimizi keçmək üçün stadionun rəhbərliyi köməklik edir. Uşaqların da dərsdən çıxandan 1-2 saat sonra gəlib məşq etməyə imkanları olur. Kiçik yaşlıların məşq etmək üçün şəraiti yaxşıdı. Binənin əsas komandasının məşq etməyi müşkül məsləyə çevrilib. 

“Biz istəyirik ki, “Binə” I divizionda çıxış etsin”

- Həvəskarlar arasında Macarıstanda keçirilən Avropa çempionatına yığma komandanın tərkibində “Binə”nin neçə futbolçusu gedib?
- Macarıstana yığma komandayla 4 futbolçumuz yollanıb. Qapıçılarımız Əliyev Samir, Məmmədli İlqar, Əsədov Nurəli və Bayramov Elvin yığma komandanın tərkibində Azərbaycanı təmsil etmək üçün gedib. 

- Qəsəbənin imkanlı şəxslərindən, iş adamlarından maliyyə cəhətdən köməklik edənlər olur?
- Kömək edən ancaq dost-tanış, futbolu bu kənddə yaşatmaq istəyən şəxslərdi. Onlar da ki adi maaşa işləyən insanlardı. Gücləri çatan qədər köməklik edirlər - 20-30 manat. Böyük iş adamları isə bu komandayla heç maraqlanmırlar da. 

- Binədəki kiçik futbol meydançasına əvvəl siz nəzarət edirdiniz. İndi bu meydançanın belə bərbad vəziyyətdə olmasına səbəb nədi? Niyə baxımsızdı?
- Çox yerlərə yazıb göndərmişik. Sadəcə biz də bu məslənin həllini tapa bilmirik. Əsas örtük problemidi. Əvvəl böyük stadion yox idi, məktəbin bütün idman dərsləri bu meydançada keçirilirdi, yüklənmə çox idi. Böyük stadionun əvvəlki vaxtında, təmirdən öncə qışda palçıq olurdu. Uşaqlar da palçığın içində gəzirdilər, sonra gəlib burada futbol oynayırdılar. Meydançanın örtüyünün korlanmasının da əsas səbəbi budu. Çünki soyunub-geyinmə otağı, duş otağı belə yoxdu. Məcbur olurdular ayaqqabılarla içəri giridilər, içəridə paltarlarını falan dəyişirdilər. Həm də meydança artıq 10 ilə yaxındır ki, istifadədədi. Yenisi ilə əvəzlənməyə ehtiyac var. Çünki örtük özü də çox nazik idi, yeni stadiounun təmirində də toz, torpaq, tikintinin sementli tozu hamısı bu meydançanın örtüyünün üstünə hopdu. Örtük betona dönmüşdü, o vaxtlardan yararsız vəziyyətə gəlib. AFFA da bu meydançanın vəziyyətindən xəbərdardı. 

- “Binə” azarkeşləri növbəti mövsümdən sevimli komandalarını çempionatda görə biləcəklərmi?
- İnşəallah. Ümidimizi heç zaman itirmirik. Daha da böyük uğurlar qazanmaq üçün çalışırıq. Azarkeşlərimizin xəyal qırıqlığına düşməsini istəmirəm, amma maliyyə problemimiz düzəlməsə növbəti çempionatdan iştirakımız sual altına düşə bilər. Maliyyə məsələmiz qismən də olsa, müsbətə doğru dəyişilsə yenə də çempionluq uğrunda mübarizə aparacağıq. Biz istəyirik ki, “Binə” I divizionda mübarizəyə qatılsın. Bunun üçün maliyyədən başqa bütün imkanlarımız var. Gələcəyə ümidlə baxırıq. 

media kimitesi loqo.jpg

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ


.
.
.
0.4641420841217