(LAYIHƏ) Sportmedia.az-ın Tovuzdan hazıladığı geniş reportaj – FOTOLAR (I HİSSƏ)

18:29 29-12-2016
					(LAYIHƏ) Sportmedia.az-ın Tovuzdan hazıladığı geniş reportaj – FOTOLAR (I HİSSƏ)

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində bu dəfəki səfərimiz Tovuz rayonuna oldu. Tovuzun Azərbaycan futbolunun beşiyi olması danılmazdır. İstər tarixi, istər nailiyyətləri, istərsə də ölkə futboluna qazandırdığı saysız futbolçular bunun əyani sübutudur.  Əslində Tovuzu futbolumuzun elitasında görməyə adət etsək də son illərdə I divizionda mübarizə aparır.  Buna baxmayaraq rayonda futbola olan maraq heç vaxt azalmayıb. Tovzda bir deyim var “bir daş atsan ya futbolçuya ya da aşığa dəyəcək”. Bəs bu özül, futbol ab-havası necə yaranıb? Tarixə qısa səyahət edək. 

Tovuzda alman izi və Qara müəllim…

Tovuz futbolu ötən əsrin əvvəllərində yerli almanlar tərəfindən yaradılıb. 1912-ci ildə Tovuzda məskunlaşan almanlar Traubenfeld şəhərciyni tikdilər.  Bir çox təsərrüfat sahələri kimi, idman sahəsinə də xüsusi diqqət yetirdilər. Almanlar Tovuzda yüngül atletika, voleybol və futbolu yaradıb inkişaf etdirdilər. Təxminən 1914-cü ildə yaradılan “Traubenfeld” şəhər komandasını tezliklə daha mütəşəkkil olan "Rote Fahne" əvəzlədi. “Rote Fahne” Alman dilində “Qırmızı Bayraq” mənasını verir. 

1920-ci ilədək futbol Tovuzda kifayət qədər populyarlaşmışdı. Artıq hər məhəllənin komandası var idi. Təsadüfi deyil ki, 1920-ci ilin payızında keçirilən Məhsul bayramında "Rote Fahne" ilə Tovuz komandası qarşılaşmışdı. Hətta ilk dəfə olaraq regionda keçirilən bir idman yarışına başqa ölkədən hakim də dəvət olunmuşdu. Bu oyunu idarə edən hakim Gürcüstandan idi. 

1924-cü ildən etibarən Qara Əliyev Tovuz futbolunun inkişafında xüsusi pay sahibi oldu. Rayonda futbolun kütləviləşməsi, sevilməsi üçün əvəzsiz işlər görən Qara müəllim  iki komanda yaratmışdı. Bundan başqa özü də hücumçu kimi komandalardan birində çıxış edirdi. 

1930-cu ildən Tovuz futbolunda yeni mərhələ başlamışdı. Tovuz futbol məktəbinin banisi sayılan Qara Əliyev Tovuzda olan bütün komandaları Tovuz yığması şəklində birləşdirmişdi. Həmin komanda tez-tez qonşu respublikaya yoldaşlıq görüşlərinə yollanırmış. Bununla yanaşı Tovuzda kəndlər, məhəllələr arası yarışlar mütəmadi olaraq keçirillirmiş. 
İkinci Dünya Müharibəsi illərində bir çox futbolçular döyüşə yollanıblar, onların arasında, dünyasını dəyişən, yaralanan futbolçular da az olmayıb. 1946-cı il, müharibə başa çatan ili, indiki Şəmkirdə yerləşən HHQ komandası 23 fevral - hərbçilərin bayramı günü Tovuza gələrək, yoldaşlıq görüşü keçirmək arzusunda olduqlarını bildiriblər. Komanda toplaşmadığından görüş 1 gün sonraya - 24 fevrala razılaşılıb. Şəmkirdə keçirilən oyundan sonra  isə komanda evə dönərkən nəqliyyat vasitəsi yük qatarı ilə toqquşub. Faciəvi qəzada 16 futbolçu  dünyasını dəyişib.
Buna baxmayaraq, elə həmin ilin sonunda komanda Azərbaycan çempionatının 2-ci mükafatçısı olub.
Bu illərdə tək futbolçu yetişdirməklə kifayətlənməyən Tovuz futbolu nailiyyətləri ilə də yadda qalıb. Belə ki, 1955-ci ildə Tovuz komandası  ölkədə keçirilən 1-ci Spartakiadanın qalibi olub. 1957-ci ildə isə Azərbaycan Kubokunu alan ilk əyalət komandası olub. Buna qədər  kuboka yiyələnən komandaların hamısı Bakını təmsil edirmiş. 
Tovuz komandasının qarşısında duran ilk vəzifə futbolçu yetişdirməklə baza rolunu oynamaq olub. Hələ 1939-cu ildə Bakının "Temp" komandasına Suren Atabəyov dəvət alıb. 1948-ci ildən isə Nazim Hüseynov, Arif Qasımov və Təvəkkül Hüseynov "Neftçi" komandasında çıxış edib. SSRİ çempionatında çıxış edən “Neftçi”yə futbolçu verməkdə davam edən Tovuz sonrakı dövrlərdə Arif Sadıqov, Zahid Əsgərov, Zahid Hüseynov kimi futbolçuları göndərib. 
Gəncənin "Dinamo" komandasının Güclülər dəstəsinə  yüksəlməsində də tovuzlu futbolçuların əməyi danılmazdır. O dövrlərdə Müzəffər Qasımov 12 il komandanın kapitanlıq sarğısını daşıyıb. Böyükağa Qasımov, Aleksandr Kazmin, Vaqif İbrahimov, Zahid Hüseynov kimi futbolçular çıxış ediblər.



Tovuzluların qürur mənbəyi “Turan” …

Müstəqillik əldə edildikdən sonra  keçirilən ilk milli çempionatda Tovuz “Turan” adı ilə təmsil olunmağa başladı.  1992-ci ildən sonra rayonun idmanla bağlı bütün uğurları “Turan”ın  adı ilə bağlı oldu. “Turan”ın yaranmasında isə tovuzlu iş adamı Vidadi Əhmədovun böyük əməyi var idi. Tovuz şəhər stadionunu təmir etdirdikdən qısa müddət sonra klubu himayəyə götürən Əhmədov başqa komandalarda çıxış edən tovuzlu futbolçuları bir araya gətirdi. İlk olaraq Ukraynada çıxış edən Sakit Alıyev və Rusiyada çıxış edən Nizami Sadıqov Tovuza dəvət olundu. Bundan sonra komanda formalaşdırıldı və ilk milli çempionatda “Turan” bürünc medallara sahib oldu. 
Ermənistanla sərhəddə yerləşən Tovuzda həmin dövrlərdə şiddətli döyüşlər getsə də komandanın fəaliyyətinə təsir göstərmirdi. Əksinə “Turan” mənfur düşmənlə üz-üzə dayanan, bir qarış torpağını qorumaq üçün vuruşan tovuzluların məbədinə çevrilmişdi. Futbol günləri şəhərdə əsl bayram ab-havası olurdu. Hətta bəzi futbolçular eyni zamanda  könüllü olaraq cəbhəyə də yollanırdılar. Dəfələrlə stadion ərtafına mərmi düşmüşdü. Yaralıları daşımaq üçün bəzən hərbi helikopterlər meydançaya enirdi. Lakin tovuzlular buna adət etmişdilər. Sevimli komandaları onlar üçün bir stimul idi. 
Növbəti mövsümdə də  “Turan” bürünc medallara sahib oldu.  

Tovuz futbolunun ən böyük uğuru isə 1993/94 mövsümündə əldə edildi. “Turan” qızıl medalları boynundan asdı. Bununla yanaşı ilk dəfə olaraq müstəqil Azərbaycanı avrokuboklarda təmsil edərək futbol tariximizə adını yazdırdı. Ölkə əmsalı aşağı olduğundan çempion “Turan” UEFA kuboku yarışlarında iştirak etməli oldu və  “Fənərbağça”ya hər iki oyunda məğlub olaraq (0:5, 0:2) mübarizəni dayandırdı. 


Eyni mövsümdə Tovuz futbolu daha bir ilkə imza atdı. Belə ki, “Turan”ın əvəzedici komandası olan “Turan-2” birinci dəstədə iştirak etməyə başladı. Əsas komandada Sakit Alıyev, Nİzami Sadıqov, Tərlan Əhmədov, Vidadi Rzayev, İlham Məmmədov, Musa və Qurban Qurbanovlar, Hüseynqulu Quliyev kimi futbolçularla yanaşı əvəzedici heyətdə yerli gənclər parlayırdılar. 

Bu il “Turan” daha bir yenilik etdi. Belə ki, komanda təlim-məşq toplanışı üçün ABŞ-a , Portlend şəhərinə yollandı. 



1994/95 mövsümündə “Turan” “Kəpəz”dən 2 xal geri qalararaq gümüş medallara sahib oldu. 
1995/96 və 1996/97-ci illər mövsümünü “Turan” 4-cü pillədə başa vurdu. 
Bundan sonra tənəzzül başladı. Daim yüksək liqada oynasa da “Turan” çempionluq yarışından kənarda qalırdı.  Maliyyə sıxıntıları düzəlmək bilməsə də yerli gənc futbolçular “Turan”ı layiqincə təmsil edirdilər. 
Tovuz futbolunda canlanma bir də 2004-cü ildə yaşandı. “Taimex” şirkətinin rəhbəri Tahir Yusifovun klubu himayəyə götürməsindən sonra Tovuz futbolu yenidən əzəmətli günlərinə döndü. Tovuz şəhər stadionu təmir olundu, çempionluq uğrunda mübarizə aparacaq heyət quruldu. Baş məşqçi postuna isə köhnə tanış, Naci Şensoy gətirildi. Qeyd edək ki, 2001/02 mövsümündə də “Turan”ı çalışdırmış Şensoy ölkəmizdə ilk əcnəbi məşqçi kimi də tarixə düşmüşdü.  


Qısa müddət ərzində əsas komanda ilə yanaşı uşaq futboluna da diqqət ayırıldı.  Tovuzda daha bir komandanın “Rote Fahne”nin bərpa olunması və birinci dəstədə mübarizəyə qoşulması da bu vaxta təsadüf etdi.  
Bütün oyunlara dolu tribunalar qarşısına çıxan “Turan” yekunda 4-cü pillə ilə kifayətlənməli oldu.  2005/06 mövsümünə də komanda çox yaxşı başlamışdı. Lideliyi ələ keçirən komanda ardıcıl xal itkilərindən sonra çempionluq yarışından kənarda qaldı.   
2005-ci ildə “Turan” legioner futbolçulardan imtina edərək, “Turan” UFM-in yetirmələrinə üstünlük verdi. Uşaq futbolundan əsas komandaya cəlb olunan gənclər Azərbaycan futbolundan bundan sonra adından söz etdirməyi bacardılar. Yaş ortalamasına görə ən gənc komanda olan “Turan” mövsümü 6-cı pillədə başa vurdu. “Turan” ın yetirmələri Nadir Nəbiyev, Ruslan Abbasov, Hüseyn Məhəmmədov bu il “Neftçi”nin  “MDB və Baltikyanı ölkələrin Birlik Kubokunda” tariximizdə ilk dəfə finalda iştirak etməsində böyük rol oynadılar. 
2005-ci ildə  “Turan”la yanaşı daha bir klub – “Rote Fahne” komandası da yarandı. Elvin Məmmədov, Vurğun Hüseynov, Cavid Hüseynov, Cavid Tağıyev, Cavid İmamverdiyev kimi futbolçular məhz bu komandada formalaşdılar. 2005-2006-ci ildə əsas komandaya cəlb olunan futbolçular milli komandaların məşqçilərinin, eyni zamanda, digər klubların da diqqət mərkəzinə düşmüşdülər. ”Turan” bu ərəfədə Elvin Məmmədov, Vurğun Hüseynov, Asəf Qədiri, Vüsal Qarayev, Xəyal Qarayev, Aqil Nəbiyev, Cavid Hüseynov, Cavid Tağıyev, Cavid İmamverdiyev kimi futbolçuları ölkə futboluna qazandırdı.. 2005-ci ildə “MDB və Baltikyanı ölkələrin Birlik Kubokunda” “Neftçi”nin qalib olmasında da Tovuz futbolunun yetirmələrinin böyük əməyi oldu. Belə ki, bu yarışda “Neftçi”nin kapitanı Nadir Nəbiyevlə yanaşı, Ruslan Abbasov və məşqçi Nizami Sadıqov da komandanın uğurları üçün çalışıblar. Elə “Xəzər-Lənkəran” komandasının da bu yarışdakı zəfərlərində Nadir Nəbiyevin zəhmətləri danılmazdır. 2007 - Bu il “Turan”ın 15 yaşlı futbolçularından ibarət komandası “İnter”i məğlub edərək Azərbaycan çempionu adını qazandlar. Bu uğur Tovuz futbol məktəbinin gənc məşqçisi olan Həsən Əhmədovun zəhmətinin nəticəsi idi. 2008-ci ildə 19 yaşlı Vurğun Hüseynov və Elvin Məmmədov əsas milli komandamıza da dəvət olundular.

2009/10 mövsümünə dək maddi sıxıntılar içində olmasına baxmayaraq yenə öz yetirmələri ilə elitadakı yerini qoruyan “Turan”a yeni himayədar tapıldı. Tovuzlu iş adamları komandanı himayəyə götürdükdən sonra yenidən canlanma yaşandı.   Lakin bu da çox uzun sürmədi. Cəmi 3 mövsüm sonra “Turan” elitanı tərk etməli oldu…. Buna başlıca səbəb maliyyə problem idi. Naci Şensoya ödənməli olan vəsaitlə yanaşı klubun digər borcları fəaliyyəti davam etdirməyə imkan vermədi. Üstəlik UEFA maliyyə cəzası ilə yanaşı  -6 xal cəzası da kəsmişdi. 

“Turan” fəaliyyətini dayandırsa da Tovuz futbolsuz qala bilməzdi.  20 il elitada mübarizə aparan Tovuz artıq I divizionda mübarizə aparır. 





"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"


İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//TOVUZ


.
.
.
0.52063703536987