(LAYİHƏ) Sportmedia.az-ın Qobustandan hazırladığı reportaj – FOTOLAR

21:40 29-12-2016
			 (LAYİHƏ) Sportmedia.az-ın Qobustandan hazırladığı reportaj – FOTOLAR

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində növbəti səfərimiz Qaradağ rayonunun Qobustan qəsəbəsinə oldu. Qobustan adı gələndə əsasən tarixi məkan, qədim tarixin inkası olan bir qəsəbə yada düşür. Lakin bu qəsəbənin sakinləri müasir sivilizasiyadan heç də geri qalmırlar. Burada idmana, xüsusilə də futbola böyük maraq var. Qəsəbədə müstəqillik dövründə 1995-ci ildən futbolla məşğul olmağa başlayıblar. Müxtəlif komandalar da yaradılıb. Vaxtilə qəsəbənin “Azəri” adında komandası olub. Bu komanda I divizion səviyyəsində də iştirak edib. Komanda müxtəlif zamanlarda fərqli nailiyyətlər qazanıb. Sonralar isə qəsəbənin öz komandası “Qobustan” FK  yaradılıb. Bu komanda da adından söz etdirməyi bacarıb. Son illərdə isə maliyyə sıxıntısı ucbatından komanda sənəd üzərində fəaliyyət göstərir. 

Hazırda Qobustanı Şıxlar kəndinin eyni adlı komandası “Şıxlar” təmsil edir. 


“Şıxlar” Bakı kənd və qəsəbələrinin çempionatında iştirak edir. Bu komanda ötən mövsüm Həvəskarlar Liqasında III yerlə kifayətlənib. Gənc komanda olsa da, qısa vaxtda müəyyən nailiyyətlər qazana bilib. “Şıxlar”ın futbolçularının əksəriyyəti “Qobustan” FK-nin üzvləridi. “Şıxlar” qəsəbənin tək komandası olduğu üçün azarkeşlər hamısı bir yerə cəmləşir. Lakin bu gənc komanda da maliyyə sıxıntısından əziyyət çəkir. Futbolçuların öz ciblərindən ayırdıqları maliyyə hesabına “Şıxlar” fəaliyyət göstərir. Lakin bu, bütün təlabatlarını ödəməyə çatmır. Qəsəbədə yaşayan tanınmış incəsənət ustası Aşıq Əli bu komandaya müəyyən köməklər göstərib. Futbolçuların hərəsini 1 dəst geyimlə təmin təmin edib və bəzi üzvlərinə butsilər almaqda yardımcı olub. Bütün bunlara baxmayaraq,  komandanın bu futbol formalarından başqası yoxdu. Səfər oyunlarının əksəriyyətində forma probleminə görə əziyyət çəkirlər. Futbolçuların bəzilərinin hələ də butsiləri yoxdu. Komandaya yerli dövlət qurumlarından heç biri köməklik göstərmir. Bu məsələylə bağlı qəsəbənin bələdiyyə sədri ilə görüşmək istəsək də, alınmadı. 

“Şıxlar”ın ən böyük problelərindən biri də qəsəbənin stadionunun bərbad vəziyyətdə olmasıdı. Reportyor qrupumuz həmin stadiona yolandı və oradakı real vəziyyətlə tanış oldu. 


Stadion çox pis vəziyyətdədi, heç bir örtüyü yoxdu, torpaq üzərində futbol oynanılır. Meydança torpaq olduğu üçün yağış yağarkən burada oynamaq mümkün olmur. Belə olan təqdirdə komanda ya başqa meydanda oynayır, yaxud da komandaya texniki məğlubiyyət verilir. Hər dəfə başqa stadionda oynamaq üçün əlavə ödəniş edilməlidi. Bu isə maliyyəsiz komanda üçün ağır bir yükdü. 


Şəhid Aslanov Əflatun Aslan oğlunun adını daşıyan stadion vaxtilə “BP” şirkəti tərəfindən inşa olunub. Şirkət stadionda soynub-geyinmə otaqları və hakimlər üçün otaq da inşa etdirib. Burada futbolçular üçün duş kabinələri də hazırlanıb. Lakin uzun illər bundan qabaq inşa olunan bu kiçik bina və stadion hazırda yararsız vəziyyətdədir. 


Stadionun həyətində oturmaq üçün taxta skamyalar da var. Hər dəfə oyun günündə isti suyu və otaqları qızdırmaq üçün istifadə edilən elektrik pulunu da futbolçular ciblərindən ödəməli olurlar. Belə acınacaqlı durumda olan komanda çərəsiz vəziyyətdədir. Bununla bağlı “Şıxlar”ın kapitanı Taleh Gülməmmədovla söhbət etdik. O, komandasının problemi ilə bağlı bir çox idarələrə müraciət etdiyini, lakin heç bir faydasını görmədiyini bildirdi: “Qobustanda futbol oynamaq üçün ən böyük problem stadiondu. Vaxtilə bir stadion var idi, onu da sökdülər. Hazırda Qobustanda bir dənə şəhid Aslanov Əflatunun adını daşıyan “Şıxlar” kənd stadionu var. Siz özünüz də stadionda iştirak edib gördünüz ki, orada vəziyyət çox bərbaddı. Əsas istəyimiz odur ki, stadionda normal şərait yaratsınlar oynaya bilək. Heç olmasa meydança süni örtüklə təmin olunsun. Yoxsa hər dəfə başqa meydançanı kirayələməyə imkanımız çatmır və texniki məğlubiyyət verilir. 3 gün ardıcıl məşqlərdə hər gün təxminən 3 saat elektrikdən istifadə etdik. Bu müddət ərzində 30 manatadan çox pul yazdı. Bütün bunların hamısını cibimizdən ödəyirik. Səfər oyunlarına gedib-gəlmək özü elə böyük xərcdi. Bu qədər xərcin öhdəsindən gəlməyə gücümüz çatmır”.
Gülməmmədov Qaradağın Gənclər və İdman İdarəsinə də bununla bağlı müraciət etdiklərini söylədi: “Bir dəfə Qaradağ İcra Hakimiyyətinin müavini ilə görüşdük dərdimizi dedik və o da Qobustanın Bələdiyyə sədrinə tapşırdı ki, bizimlə maraqlansınlar. Bələdiyyə sədri də indiyə kimi cəmi 100 manat bizə kömək edib. O məbləğ elə bir səfər oyununa xərcləndi. “Qobustan” FK da maliyyəsizlikdən bu günə düşdü. Qaradağın Gənclər və İdman İdərəsində Elçin Abbasovun qəbulunda olmuşam. O, bizə oyunlar öncəsi təlimatlar verməyimiz üçün bir lövhə, 4 top və qapı toru verib”.

“Qobustan” FK-da aşağı yaş qrupları üzrə də komandalar olub. Lakin şəraitsizlikdən bu, çox davam etməyib. Qobustanda futbol öyrənmək istəyən azyaşlı uşaqları valideynləri məcbur olub Bakıya aparır. Bu isə həm valideynlər üçün çox çətin olur, həm də bəzi ailələrdə imkan olmur. İşləyən valideynlərin uşaqlarını həftədə 2-3 dəfə Bakıya aparıb gətirməyə vaxtları olmur və bu da yeni istedadların üzə çıxmasına maneə olur. 
Qobustanda futbol infrastrukturu bərbad vəziyyətdədi. Burada futbolla məşğul olmaq üçün şərait və imkanlar məhduddur. Bununla bağlı AFFA və digər futbol qurumlarının köməklik göstərməsinə ehtiyac var. 



“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”


İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//QOBUSTAN


.
.
.
0.46036601066589