AZÇ-2017: ilk gün sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib!

17:32 12-01-2017
AZÇ-2017: ilk gün sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib!
SM: Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürüb. 

İlk yarış günündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində sərbəst güləş üzrə 163 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirib.

Çempionatın açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və ikiqat Dünya çempionu Fərid Mansurov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov bildirib ki, ölkəmizin beynəlxalq Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr respublikamızın yalnız idman sahəsində potensial imkanının deyil, həm də dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Natiqlər idmançılarımızın ciddi sınaq qarşısında olduqlarını vurğulayaraq, onların Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırıblar ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkil olunması ölkə idmanı üçün böyük hadisədir. Respublikamızda mükəmməl idman infrastrukturu belə yarışların yüksək səviyyədə təşkil olunmasına imkan verir.

Çıxışlardan sonra mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib. 

Ardınca ilk günün final qarşılaşmaları keçirilib. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

.
.
.
0.48312211036682