(LAYİHƏ) Sportmedia.az-ın Naxçıvandan-dan reportajı (I hissə)

21:18 22-01-2017
		(LAYİHƏ) Sportmedia.az-ın Naxçıvandan-dan reportajı (I hissə)

Bölgə futbolu ilə əlaqədar olaraq bu dəfəki reportajımız Naxçıvan MR-dan oldu. Muxtar respblikanın ərazisi böyük olduğu üçün reportajımızı 2 hissəyə sığışdırmağa çalışacağıq. İlk hissədə Naxçıvan futbolunun tarixindən, inkişaf yolundan, peşəkar klublarından,  bəhs edəcəyik. İkinci hissədə isə Naxçıvan MR-nın futbol çempionatı haqqında məlumat verəcəyik oradakı futbol üçün şəraiti, futbol infrastrukturunu, resursları, uşaq futbolunun vəziyyətini araşdırmağa çalışacağıq. 

Tarix

2011-ci ildə Azərbaycanda futbolun yaranmasının 100 illiyi qeyd edildi. Daha dəqiq desək, həmin il iyunun 6-da Azərbaycan futbolunun 100 yaşı tamam oldu. Qeyd edək ki, bir sıra ölkələrin futbol tarixi oyunun həmin ölkəyə gəldiyi vaxtdan hesablanır. Amma tarixinin ilk çempionatdan, yaxud yoldaşlıq görüşü xarakterli ilk matçın təşkilindən götürüldüyü ölkələr daha çoxdur və Azərbaycan da bu sıradadır. Tarixi qaynaqlara istinad etsək, bəlli olar ki, Azərbaycana futbol 1911-ci ildə, yəni “kəşf”indən 48 il sonra gəlib. Amma bizdə futbolla tanışlıq 1911-ci ildən öncə – XX yüzilin lap əvvəllərindən başlayır və bunu o dövrün mətbu orqanlarında, Bakıda, Tiflisdə çıxan qəzetlərdəki yazılar da sübuta yetirir. Lakin futbol kollektivlərinin rəsmi təsdiqlənməsi və onların iştirakı ilə mütəmadi oyunlar prosesi məhz 1911-ci ildən başladığı üçün milli futbolumuzun tarixi də o ildən hesablanır. Lakın Naxçıvanda futbol XX əsrin ortalarında yaranmağa başlayıb. 1950-ci ildə Naxçıvanda 1 stadion olub. 1970-ci ildə isə artıq II stadion inşa edilib.
Uşaq futboluna diqqət yetirən Naxçıvanın “Sevinc” futbol komandası 1973-cü ildə Zaqatala şəhərində 13-14 yaşlı uşaqlar arasında keçirilmiş Azərbaycan yarışlarında birinci yerə, həmin ildə Daşkənddə keçirilmiş Ümumittifaq "Dəri top" birinciliyində isə ikinci yerə çıxıb. 

“Araz” FK-nin tarixi yolu

1967-ci ildə Naxçıvanda yaradılan “Araz” komandası da adını Azərbaycan futbol tarixinə yazdıra bilib. Komanda 1968-ci ildə SSRİ birinciliyinin “B” qrupunda mübarizə aparıb. “Araz” 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının “A” qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu komandanın ilk baş məşqçisi “Neftçi” komandasının məşhur futbolçusu Tofiq Axundov olub. “Araz” Vaqif Sadıxov, Oqtay Abdullayev, Novruz Əzimov, Maşallah Əhmədov, İlqar Hüseynov, Asim İbrahimov, Ceyhun Hüseynov kimi tanınmış futbolçular yetişdirib. İndi bu futbolçuların əksəriyyəti Azərbaycanın sayılıb-seçilən futbol mütəxəssisləridir. Komanda ən yaxşı nəticəni SSRİ birinciliyinin “A”qrupunda Aşqabadda göstərib. SSRİ dağıldıqdan sonra “Araz” fəaliyyətini dayandırıb. 2001-ci ildə komanda yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu, uzun çəkməyib. 2002-ci ildə “Araz” yenidən fəaliyyətini dayandırmalı olub. Beləliklə də, Naxçıvan peşəkar futbolla vidalaşıb. 

“Araz” futbol komandası dağıldıqdan sonra Naxçıvanda demək olar ki, bir neçə il futbol olmayıb. 2005-ci ildən etibarən isə Naxçıvan Futbol Fedarasiyası hər il həvəskar futbol komandaları arasında çempionat keçirməyə başlayıb. Həmin qurum isə Azərbaycan Regional Futbol Federasiyaları İctimai Birliyinə tabe idi. Federasiya hər il rayonlar arasında çempionat keçirib. Sonrakı illərdə həmin çempionata bəzi idarə və müəssisələr  də qoşulub.

12 ildən sonra peşəkar futbola qayıdış

2013-ci ilin mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirədə muxtar respublika rəhbəri “Araz” klubunun yaradılması haqqında tapşırıq verir. Beləliklə də, Naxçıvana peşəkar futbolun qayıtmasının təməli qoyulur. Bu iş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına həvalə edilir. Bu dəfə komandanın adı dəyişdirilərək "Araz-Naxçıvan" qoyulur. Adıçəkilən qurumlar tərəfindən yeni komandanın formalaşdırılması istiqamətində konkret addımlar atır, komandaya yeni baş məşqçi cəlb olunur. 
2013-cü ilin iyun ayında "sükan arxasına" Əsgər Abdullayev əyləşdirilir. Bir çox futbolçunu baxışdan keçirən Abdullayev əsas heyəti formalaşdırmağa müvəffəq olur. Bununla, "qırmızı-ağlar" yenidən "doğulur" və Azərbaycan I Divizionunun 2013/14 mövsümündə iştirak etmək hüququ qazanır. 2013-14 mövsümündə komanda Azərbaycanın Birinci Divizonunda 75 xal yığaraq çempionatın qalibi olur. 


2014-15 mövsümündə “Araz-Naxçıvan” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparmağa başlayır. Lakin bu, çox uzun çəkməyir. 2 noyabr 2014-cü il tarixində “Araz-Naxçıvan” Premyer Liqanın 11-ci turunda “Qarabağ”a səfərdə 4:0 hesabı ilə məğlub olur. Bundan sonra klub 3 noyabr 2014-cü il tarixində rəsmi saytı vasitəsilə fəaliyyətini dayandırdığı haqqında açıqlama verir. 4 noyabr 2014-cü il tarixində isə rəsmi saytı vasitəsilə bir  açıqlama da verən klub fəaliyyətini dayandırmasının səbəbləri ilə bağlı KİV-də yer alan xəbərlərə münasibət bildirir və səbəblər açıqlanır. Səbəb isə bu komandaya qarşı hakimlərin qərəzli yanaşma iddiiası idi. 


Klub 11 noyabr 2014-cü il tarixində Peşəkar Futbol Liqasına müraciət edərək fəaliyyətini dayandırmasını və 12-ci turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyini bildirir. Bundan sonra PFL bu məsələ ilə bağlı qərar qəbul etməsi üçün AFFA İntizam Komitəsinə müraciət edir.17 noyabr 2014-cü ildə AFFA İntizam Komitəsi iclas keçirir və PFL-nin müraciətini müzakirə edir, klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric etmək və oyunların 50 %-dən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələrinin də ləğv edilməsi qərarını verir. Bu hadisədən sonra 17 noyabr 2014-cü ildə PFL prezidenti Ramil Musayev klubun 2014/2015 mövsümündə Topaz Premyer Liqası və ölkə kubokundan kənarlaşdırılması və futbolçularına azad agent statusu verilməsi haqqında əmr verir.

"Araz Naxçıvan" klubunun Premyer Liqada mübarizəni dayandırması ilə bağlı verdiyi qərar futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Azərbaycan Futbol Veteranları İttifaqı da bu məsələyə münasibət bildirdi. Qurumun sədri Oqtay Abdullayev Futbol Veteranları İttifaqı adından Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif  Talıbova müraciət ünvanladı. Veteranlarımızın narahatçılı bu qərarın UEFA və FİFA-da pis rəy formalaşdıracağı və Naxçıvanın futbolsuz qalacağı ilə bağlı idi. 
Lakin çempionatda oynamaqdan imtina edən “Araz Naxçıvan” naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdıraraq Naxçıvan Muxtar Respublikası birinciliyində iştirak etməyə qərar verir və qarşısına Naxçıvanda uşaq futbolunun inkişafına təkan verməyi məqsəd qoyur. 
Uşaq futboluna xüsusi diqqət ayıran “Araz Naxçıvan” “Araz-2” komandasını yaradıb. Bu komanda da Naxçıvan Muxtar Respublikasının daxili çempionatında iştirak edir. Məqsəd isə komandanı gələcək illərdə də öz yetirmələri ilə təmin etməkdi. 

“Araz Naxçıvan”ın baş məşqçisi Sakit Rzayevdi. Sakit müəllimin komandası qış fasiləsinə yollandığı dövrəni lider kimi başa vurub. Hazırda Naxçıvan Muxtar Respublika çempionatının ikinci dövrəsinə hazırlaşan "Araz-Naxçıvan" PFK məşqlərini davam etdirir. Baş məşqçi Sakit Rzayevin başçılığı altında futbolçular gündə 1 dəfə olmaqla Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksinin futbol və trenajor zallarında məşq edirlər.


Daha çox komandanın fiziki hazılığına üstünlük verən baş məşqçi taktiki-texniki məşqlərdə də futbolçuları ikinci dövrəyə hazırlayır.



Qeyd edək ki,  “Araz Naxçıvan” muxtar respublika çempionatının ilk dövrəsində keçirdiyi 9 görüşdə maksimum xal qazanıb. 


“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


İlkin Vidadioğlu
Sportmedia.az 
/Naxçıvan


.
.
.