Sportmedia.az-ın Sabirabaddan hazırladığı reportaj FOTOLAR

22:08 26-02-2017
Sportmedia.az-ın Sabirabaddan hazırladığı reportaj – FOTOLAR

Layihə çərçivəsində növbəti səfərimiz Kür-Araz ovalığının mərkəzində yerləşən Sabirabad rayonuna oldu. Bu rayonun böyük futbol ənənəsi olmasa da, amma futbolsuz da olmayıb. Hələ Sovetlər dönəmində belə rayon futbolsuz qalmayıb. Burada yerli əhali tərəfindən bu idman növünə maraq əsasən son illərdə daha da çoxalıb. Buna görə də peşəkar futbol komandaları olmadığı dövrlərdə ən azı həvəskar səviyyədə komandaları fəaliyyət göstərib.

TARİX

Böyük uğurlara imza atmış Sabirabadın futbol tarixi ötən əsrin ortalarına təsadüf edir. Sabirabadın futbol komandası 1936- cı ildə SSR Pambıqçılıq zavodları arasında keçirilən müsabiqədə çempion olub, 1957-ci ildə isə Azərbaycan Respublikası bölgələri arasında keçirilən yarışın finalında güclü Ağdam komandasını final mərhələsində məğlub edib. İllər sonra 1970 -ci ildə “Qızıl Sünbül” kubokunun sahibi olub. 1986- cı ildə yenidən futbol üzrə Azərbaycan Respublika kubokunun sahibi olub və 3 il sonra yeni yaradılmış “İnşaatçı” komandasıyla təmsil olunan Sabirabad 1989 cu ildə futbol üzrə Azərbaycan Respublika çempionu adını qazanıb . Təəsüf ki , 4 il aradan sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Respublika çempoianatının final görüşündə Ağdamın “Qarabağ” komandasına əlavə vaxtda 2:1 hesabı ilə məğlub olaraq 2 ci yer ilə kifayətlənməli olub .
“İnşaatçılar” komandası bir neçə tikinti kombinatının sponsorluğu ilə fəaliyyət göstərib. Komandanın heyəti yerli futbolçulardan ibarət olub. Hətta Azərbaycan kubokunu qazandıqları il komandanın heyətində cəmi 2 futbolçu yerli olmayıb, onlar da indiki “Şirvan” rayonunun futbolçuları olub. Maliyyə böhranı, tikinti kombinatlarının dağılması bu klubun da fəaliyyətini dayandırmağa məcbur edib.
Müstəqillik dövündə 1993-cü ildə “İnşaatçılar” komandası fəaliyyətini dayandırdığı üçün Sabirabad bir neçə il futbolsuz qalıb. Bununla da rayon uzun müddət futbolsuzluqdan əziyyət çəkib. “İnşaatçılar” komandasının baş məşqçisi Şakir Qəribov ilk məşqçi karyerasına burada başlayıb. O, Sabirabad futbolunun yetirməsi olub.
Şakir Dadaş oğlu Qəribov 1956-cı il yanvarın 15-də Sabirabadda anadan olub. Futbolla doğulduğu rayonda məşğul olmağa başlayıb. 1973-cü ildə ustalardan ibarət “Neftçi” komandasında baxışda olub. “Neftçi”nin əvəzedicilərinə qəbul edilsə də, müəyyən səbəblərdən Gəncənin “Dinamo” komandasına göndərilib. 1974-75-ci illərdə “Dinamo”nun, 1975-76-cı illərdə isə hərbi xidmətlə əlaqədar OİK-də çıxış edib. 1977-ci ildə hərbi xidməti başa vurmamış “Neftçi”yə geri qaytarılıb. İlk oyununu əvəzedici komandanın heyətində Moskvanın “Dinamo” komandasına qarşı keçirib. 1978-ci ildə əsas heyətə dəvət alıb. 1978-1984 və 1986-1988-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyub. 1985-1987-ci illərdə isə “Dinamo”da (Gəncə) oynayıb. Karyerasına 1989-cu ildə Gəncə komandasında son qoyub. SSRİ çempionatları tarixində yüksək dəstədə 200-dən çox oyun keçirib, 6 qol vurub.
Məşqçi kimi ilk iş yeri Sabirabadın “İnşaatçı” komandası olub. 1995-99-cu illərdə mini-futbol üzrə “Avtomobilçi” komandasını çalışdırıb, 2 dəfə respublika çempionu olub, 2 dəfə isə kuboku qazanıb. 1999-cu ildə Vaqif Sadıqovun təklifi ilə böyük futbola qayıdıb və uzun müddət müxtəlif yaşlı milli komandalarla yanaşı, əsas millinin də uğurları üçün çalışıb. Şakir Qəribov vaxtilə yığmanın baş məşqçiləri olmuş İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə birgə işləyib, olmipiya yığmamıza və aşağı yaş qruplarından ibarət komandalara rəhbərlik edib. 2009-cu ildə “Neftçi”də, 2011-2013-cü illər aralığında AZAL-da Vaqif müəllimin köməkçisi olub. Hazırda AFFA-nın Məşqçilər Komitəsinin üzvüdü.

Qəribovdan başqa Sabirabad futbolunun bir çox tanınmış futbolçuları olub. Onlardan Hüseynağa Kərimov (vəfat edib), Ruslan Həbibov, Rasim Abuşov, Hikmət Əliyev, Usubəli Abuşov kimi tanınmış simalar Azərbaycan futboluna xidmət edib.

Rayonda 1990-cı illərin sonunda “Suqovuşanı” və 2003-cü ildən 2006-cı ilə kimi “Muğan” klubu fəaliyyət göstərib. Hər 2 klubun dağılma səbəbi maliyyə problemi olub.
2006-cı ildə fəaliyyət göstərən “Muğan” klubunun rəhbəri Fuad Quliyev bizimlə söhbətində bildirdi ki, əgər yenidən sponsor tapılarsa komandanın fəaliyyətini bərpa etmək mümkündü. Quliyev xatırlatdı ki, ö dövrdə bir iş adamı və Rayon İcra Hakimiyyətinin köməkliyi ilə klubu saxlayırdı. O, nəzərə çatdırdı ki, klub hüquqi cəhətdən də fəaliyyətini dayandırıb, amma bərpası da mümkündü. Fuad Quliyev hazırda başqa sahədə çalışdığını və rayonda böyük futbola sponsorluq etmək istəyən imkanlı şəxslərin də olmadığını qeyd etdi.

2013-cü ildə Sabirabadın Çağırğan kəndinin gəncləri eyni adlı həvəskar komanda yaradıblar. Bu komandanın yaranması isə keçmiş peşəkar futbolçular və kəndin kommersiyayla məşğul olan sakini Şirin Şirinovun təşəbbüsü ilə olub. Belə ki, ilk dəfə Masazırda yerləşən “Əlincə” futbol bazasında küçə futbolundan başlayan bir futbol heyəti vaxt keçdikcə çimərlik futbolunda güclərini sınamağa başlayıblar. Komandanın adına gəldikdə isə Şirinovun oğlu, bütün heyətin sevimlisi, yeni yaranan komandanın ilk kiçik yaşlı fanatı Çingizin adına uyğun olaraq “Çingiz” komandası qoyulub. Yüksək oyunçu potensialına malik komandanın ilk uğuru özünü çox gözlətməyib. Belə ki, Cənub regionunda keçirilən qum futbolunun regional yarışında gənc “Çingiz” komandası II yeri tutub. 2011-ci ildə qum futbolu ilə yanaşı bu komanda mini-futbolda da özlərini sınayıblar. Bu isə komandanın təcrübəsini artırmaq üçün düzgün atılmış addım idi.
2013-cü ildə isə həmin heyətin sıralarını genişlədərək komandaya sponsorluq edən Şirin Şirinovun doğulub boya-başa çatdığı kəndin – Çağırğanın şərəfinə “Çingiz” komandasının adı “Çağırğan” adına dəyişdirilərək böyük futbol komandası yaradılıb.

IMG_6099

Komandanın heyəti çoxaldıqca maliyyə tələbi də çoxalıb. Maliyyə məsələsində Şirinovla yanaşı onun qohumları, Sabirabad Rayon Gənclər və İdman İdarəsi, Sabirabad Rayon İcra Hakimiyyəti koməklik göstərib.
İlk dəfə komanda böyük futbolda 2013-2014-cü il mövsümündə keçirilən Həvəskarlar Liqasında ölkə birinciliyinə qatılıb. Komandaya keçmiş futbolçu, komandanın üzvü (Şabranlı məşqçi) Elbrus Beybudov baş məşqçi təyin olunub. Beybudov komandaya gəldikdən sonra “Çağırğan”ın uğurları başlayıb. Komanda həmin mövsüm ölkə çempionu adını qazanıb. Bununla da “Çağırğan” Xorvatiyanın Poreç şəhərində keçirilən “Avropa Kuboku”na vəsiqə əldə edib. Oktyabrda bu turnirə yollanan komanda ilk Avropa sınağıyla üz-üzə qalıb. Lakin keçirdiyi 3 oyunda da məğlub olub.

2014-2015-ci il mövsümündə də çıxış edən komanda yarımfinala kimi gəlməyi bacarıb. Lakin zədəli oyunçu sindromundan çıxa bilməyən “Çağırğan” ölkə çempionatını III yerdə başa vurub.
2015-2016-cı il mövsümündə isə “Çağırğan” heyətini peşəkar futbolçularla gənc futbolçuların vəhdətindən təşkil edərək güclü komanda yaradıb. Bu mövsüm 2016-cı ilin may ayında həvəskarlar arasında keçirilən ölkə çempionatında II yeri, 2016-cı ilin avqust ayında isə həvəskarlar arasında keçirilən ölkə kubokunu qazanıblar. 3 ildi yarana gənc komanda bu müddət ərzində özüdən söz etdirməyi bacarıb.
2015-ci ildə “Çağırğan”ın baş məşqçisi Elbrus Beybudov Türkiyənin “Korayspor” klubunun “Premier Consept Football” adlı layihəsinin Azərbaycan üzrə təmsilçisi olub. Layihə rəhbərliyindən “Çağırğan” komandası ilə əməkdaşlıq etmək təklifi göndərilib. (Layihə çərçivəsində Elbrus Beybudovdan geniş müsahibədə buna aydınlıq gətiriləcək)
Yeni mövsümdə isə komandanın iştirak edəcəyi sual altındadı. “Çağırğan”a artıq heç bir rayon qurumu tərəfindən maliyyə dəstəyi olmayacaq. Hələlik Şirin Şirinovun köməkliyi sayəsində mövcudluğunu saxlayır.

caqirqan cempion

 

Sabirabadda futbolla məşğul olmaq üçün şərait və imkanlar

Rayonun mərkəzi stadionu təmirsiz haldadı. 2 meydançası var: Birincisi əsas, digəri mini-futbol üçün. Hər iki meydança təbii ot örtüklüdü. Ot örtüyü baxımsız olsa da, normal vəziyyətdədi. Lakin işıqlandırma sistemi mövcud deyil. 5 min azarkeş üçün nəzərdə tutulmuş tribunalarda skamyalar yoxdu, əvəzində oturmaq üçün betonlar var. Arenanın soyunub-geyinmə otaqları bərbad vəziyyətdədi, futbolçuların yuyunmaqları üçün duş otaqları fəaliyyət göstərmir. 1985-ci ildə inşa olunmuş bu stadion tam baxımsız durumdadı. Təbii ot örtüklü meydançadan başqa arenanın əsaslı təmirə ehtiyacı var.

IMG_6111 

IMG_6114

Bundan başqa rayonda daha 3 kiçik futbol meydançası da mövcuddu. 4 mini-futbol meydançalarından biri AFFA-nın digərləri isə rayonun daxili imkanları hesabına inşa edilib. Bütün meydançalar uşaqlar uçün pulsuz xidmət gösərir.
Həvəskar komandalarının oyunlarına belə çoxsaylı azarkeş toplaşır. Rayonda futbola nəzarət edən qurum əsasən rayonun Gənclər və İdman İdarəsidi. İdarənin rəhbəri Nadir Quliyevdi. O. eyni zamanda Mərkəzi Aran Regional Futbol federasiyasının da prezidentidi. Quliyev bu federasiyaya artıq ikinci müddətə rəhbər seçilib (2012-2016).
Nadir Quliyev açıqlamasında bildirdi ki, rayon futbolunun inkişafı üçün bütün gücü rayonun uşaq futbolunun inkişafına yönəldiblər. O, rayonda artıq böyük komanda saxlamaq üçün maliyyənin olmadığını dedi: “Sponsor cəhətdən əziyyət çəkirik. Rayonun başqa problemlərinin həlli üçün maliyyə sərf olunur. Klub saxlamağa imkan yoxdu. Buna görə də, rayonun uşaq futbolunun inkişafına diqqətimizi yönəltmişik. Mərkəzi stadionun təmirə ehtiyacı olsa da, məcbur bu stadiondan istifadə edirik. Ot örtüyü yararlı vəziyyətdədi. Mən şəxsi vəsaitim hesabına lazım gəldikdə bəzi xərcləri qarşılamışam. Amma indi heç həvəskarlar səviyyəsində də komanda saxlamağa gücümüz çatmır. Uşaq futbolunun inkişafında əsas strategiyamız odur ki, çalışırıq hər il bir neçə futbolçunu peşəkar klublara verə bilək. Artıq bir neçə futbolçumuz peşəkar klublarda oynayır. Seleksiyaçılar regionlarda keçirilən zona yarışlarında gəlib futbolçularımıza baxırlar. Zona yarışlarımız İmişli və Ağsuda keçirilir.”

UŞAQ FUTBOLU

Sabirabadda əsasən uşaq futboluna xüsusi diqqət yetirilir. Hazırda 5 yaş qrupu üzrə (U-10, U-11, U-12, U-13, U-14) komandalar fəaliyyət göstərir. Onlardan 3 yaş qrupu üzrə komandalar AFFA-nın təşkil etdiyi ölkə çempionatında, digər 2 yaş qrupu üzrə olan komandalar isə zona yarışlarında iştirak edirlər. AFFA-nın keçirdiyi U-13 liqası üzrə çempionatda Sabirabad komandası III yeri tutub. Əvəllər zona yarışları üzrə İmişlidə oynayırdılar, hazırda isə Ağsuda mübarizə aparırlar.

IMG_6108

IMG_6112


Uşaq futboluyla bağlı Sabirabaddakı durumu öyrənmək üçün kiçik yaşlı uşaqlara dərs deyən müəllim Rüfət Əliyevlə söhbət etdik. Əliyev Sabirabadda potensiallı uşaqların çox olduğunu söylədi: “Hazırda Sabirabadda perspektiv vəd edən uşaqlar çoxdu. Onların yüksəlmələri üçün əlimizdən gələni edirik. Müxtəlif klublarla bununla bağlı danışıqlar aparırıq. Artıq “Sumqayıt” FK-ya 3 futbolçu vermişik, indi 1 futbolçunu da transfer etmək ərəfəsindəyik. “Qarabağ”a da bir futbolçu vermişik. Bir neçə futbolçu da var ki, onlarla bağlı danışıqlar aparırıq. Bunların hamısı mənim yetirmələrimdi”.

IMG_6118


Rüfət müəllim Sabirabadda uşaq futbolu üçün şəraitin zəif olmasından şikayət etdi. O, əvvəl AFFA-nın top və digər ləvazimatlarla onları təmin etdiyini, lakin indi bu kimi problemlərdən əziyyət çəkdiklərini bildirdi: “Hazırda şəraitimiz çox aşağı səviyyədədi. İndi AFFA da köməklik etmir, çox əziyyət çəkirik. Həmişə yardım edirdilər, bilmirəm, bu il niyə belə olur?! Uşaqların məşq etməyə oynamağa topları çatışmır, digər ləvazimatlar cəhətdən də imkanlarımız məhduddu”.
Əliyev Sabirabadın mərkəzi sradionundakı ot örtüyünün hazırda qənaətbəxş olduğunu, lakin baxılarsa daha da yaxşı vəziyyətə gətirməyin mümkünlüyünü qeyd etdi. O, bu ot örtüyü növünün keyfiyyətli olduğunu bildirdi. “Hazırda meydança, ümumiyyətlə stadion baxımsızdı. Belə keyfiyyətli ot örtüyünü məhv olmağa qoymaq olmaz. Stadionun soyunub-geyinilmə otaqları elə bərbad durumdadı ki, uşaqların rahatlığı üçün öz cibimizdən pul xərcləyib gücümüz çatan qədərilə yüngül şərait yaratmışıq”.

Rayonda uşaq futbolu ilə məşğul olan 2 müəllim var – Rüfət Əliyev və Ələmxan Nuriyev. Nuriyev 2016-cı ildə Mərkəzi Aran Regional Futbol federasiyasının vitse-prezidenti seçilib. O, uşaq futbolunda məşqçilik etməklə yanaşı bu vəzifədə də çalışır. Hər 2 müəllim bu peşəylə məşğul olmaq üçün maaş almırlar. Kiçik yaşlı uşaqlardan bəzilərinin valideynləri imkanları olanda hərdən maddi köməklik edirlər. Bu isə rayonun uşaq futbolunun da acınacaqlı durumda olmasından xəbər verir. Belə şərəfli peşəylə məşğul olan müəllimlərin zəhməti mütləq qiymətləndirilməlidi.

Sabirabadın gənc yetirmələrindən ən məşhuru Əli Əliyevdi. O, hazırda “Qarabağ”ın 19 yaşlılardan ibarət komandasında oynayır. Əliyev vaxtila “Bakı” FK-də də top qovub, hətta Fransada da təcrübə yığmaq üçün iştirak edib. Əlini 10 yaşından bu yana Rüfət müəllim yetişdirib.

IMG_6116

IMG_6120


Rayonun digər gənc məşhur yetirmələrindən 2001-ci il təvəllüdlü Ramil Zahidov, 2000-ci il təvəllüdlü Mehman İsrafilov və digər 2000-ci il təvəllüdlü Zamin Əliyev də “Sumqayıt” FK-da çıxış edirlər. Hər üç futbolçu Rüfət Əliyevin yetirməsidi.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

mk loqo 1

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
/ SABİRABAD


.
.
.
0.35030198097229