(LAYİHƏ) Sportmedia.az-ın Salyandan reportajı – FOTOLAR

17:25 12-02-2017
(LAYİHƏ) Sportmedia.az-ın Salyandan reportajı – FOTOLAR

Bölgə futboluyla əlaqədar layihə çərçivəsində bu dəfəki Səfərimiz Salyan rayonuna oldu. Salyan futbolu ilə özündən söz etdirməyi bacaran bölgələrimizdən olub. Bu idman növünə maraq burada çox böyükdü. Hazırda rayon futbolsuzluqdan əziyyət çəkir. Salyanda klub saxlamaq üçün rayon rəhbərliyinin maliyyə durumu yetərli deyil. İş adamlarından, imkanlı şəxslərdən isə yaxın gəlmək istəyən yoxdu. Böyük futbola aid ancaq həvəskar komanda olan “Qaraçala” qalıb, o komandanın da fəaliyyətini davam etdirəcəyi nagümandı. Bir vaxtlar böyük futbolda azarkeşlərlə tribunaları dolduran Salyan hazırda uşaq futbol komandaları ilə kifayətlənib...

QISA TARİX

Salyanda hələ Sovetlər dönəmində də futbol olub. Rayon müxtəlif adlı komandalarla ölkə daxili yarışlarda iştirak edib. Salyan və Neftçala rayonlarının birləşdiyi vaxtlarda “Kimyaçı” adlı klub fəaliyyət göstərib. Rayonlar ayrıldıqdan sonra Salyanda 1979-cu ildə Plastik zavodunun nəzdində “Plastik” klubu yaradılıb. SSR-də Azərbaycanın güclülər dəstəsində mübarizə aparan komanda 2 dəfə (1980-81-ci illərdə) gümüş medala sahib olub. Müstəqillik dövründə 1992-ci ildə Azərbaycan Premyer-Liqasında iştirak edib 1996-ci ildə klub fəaliyyətini dayandırıb. 1994-cü ildə komandanın baş məşqçisi Əli Rəhmanov olub. Səbəb isə plastik zavodunun bağlanması olub.
“Plastik”in heyətində çıxış etmiş məşhur futbolçulardan Şıxəliyev Kamal, Qafarov Yavər, Muradov İslam, Dadaşov Nəsiminin adlarını çəkmək olar.
Komanda ev oyunlarını Salyan rayon Mərkəzi Stadionunda keçirirdi. Bu stadion isə zavodun balansında və ərazisində idi. Hazırda zavod bağlandığı üçün stadion da yararsız vəziyyətə düşüb. Zavodunun ərazisi özəlləşib.
4 il futbolsuz qalan Salyan 2000-ci ildə rayon bələdiyyəsinin dəstəyilə “Salyan Bələdiyyəsi 2000” komandası yaranıb. 2001-ci ildə yeni yaranan komanda Həvəskarlar Liqasının qalibi olub. Yerli futbolçulardan ibarət olan komanda 2003-cü ildə bələdiyyə maliyyəsini kəsdikdən sonra dağılıb. Həmin komandanın baş məşqçisi Heydər Ağayev (Hazırda Salyanda kiçik yaşlı uşaq komandalarının məşqçisidi) olub.
2006-cı ildən “NBC” klubu yaranıb. 2008-ci ilə kimi bu ad altında çıxış edən klub adını dəyişdirərək “Muğan” PFK olub. Sponsoru “Nurgün Motors” olub. Komandanı Əsgər Abdullayev, Vladislav Qədirov, Bəhmən Həsənov kimi təcrübəli məşqçilər çalışdırıb. Heyətində legionerlərlə yanaşı yerli məşhur futbolçular da çıxıb edib. Onlardan Fərrux İsmayılov, Amil Ağacanov, Elnur Abdullayev, Elşən Məmmədov kimi futbolçuların adlarını çəkmək olar.
2011-ci ildə I divizionda enən komanda 1 il də burada mübarizə apardıqdan sonra 2012-ci ildə fəaliyyətini dayandırıb. Fəaliyyətini dayandırmaqda isə əsas səbəb “Nurgün Motors”un yeni kluba – “Rəvan”a sponsorluq etməsi idi. Beləcə 4 ildən sonra yenə rayon böyük futbolsuz qaldı. Həmin vaxtdan indiyə kimi Salyanı təmsil edən peşəkar klub yoxdu.

muqan fk

Hazırda rayonda yeganə böyük futbol komandası “Qaraçala”dı. Komandanın yaranması 2001-ci ilə təsadüf etsə də, indiyə kimi peşəkar klub səviyyəsinə yüksələ bilməyib. 2009-ci ildə Həvəskarlar Liqasında mübarizəyə qoşulan Salyanın Qaraçala kəndinin eyni adlı komandası 2012-ci ildə Həvəskarlar Liqasının qalibi olub və Həvəskarlar Kubokunun finalında məğlub olub. Çempion olmuş komanda Latviyada həvəskarlar arasında keçirilən Avropa Çempionatında iştirak edib və 38 komanda arasında 8-ci yeri tutub.

qaracala


Komandanın sponsoru ATXƏM-in (QHT) sədri İlham İsmayılovdu. Baş məşqçisi Namiq Bəşirovdu. Bu komandanın da yeni mövsümdən fəaliyyətini davam etdirəcəyi dəqiq deyil. Çünki maliyyə artıq çox azalıb və belə olan halda komandanın yaşaması da sual altındındadı.
Namiq Bəşirov haqqında qısa məlumat. 11 yaşından futbolla məşğul olan Bəşirov 1987-ci ildə (17 yaşında) – “Enrgetik”, 1988-ci ildə “Bakılı”, 1989-cu ildə “Kəpəz”, 1990-cı ildə OİK, 1991-95, 1998-2000-ci illərdə “Qarabağ”da qapıçı ampulasında çıxış edib. Nailiyyətləri: 1989-cu il SSR Silahlı Qüvvələri arasında keçirilən kubokun sahibi (OİK), 1993-cü il “Qarabağ” komandasıyla Azərbaycan çempionu və Azərbaycan Kubokunun sahibi, 1994-cü il gümüş medal, 1997-99-cu illərdə UEFA İnter Toto Kuboklarının iştirakçısı. 2001-ci ildən Salyanın “Qaraçala” komandasında baş məşqçidi.
“Qaraçala”nın hazırkı durumu ilə bağlı Namiq Bəşirovla söhbət etdik. O, komandasında ciddi maliyyə sıxıntılarının yarandığını və fəaliyyətlərinin davam etməsi üçün problemin mütləq aradan qaldırılmasının vacibliyini vurğuladı. Bəşirov Salyanda peşəkar fubol komandası olmasa, tək uşaq futboluyla bu idman növünün rayonda inkişaf etdirilməsinin mümkün olmadığını söylədi: “Rayonda hazırda peşəkar futbol komandası yoxdu. Ancaq kiçik yaşlı uşaqlardan ibarət komanda yaratmaqla futbolu inkişaf etdirmək olmaz. Çünki o uşaqlar 16-17 yaşına çatanda onlara oynamağa klub lazım olur. Gərək, gedib başqa rayonda, Bakıda özünə klub axtarsın. Bu isə uşaqları həvəsdən salır və onlar üçün çətin prosesə çevrilir. Əvvəl yenə “Xəzər Lənkəran”a gedirdilər baxışa, orada təcrübə artırmaqlarına imkan yaradırdılar. Hazırda nə rayonumuzda peşəkar klub var, nə də kiçik yaşlı uşaqların futbol karyeraları üçün imkan. Bu rayon futbol üçün “alışıb-yanır”. Bu qədər azarkeş, futbolsevərlər komandasız qalıb. Bu problemi aradan qaldırmaq üçün mütləq bir tədbir görülməlidi”.

Salyanda futbol üçün imkanlar, uşaq futbolu

Salyanda hazırda 5 yaş qrupunda (U-10, U-11, U-12, U-13, U-14) uşaq komandaları fəaliyyət göstərir.

IMG_6153

“Muğan” FK-nın böyük futbol komandası olmasa da, həmin bu 5 yaş qrupunda olan komandalar bu kluba məxsusdu. Komandaların heyətlərini formalaşdırmaq üçün Salyan Uşaq Gənclər İdman Məktəbinin (UGİM) nəzdində olan qruplarda məşq keçən uşaqlardan da istifadə olunur. Komandalar AFFA-nın təşkil etdiyi cənub zona yarışlarında “Muğan” adıyla iştirak edirlər. Ümumi komandaların tərkibində təxminən 50 uşaq futbolla məşğul olur.

IMG_6147

12 yaşlı uşaqlardan ibarət komandaları cənub zona yarışlarının son mövsümündə qalib olublar və respublika çempionatında Xaçmazda 3-cü yeri tutublar. Salyanın yetirmələrindən müxtəlif peşəkar klublarda oynayanlar var. Onlardan Rəhimli Cavidan (2001-ci il təvəllüd) “Qəbələ”də oynayır və özünü doğrultmağı bacarıb. Ən çox “Rəvan” potensiallı uşaqları seçir, çünki hər 2 klubun rəhbərliyi eynidi.
Rayonda kiçik yaşlı uşaqlarla məşğul olan 2 məşqçi var. UGİM-də Heydər Ağayev, “Muğan”da Vasif Əliyev. Sadəcə məvacibləri biri UGİM-dən digəri klubdan alır. Amma iki məşqçi də birlikdə kiçik yaşlı uşaqlarla məşğul olurlar. Hər ikisi “C” kateqoriyalıdı.
Heydər Ağayevlə söhbətdə o, məvaciblərinin az olduğunu, lakin peşəsindən ayrıla bilmədiyini bildirdi: “Məvəacibim 300 manatdı, bu məbləğlə 3 uşağı saxlamaq çox çətindi. Lakin gedib bazarda kartof satmağı da bacarmıram, çünki peşəm məşqçilikdi, futboldu. Kiçik yaşlı uşaqlarla işləməyi çox sevirəm. İşimdən həzz alıram”.
Ağayev şəraitlərinin yaxşı olduğunu, məşqləri hava şəraitinə uyğun meydançalarda keçdiklərini dedi: “Məşqlərimizi Salyan Olimpiya Komleksinin meydançalarında keçirik. Soyuq havalarda komleksin qapalı meydançasında, normal havalarda açıq meydançada məşq edirik. Açıq tipli meydança süni örtüklüdü. Soyunub-geyinmə otaqlarında, duş otaqlarında da şəraitimiz normaldı. Rayonun kəndlərindən gələn uşaqlar çoxdu. Onlara əsasən 5 məşqdən 3-nə gəlməklərinə imkan yaradırıq. Uşaqları formalarla ilə təmin edirik. AFFA hər il bizə formalar, toplar və digər invertarlar verir”.

IMG_6150

Salyanda futbol üçün imkanlar və resurslar

Salyanda futbolla məşğul olmaq üçün imkanlar genişdi. Salyan Rayon Mərkəzi Stadionu plastik zavodunun həyətində və balansında olduğu üçün zavod bağlanıb və özəlləşdiriləndən sonra arena baxımsız vəziyyətə düşərək dağılıb. Rayonun mərkəzi stadionu yararsız halda olsa da, Salyan Olimpiya Komleksinin nəzdində olan stadion yaxşı vəziyyətdədi. Vaxtilə “Muğan”ın ev oyunlarını keçirdiyi stadionun əsas meydançası təbii ot örtüklüdü. 2000 tamaşaçı tutumuna malikdi. Soyunub-geyinmə otaqları, duş otaqları və digər otaqlar təmirlidi.
Bundan əlavə 620 yerlik süni örtüklü açıq tipli mini futbol meydançası da var.
Əsas binada 820 nəfərlik tutuma malik idman zalı da fəaliyyət göstərir.
Salyanın Qaraçala qəsəbəsində yerləşən stadion da baxımlıdı. Kənd stadionu kimi yaxşı vəziyyətdədi. Meydança təbii ot örtüklüdü. Stadionun yerində əvvəl süni gol olub. 1970-ci illərdə göl qurudulub və stadion salınıb. Bu qəsəbə Kür çayının qırağında yerləşdiyi üçün çayır tipli otların yetişməsi əlverişli olur. Ona görə də meydançaya döşənən qazon yaxşı qalır. 2001-ci ildə stadion yenidən təmir olunub. Meydançanın ölçüləri 104-67m-dir. Azarkeş tutumunun 1000 nəfərə yaxın olması planlaşdırılan stadionun oturacaqlarının quraşdırılması üçün altlıqları hazırlanıb. Oturacaqlar da gətirilib, lakin quraşdırlması üçün hazırda maliyyə yetərli deyil. Soyunub-geyinmə və duş otaqları normal vəziyyətdədi.

IMG_6156

IMG_6157

Salyanda futbolla məşğul olmaq üçün imkanlar genişdir. Rayon futbol azarkeşlərinin sayına görə daima seçilib. Belə azarkeşləri olan rayonun peşəkar klubunun olmaması üzücüdü. Futbol üçün lazımi infrastruktur, resurslar və şərait Salyanda mövcuddu, sadəcə bir peşəkar klubun yaradılması üçün rayon rəhbərliyi ilə birlikdə rayonun iş adamları və aidiyyatı qurumların birgə düşünüb çıxış yolu tapmaları gərəkdir.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

mk loqo 1

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
/SALYAN


.
.
.
0.36390614509583