(LAYİHƏ) Elbrus Beybudov: “Həkim diaqnozu səhv qoydu və ayağımda başqa əməliyyat apardı, beləcə futbolçu karyerama son qoyuldu” (MÜSAHİBƏ)

19:24 02-03-2017
(LAYİHƏ) Elbrus Beybudov: “Həkim diaqnozu səhv qoydu və ayağımda başqa əməliyyat apardı, beləcə futbolçu karyerama son qoyuldu” (MÜSAHİBƏ)

Sabirabadın “Çağırğan” komandasının baş məşqçisi Elbrus Beybudovun Sportmedia.az-a müsahibəsi

- Öncə “Çağırğan”da hazırda durumun necə olduğunu bilmək istəyirik.
- Hazırda komandanın vəziyyəti normaldı, məşqlər keçirik. Əsas problemimiz stadionun olmamasıdı. Sabirabadın mərkəzi stadionu normaldı, sadəcə bir az təmirə ehtiyacı var.

- Komandanın heyətini Sabirabad futbolçuları ilə formalaşdırırsınız?
- Xeyr, heyəti əsasən peşəkar futbolçular, I divizonda və böyük klublarda oynamış futbolçularla formalaşdırırq. Ən çox I divizionda oynamaq şansı olmayanlardı.

- Məşqləri harada keçirsiniz?
- Ümumiyyətlə, son vaxtlar ən böyük problemimiz budur. Məşq keçməyə meydança tapa bilmirik, gedib Bakıda Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun meydançasında qaçırıq. Orada da ot örtüyünə çıxmağa imkan vermirlər.

- Maliyyə durumunuz necədi?
- Komandamızın sponsoru Şirin Şirinovdu. Oyunlara getməyimizi, yemək yeməyimizi, futbol geyimlərimizi təmin etməkdə Şirinov yardımcı olur. Amma avtobusumuz olmadığı üçün bəzən səfər oyunlarına bir neçə maşınla getməli oluruq.

- Futbolçular məvacib alır?
- Xeyr, məvacib yoxdu.

- Komandanızın I divizionda çıxış etməyi üçün müraciət etmisiniz? Çünki Həvəskarlar Liqasında çempion olduğunuz il buna şansınız daha çox idi...
- Bilirsiniz, fikrimiz var idi, I divizionda mübarizəyə qoşulaq. Sadəcə qarşıya böyük problemlər çıxdı, əsas problem də maliyyə məsələsi idi. Çünki öncədən yetərli maliyyə təminatı vermək lazım idi. Bu məslələri həll edə bilmədik. İnşallah, güclü maliyyə dəstəyimiz olsa, mütləq I divizionda iştirak etmək üçün müraciət edəcəyik. Amma I divizionda limitə düşən futbolçular var, bizim komandaya qatılırlar.

- Həvəskarlar Liqasında qalib olduğunuz il Xorvatiyada həvəskarlar arasında keçirilən Avropa Çempionatına qatıldınız. 3 oyunda 3 məğlubiyyət oldu. Səbəb nə idi?
- Birinci səbəb təcrübəsizlik idi. AFFA tərəfindən köməklik olurdu, keçmiş “Neftçibazada” təlim-məşq toplanışı keçmişdik. Sadəcə yetərli olmadı, vaxt çox az idi. Çünki yeni heyət tam uyğunlaşa bilmək üçün zaman lazım idi. Xorvatiyaya getdiyimiz zaman da 1 gündən bir ağır oyunlar keçirdik, komanda fiziki cəhətdən də belə çətin oyunlara hazır deyildi. Bütün bunlar məğlubiyyətlə üzləşməyimizə gətirib çıxardı. Mən də həmin vaxt ayağımdan yeni əməliyyat olunmuşdum.

- Ayağında nə problem var idi. Bildiyim qədərilə 1 dəfə də ayağından əməliyyat olunmuşdun...
- İlk dəfə ayağımdan əməliyyatı “City Hospital”da elətdirmişdim. Amma orada həkim diaqnozu səhv qoydu və ayağımda başqa əməliyyat apardı.

- Bununla bağlı şikayət edib, təzminat istəmədin?
- Təzminat yox istəmədim, amma gedib şikayət etdim baxmadılar şikayətimə. Ölkə prezidentinə bununla bağlı məktub yazdım. Məktubuma baxıldı və 20 gün içində Türkiyədən bu işin mütəxəssisi olan həkimi dəvət etdilər və yenidən əməliyyat olundum. Bahalı maddə olan lafsanın pulunu ancaq mən verdim, yerdə qalan bütün xərcləri onlar ödədi. Futbol ictimaiyyətində bu məsələ yayılandan sonra “City Hospital”a futbolçular artıq getmirdi.

- Belə səhv diaqnozun qoyulması fikrincə qəsdən ola bilərdi, yoxsa ehtiyatsızlıqdan?
- Yox, inanmıram qəsdən olsun. Sadəcə işinə ciddi yanaşmadı, ehtiyatsızlıqdan belə problem yaşandı.

- Əməliyyat ərəfəsində səhv etmirəmsə, İspaniyadan sənə dəvət gəlmişdi, razılıq əldə etmişdin...
- Bəli, İspaniyanın III liqasında mübarizə aparan “Helen Deportivo” komandasından dəvət almışdım. Mənə təklif sənədi gəlmişdi, həmin sənədin bir nüsxəsi də AFFA-ya gəlmişdi. Getdim AFFA-dan sənədlərimi almağa vermədilər. İspaniyadan mənə dedilər ki, istəyirsən yol xərcin üçün pul da göndərək, mənim də həmin vaxt futbol oynadığım dövr idi, imkanım yaxşı idi.

- Necə oldu ki zədələndin?
- Zədələnməyimdə günah özümün oldu. Oyunların birində ehtiyatsızlıq etdim və zədələndim. Sonra da həkim diaqnozu səhv təyin etdi və beləcə futbolçu karyerama son qoyuldu.

- Həkim kim idi?
- Həkim Altay Cəfərov idi. Diaqnozun səhv olduğunu bilmirdim, əməliyyatdan sonra həkim 1 ay vaxt vermişdi sağalacam. Lakin elə olmadığını görəndə şübhələndim və sonra yenidən yoxladanda dedilər ki diaqnoz səhv təyin edilib, düzgün əməliyyat olunmayıb. Əsas problem ön çarpaz bağların qırılması idi. Amma həkimdən yazıb şikayət də etmədim. Pislik etməyi sevmirəm, ehtiyac görmədim.

- Futbolçu karyeran başa çatdıqdan sonra sən də məşqçi olmağa qərar verdin?
- Bəli, karyeramı məşqçi kimi davam etdirmək istədim. İlk işimi “Çağırğan”da baş məşqçi kimi sınamağa başladım. Komandanın sponsoru Şirin Şirinovla birgə hərdən yığışıb futbol oynayırdıq, oradan münasibətimiz yaranmışdı. Əməliyyat olunandan sonra Şirinov təklif etdi ki, gəl komandaya sən baş məşqçilik et.

- Hazırda Sabirabadı təmsil edən yeganə futbol komandası “Çağırğan”dı. Həvəskar Liqasındakı oyunlara azarkeşlərin marağı necədi?
- Biliriniz, elə oyunlar olur ki, heç Premyer Liqanın oyunlarında o qədər azarkeş olmur. Amma elə də oyun olur ki, biz həmin oyuna ikinci heyətlə gedirik. Əsasən əzəli rəqiblərin oyunlarında stadionlar dolur.

- Məşqçilik fəaliyyətini daha da artırmaq, inkişaf etmək üçün hansısa addımlar atırsan?
- Bəli. Öz üzərimdə çox işləyirəm. Hələlik pul toplamağa çalııram ki, bu sahənin peşəkarı olmaq üçün kurslarda iştirak edim. Türkiyənin “Korayspor” klubunun “Premier Concept” layihəsinə qoşulmuşam. Layihəyə əsasən Sabirabadda futbolçu yetişdirib Türkiyəyə göndərməliyəm, bu layihənin icrası üçün işlər davam edir. Mən Azərbaycan üzrə onların təmsilçisi sayılıram. Böyük layihədi, inşallah perspektivli işləri görməyi planlaşdırırıq.

- Bu layihənin icra olunmasında əsas problem nədi?
- Əsas problem bazanın, stadionun olmamasıdı. Şabrandakı “Əlincə”nin bazasını götürmək istədilər. Amma “Əlincə” rəhbərliyi razılıq vermədi. İndi bununla bağlı müəyyən danışıqlar aparırıq. Bu layihənin icrasına başlasaq Azərbaycan futbolunun inkişafı üçün böyük xeyiri olacaq.

Elbrus Beybudovun futbolçu karyerasında çıxış etdiyi klublar:
“İnter” Bakı (2004-cü il əvəzedici heyətlərdə çempion olub), AZAL (2006-2007 əvəzedici heyət, əsasda da oyanyıb), “Bakılı” (2008), “Qəbələ” (2009 əvəzedici heyət), “Şahdağ” Qusar (2010-11), “Muğan” Salyan (2012), MOİK (2013-14).

4

2_1

3

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 


.
.
.
0.40011501312256