(LAYİHƏ) Masazırdan Sportmedia.az-ın reportajı (FOTOLAR)

23:05 27-03-2017
(LAYİHƏ) Masazırdan Sportmedia.az-ın reportajı (FOTOLAR)

 

"Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar" layihəsi çərçivəsində bu dəfəki səfərimiz Abşeron rayonunda yerləşən Masazır qəsəbəsinə oldu. Son 6 ildə Masazır qəsəbəsində futbol təsərrüfatı xeyli inkişaf edib. Artıq buranı futbol bölgəsi kimi də adlandırmaq olar. Qəsəbədə hələlik böyük futbol komandası olmasa da, lakin uşaq futbolu və möhtəşəm bazaları ilə seçilməyi bacarıblar. Burada futbolla məşğul olanların əsas məqsədi uşaq futbolunun inkişafında böyük töhfələr verməkdi, məhz buna görə də bu 6 il ərzində böyük futbol komandası yaradılmayıb. Masazır futbolundan danışılanda şübhəsiz ki, ağıla “Əlincə” Futbol Klubu gəlir. Bu klub yaradılana kimi Masazırda futbol olmayıb desək daha düzgün olar.

“Əlincə” Futbol Klubunun qısa tarixi

“Əlincə” Futbol Klubu 2010-cu il aprelin 5-də “Bağçalı Evlər” MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib. Adının mənası Naxçıvandakı Əlincə qalası ilə bağlıdır. Klubun akademiyası və müsir bazası mövcuddur. Klub Masazır qəsəbəsi, Novxanı şossesi ərazisində yerləşir. Yaranmasından qısa müddət sonra klubun bazası genişləndirilib, Azərbaycan Futbol Federasiyaları Asossasiyasının (AFFA) bayrağı altında keçirilən çempionatlarda iştirakı üçün lisenziya alınıb. Klubun prezidenti Elşad Kəlbəliyev olub.

“Əlincə” yarandığı ildən tədricən futbolçu və məşqçi heyətinin çoxaldılması ilə əlaqədar yeni stadionlar inşa etməyə başlayıb. Həmçinin futbolçular, məşqçilər heyətinin daimi yaşaması üçün ən müasir standartlara cavab verən baza tikilib. 2011-2012, 2012-2013 və 2013-2014-cü il mövsümlərində AFFA-nın bayrağı altında keçirilən müvafiq çempionatlarda U-14, U-15, U-16 komandaları iştirak edib. Komanda debüt ilində çempionatda 16 komanda arasında 4-cü, 2-ci mövsümdə 16 komanda arasında 2-ci, nəhayət, 3-cü mövsümdə 16 komanda arasında 3-cü yeri qazanıb.
2011-ci ildən artıq klub tərkibində 1998-1999 və 2000-2001-ci il doğumlu futbolçulardan ibarət iki komanda yaradılıb ki, bununla da qısa müddətdə klubda futbolçu və məşqçi heyətinin çoxalmağa başlayıb.
2000-2001-ci il doğumlu futbolçular isə U-13, U-14 çempionatlarında iştirak edib və ardıcıl iki mövsüm çempionatın bombardiri adını “Əlincə”nin üzvü 2001-ci il doğumlu Turan Vəlizadə qazanıb. 2013-cü ildən isə artıq klub nəzdində üç komanda yer alıb. Belə ki, 2013-2014-cü il mövsümündən “Əlincə” U-11 komandasıyla da təmsil olunmağa başlayıb.
Komandanın ən böyük uğurları 2012/2013 və 20152016 mövsümlərində olub. 2012/2013 mövsümündə U-15 komandası, 20152016 mövsümündə isə U-16 komandası gümüş medallara yiyələnib. Klub yarandığı gündən bəri bir çox xarici ölkələrdə təlim-məşq toplanışlarına yollanıb və bu müddətdə müxtəlif beynəlxalq turnirlərə qatılıb. Buna misal olaraq, 2013 – cü ilin yanvar ayında “Əlincə” klubu Sankt-Peterburqda keçirilən “Peterburq CUP” turnirində 2001-ci il doğumlu futbolçularla təmsil olunub və 1-ci yeri tutub. Üstəlik, 2013 -cü ildə Batumidə keçirilən “Dinamo Batumi İnternational Tournament”də 2000-ci il doğumlu futbolçularla iştirak edib və bu turnirdə də komanda 1-ci yerə sahib olmağı bacarıb. Ötən il U-13 komandası Heydər Əliyev adına həsr olunmuş "Prezident Kuboku" turnirində də qızıl medalları qazanıb.
Yaranmasından cəmi bir il sonra 2011-ci ilin noyabr ayında 5000 nəfərlik stadion istifadəyə verilib, müxtəlif səviyyəli turnirlər və çempionatlar məhz bu stadionda keçirilib.
2011- ci ilin dekabr ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş, təşkilatçısı “Əlincə” FK olan turnir də bu stadionda baş tutub. Bu yarışda da “Əlincə” komandası uğurlu çıxış sərgiləyərək fəxri kuboku başı üzərinə qaldırıb.

Uşaq futbolu

Klub Premyer Liqa və birinci divizionda çıxış etməsə də, AFFA-nın təşkil etdiyi aşağı yaş qruplarında öz nəticələriylə daim diqqəti cəlb edir. "Əlincə"də 150-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnirlər.

Hazırda "Əlincə" Futbol Klubu AFFA-nın təşkil etdiyi yarışlarda 3 komanda ilə təmsil olunur: U-10, U-12, U-14. "Əlincə" FK-nın U-10 komandasına İlkin Hacızadə (C kateqoriya) , U-12 komandasına Asif Abbasov (C kateqoriya) və U-14 komandasına Cəfər Hüseynov (B kateqoriya) rəhbərlik edir. Klub seleksiya işində əsasən 10 yaşından 13 yaşına kimi olan uşaqları seçir. Çünku bu yaşdan götürdükləri uşaqları futbolçu kimi yetişdirmək daha asan olur.

“Əlincə”nin U-10 komandanın baş məşqçisi İlkin Hacıyev artıq Masazır əhalisində futbola marağın artmağa başlamasının səbəbini klubunun uşaq futbolunun inkişafında apardığı düzgün siyasətinin nəticəsi olduğunu bildirdi:


"Bu gün "Əlincə" klubunda uşaq futboluna o qədər yüksək səviyyədə diqqət göstərilir ki, bunun nəticəsi kimi artıq Masazır əhalisinin də futbola olan marağı daha da artıb. Bu da klub rəhbərliyinin uşaq futboluna olan böyük qayğısının nəticəsidi və biz məşqçilər də bu məsuliyyəti dərk edirik. Valideynlər də bu qayğını, diqqəti gördükləri üçün öz övladlarını bizə həvalə edirlər. 2014-cü ilin aprel ayından bu yaş qrupu mənə həvalə olunub. İldən-ilə uşaqların sayı daha da artıb və istedadlı uşaqlar seçilərək ayrı bir qrup şəklində məşqlərə cəlb olunub. Ötən ildən klub tərəfindən mənə göstəriş verildi ki, U-10 Liqasına komanda çıxarılacaq. Bundan sonra bu yaş qrupuna daha da diqqət göstərildi. Artıq göstərilən diqqət öz töhvəsini verməkdədi. Elə bu fürsətdən istifadə edərək mənə göstərdikləri etimada görə klub rəhbərləri - fəxri prezidentimiz Hacı Məhərrəm Novruzova, prezidentimiz Elşad Kəlbəliyevə və icraçı direktorumuz Ceyhun Abbasova öz təşəkkürümü bildirirəm. İlk 2 dövrədən sonra komandamız 17 komanda arasında 3-cü pillədə qərarlaşıb. Artıq final mərhələsinə də vəsiqəni təmin etmişik. Oyun baxımından da günü-gündən uşaqlar artım hiss olunur. Bunu məşqçi həmkarlarımdan eşitmək, bir daha həm biz məşqçilərin, həm də klub siyasətinin düzgünlüyündən xəbər verir".

Klubun yetişdirdiyi futbolçular artıq milli komandalarımıza da dəvət alır. 1998-ci il doğumlu Qara Qarayev (İnter, əsas komanda) , Xaliq İbrahimov, Tural Bayramlı ("Sumqayıt" , əsas komanda) , Əli Əliyev, Orxan Məstanov ("Sumqayıt" , əvəzedici komanda) , Elçin Əliyev ( "Zirə" əvəzedici komanda) , Ricat Qarayev ("İnter" əvəzedici komanda) , 2000-ci il təvəllüdlü Zahid Mərdanov, Şakir Seyidov, Tahir Zeynalov, Əli Hacıyev, Tahir Zeynalov, Elçin Mustafayev (Hamısı "Vətən" U-17) , Turan Vəlizadə ("Qarabağ" , U-19) , Hüseyn Əhmədov ("Qarabağ" U-17) , Elçin Həsənxanov ("Sumqayıt" U-19), 2003-ci il təvəllüdlü Gülağa Əsədov, Nihad Cəfərov, Cəlal Hüseynov, Rza Cəfərov Azərbaycan millisinin aşağı yaş qruplarına dəvət alırlar.

Masazırda futbol üçün imkanlar və şərait

"Əlincə"nin yaranmasından cəmi bir il sonra - 2011-ci ilin noyabrında 5500 nəfərlik stadion inşa olunub. Süni örtüklü olan bu stadiondan başqa, 2014-cü ildə yeni - 13 min tamaşaçı tutumlu, təbii ot örtüyünə malik stadionun açılışı olub. Açılışa ölkə prezidenti İlham Əliyev də qatılıb.

"Əlincə"nin Masazırdakı bazasına iki otel, iki stadion, bir təbii ot örtüklü, üç süni örtüklü meydança və iki manej daxildi. 2 stadion üstü qapalıdı, qışda balacalar orda məşq keçir, bütün stadionlarda işıqlandırma sistemi var, soyunub-geyinmə otaqları ideal vəziyyətdədi.


Hazırda akademiyada qalan futbolçular var, komandanın otelində onlar üçün ideal şərait yaradılıb. İldə 2 dəfə komandalar üçün təlim-məşq toplanışları təşkil olunur. 1 dəfə klubun öz bazasında, 1 dəfə isə Şabrandakı təlim məşq bazasında toplantılar keçirilir.

"Əlincə"nin U-14 komandasının baş məşqçisi Cəfər Hüseynov klubunun bazasına və infrastrukturuna görə klublarımız arasında ən öndə olduğunu söylədi:


"Əlincə" infrastrukturuna görə Azərbaycanın ən öndə gedən klublarından biridi. Regionlarda bu baxımdan "Qəbələ" fərqlənirsə, paytaxtımızda "Əlincə" öz şəratinə görə bütün klubları geridə qoyur. Bunu hər kəs qəbul edər ki, bu cür şəraiti olan ikinci bir klub yoxdu. Klubumuzun bazasının Masazırda yerləşməsi bu ərazinin əhalisində də futbola maraq oyadıb. Təsadüfi deyil ki, bizim keçirdiyimiz oyunlarda 100-200 azarkeş oyunlara baxmaq üçün stadionumuza təşrif buyuyur, uşaqları dəstəkləyir. Klubumuzun fəxri prezidenti Hacı Məhərrəm Novruzov, prezidentimiz Elşad Kəlbəliyev, icraçı direktorumuz Ceyhun Abbasov da sağ olsunlar ki, bütün yaş qruplarına daim öz diqqətlərini göstərirlər. Düşünürəm ki, göstərilən qayğı və diqqətin xeyrini 5-6 ildən sonra nəinki "Əlincə" klubu, Azərbaycan futbolu görəcək. Hər il olduğu kimi bu il də bütün yaş qruplarımız "Əlincə"nin adına layiq çıxış edir. Mənim rəhbərlik etdiyim U-14 komanda ikinci dövrədən sonra 3-cü pillədə qərarlaşıb və artıq final mərhələsinə vəsiqəni təmin etmişik. Nəticədən əlavə olaraq, bütün futbol mütəxəssisləri də komandalarımızın göstərdiyi oyunları xüsusi vurğulayırlar. Bu da onu göstərir ki, komandamız düzgün yoldadı.

"Əlincə" FK-nın Masazırla yanaşı Antalya və Şabranda da bütün təchizatlarıla birlikdə futbol bazası var. Şabandakı bazada 3 təbii və 1 süni məşq meydançası, futbolçuların qalması üçün 6 mərtəbəli otel, koteclər, restoran, meyvə bağı var. Artıq akademiyanın uşaqları yeni tikilmiş təlim-məşq bazasında ilk toplanışını da keçib.
Antalyada isə otel hazırdı, meydançalar inşa olunur.

Sonda onu qeyd etmək istəyirik ki, “Əlincə” klubunda olan şərait heç Premyer Liqa klublarında yoxdu. Lakin gələcəkdə uşaq futbolu ilə yanaşı Masazırın böyük futbolla da təmsil olunmasını arzu edirik.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

RƏSUL MƏMMƏDOV
SPORTMEDİA.AZ


.
.
.
0.34156584739685