(LAYİHƏ) Sportmedia.az-ın Bərdədən reportajı (FOTOLAR)

22:18 29-03-2017
(LAYİHƏ) Sportmedia.az-ın Bərdədən reportajı (FOTOLAR)

“Bolgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində növbəti reportajımız futbol bölgəsi kimi məşhur olmuş, lakin hazırda futbolsuzluqdan əziyyət çəkən Bərdə şəhərindən oldu. Bu şəhər hələ Sovetlər dönəmində belə futbolu ilə iddiialılar sırasında olub.

QISA TARİX

Bərdə şəhərində böyük futbolun əsası 1981-ci ildə qoyulub. Şəhərin pambıq zavodlarının maliyyələşdirməsi ilə böyük futbol omandası yaradılıb. Həmin komandanın adı da “Pambıqçı” qoyulub. Həmin dövrdə Bərdə pambıqçılıq sahəsində öndə gedən bölgələrdən idi, buna görə də, komandanın adının “Pambıqçı” olması məhz bu amilə görə seçilib.
1984-cü ildə Azərbaycan çempionatında iştirak edən komanda SSR çempionatının 2-ci dəstəsinin 9-cu zonasında iştirak etmək şansı qazanıb. Lakin “Pambıqçı”ya qarşı edilən haqsızlıqlar onu bu şansdan məhrum edib.
1991-ci ildə “Milyonlar Kuboku” yarışında finala qədər irəliləyən “Pambıqçı” həlledici görüşdə Belarusun “Metallurq” komandasına 1:2 hesabıyla uduzaraq 2-ci yerlə kifayətlənməli olub.
Müstəqilliyin əldə edilməsindən sonra 1992-ci ildə təşkil olunan ilk Azərbaycan çempionatında 26 komanda arasında "Pambıqçı" da iştirak edib. Bölgə əhalisinin əsas məşğuliyyətini adı ilə tərənnüm edən kollektiv 1998-ci ilə kimi güclülər dəstəsinin sakini olub. Lakin həmin mövsüm artıq "Qarabağ" adı ilə çıxış edən komanda yüksək liqanı tərk edib.
"Pambıqçı" yüksək liqada 6 dəfə çıxış edib və bu müddətdə komandanın ən yaxşı nəticəsi 1993-cü il mövsümünə qeydə alınıb. Onda "A" qrupunda çıxış edən "Pambıqçı" 10 komanda arasında 5-ci olub. 1995/1996 mövsümündə maliyyə problemləri üzündən "pambıqçılar" çempionatda iştirak edə bilməyib, bununla belə, ölkə kubokunda mübarizəni davam etdirib. Növbəti mövsümdə çempionatda yenidən iştirak edən komanda maliyyəsizlikdən birdəfəlik dağılıb. “Pambıqçı” ilə bağlı əvvəl komandanın futbolçusu sonra baş məşqçisi olmuş Əli Quliyev bizimlə söhbətində “Pambıqçı”nın yaranmasından və dağılmasından danışdı:

“O vaxtları rayonun birinci katibi var idi Rüstəm Səfərəliyev. O, 1981-ci ildə göstəriş verdi ki, Bərdədə futbol komandası yaradılsın. Həmin dövrdə də şəhər pambıqçılıq sahəsində öndə idi. Bərdədə yerləşən 1və 2 nömrəli pambıq zavodları maliyyə ayıraraq komanda yartdılar. Komandanın adı da məhz “Pambıqçı” oldu. Azərbaycan çempionatında və kubokunda iştirak edən “Pambıqçı” dövrünün iddiialı komandalarından sayılırdı. Müstəqillik dövründə artıq ciddi maliyyə problemimiz yaranmışdı, birtəhər komanda özünü saxlaya bilirdi. Çünku Sovet dövründə fəaliyyət göstərən pambıq zavodları artıq fəaliyyətlərini dayandırmışdı, komanda Bərdənin İcra Hakimiyyətinin maliyyə dəstəyinin ümidinə qalmışdı. Lakin 1998-ci ildə “Qarabağ” adıyla çıxış edən komanda yeni İcra Hakimiyyətinin gəlişi ilə maliyyə dəstəyindən məhrum edilərək və fəaliyyətini dayandırmalı oldu”.
Bərdə 2001-2002-ci illərdə İdman və Turizm Naziriliyinin həvəskarlar arasında keçirdiyi yarışlarda “Aran” komandasıyla təmsil olunub. Həmin mövsümdə Həvəskarlar Liqasının Kubokuna sahib olub və çempionatında II yeri tutub.

Sonrakı illərdə Bərdə yenə futbolsuz qalıb, lakin 2005-ci ildə şəhər rəhbərliyi yeni bir komandanın yaradılmasına qərar verib. Beləliklə, “ABN Bərdə” adlı klub yaradılıb. Bu klubu yaratmaqda əsas məqsəd futbolun Bərdədə inkişafı və şəhərin futbol ənənələrinin davam etdirilməsi olub. 2005-ci ildə “ABN Bərdə” yarananda bütün Bərdə əhli birləşib "Pambıqçı"nın davamçısını dəstəkləməyə başlayıb. Hərçənd, bu klubun "Pambıqçı” ilə heç bir əlaqəsi yox idi. 2005/2006 mövsümündə birinci dəstədə çıxış edən “ABN” iddialı komanda sayılmayıb və klub rəhbərliyinin əsas hədəfi Bərdədə futbolu yenidən populyarlaşdırmaq olub. Lakin növbəti mövsüm adına "Bərdə" sözünü əlavə edən "ağ-yaşıllar" gücləniblər və elitaya vəsiqə uğrunda mübarizə aparıblar. Planlar baş tutmayıb, “ABN Bərdə” pley-off yarışlarında 6 komanda arasında 4-cü olmaqla iddiasını azı birillik təxirə salmalı olub. Amma İmişli futbolla vidalaşdığı, birinci dəstədə 3-cü olan “Göyəzən Qazax” pulunun olmadığını önə çəkib elitadan imtina etdiyi üçün Bərdə azarkeşləri 9 illik fasilədən sonra güclülər dəstəsinin havası ilə nəfəs almaq imkanı qazanıblar. Lakin Premyer Liqada autsayder mövqeyində olan komanda növbəti mövsümdən yenə I divizionda mübarizə aparmalı olub. Maliyyə durumunun pis vəziyyətdə olduğu üçün komanda 2010-cu ildə fəaliyyətini dayandırmalı olub. “Pambıqçı”dan sonra “ABN Bərdə”nin də baş məşqçisi olmuş Əli Quliyev komandanın dağılmasının səbəbinin maliyyə problemi olduğunu söylədi:

“ABN Bərdə” 1 il Premyer Liqada mübarizə apardı sonrayenə I divizionda çıxış etməli olduq. Klubda günü-gündən maliyyə vəziyyəti pisləşməyə başlamışdı, çıxış yolu tapa bilmirdik. Sonda vəziyyət o həddə çatdı ki, komanda dağılmalı oldu. Hazırda Bərdədə böyük futbol yoxdu. “ABN Bərdə”də çıxış edən bəzi futbolçular komanda dağıldıqdan sonra karyeralarını başa vurmalı oldular və həmin futbolçularla birgə mən də işsiz qaldım. Hazırda 3 saylı məktəbdə idman müəllimi işləyirəm”.


2010-cu ildən indiyə kimi Bərdədə peşəkar komanda yaranmayıb. Şəhər ötən mövsümlərdə həvəskar komanda səviyyəsində təmsil olunsa da, hazırda bu komanda da maliyyə çətinliyinə görə fəaliyyətini dayandırıb.

RESURSLAR, İMKANLAR VƏ ŞƏRAİT

Bərdədə 1 stadion var: Bərdə Şəhər Mərkəzi Stadionu. Vaxtilə “Pambıqçı” və “ABN Bərdə”nin stadionu kimi tanınan arenanın azarkeş tutumu 10000 nəfərlikdi. Standarta uyğun əsas meydança təbii ot örtüklüdü. İşıqlandırma sistemi mövcud deyil. Soyunub-geyinmə otaqları baxımsız vəziyyətdədi. Meydaçaya uşaq futbolu ilə məşğul olan müəllimlər baxır. 1 yardımcı meydançası var. O da bərbad vəziyyətdədi. Stadiona baxan yoxdu, ərazisində qaçqınlar da məskunlaşıb. Tribunalardakı skamyaların çoxusu sındırılıb.
Bərdədə bundan başqa futbol qurğusu yoxdu.


UŞAQ FUTBOLU

Bərdədə uşaq futbolu hələ sovetlər dönəmində də inkişaf edib. Şəhərdə Uşaq Futbol Məktəbi (UGİM) 1967-ci ildə yaranıb. Vaxtilə Bərdə şəhəri uşaq futbolunda qazandıqları nailliyyətləri ilə seçilib.
Hazırda Bərdədə UGİM-in nəzdində 5 yaş qrupu üzrə (U-10, U-11, U-12,U-13, U-14) 15 komanda fəaliyyət göstərir. Komandalar AFFA-nın keçirdiyi zona yarışlarında iştirak edirlər. Komandalarda seçilən uşaqlar əsasən zona yarışlarında iştirak edən seleksiyaçılar tərəfindən müxtəlif klublara cəb olunurlar. Hazırda “Qəbələ”nin futbol akademiyasında Bərdənin yetirməsi olan uşaqlar çoxdu.

Uşaq fubolunun Bərdədəki durumu ilə əlaqədar UGİM-də çalışan əməkdar məşqçi Şakir Cəfərovla söhbətləşdik. O, böyük futbol komandasının olmamasının kiçik yaşlı uşaqların motivasiyasına təsir etdiyini və belə arzuolunmaz durumun tezliklə aradan qalxacağına ümid etdiyini söylədi:
“Bərdədə istedadlı uşaqlar çoxdu. AFFA uşaq futbolunun inkişafında böyük işlər görür. Zona yarışlarının keçirilməsi elə uşaq futbolunun inkişafında böyük rol oynayır. AFFA bu ilə kimi hər mövsüm bizi toplarla, formalarla və digər futbola aid invertarlarla təmin edirdi. Bu il yəqin ki, maliyyə problemi olduğu üçün heç nə verə bilmədi. Seleksiya üçün heç bir klub Bərdəyə gəlib uşaqlara baxmır. Keçən il bir dəfə “Vətən” klubu gəldi seçim etdi, bir neçə nəfər uşağı apardı. Sonra həmin uşaqların valideynlərini oradakı şərait qane etmədi, geri qaytardılar. Amma “Qəbələ” klubu oyunlarda xoşlarına gələn uşaqları seçib aparmaq istəyəndə bizə ödəniş edirlər”.

Daima futbolu ilə, bu idman növünə olan marağı ilə digər bölgələrdən seçilən Bərdə indi futbolsuz qalıb. Tribunaları həmişə azarkeşlərlə dolu olan Bərdə Şəhər Stadionunun indi belə baxımsız, futbolbolsuz qaldığını görmək üzücüdü. Bununla bağlı aidiyyatı qurumların və rayon rəhbərliyinin maraqlanacağına və problemin aradan qaldırılmasına bir yol tapılacağına ümid edirik.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ/
BƏRDƏ


.
.
.
0.32786989212036