(LAYİHƏ) Sportmedia.az-ın Beyləqandan reportajı (FOTOLAR)

22:07 31-03-2017
(LAYİHƏ) Sportmedia.az-ın Beyləqandan reportajı (FOTOLAR)

“Bolgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində bu dəfəki səfərimiz Mərkəzi Aran zonasında yerləşən Beyləqan rayoununa oldu. Bu rayon futbol bölgəsi kimi tanınmır, baxmayaraq ki, Beyləqanın tarixən böyük futbol komandaları olub. Hazırda burada heç bir böyük futbol komandası yoxdu.

QISA TARİX

Beyləqan futbolunun yaranması sovetlər dönəminə təsadüf edir. Rayonda futbolun əsası 1970-ci ildə qoyulub. Beyləqanın əsas komandasının adı “Mil” olub. Bu “Mil” komandasını Salyanın eyni adlı komandası ilə səhv salmamaq lazımdı. Əsası SSR dönəmində qoyulmuş bu komanda uzun müddət fəaliyyət göstərib. Komandanın əsas heyətini yerli futbolçular təşkil edib. 1987-ci ildən 1992-ci ilə kimi I divizionda və güclülər dəstəsində çıxış edib. 1987-ci ilə kimi komanda Həvəskarlar Liqasında iştirak edib. Müstəqillik illərində cəmi 3 il I divizionda çıxış edib. 1992-ci ildən sonra “Mil” (Beyləqan) yenidən həvəskar səviyyədə fəaliyyətini davam etdirib. Rayonda 1993-cü ildən 1995-ci ilə kimi “Qara Bəbir” komandası olub, onlar da həvəskarlar arasında mübarizə aparıb. 2006-cü ildən “Mil” komandası yenidən bərpa olunub. Rayonun gənclərdən ibarət “Mil” komandası 2006-cı ildən 2015-ci ilə kimi Həvəskarlar Liqasının Respublika Çempionatında iştirak edib. Komanda 2006-2007-ci illərdə Həvəskarlar Liqasının Respublika Çempionatında qalib olub, 2009-2010-cu illərdə Respublika Çempionatında III yeri tutub, 2010-2011-ci illərdə isə VI yerlə kifayətlənib. Komandanın məşqçisi 2011-ci ildə Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adını almış Ramiz Əliyev olub.


“Mil” iştirak etdiyi çempionatda yetərincə çətin rəqib hesab olunub.
2015-ci ildə həvəskar səviyyədə də fəaliyyətini dayandıran komanda rəhbərliyi 2016-cı ildə “Mil” çimərlik komandasını yaradıb. Yeni yaranan komanda bu il ərzində 3 beynəlxalq turnirdə iştirak edib.
Hazırda Beyləqanda böyük futbol yoxdu.

Beyləqan rayon Gənclər və İdman baş İdarəsinin aparıcı məsləhətçisi Elnur Səfərov bizimlə söhbətində rayon futbolunun inkişafını qənaətbəxş hesab etdiyini söylədi:

“Müxtəlif yaş qruplarında zona və respublika çempionatlarında əldə olunan nəticələr onu deməyə imkan verir ki, Beyləqan futbolunda perspektiv var. Burada futbola maraq da böyükdü. Sadəcə peşəkar böyük futbol komandasının olmaması maliyyə durumuyla bağlıdı. Amma çimərlik futbolu, futtennis və futvolley üzrə komandalarımız fəaliyyət göstərir. Müxtəlif beynəlxalq və yerli turnirlərdə iştirak ediblər. 1 həftə bundan öncə də futnet üzrə Beyləqanda yarış keçirildi. Hazırda əsasən uşaq futboluna diqqət ayrılıb”

RESURSLAR, İMKANLAR VƏ ŞƏRAİT

Beyləqanda ümumi 31 təsərrüfat var, onların 29-da stadion var.
Beyləqan Mərkəzi Stadionu 1984-cü ildə inşa olunub. Müstəqillik illərində stadiona Qarabağ döyüşlərində şəhid olmuş Elsevər Şükürovun adı verilib. Şəhidin adını daşıyan arena 2009-cu ildə təmir olunub, 2014-cü ildə isə yenidənqurma işləri aparılaraq əsaslı təmir olunub. Stadionda 3 min yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi və tibb otaqları yaradılıb. Arenada hakim və hakim-inspektorlar üçün məşvərət otağı və hakimlər üçün soyunub-geyinmə otaqları da var. Tribunada xüsusi qonaqlar üçün VİP loja da nəzərdə tutulub. Stadionun 2 meydançası var - əsas və köməkçi. Əsas meydançasının ölçüsü 65-100m-dir. Əsas meydança təbii ot örtüklüdü. Suvarma sistemləri ən son müasir tipli texnologiyayla təmin olunub. İşıqlandırma sistemi mövcuddu. Köməkçi meydança süni örtüklüdü və bu da işıqlandırma sistemiylə təchiz olunub.


Həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol və mini futbol meydançaları da var. Arena daxili imkanlar hesabına əsaslı təmir olunub.
Rayona səfəri zamanı prezident İlham Əliyev stadionda yaradılmış şəraitlə tanış olub və arenadakı imkanlara nəzər yetirib.

UŞAQ FUTBOLU

Beyləqanda uşaq futbolu Uşaq Gənclər və İdman İdarəsi (UGİM) və Gəclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərir. Amma əsas komandalar UGİM-in nəzdindədi. Ümumi 5 yaş qrupunda (U-10, U-11, U-12, U-13, U-14) 120-yə qədər uşaq futbolun sirlərinə yiyələnməyə çalışır. Onlara rəhbərliyi “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adını almış məşqçi Ramiz Əliyev edir. Ramiz müəllimə məşqçi Tağıyev Etibar yardım edir.


Beyləqan uşaq futbolunun yetirmələrindən hazırda “Mil-Muğan”da 2 kiçik yaşlı futbolçu Əlizadə Qismət və Əsgərzadə Vüqar top qovur. Yetirmələrdən bir futbolçu “Neftçi”yə göndərilsə də orada qalmaq istəməyib digəri isə Əsədli Fərid 17 yaşlılardan ibarət Azərbaycan millisində oynayıb və hazırda Türkiyədə 5-ci divizion klubunda çıxış edir.
Məşqləri Aşıqlı kənd stadionunda və keçmiş kolxozun stadionunda keçirlər. Hər ikisi təbii ot örtüklüdü.


Uşaq futbolunda olan kateqoriyalı məşqçi Tumasov Xudaverdidi. O, Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq komandalarında məşqçilik edir. Bu idarədə uşaq futbolunda 3 məşqçi var.

Rayonun uşaq futbolunda olan aparıcı məşqçi Ramiz Əliyev yetirmələrinin texniki və nəzəri hazırlıqlarıyla yanaşı fiziki hazırlıqları ilə də örnək olduqlarını dedi:

“Beyləqan futbolçuları fiziki cəhətdən həmişə güclü olur. Kiçik yaşlı olsalar da sona qədər mübarizə aparmağı bacarırlar və fiziki hazırlıqları buna imkan verir. Zona yarışlarında da həmişə digər komandalara baxanda fiziki hazırlıqlarına görə xüsusilə seçilirlər. Ümumiyyətlə, burada perspektivli uşaqlar çoxdu. Valideynlərin də uşaqlarının futbolçu olmaları üçün səy göstərmələri təqdirəlayiqdi. Sadəcə Beyləqanda futbola bu qədər maraq olduğu təqdirdə böyük komandasının və peşəkar klubunun olmaması doğrudan da üzücüdü. İndi böyük komandamız olsaydı, yetirmələrimiz öz komandamızda oynayardılar. Hazırda hakimlik edən Ramil Diniyev də Beyləqan futbolunun yetirməsidi, mənim futbolçum olub. Şahin Diniyevin hər iki oğlu bu rayonda futbolu öyrəniblər”.

Ramiz Əliyev maliyyə çətinliyi olduğu üçün hazırda rayonda böyük futbol komandası olmadığını söylədi. O, növbəti mövsümdən “Mil” komandasını yenidən bərpa edib Həvəskar Liqasında mübarizəyə qoşmaq istədiyini bildirdi. Ramiz müəllim rayonu təmsil etmək üçün bu addımı atmağın vacibliyini vurğuladı. Əliyev artıq komandanın heyətini yığmağa başladığını da nəzərə çatdırdı.

Bu bölgədə futbola böyük maraq olsa da, komanda yaratmaq üçün nə rayon rəhbərliyi, nə də rayonun iş adamları təşəbbüs göstərmirlər. Uzun müddət həvəskar səviyyədə çıxış edən komandalar futbolçularının daxili imkanları hesabına fəaliyyət göstəriblər.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//BEYLƏQAN


.
.
.
0.38743495941162