BAKI-2017: “Uğurlu Gələcək” proqramı davam edir!

17:05 02-04-2017
BAKI-2017: “Uğurlu Gələcək” proqramı davam edir!

SM: Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində təlimlər davam edir. İslamiadanın rəsmi saytında verilən məlumata görə 1 aprel 2017-ci il tarixində “Uğurlu Gələcək” Proqramı Bakı 2017 Könüllülərinin şəxsi və peşəkar inkişafına dəstək üçün 5-ci təlimi: "Uğurlu Karyera" təlimi ilə könüllüləri bir araya gətirib. Təlim üçün qeydiyyatdan keçən ilk 400 könüllü təlimdə iştirak edib.
Təlim iki hissədən ibarət olub. Təlimin birinci hissəsi Gilan Hospitality Group-un Təlim Meneceri vəzifəsində çalışan Rəşad Hüseynzadə tərəfindən keçirilib. Təlim zamanı Rəşad Hüseynzadə könüllülərə uğurlu karyera qurmaq və digər lazımlı bacarıqları necə inkişaf etdirmək barədə faydalı məsləhətlər verib. Təlim zamanı könüllülər işəgötürən üçün ideal namizəd olmağın sirləri ilə də yaxından tanış olublar.
Təlimin ikinci hissəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva öz iş təcrübəsi barədə danışaraq, könüllülərin suallarını cavablandırdı. Qənirə Paşayeva müxtəlif vəzifələrdə çalışaraq qazandığı iş təcrübəsini könüllülərlə bölüşmüşdür.
Təlimin sonunda könüllülərə iştiraka dair sertifikatlar təqdim olunub.
Yeri gəlmişkən, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramı 18 fevral, 2017-ci il tarixindən fəaliyyət göstərməyə başlayıb.
Proqramın əsas məqsədi Bakı 2017 Könüllülərinin Oyunlara hazırlığını təmin etmək, onların gələcək iş həyatında uğur qazanmasına şərait yaratmaq və eləcə də, hədəflərinə doğru uzanan yolda gənclərə dəstək olmaqdır. 18 Fevral 2017-ci il tarixindən etibarən Könüllülərin şəxsi və peşəkar inkişafını təmin etmək məqsədilə 5 təlim keçirilib: “Özünü kəşf et", "Liderlik və İdarəetmə”, “Təsirli Nitqin 4 Sirri”, “Effektiv Ünsiyyət”, “Uğurlu Karyera”.


.
.
.
0.57654905319214