Tahir Gözəl: "Çox gözəl oyun oldu, komandadan razıyam"

14:22 06-04-2017
Tahir Gözəl: "Çox gözəl oyun oldu, komandadan razıyam"

SM: "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə cavab oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra verdiyiniz açıqlamada demişdiniz ki, “Neftçi”ni öz meydanında məğlub etmək sizə əlavə zövq verəcək. Artıq növbəti mərhələdəsiniz. Nə hiss edirsiniz?

- Əvvəlcə, “Neftçi”ni 80 illik yubileyi münasibəti ilə təbrik edirəm. Bu həqiqətən də möhtəşəm bir tarixdir. “Neftçi” bu cəhətdən hamımızın fəxridir. Amma “Qarabağ” da tarixi klubdur, ilk oyunlarımız illər öncəyə gedir. Bugünkü oyuna gəlincə, ilk matçda yaxşı nəticə əldə etmişdik. Bu gün də (red-dünən) müsbət nəticə gözləyirdik və alındığı üçün xoşbəxtik. Çox gözəl oyun oldu, komandadan razıyam.

- Bu matçda “Qarabağ” demək olar ki, əsas heyətlə oynamadı. Futbolçulardan razı qaldınızmı?

- Yaxşı oynadılar. Əsas odur ki, nəticə oldu. İndi qarşıda “Qəbələ” ilə oyunumuz var və bu matç bizim üçün olduqca vacibdir. Ona görə də Qurban müəllimin strategiyasını başa düşürəm, bəzi oyunçulara istirahət vermişdi. “Qəbələ” ilə oyunda xüsusilə, Rəşad Sadıqovu meydanda görmək istəyirəm.

- Kubokun finalında “Qəbələ” ilə qarşılaşacaqsınız..

- Bəli. Hədəfimiz “qızıl dubl”dur. “Qarabağ” adı və oyunu ilə buna layiqdir. Amma “Qəbələ” də çox çətin rəqibdir. Həyəcanlı və maraqlı oyunlar olacağını dərk edirik.

- “Qəbələ” “Qarabağ”la matçlara sanki əlavə bir motivasiya ilə çıxır...

- Adətən digər klublar da “Qarabağ”la matça daha istəkli çıxır. Bizdə isə daha zəif komandalarla oynayanda futbolçularda rahatlıq olur.

- Təbii ki, hər iki titul önəmlidir. Seçim qarşısında olsanız, hansı mükafatı seçərdiniz?

- Əlbəttə ki, çempionluq. Amma bunu indi demək düzgün deyil. Biz hər iki kuboka iddialıyıq. “Qarabağ” “qızıl dubl” etməlidir. Bu tarixdir və biz bu tarixi yazmaq istəyirik. Qarabağın çətin dönəmində bunlar olduqca vacibdir. Qonşu ölkələr, xüsusilə də Ermənistan “Qarabağ”ın uğurlarını görür. Məncə, bunlar xüsusi mesajdır. Bu o deməkdir ki, biz Qarabağın arxasındayıq.

- Reynaldo “Qarabağ”dan gedəndən sonra "Adanaspor"da özünü yaxşı tərəfdən göstərə bilmir, son oyunlarda əsas heyətə düşməkdə çətinlik çəkir, zədəsi də var. Onun bu durumundan təəssüflənmirsiniz?

- Reynaldo istedadlı futbolçudur. Lakin niyə oynaya bilmir, başa düşmürəm. Son zamanlar biz də Reynaldonu əvvəkli formasına qaytara bilmirdik. Ümid edirəm ki, özünü yaxın zamanlarda toparlaya biləcək.

- Reynaldonun “Qarabağ”a qayıtmaq ehtimalı var?

- Bu, baş məşqçimiz Qurban Qurbanova veriləcək sualdır. Biz heç vaxt onun işinə qarışmamışıq. Mən həmişə demişəm ki, baş məşqçimiz kimi işarə etsə, onu da transfer edəcəyik. İndi Reynaldonu geri qaytarsaq, risk etmiş olarıq. Amma son qərar Qurban Qurbanova məxsusdur.

- Kubokun finalı Naxçıvanda olacaq...

- Əla, Dəstəkləyirəm! Mən özüm də Naxçıvana gedib, kabab yemək istəyirəm (gülür).


.
.
.
0.31301307678223