(LAYİHƏ) Sportmedia.az-ın Yevlaxdan reportajı

23:36 30-04-2017
(LAYİHƏ) Sportmedia.az-ın Yevlaxdan reportajı

 

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində bu dəfəki səfərimiz Kür çayının sahilində, Gəncə-Qazax düzənliyinin cənub-şərqində yerləşən Yevlax şəhərinə oldu. Yevlax futbolundan söhbət düşərkən dərhal “Karvan” klubu xatırlanır. Lakin bu şəhərin futbol tarixi sovetlər dönəminə gedib çıxır. Hazırda 120 min əhalisi olan, futbol bölgəsi kimi tanınan Yevlaxın futbol tarixi, futbol üçün resurslar, imkanlar və şəraiti, şəhərin uşaq futbolunun hazırkı vəziyyəti barəsində Sportmedia.az-ın hazırladığı geniş reportajı təqdim edirik. İlk olaraq şəhərin futbol tarixinə səyahət edək.

QISA TARİX

Yevlax futbolu ilə hələ sovetlər dönəmində özündən söz etdirməyi bacarıb. Bu şəhərin futbol tarixi təxminən 1950-cı illərə təsadüf edir. Həmin dövrdə şəhər aeroportunda çalışan ruslar həvəskar səviyyədə komanda yaradıblar. 1951-ci ildə bu komanda Azərbaycan kobukunda finala qədər yüksələ bilib. Sonrakı illərdə müxtəlif adlarla həvəskar səviyyəli komandalar da olub. 1960-cı illərdə isə Yevlax “Yunçu” adlı futbol komandasıyla təmsil olunub. Bu komanda Yevlaxda yerləşən Yun fabrikinin balansında yaradılıb. Komandanın ilk məşqçisi Zahid Məhərrəmov olub. Bir neçə ildən sonra isə komandanın heyətində çıxış edən Akif Musayev eyni zamanda komandaya rəhbərbərlik də edib. “Yunçu” 1983-cü ildə Zaqatalada keçirilən “Qızıl Sünbül” turnirində ikinci olub. Komanda Yevlax aeroportunun stadionunda çıxış edib. “Yunçu” komandasının vaxtında ev oyunlarına təxminən 4-5 min azarkeş toplanırmış.

1985-ci ildə isə bu komandanın adı dəyişdirilərək “Avtomobilçi” olub. Çünki həmin ildən komanda Yevlaxda yerləşən Avtomobil İstehsalat Birliyinin dəstəyilə fəaliyyətini davam etdirib. Məhz adı da bununla bağlı olub. Sovetlər dönəmində “Avtomobilçi” adında bir neçə komanda fəaliyyət göstərib. O dövrdə Azərbaycanda yaradılan komandaların hərəsi bir zavoda, təşkilata həvalə olunub. Həmin komandaların necə adlanmasında bu amil əsas rol oynayıb. Komandalar məhz onu maliyyələşdirən təşkilatın adını daşıyıblar. Yevlaxda da eynilə belə olub
1986-cı ildən ölkə çempionatının birinci dəstəsində çıxış etməyə başlayan “Avtomobilçi” 1987-ci ildən Azərbaycan çempionatında və kubokunda çıxış etmək üçün vəsiqə qazanıb. Komanda Akif Musayevin rəhbərliyi ilə elə həmin ildəcə kobokun finalına yüksəlib və finalda Sabirabadın “İnşaatçı” komandasına uduzub. 2 il sonra baş məşqçi dəyişdirilərək Əli Rəhmanov olub. Rəhmanovun rəhbərliyi ilə çıxış edən komanda bu dəfə də kubokun finalında Lənkəranın “Xəzər” komandasına məğlub olub.
Güclü heyətə malik olan "Avtomobilçi" sovetlər dönəminin son illərində ölkədə yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq zəifləməyə başlayıb. Belə ki, 1980-ci illərin sonunda artıq zavod və fabriklər maliyyə böhranı yaşamağa başlayıb, bu isə “Avtomobilçi”nin maliyyə dayağının zəifləməsi demək idi. Beləliklə də, komandanın heyətindəki futbolçuların bəziləri klubdan uzaqlaşıb və bu da komandanın çıxışında özünü göstərib. Müstəqillik dövrünün ilk illərində isə müharibə şəraitində olan ölkədə futbol komandalarının saxlanılmasına elə də diqqət yetirilməyib. Beləcə, “Avtomobilçi” fəaliyyətini 1995-ci ildə maliyyəsizlikdən dayandırıb. Vaxtilə “Yunçu” və “Avtomobilçi”də futbolçu və baş məşqçi olmuş Akif Musayev bizimlə söhbətində həmin dövrü belə xatırladı: “Avtomobilçi” komandası yaranana qədər “Yunçu” adlı komanda fəaliyyət göstərirdi. Şəhərin futbolsevərləri bütün ev oyunlarımıza gəlirdilər. O vaxtı futbola maraq indikindən daha çox idi. Biz ev oyunlarımızı Yevlaxda yerləşən aeroportun meydançasında keçirirdik. O aeroport nəqliyyat daşınması üçün deyildi, kiçik idi. Əsasən əkin sahələrinə dərman səpən təyyarələr üçün idi. Amma meydançası qum olsa da, yaxşı vəziyyətdə idi. Sonralardan həmin stadionda “Avtomobilçi” komandası da çıxış etdi. Hər iki komandada baş məşqçi olmuşam və futbolçu kimi də çıxış etmişəm. “Avtomobilçi” yarananda “Yunçu”nun heyətində olan yerli futbolbolçular idi və sonradan başqa rayonlardan da futbolçular gəlib bizə qoşulmuşdu. Bu komandanın yaradılmasına şəhərin I katibi göstəriş vermişdi və komanda üçün tam şərait yaradılmışdı. Həmin dövrün iddiialı komandalarından idik. Ev oyunları günü Yevlaxda futbol bayramı olurdu. Oyunlarımızı izləməyə çoxlu azarkeş gəlirdi. Sonrakı illərdə Əli Rəhmanov komandaya rəhbərlik edirdi. Rəhmanov Yevlax futbolu üçün çox iş görmüşdü. 2 dəfə ölkə kubokunun finalında çıxış etmişdik. 1990-cı illərin əvvəllərində komanda maliyyə cəhətdən çox əziyyət çəkirdi və 1995-ci ildə fəaliyyətini birdəfəlik dayandırmalı oldu”.


1990-cı illərdə “Avtomobilçi”dən sonra həvəskar səviyyədə “Gənclik” adıyla komanda da fəaliyyət göstərib. Lakin 2004-cü ildə Şahmar Vəliyevin təşəbbüsü ilə peşəkar səviyyəli komanda “Karvan” yaradılıb. Klubun sponsoru “Azneftemaş” ASC olub. Komandanın baş məşqçisi isə Yunis Hüseynov olub. İlk yarandığı ildəcə ölkə çempionatına qoşulan “Karvan” III yeri tutaraq UEFA İntertoto kubokunda mübarizəyə qoşulub. İntertoto kubokunda Polşa “Lex”i ilə qarşılaşan komanda iki oyunda da məğlub olub. Bu oyunlara əsas hazırlıqlarına mane olmamaq üçün “Karvan” ikinci heyətlə qatılıb. Səbəbləri isə İntertoto kubokunun ölkə futbol reytinqinə təsir etməməsi olub. “Karvan”ın avrokuboklarda ilk qolunu Yuri Muzika vurub.
Növbəti mövsüm Azərbaycan çempionatında ikinci yeri tutan “Karvan” məhz həmin ili tarix yazıb. Belə ki, UEFA kubokunda çıxış edən Yunis Hüseynovun yetirmələri Slovakiyanın “Spartak” klubunu həm evdə, həm də Trnavada məğlub edərək növbəti mərhələyə yüksəlib. Növbəti mərhələdə isə Çexiya “Slaviya”sı keçilməz olub – 0:0, 0:2.
“Karvan” ev oyunlarını Yevlax şəhər “Karvan” stadionunda keçirib. Stadionda ev oyunları zamanı 5 mindən çox azarkeş olurmuş. “Karvan” qısa müddətə Yevlaxın sevimlisinə çevrilib. Komandanın avrokuboklardakı nəticəsi, daxili çempionatdakı ardıcıl qələbələri yevlaxlıları sevimli komandalarının oyunlarında arenalara gəlməyə vadar edib. Fərrux İsmayılov, Yakuba Bamba, Yuri Muzika, Kamara, Bəşir Müqədi və başqa futbolçuların yüksək oyun qabiliyyətləri “Karvan”ın məğlubedilməz komanda kimi formalaşmasında böyük rolu olub.
UEFA kubokundakı uğurlu çıxışından sonra “Karvan” hər il enişə doğru irəliləyib. Növbəti mövsümlərdə çətin günlərini yaşayan komanda I divizionda mübarizə aparmalı olub. Maliyyə çətinlikləri ucbatından “Karvan” 2014-cü ildə birdəfəlik fəaliyyətini dayandırıb.

 


Vaxtilə “Karvan”da Yunis Hüseynovun köməkçisi, əvəzedici heyətlərin baş məşqçisi olmuş Valeh Mirzəliyev açıqlamasında böyük uğurlara imza atmış “Karvan”ın dağılmasının, hazırda Yevlaxın peşəkar komanda səviyyəsində təmsil olunmamasının üzücü hal olduğunu bildirib:
“Klubun yaradılması gözümüzün önündə olub. Gəncənin indiki icra başçısı o dövrdə Yevlaxa gəldikdən sonra şəhərdə yeni komanda yaradılmasına göstəriş verdi. Qardaşı Şahmar Vəliyev klubun prezidenti təyin olundu. İlk olaraq yerli futbolçulardan yaradılan komanda heyətinin sıralarını genişlətməyə başladı və peşəkar səviyyəli futbolçuların gəlmək istədiyi bir komandaya çevrildi. Məni Yunis Hüseynova kömək etməyə və əvəzedici heyətlərin baş məqçisi olmağa dəvət etdilər. Rəhbərliyim altında 17 yaşlı fubolçularla Azərbaycan çempionatında 3-cü yerə çıxmışıq. Qısa müddətə böyük uğurlara imza atan “Karvan”ın fəaliyyətini dayandırması Yevlax üçün heç də yaxşı olmadı. Hazırda Yevlaxda heç bir peşəkar böyük futbol komandası yoxdu”.

UŞAQ FUTBOLU

Yevlaxda uşaq futbolunun vəziyyəti qənaətbəxşdi. Uşaq Gənclər İdman Məktəbinin (UGİM) nəzdində 5 yaş qrupunda 10 komanda fəaliyyət göstərir (U-10, U-11, U-12, U13, U-14). 6 müəllimin rəhbərliyi altında hər yaş qrupunda 2 komanda var. Uşaq komandaları məşqləri UGİM-in stadionunda keçirlər. Ümumilikdə 150-yə yaxın uşaq futbolun sirlərinə yiyələnməyə çalışır. Futbol dərsləri keçən məşqçilərdən müəyyən kurslardə və məşqçi seminarlarında iştirak edənlər var, amma kateqoriyalı məşqçi yoxdu. Vaxtilə “Karvan”da məşqçi olmuş Valeh Mirzəliyev və Yevlax şəhər ”Karvan” stadionun direktoru olmuş, hazırda UGİM-in futbol şöbəsinin müdiri Akif Musayev komandalara rəhbərlik edirlər. Hər 2 müəllimin qrupu Qəbələ zona yarışlarında iştirak edirlər.

Yevlaxda uşaq futbolunun vəziyyəti ilə əlaqədar Akif Musayevlə söhbət etdik. O, açıqlamasında Yevlaxda perspektivli uşaqların çox olduğunu dedi:
“Ümumi 5 yaş qrupunda 2 komandayla təmsil olunuruq - UGİM Yevlax və UGİM Rabitəçi. Mən UGİM Rabitəçi komandasına rəhbərlik edirəm. Uşaqlardan razıyam, perspektivli uşaqlar çoxdu. İşıq yolu gördüyümüz uşaqları çalışırıq ki, peşəkar klublara göndərək. Yetirmələrimiz əsasən “Qəbələ” və “Vətən” klubuna gedir. Hazırda Kənan Mədətzadə və Bayram Vəliyev 17 yaşlılardan ibarət milli komandada çıxış edirlər. Onları “Vətən” klubuna göndərmişik, orada da çempion oldular”.
Musayev şəraitlərinin yaxşı olduğunu qeyd etdi. O, məşqçi kateqoriyalarının sonradan yarandığını, özünün ali təhsilli futbol müəllimi olduğunu bildirdi.

UGİM Yevlax komandasının məşqçisi Valeh Mirzəliyev yetirmələrindən fərqlənənləri hər il “Qəbələ” və “Vətən” klublarının seçib apardığını söylədi: “Keçən il 3 uşaq “Qəbələ”, 2 uşaq isə “Vətən” klubuna vermişəm. “Qəbələ”nin seçib apardığı U-13 liqasında çıxış edən Sərxan Mirzəzadə həmin liqanın bombardiri olub. Çalışırıq ki, peşəkar klublar uşaqlar istəyəndə verək. Hazırda “Rəvan”da, “Şəmkir”də oynayan uşaqlarım var. Şəraitimiz olsa da, amma uşaqların peşəkar klub səviyyəsində hazırlaşması daha yaxşıdı. AFFA hər il uşaq komandalarını formalarla, toplarla və digər ləvazimatlarla təmin edirdi. Bu il heç nə vermədi, uşaqlar ötən ildən qalma formalarla çıxış edirlər”.

RESURSLAR VƏ ŞƏRAİT

Yevlaxda futbolla məqşul olmaq üçün yetərincə futbol qurğuları var. Təxminən 10-a yaxın böyük və kiçik meydançalar var. Əsas stadion isə Yevlax şəhər “Karvan” stadionudu. 1985-ci ildə inşa olunmuş stadionda 2004-cü ildə yenidənqurma işləri aparılmış və müasir standartlara cavab verən arena halına gətirilmiş.

Stadionun 2 meydançası var - əsas və köməkçi. Meydançaların ölçüləri müasir ölçülərə uyğundu – 105 - 68m-di. Təbii ot örtüklü meydançalar hazırda çayır tipli otlarla qarışıb. Arena 2 müasir tipli soyunub-geyinmə, həkim, massaj və hakimlərin məşvərət otaqlarına sahibdi. Meydançalar işıqlandırma sistemlərilə təchiz olunub. Əsas meydançanın kənarlarında qaçış zolaqları var. Stadionda 10-a yaxın çalışan var. Suvarma sistemləri müasir deyil. Arenanın 5000 nəfərlik azarkeş tutumuna malik trubunası var. Tribunanın vəziyyəti yaxşıdı.

Futbol infrastrukturu baxımından ideal olan Yevlaxda Kür çayının sahilində düşərgə tipli müasir kompleks var. Futbolçuya lazım olan hər bir avadanlıqla təchiz olunmuş düşərgədə 3 meydança, hovuz, tennis kortu, ailəli futbolçular üçün kottejlər, futbolçuların asudə vaxtlarını mənalı keçirmələri üçün internet və kompyuter zalları mövcuddu.

Yevlaxda futbolla məşğul olmaq üçün şərait və infrasturukturla bağlı şəhərin Gənclər və İdman İdarəsinin rəisi Bünyəmin Musayevlə söhbət etdik. O, Yevlaxın böyük futbol komandasının olmamasından əziyyət çəkməsinə baxmayaraq, qurğular cəhətdən şəraitin ideal olduğunu dedi:
“Böyük futbol komandamız olmasa da, meydançalarımız, stadionumuz var. Futbol üçün şərait Yevlaxda idealdı. Əsas stadionun durumu yaxşıdı, “Kəpəz”in əsas komandasından başqa demək olar ki, digər komandalarının ev oyunları burada keçir. Yevlaxda “Karvan”ın vaxtında tikilmiş idman bazası da var. Orada da təbii ot örtüklü 2 meydança var. Bazada futbolçu üçün lazım olan hər şərait var. Futbolçular toplanışda orada qala bilərlər, şərait idealdı. Hazırda həmin bazanı TANAP şirkətinə müqaviləylə icarəyə veriblər. Stadion və həmin baza xüsusi mülkdü, Şahmar Vəliyevə məxsusdu. Yevlaxda futbolla məşğul olmaq üçün başqa böyük və kiçik meydançalar da mövcuddu”.

Futbol bölgəsi kimi məşhur olan Yevlax hazırda böyük futbol komandalarının olmamasından əziyyət çəkir. Bu şəhərin sakinləri ilə söhbətimizdə onların futbola bağlılığını aydın sezmək mümkün idi. Valideynlər uşaqlarının futbolçu karyeralarını Yevlaxda davam etdirmək istədiklərini, lakin peşəkar komandalarının olmadığını əsas gətirirlər. Bununla AFFA və digər aidiyyatı qurumların maraqlanacağını və Yevlaxa yenidən böyük futbolun qayıdacağını ümid edirik. Yevlaxı futbolsuz qoymaq olmaz!

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ


.
.
.
0.33627796173096