Roman Qriqorçuk: "Elə şəraitdə oynamaqdan başımız çox ağrıyıb"

20:03 04-05-2017
Roman Qriqorçuk: "Elə şəraitdə oynamaqdan başımız çox ağrıyıb"

SM: Sabah Azərbaycan Kubokunun final matçı keçiriləcək. Həlledici görüşdə "Qarabağ" və "Qəbələ" klubları münasibətlərinə aydınlıq gətirəcəklər.
Komandalar bu gün qarşılaşmanın təşkil olunacağı Naxçıvan şəhər stadionunda son məşqlərini keçiriblər. Meydana əvvəlcə "Qəbələ" futbolçuları çıxıb. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "CBC Sport"un əməkdaşının suallarını cavablandırıb: "Qarabağ"la final oyununa hansı heyətlə çıxacağımızı indidən deyə bilmərəm. Çünki bunun üçün daha bir neçə nüansı dəqiqləşdirməyim lazımdı. Bu, ən yaxşı halda oyun günü, səhər saatlarında nəzəri məşğələdən sonra məlum olacaq".

Ukraynalı mütəxəssis ölkə çempionatının son turunda "Suqmayıt"la görüşdə əsas futbolçularının oynamamasının final matçına nə dərəcədə təsir edəcəyinə də münasibət bildirib:

"Sumqayıt"la görüşün keçirildiyi meydança süni örtüklüdü. Elə şəraitdə oynamaqdan başımız çox ağrıyıb. Futbolçuların zədələnmə ehtimalı böyükdü. Ona görə də risk eləmədik. Əgər qarşılaşma təbii örtüklü meydanda keçirilsəydi mütləq əsas heyətdə oynayardıq. Ancaq final matçında bunun futbolçularıma mənfi təsir göstərəcəyini düşünmürəm".

"Qarabağ" - "Qəbələ" oyunu saat 16:00-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq. Görüşü Fariz Yusifov idarə edəcək.


.
.
.
0.31443500518799