(LAYİHƏ) Sportmedia.az-ın Gəncədən reportajı (I HİSSƏ)

15:40 17-05-2017
(LAYİHƏ) Sportmedia.az-ın Gəncədən reportajı (I HİSSƏ)

“Bölgə futbolu: İmkanlar, resurslar və reallıqlar” layihəsi çərçivəsində növbəti reportajımız Gəncə futbolundan oldu. Azərbaycan futbolundan danışarkən Gəncəni yada salmamaq mümkünsüzdü. Futbolumuzun inkişafında bu bölgənin xidmətləri danılmazdı. Buna görə də Gəncə futbolu haqqında olan reportajımızı geniş – bir neçə hissəli hazırladıq. Belə ki Gəncənin futbol tarixindən hazırkı durumuna qədər olan dövrü haqqında ətraflı məlumat verəcəyik. Tarixlə yanaşı uşaq futbolu ilə daima öndə olan Nizami diyarının hazırda uşaq futbolundakı vəziyyətini də araşdırmağa çalışacağıq. Daha sonra hazırda Gəncə futbolunun imkanlar, resurslar və reallıqlar baxımından durumu ilə bağlı da araşdırma aparacağıq.

QISA TARİX

Gəncə futbolunun tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. Dəqiq tarixi bilinməsə də təxminən XX əsrin 20-cu illərində Gəncədə futbolun “rüşeym”ləri özünü göstərib. Gəncəlilər həmin illlərdə kiçik həvəskar komandalar şəklində futbolla məşğul olmağa başlayıblar. Bu bölgədə futbola maraq getdikcə daha da artıb. Bəzi mənbələrdə Gəncə futbolunun yaranmasında “Alman izi”nin də olması söylənilir. Deyilənlərə görə, Tovuzda futbolu yaratmış almanların bəziləri bu idman növünü Gəncəyə də daşımağa nail olublar. Təbii ki, bunlar heç biri dəqiq faktlar deyil. Dəqiq bilinən odur ki, Gəncədə ilk rəsmi futbol klubu 1959-cu ildə yaranıb. Həmin klubun adı “Toxucu” olub. 1950-ci illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə çıxış edən komandaların sayını artırmaq haqqında qərar qəbul edib. Bundan sonra bir çox bölgələrdə rəsmi klublar yaradılmağa başlayıb. Yeni yaradılan klublarin əksəriyyəti müxtəlif zavod və fabriklərin nəzdində formalaşıb. Komandaların adlarından da bunu bilmək mümkündü. Bu qərara əsasən Toxucu fabrikinin balansında yaranan “Toxucu” komandası SSRİ birinciliyinin ikinci dəstəsində mübarizə aparıb.

Sonra klubun adı dəyişilib “Dinamo” qoyulub. Bu komanda 1962-ci ildə “Neftçi”yə və Kiyev “Dinamo”suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə yüksəlib. 1965-ci ildə komanda “Dinamo” adı altında SSRİ çempionatının birinci, 3 il sonra isə yüksək dəstəsinə vəsiqə qazanıb. O vaxtkı adı ilə desək, Kirovabad kimi şəhərin SSRİ birinciliyinin elitasına çıxması İttifaq məkanında böyük əks-səda yaradıb.

1967-ci ildə Dinamo Kirovabad SSRI 2-ci liqasının çempionu olaraq, qızıl medalları Gəncəyə gətirir. Komandalarının uğurlarını qeyd etmək üçün azarkeşlər küçələrə çıxaraq sevimli komandalarını qarşılayırlar. Gəncədə qazanılmış qızıl medalların sevinci yaşanır. Həmin qarşılama mərasimindən olan tarixi fotonu sizə təqdim edirik.

1975 – 1981-ci ilə kimi isə Gəncə “Tərəqqi” (Kirovabad) adlı komandayla təmsil olunub. 1982-ci ildən isə “Kəpəz” (Gəncə) adıyla çıxış etməyə başlayıb. Gəncədə müxtəlif vaxtlarda olan peşəkar komandaların adları:

- 1959 - 1962 “Toxucu” (Kirovabad)

- 1962 - 1974 “Dinamo” (Kirovabad)

- 1975 - 1981 “Tərəqqi” (Kirovabad)

- 1982 - 2004 “Kəpəz” (Gəncə)

- 2004 - 2011 “Gəncə”

- 2011 - “Kəpəz”

Müstəqillik dövründə “Kəpəz” daha fəal çıxış etməyə başlayıb. “Kəpəz” klub tarixində ən böyük uğurlarını da məhz milli çempionatda qazanıb. Komanda 3 dəfə qızıl medallara layiq görülüb (1994/1995, 1997/1998, 1998/1999), 4 dəfə ölkə kubokunu Gəncəyə gətirib (1993/1994, 1996/1997, 1997/1998, 1999/2000). Gəncəlilər Çempionlar Liqası və UEFA Kuboku kimi qitənin nüfuzlu klub turnirlərində, Müstəqil Dövlətlər Biriliyinin “Birlik Klubok”u kimi mötəbər yarışında iştirak etib. “Kəpəz” bütün bu uğurlara komandanın o vaxtkı baş məşqçisi Mehman Allahverdiyevin rəhbərliyi altında imza atıb.

Nizami yurdunun təmsilçisinin 2015-ci ildə Premyer Liqaya qayıdışı avrokuboklara vəsiqə qazanmaqla əlamətdar olub. Çempionatda Şahin Diniyevin rəhbərliyi altında uğurlu mövsüm keçirən “sarı-göylər” Avropa Liqasında çıxış etmək imkanı əldə edib. Birinci mərhələdə iki oyunun nəticəsinə əsasən Moldovadan olan rəqibini mübarizədən kənarlaşdıran “Kəpəz” klub tarixi ərzində bir ilkə imza atıb. Komanda ilk dəfə olaraq qitə miqyaslı yarışlarda mərhələ adlayıb.

“Kəpəz”in avrokuboklardakı çıxışı:

1995/96 UEFA Kuboku: Rəqib: Avstriya “Vyana” Hesab: 1-9

1997/98 UEFA Kuboklar Kuboku: Rəqib: Latviya “Dinaburq” Hesab: 0-2

1998/99 UEFA Çempionlar Liqası: Rəqibi: Polşa LKS “Lodz” Hesab: 2-7

1999/00 UEFA Çempionlar Liqası: Rəqibi: Makedoniya “Sloga Jugomagnat” Hesab: 2-2

2000/01 UEFA Kuboku: Rəqibi: Türkiyə “Antalyaspor” 0-7
2016/17 Avropa Liqası: I mərhələdə rəqibi: Moldoviya “Daçiya” Hesab 0:1
2016/17 Avropa Liqası: II mərhələdə rəqibi: Avstriya “Admira” 0-3

Müstəqillik illərində "Kəpəz"də çalışmış baş məşqçilər

- Şahmir Hüseynov (1992)
- Mübariz Zeynalov (1992-1993)
- Mehman Allahverdiyev (1993-2003)
- Fuad İsmayılov (2003, 2004, 2006)
- Arzu Mirzəyev (2003)
- Şahin Diniyev (2004-05)
- Fuad İsmayılov (2009-11)
- Mehman Allahverdiyev (2011)
- Mirbağır İsayev (2011)
- Fuad İsmayılov (2011-2012)
- Mahmud Qurbanov (2012--2013)
- Vidadi Rzayev (2013-2015)
- Şahin Diniyev (2015 - )

Gəncə Azərbaycan futboluna Müzəffər Qasımov, Mehman Allahverdiyev, Novruz Əzimov, Vəli Qasımov, Yunis Hüseynov, Vidadi Rzayev, Xaliq Mərdanov, Faiq Cabbarov, Maşallah Əhmədov,Mahmud Qurbanov kimi futbolçular qazandırıb.

Gəncənin əsas komandası sayılan “Kəpəz” Azərbaycan Premyer Liqasının son mövsümündə çempionatı 5-ci yerlə başa vurub. Bu nəticə ilə avrokuboklardan kənarda qalmalı olub. Son mövsümdəki çıxışlarını komandanın baş məşqçisi Şahin Diniyev belə dəyərləndirib: “Ardıcıl iki il beşinci yeri tutduq. Avropa Liqasına vəsiqə qazanmağa bir xalımız çatmadı. Ona görə bir xal deyirəm ki, mənim düşüncəmlə “Zirə” – “Neftçi” oyununda qonaqlara texniki məğlubiyyət verilməsəydi, turnir cədvəlində xal fərqi başqa olacaqdı. Üçüncü dövrədə komandamız yalnız AZAL-ı qabaqlayırdı. Amma son dövrədə biz acınacaqlı durumdan çıxa bildik. Bəziləri xal fərqinin çoxluğuna görə sona kimi Avroliqa uğrunda vuruşacağımızı gülərək qarşılayırdı. Mən də olsaydım bəlkə elə fikirləşərdim. Çünki 7 oyunda bunu aradan qaldırmaq çətin görünürdü. Amma “Kəpəz” bunu bacardı. 6 matçda qalib gəlib yalnız “Qarabağ”a uduzduq. Ağdam klubu ilə görüşdə hesabı açsaq da, təcrübə öz sözünü dedi. Ümumi götürəndə, komandanın çıxışından razıyam, azarkeşləri sevindirə bildik. Az büdcəmizə baxmayaraq rəqiblərlə başa-baş mübarizə apardıq, heç kimə qapazaltı olmadıq. Asan təslim olmadıq, mübarizə apardıq. Uğurumuz da oldu, uğursuzluğumuz da. Sadəcə, üçüncü dövrədə üzləşdiyimiz yenilgilər vəziyyəti korladı. AZAL-la ev oyununda əlavə vaxtda buraxdığımız qol bizi qələbədən etdi, daha bir neçə belə oyunu sadalamaq olar. Qış fasiləsindən sonra “İnter” ilə keçirdiyimiz ilk oyun komandanı yolundan etdi. İlk yarıda hesabda irəlidə olarkən 48-ci dəqiqədə buraxdığımız qol uşaqları psixoloji cəhətdən sındırdı və bununla da uğursuzluq zolağına düşdük. Stabil ola bilmədik. Ən əsası toparlanıb vəziyyətdən çıxa bildik. Azarkeşlərin və əsasən də rəhbərliyin bizə inanması, dəstək verməsi həlledici oldu. Son dövrədə yığdığımız xala görə hətta “Qarabağ”dan üstün olduq. Məncə, bir pillə də yuxarını tuta bilərdik. Bəzi futbolçular “Kəpəz”də potensiallarını aça bildilər, elitada özlərini bəlkə də ilk dəfə ən yaxşı tərəfdən göstərdilər. Təbii ki, məşqçi olaraq tam razı ola bilmərəm, razı oldunsa, işləməyə dəyməz. Narazı olduğum məqamlar çoxdu, həm özümdə, həm də komandada. Səhvlərimizi yeni mövsümdə təkrar etməməliyik.”
Şahin Diniyev futbolçuların komandayla olan müqavilələrinin iyun ayının sonunda qüvvədən düşdüyünü və yenilərinin avqust ayında bağlanacağını söylədi. O, ürəyi “Kəpəz”lə döyünən futbolçunun komandada qalacağını, başqa fikirdə olan futbolçuların gedəcəyini bildirdi.

Yeni mövsüm üçün “Kəpəz”in məşqçilər korpusunda da dəyişiklik edilib. Belə ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq.
Xatırladaq ki, Vidadi Rzayev vaxtilə futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi doğma klubunda çalışıb və mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

Qeyd edək ki, reportajımızın növbəti hissələrində Gəncədə futbolla məşğul olmaq üçün şəraitin, imkanların, infrastrukturun və oradakı uşaq futbolunun vəziyyəti ilə bağlı apardığımız geniş araşdırmanı təqdim edəcəyik.

Ardı var...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//GƏNCƏ


.
.
.
0.34038114547729