Hacı və Cəmaləddin qızıl, Murtuz gümüş, Şərif bürünc medal qazandı!

08:08 21-05-2017
Hacı və Cəmaləddin qızıl, Murtuz gümüş, Şərif bürünc medal qazandı!

SM: Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb.

Yarışların dördüncü günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Bütün rəqiblərini məğlub edən Hacı Əliyev (61 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Yalnız final görüşündə uduzan Murtuz Müslümov (70 kq) gümüş medalla kifayətlənib. Şərif Şərifov (86 kq) isə bürünc medal qazanıb.

Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları başa çatıb. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərlik etdiyi yığma komandamız Oyunları 4 qızıl, 2 gümüş və 1 bürünc medalla yekunlaşdırıb.


.
.
.
0.34281587600708