(LAYİHƏ) Mahmud Qurbanov: “Mənim ağlıma gəlməzdi ki, futbolda danışılmış oyun, yaxud kiməsə hörmət etmək olsun” (MÜSAHİBƏ) I HİSSƏ

00:42 25-05-2017
(LAYİHƏ) Mahmud Qurbanov: “Mənim ağlıma gəlməzdi ki, futbolda danışılmış oyun, yaxud kiməsə hörmət etmək olsun” (MÜSAHİBƏ) I HİSSƏ

 

Gəncə futbolunun yetirməsi olan Mahmud Qurbanovun “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Sportmedia.az-a verdiyi geniş müsahibə  (I HİSSƏ)

- Azərbaycan futbolunun inkişafında Gəncə futbolunun rolunu necə qiymətləndirirsiz?
- Fikrimcə, Gəncənin Azərbaycan futbolunun inkişafında böyük rolu olub. Çünki respublikada "Neftçi"dən sonra ikinci böyük komanda "Kəpəz" sayılırdı. "Kəpəz" "Neftçi" üçün futbolçu yetişdirən bir komanda idi. Bir çox gəncəli futbolçular fərqli zamnlarda "Neftçi"nin heyətində çıxış edib. Ən çox Abramenkonun (Konstantin Abramenko) tələbələri "Neftçinin heyətində oynayıb. O vaxtlar bir növ "Kəpəz" klubu "Neftçi" üçün ehtiyat qüvvə sayılırdı. "Neftçi"nin karyerasını bitirmək üzrə olan futbolçuları isə Gəncəyə gəlirdi. "Kəpəz"in futbolçuları SSRİ çempionatında ikinci dəstədə "Neftçi"nin heyətində top qovurdular.

- Konstantin Abremonkonun adını çəkdiniz, Gəncənin uşaq futbolundan, yetirmələrindən danışarkən daha çox Abramenko xatırlanır. Onun Gəncə futbolu üçün xidmətləri barəsində fikirlərinizi bilmək istərdik?
- Mən bir şeyi deyim ki, Abramenko hər uşağı futbola götürmürdü. Uşaqların heç vaxt xətrinə dəymirdi, xoşuna gələn olmayanda deyirdi get, sentyabrda gələrsən. Mən uşaq olanda Gəncədə bir çox uşaq futbol məktəblərıi, futbol komandaları var idi. Şəhər birinciliyi olurdu, bundan əlavə Sovet dövründə fəaliyyət göstərən "Lokomotiv" cəmiyyətinin turnirlərində oynamağa dəvət olunurduq. Uşaq olmağımıza baxmayaraq, Ukraynanın Dnepropetrovsk vilayətində təşkil olunan turnirlərdə mən özüm də iştirak etmişəm.

- Gəncənin Azərbaycan futboluna bəxş etdiyi istedadlı futbolçulardan kimlərin adını çəkə bilərsiniz?
- Mübariz Zeynalov, Maşallah Əhmədov, Vasif Əhmədov, Vidadi Rzayev, Yunis Hüseynov, Mehman Allahverdiyev, Əli Rəhimov, Tofiq Məmmədov, Cavid Əhmədov, Şahin Diniyev, Əfqan Talıbov və başqaları...


- Adlarını çəkdiyiniz futbolçulardan hansıları ilə bir komandada oynamısınız?
- Yunis Hüseynov, Mehman Allahverdiye,v Vidadi Rzayev, Əli Rəhimov, Tofiq Məmmədov, Cavid Əhmədov, Şahi Diniyev, Əfqan Talıbov.

- Milli komanda üçün Gəncə nə kimi əhəmiyyət daşıyırdı?
- Milli komandada bu futbolçuların bir çoxu, eləcə də, Fizuli Allahverdiyev, Xaliq Mərdanov, Faiq Cabbarov oynayıb. U21-də də oynayanlar çox olub.

- Əslində sualımın məqsədi hansı dövrdə milli komandanın heyətinin əsasən gəncəli futbolçulardan ibarət olmasını öyrənməkdi?
- Müstəqillik illərində uzun müddət milli komandada gəncəli futbolçular çoxluq təşkil edib. Onlardan hansı çox, hansı az çıxış edib onu deyə bilmərəm. Bu suala dəqiq tarixə görə tam cavab verməyə çətinlik çəkirəm.

- Futbola yəqin ki, Gəncədə başlamısınız. Necə oldu ki bu idman növünə sizdə maraq yarandı?
- Futbola maraq deyəndə balaca uşaqlar kimi binamızın önündə futbol oynadığımız dövrdə "Kəpəz"in oyunlarına gedirdik, həmişə klubun formasıyla futbol oynamağı xəyal edirdik. Bizim yanımızda idman məktəbi var idi birinci dəfə ora getmişdim. 7-8 yaşım olanda "Kəpəz"ə getdim. Sonra elə oldu ki Abramenkonun rəhbərliyi altında oynadıq.

- Böyük futbola gəlişinız necə oldu?
- Komanda ilə birlikdə turnirlərə gedirdik, şəhər çempionatlarında iştirak edirdik. "Sevinc" kuboku keçirildi, orada oynamağım xeyli diqqət çəkdi. Beləliklə, futbol karyeramda bundan sonra irəliləyiş başladı…

- Əsas komandaya neçə yaşında və necə gəldiniz?
- Əsas komandaya gəlişim 1990-cı illərə təsadüf etdi. O vaxt mənim 17 yaşım var idi. Həmin illərdə "Kəpəz"in baş məşqçisi rəhmətlik Əhməd Ələsgərov idi. Yoldaşlıq görüşlərinin birində oyundan sonra Əhməd müəllim dedi ki "bu uşaq sabahdan əsas komandaya gəlsin". Beləcə, mən əsas heyətdə məşq etməyə başladım.

-Futbolumuzda həmin dövrlər güclü rəqabət var idi. Necə oldu ki parladınız?
- Açığı, mən əsas heyətə düşmürdüm. İlk dəfə əsas heyətdə "Göyəzən"ə qarşı oynadım. Növbəti oyunlardan ehtiyatdan meydana daxil olurdum, mənə etimad göstərilirdi, amma müstəqillik dövründən sonra ilk dəfə əsas heyətdə Şamil Hüseynovun rəhbərliyi altında meydana çıxdım. O vaxtlar "Kəpəz"də yaxşı futbolçular var idi. İlk oyundan sonra məşqçinin rəğbətini qazanmaqla əsas heyətdə yerimi möhkəmləndirdim.

- Sizə futbolun sirlərini öyrədən Abramenko gəlib oyunlarınızı izləyirdi?
- Əlbəttə, o, hər oyuna gəlirdi. Uşaq vaxtı biz "Kəpəz"də topdaşıyanlıq da etmişik. Stadionda futbol oynamaq üçün balaca yer var idi. Biz orada "Kəpəz"in uşaq komandası ilə oynayırdıq. Həmin stadionda balaca bir xüsusi yer var idi. “Abra” (Abramenkonu nəzərdə tutur) gəlib orada oturardı. Hər dəfə oyuna başlamazdan qabaq bilirdik ki, “Abra” oyunumuzu oradan izləyəcək.


- Oyundan sonra elə olurdu ki, sizə, yaxud digər futbolçuları yanına çağırıb məsləhət verirdi?
- Maraqlanırdı, stadiona gələndə görüşürdü, məsləhət verirdi, yaşı çox olmağına baxmayaraq, son nəfəsinə kimi futbolla yaşayırdı. Səhvlərimiz olanda da bizə başa salırdı.

- "Kəpəz"in Sovetlər dönəmindəki durumunu necə xatırlayırsınız?
- Eşitdiklərim o olub ki, 1960-70 ci illərdə "Kəpəz"in heyəti çox güclü olub. Rəhmətlik Müzəffər müəllimin, Nizami Sadıxovun oyununu görməmişəm, amma güclü futbolçular olduğunu eşitmişəm. 1986-cı ildə "Kəpəz"in birinci dəstəyə çıxmaq şansı var idi, amma çıxa bilmədilər, hansı ki "Krasnapresniya", "Krılya Sovetov"nan bir qrupda idilər. Gəncədə "Krasnapresniya" ilə oyunda o qədər azarkeş var idi ki, “iynə atsan yerə düşməzdi”. Əfsuslar olsun ki, çıxa bilmədilər birinci dəstəyə. Futbolu Gəncədə o vaxtdan çox seviblər. Azarkeşlər həmişə oyunlara gəlirdilər. Kubok oyununda "Torpedo Kutaisi"ni məğlub etdilər. MOİK-lə oyunda 0:1 məğlub olsalar da, yaxşı oynamışdılar. Sonra "Dinamo Kiyev"ə səfərdə 2:1 uduzublar hansı ki o vaxtlar SSR-i yığmasının əsas tərkibi "Dinamo"lu futbolçular idi.

- O dövrlə bağlı danışılanlara görə komandalara bəzən təzyiqlər olurdu və tapşırılırdı ki, dövlət rəhbərliyinin istədiyi bəzi komandaların önü açılsın. Belə bir halla qarşılaşmışdınızmı?
- Bəlkə, o yüksək liqalarda olub, amma bizim vaxtımızda elə bir şey olmayıb. Mən ilk dəfə 1990-cı ildə 17 yaşımda "Kəpəz"in heyətinə gəldim, 1991-ci ilin axırı 19 yaşımda SSRİ çempionatı dağıldı. Yaşım az idi, umumiyyətlə, mənim ağlıma gəlməzdi ki, futbolda danışılmış oyun, yaxud kiməsə hörmət etmək olsun.

- Müasir dövrdə belə neqativ hallar daha çoxdu, amma o dövrlər belə problemlər çox da üzə çıxmırdı…
- Danışa bilərlər, amma sübuta yetirmək çətin məsələdi.

- Hakimlərimizdən danışaq. Həmin dövrün hakimləri ilə indiki hakimlər arasında fərqi nədə görürsünüz?
- Müqayisə etmək olmaz. O vaxtın futbolu ilə indiki futbol çox fərqlənir. Keçmiş futbolçuları da indikilərlə müqayisə etmək olmaz. Onlar öz dovrləri üçün yaxşı hakimlər, yaxşı futbolçular olub, amma indiki dövrün hakimləri də, futbolçuları da ayrıdı.

- Siz Gəncə futbolunun yetirmələrindən kimin daha tez parladığını müşahidə etmisiniz?
- Bizdə yaxşı futbolçular var idi, ancaq "Kəpəz"ə düşmək çətin idi. Mənim belə deyək bəxtim gətirdi ki, Əhməd müəllim (Əhməd Ələsgərov) gəlib oyunuma baxıb, xoşuna gəlib və məni dəvət edib. Elə futbolçular var idi ki, imkansızlıqdan futbolla çox məşğul olmadılar. Müstəqillik dövründən sonra bilirsiniz ki futbolda şəraitsizlik, maliyyə problemləri var idi. Belə olan təqdirdə bəzi futbolçular gördülər şəraitsizlikdi, futbolu atıb başqa sahəyə keçdilər.

- Ad çəkə bilərsiniz həmin dövrdə hansısa futbolçu ulduz ola bilərdi, amma olmadı?
- Yox. Mən özüm də elə "Kəpəz"ə düşməsəydim hazırda siz futbolçu kimi məndən müsahibə almırdınız.

Ardı var...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 


.
.
.
0.33076786994934