(LAYİHƏ) Mahmud Qurbanov: “Mən oynadığım dövrdə "Kəpəz" daha güclü olub” (MÜSAHİBƏ) II HİSSƏ 

21:33 27-05-2017
(LAYİHƏ) Mahmud Qurbanov: “Mən oynadığım dövrdə "Kəpəz" daha güclü olub” (MÜSAHİBƏ) II HİSSƏ 

Gəncə futbolunun yetirməsi olan Mahmud Qurbanovun “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Sportmedia.az-a verdiyi geniş müsahibə (II HİSSƏ)

- Gəncə azarkeşləri siz futbol oynadığınız dövrdə Qafqazın ən çılğın və ən sadiq azarkeşləri olub…
- Gəncəli olduğuma görə demirəm, "Kəpəz"in həmişə yaşlı nəsil azarkeşi çox olub. SSRİ dövründə və müstəqillik dövründə oyunlarda həmişə stadion tam dolmasa da, yarından çoxu dolu olardı. "Kəpəz"in azarkeşləri həmişə futbolu bilən olub. Mən özüm görürdüm ki, Gəncə azarkeşləri öz hesablarına səfər oyunlarına Rusiya, Belarusiya, Ukrayna, Gürcüstana gedirdilər, səfərdə komandanı tək buraxmırdılar. Gəncə azarkeşlərinin oyuna gəlməməsi barədə şikayət edə bilmərik.

-Mahmud Qurbanovun Gəncə futbolunun və ümumi Azərbaycan futbolunun inkişafında xidmətləri…
- O biri futbolçular kimi mən də bacardığım qədər oynamışam. Məndən də yaxşıları olub.

- 2013-cü ildə Gəncə futbolunda bir il baş məşqçi olmusunuz. Futbolçu kimi, yoxsa məşqçi kimi Gəncə futboluna xeyriniz daha çox olub?
- Məşqçi kimi heç nə etməmişəm, amma futbolçu kimi 8-9 il "Kəpəz"in heyətində oynamışam, Təəssüf ki, məşqçi kimi komandaya köməyim dəyməyib.

- Baş məşqçi kimi çalışdığınız dövrdə istədiyinizi edə bilməməyinizin səbəbi nə idi?
- Təcrübə deyərdim. Futbola təzə atılmışdım, məncə bu, böyük təcrübəsizlikdən irəli gəldi. Heyəti və ya şəraiti bəhanə etmək istəməzdim.

- Necə oldu ki baş məşqçi oldunuz və təklifi kim etdi?
- Mən Gəncə futbolunda oynamışam. Gəncənin ən axırıncı nümayəndəsi mən olmuşam. Yığmada da oynamışam. Baş məşqçi kimi fəaliyyətə başlamağımda gəncəli olmağımın və bu şəhərin futbolundakı xidmətlərimin rolu böyük olub. Komandaya baş məşqçi olmağımın səbəbkarı millət vəkili Xanlar Fətiyev idi.

- Baş məşqçi karyeranızı davam etdirməyi düşünürsünüz?
- Bu, məndən asılı olan bir şey deyil. Çox tələsdim və buna səbəb təcrübəszilik oldu. Tez bir zamanda uğur qazanmaq istədim, amma şərtlər və şəraiti nəzərə almadım. Baş məşqçilik karyeramı davam etdirmək istəyirəm.

- Bir futbol adamı futbolçu kimi karyerasını bitirəndən sonra ya məşqçi olmalıdı, ya hansısa klubda bir vəzifədə çalışmalıdı, yaxud da başqa sahədə işləməlidir…
- Mən fikirləşdim məşqçi kimi özümü yoxlayım, futboldan başqa sahə mənim üçün ağır olar. Həyatımın çoxunu futbolda olmuşam. Futbol məni tanıdıb, futbolnan ad çıxarmışam və o topun sayəsində həm özüm, həm ailəm üçün gün ağlamışam. İndi də əlbəttə ki, baş məşqçi kimi yenidən özümü sınamaq istəyirəm. İlk məşqçilik uğursuz oldu, adam səhvlərini gördükcə təkrar etməməyə çalışır.

- Vidadi Rzayevin Şahin Diniyevin köməkçisi olmasına münasibətiniz...
- Vidadi tək Gəncədə deyil, həm də Azərbaycan futbolunda öz dövrünün ən tanınmış simalarından idi. O, "Kəpəz"in 19 yaşılarından ibarət komandasında baş məşqçi işləyib. Vidadi kimi adam futbolda olmalıdı.

- Mehman Allahverdiyev "Kəpəz"dən ayrı qalıb. Böyük uğurlar onun vaxtında qazanılıb. 3 qızıl, 4 kubok. Onun klubdan ayrı qalmağına münasibətiniz?
- 3 qızıl və 4 kubokun şahidi olmuşam, 3 qızıl və 3 kubokda mən "Kəpəz"in heyətində idim. Bu gün onun qıraqda qalması haqqında heçnə deyə bilmərəm. Mən bu gün "Kəpəz"in içində deyiləm və heç maraqlanmamışam da niyə qıraqda qalıb. Çətin məsələdi nəsə demək.

- Mehman Allahverdiyevin Gəncə futbolunun inkişafında böyük xidmətləri var. Onu futbolsuz qoymaq olar?
- Onun vaxtında "Kəpəz" Azərbaycanın ən güclü komandası idi. Bunu danmaq olmaz, həmin vaxt heyətdə cavan uşaqlar idi. Şəraitə baxmırdıq, oynayırdıq.

- Sizin dövrünüzdə maliyyə az idi və şərait indikndən zəif idi. Həmin dövrdəki “Kəpəz”lə indiki "Kəpəz"i müqayisə etsək hansı heyəti daha güclü hesab edərsiniz?
- Mən oynadığım dövrdə "Kəpəz" daha güclü olub. 1992-ci ildən bu günə kimi "Kəpəz"in ən yaxşı heyəti mən oynadığım dövrdə olub.

- Hansı illər?
- 1992-98 ci illər. O vaxt güclü oyunçular var idi. Millidə və U-21-də çıxış edirdilər. Yəni hər komanda Gəncədən xal apara bilmirdi. Bizim bir məqsədimiz var idi ki, qələbə qazanaq, fərq etməzdi Bakıda, Qazaxda, yaxud bölgədə oynayırıq. Heyətin hamısı gəncəli uşaqlar idi.

- Sizcə, bu, Mehman Allahverdiyevin istəyi idi heyət gəncəlilərdən ibarət olsun, yoxsa təsadüfi idi?
- Həmin dövrdə o futbolçular hansı kluba getsəydilər, dərhal götürülərdilər... Təkliflər mənə də var idi, şəraitin çətin olmasına baxmayaraq, mən "Kəpəz"i seçdim. Heyətdə olan futbolçuların hamısının ürəyi “Kəpəz”lə döyünürdü.

- Həmin dövrdə "Kəpəz" özünə ən güclü rəqib kimi hansı komandaları görürdü?
- "Neftçi" və "Turan"ı. Tovuzlularla oyunumuz “Qərb derbisi” adlanırdı. “Turan”la həm səfərdə, həm də evdə oyun çox maraqlı idi. Bir də "Neftçi" ilə oyunlarımız xüsusi maraqla gözlənirdi. Son zamanlar Gəncə futbolu yada düşmür, çox sağolun ki, siz yada salırsınız, işiqlandırmaq istəyirsiniz.

- Gəncə futbolunun bu dəqiqə əsas problemi şəhərin mərkəzi stadionundan başqa stadionunların, meydançaların olmamasıdı. Gəncə futbolu bununla bağlı əziyyət çəkir, əvəzedici komanda gedir Yevlaxda oynayır...
- Əlbəttə, yaxşı meydançalar olsa, daha yaxşı olar. Amma bu günki reallıqla da barışmaq lazımdır. Biz “Abra”nın meydançasında oynamışıq. Orada ot olmayıb, palçıqlı meydanda məşq edib, oynamışıq. Meydnçaları bəhanə etmək də düzgün deyil. Arzu edək ki, bundan sonra Gəncədə futbolla məşğul olmaq üçün yaxşı meydançalar olsun.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 


.
.
.
0.32376217842102