(LAYİHƏ) Sportmedia.az-ın Mingəçevirdən reportajı I HİSSƏ

15:42 14-06-2017
(LAYİHƏ) Sportmedia.az-ın Mingəçevirdən reportajı I HİSSƏ

 

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində bu dəfəki səfərimiz əhalisinə və sayına görə respublikanın 4-cü böyük şəhəri olan Mingəçevirə oldu. Kür çayı sahilində yerləşən bu şəhər vaxtilə futbolu ilə də məşhur olub. Şəhər hazırda isə böyük futbolda I divizionda mübarizə aparan “Energetik” klubu ilə təmsil olunur. Bu bərbad durumda olan komanda isə bir neçə mövsüm ardıcıl olaraq autsayderlər sırasında qərarlaşıb. 

Reportajımızda çalışacağıq ki əsasən şəhərin şanlı futbol tarixindən bəhs edək. Amma tarixi barəsində geniş məlumat verməklə yanaşı həm də Mingəçevirin hazırda uşaq futbolu, “Energetik” klubu və infrastrukturunun durumu ilə bağlı da araşdırma aparacağıq. 2016-cı il Mingəçevir üçün əlamətdar olub, çünki şəhərin futbolunun 50 yaşı tamam olub. Ötən il yubileyini qeyd edən Mingəçevir futbolunun acınacaqlı durumu haqqında geniş araşdırma yazını təqdim edirik.

TARİX

Tarixə ötəri nəzər saldıqda, hər şeyin istər SSRİ, istərsə də müstəqillik qazandığımız 90-cı illərdə fərqli olduğunu görürük. Ümumiyyətlə, Mingəçevirdə futbol 1966-cı ildə "Neftçi"nin SSRİ birinciliyinin bürünc medal qazanması ilə kütləviləşib. Tarixə ötəri nəzər saldıqda, hər şeyin istər SSRİ, istərsə də müstəqillik qazandığımız 90-cı illərdə fərqli olduğunu görürük. Ümumiyyətlə, Mingəçevirdə futbol 1966-cı ildə "Neftçi"nin SSRİ birinciliyinin bürünc medal qazanması ilə kütləviləşib.

"Toxucu” və "Avtomobilçi”

1966-ci ildə ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. Sonra komandanın adı azərbaycanca "Toxucu" adlandırılıb. 1969-cu ildə bu komandada Nadir Qasımov kimi tanınmış məşqçilərimizdən biri çıxış edib.
1980-ci ildə Bakının "Avtomobilçi" ("Avtomobilist") komandasının oynadığı "Spartak" stadionu əlindən alındığı üçün Mingəçevirə köçüb və həmin ildən bu klub bu şəhəri təmsil edib. "Avtomobilçi" SSRİ çempionatının II divizionunun IX zonasında Qafqaz komandaları ilə birgə mübarizə aparıb ki, burda "Kəpəz"lə keçirilən matçlar derbi ab-havasında baş tutub.
"Avtomobilçi"də futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Nadir Qasımov o illəri belə xatırlayır: "Mən Mingəçevirdə futbolçu kimi "Tekstilşik"də və "Avtomobilçi"də çıxış etmişəm. 1980-ci ildə Bakıdan Mingəçevirə köçəndə heyətimizdə 2 erməni (onlardan biri Oleq Sarkisyan olub - S.T.) vardı. Mingəçevirə köçəndə uşaqlar bir az narazı idilər. Ancaq burda futbol oynamaq üçün hər cür şərait vardı. Onlara demişdim ki, burda hər şey yaxşı olacaq. Bizi Mingəçevirdə 2 otaqlı mənzillə təmin etdilər... 1982-ci ildə Mingəçevirdə futbolçu karyeramı bitirdikdən sonra "Spartak" cəmiyyətinin nəzdində uşaq futbol məktəbi açdım. 1 il sonra Anatoli Banişevski "Avtomobilçi"yə baş məşqçi gətirildi. O gələn kimi mənə köməkçisi olmağı təklif etdi, razılaşdıq. Belədə mənim yerimə həmin məktəbə əməkdar məşqçimiz Baba Mustafayev təyin olundu. Bizim vaxtımızda heyətdə Şahin Diniyev, Qəhrəman Əliyev, Elşad Xudadatov kimi futbolçular çıxış edirdi. Banişevski komandadan gedəndə baş məşqçi mən olmalıydım, ancaq fırladıb onun digər köməkçisi Aleksandr Trofimovu təyin etdilər. Onun vaxtında da komanda uğursuz nəticələr göstərdi, sonuncu oldu. Nəticədə 1989-cu ildə bu komanda dağıldı. Ancaq buna baxmayaraq, mənim hələ də orda münasibət saxladığım yaxın dostlarım qalmaqdadır".

"Kür” və "Kür-Nur”

Ancaq "Avtomobilçi" dağılsa da, Mingəçevir futbolsuz qalmır. 1990-cı ildə burda "Kür" adlı komanda yaradılır və bu komanda 2 il sonra keçirilən Azərbaycanın ilk müstəqil çempionatında iştirak edir. Karyerasına "Avtomobilçi”də başlamış millimizin sabiq müdafiəçisi Ramiz Məmmədov, Mehman Baxışov kimi futbolçuların sayəsində "Kür” 26 klubun mübarizə apardığı ilk ildəcə VII yeri tutur, eləcə də komanda ölkə kubokunun finalına vəsiqə qazanır. Ancaq 1992-ci il avqustun 30-da Bakının "İnşaatçı" komandasına əlavə vaxtda buraxdığı qol hesabına uduzur - 1:2. "Kür" növbəti mövsüm keçirilən sistemə görə A qrupunda VI olur.
1993/94 mövsümünün ortasında klubu Mingəçevir Su Elektrik Stansiyası himayəsinə götürdüyündən komandanın adında cüzi dəyişiklik edilir: "Kür-Nur". Sonradan "Qızıl oğlan” ləqəbini almış Zaur Tağızadə növbəti mövsüm karyerasına məhz burda başlayır. 1995/96 mövsümündə isə hazırda "Qarabağ”ın digər məşqçisi olan Qurban Qurbanovun da yolu "Kür-Nur”dan keçir və burda 4 qola imza atır. Bu komanda ardıcıllıqla V, V, VI, XIII, və XI yerləri tutur. 1997/98 mövsümü başa çatdıqdan sonra komanda maliyyə problemləri ucbatından dağılır. Bundan əvvəl komanda 1994/95 mövsümündə 2-ci dəfə kuboku qazanmağa yaxın olur. Lakin Böyükağa Ağayevin çalışdırdığı komanda bu dəfə kuboku mayın 28-də keçirilən finalda digər paytaxt komandası "Neftçi"yə verməli olur - 0:1.



"Ulduz"

Mingəçevir bir müddət peşəkar futbolda təmsil olunmur. Bununla belə, 1991-ci ildə "Kür”ün baş məşqçisi olmuş Ənvər Nəsibovun rəhbərliyi altında Mingəçevirdə "Ulduz” komandası yaradılır və həvəskarlar arasında keçirilən ölkə birinciliyinə qatılır. Hətta 1999 və 2000-ci illərdə bu komanda ardıcıl 2 dəfə Azərbaycan çempionu olur, 1 dəfə isə kuboku qazanır (2 il əvvəl Mingəçevir Turizm Kollecinin "MTK-Ulduz" komandası da ölkə çempionu ola bilib - S.T.). Həmin vaxt heyətdə sonradan "Qəbələ", "Karvan" və "Kəpəz" kimi tanınmış klublarda oynamış Azər Həşimov, eləcə də sonradan "Xəzər Lənkəran” və "Qəbələ”nin qapıçısı olmuş Elnar Kərimov, "Qəbələ” və "Kəpəz”in üzvü olmuş Pərvin Paşayev də var idi.

Azərbaycanda 2002/2003 mövsümü futbolsuz keçdiyi üçün 2003-cü ildən artıq futbola dövlət tərəfindən xüsusi diqqət ayrılmağa başladı. Bu müddət ərzində bir çox böyük şirkətlər adlı-sanlı klubları maliyyəşəldirməyə başladılar və bəzi şirkətlərin də sponsorluğu ilə yeni klublar yaradıldı. Həmin ildə “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov da Azərbaycan futboluna yatırım etmək qəranı gəlir və Mənsimov ilk olaraq Mingəçevir futbolu ilə maraqlanır. Lakin iş adamı şəhərin həmin dövrdəki icra başçısı ilə ortaq məxrəcə gələ bilmədiyi üçün bu fikrindən daşınır və Lənkəranda “Xəzər Lənkəran” klubunu yaradır.
Nəticədə "Azərenerji" şirkəti məcburən Mingəçevirdə yeni klub yaratmalı olur - "Energetik". Bu komanda I dəstədən mübarizəyə qoşulur və 8 klubun iştirak etdiyi ilk mövsümdə IV yeri tutur.
Növbəti mövsüm isə "Energetik" II pilləni tutur və AMMK (indiki AZAL) ilə birgə elitada iştirak etmək hüququ qazanır. Təbii ki, "Azərenerji” rəhbərliyi qısa müddətdə belə nailliyyəti bunu gözləmirdi. Üstəlik, elitada indiki kimi az pul xərcləməli olmayacaqdılar. Bu üzdən "Azərenerji” rəhbərliyi maliyyə səbəblərini əsas gətirərək "Energetik"i bu hüquqdan məhrum edir.


Bundan sonra "Energetik"in çətin dövrləri başlayır. Komandada maliyyə durumu əvvəlkindən də pis olur. Nəticədə az-çox məşhur olan futbolçuları da yeni yaranan "Qəbələ” klubu sıralarına qatır. "Energetik” bundan sonra bir daha özünə gələ bilmir. Sıralama isə belə olur - X, VII (B qrupu), VI (B qrupu), IV, X, XII, XII, X, XVI, XIV, XI.
Vaxtı ilə "Energetik”lə I dəstənin gümüş medalını qazanmış Azər Həşimovla isə Mingəçevir futbolunun hazırkı vəziyyəti haqda danışdıq. Həşimov maraqlı məqamlara toxundu: "Biz "Energetik”lə o vaxt elitaya lider kimi çıxacaqdıq. Sadəcə son turda "Göyçə” ilə oyunda xal itirdik, nəticədə AMMK çempion oldu. O vaxt bizə 100 dollar verilirdi ki, bu da I dəstə üçün həmin dönəmə görə pis pul deyildi. Lakin "Azərenerji”dən komandanın elitada çıxış etməsini istəmədilər. Bundan sonra vəziyyət pisləşdi. Mən "Karvan”, "Neftçala” və "Kəpəz”də oynayan vaxtlar Mingəçevirdə "Energetik”ə qarşı oynamışam”.

Maliyyə böhranında olan “Energetik”dən "Azərenerji” rəhbərliyi imtina etmək də istəmir. Buna görə də şəhərdə klubla maraqlanan digər iş adamları da yaxın gəlmək istəmir. Halbuki I dəstədə çıxış edən kluba illik 300 min manat bəs edir ki, bütün ehtiyaclarını qarşılasın.

Mingəçevir futbolu haqqında hazırladığımız reportajın davamında şəhərin uşaq futbolundan, orada futbol üçün olan şəraitdən və infrastrukturundan bəhs edəcəyik.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 

 


.
.
.
0.52528715133667