(LAYİHƏ) Sportmedia.az-ın Mingəçevirdən reportajı (II HİSSƏ)

18:33 21-06-2017
(LAYİHƏ) Sportmedia.az-ın Mingəçevirdən reportajı (II HİSSƏ)

 

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Mingəçevirdən hazırladığımız reportajın ikinci hissəsində şəhərin futbol üçün olan infrastrukturundan, resurslarslarından, uşaq futbolunun hazırkı vəziyyətindən bəhs edəcəyik.
Mingəçevirdə futbol infrastrukturu çox bərbad səviyyədədi. Futbol ənənəsi olan bu şəhərin hazırda peşəkar səviyyədə olan klubu “Energetik”in (əgər peşəkar klub demək olarsa) ausayderlər sırasında olmaqla yanaşı buranın futbol məşğul olmaq üçün imkanları da çox məhduddu. Çünki şəhərdə bir stadion var, o da ki yaxşı vəziyyətdə deyil. Bu stadiondan başqa nə meydança, nə də digər arena yoxdu. Futbol oynamaq üçün yeganə imkan Mingəçevir mərkəzi stadionudu.

MƏRKƏZİ ARENA

Yaşar Məmmədzadə adına olan Mingəçevir mərkəzi stadionunun ərazisi 10 hektardı. Arena Mingəçevir Gənclər və İdman İdarəsinin balansındadı. Stadion 1953-cü ildə inşa olunub. 2003 və 2008-ci ildə əsaslı təmir olunub. Maraqlı məqam budur ki, 2003-cü ildə əsaslı təmir olunan qurğu nə üçün 5 il sonra yenidən əsaslı təmir edilib? Və 2008-ci ildə müasir tələblərə uyğun adı altında təmir olunan arena niyə bu vəziyyətdədi? Təbii ki, bu suallara cavab tapa bilmədik...
Stadion 3 meydançadan ibarətdi – bir əsas, iki köməkçi. Əsas meydançanın ölçüləri 110-90m, köməkçi meydançaların biri balacadı, ancaq məşq üçün yararlıdı, digər isə 100-90m-di. Meydançalarda işıqlandırma sistemi mövcud deyil. Bütün meydançalar təbii ot örtüklüdü. Təbii ot dedikdə yüksək səviyyəli qazon deyil, çayır tərkibli qatışıq otdu, yaşıllığı normaldı. Şaxta düşən kimi, yəni soyuq aylarda həmin ot örtüyü inkişafdan dərhal dayanır və bərbad hala düşür.

Suvarma sistemi köhnə üsulladı (şlanqlar vasitəsilə), yağış suyunun və suvarma zamanı suyun yığılmaması üçün meydançaların ortası hündürdü, kənarlarında suyun axıb getməyi üçün arxlar düzəldilib. Təbii ki, müasir meydançalarda direnaj sitemi quraşdırılır.


Tribunaların azarkeş tutumu 5200 nəfərdi. Tribunaların üstü açıqdı.
Soyunub-geyinmə otaqları istifadəyə yararlıdı, lakin yaxşı səviyyədə deyil. Həkim-massaj otaqları yoxdu. Burada hakimlərin məşvərət otağı var.

 


Bir neçə bölgənin stadionlarında görmədiyimiz elektron tablo burada mövcuddu.
Arenanın yenidən əsaslı təmirə ehtiyacı var, müasir şəhər stadionlarına uyğun deyil.
Onsuz da şəhərin futbol komandası “Energetik”in bərbad durumu Mingəçevirn futbolsevərlərini çox qəzəbləndirir. Lakin komandanın çıxışı bir yana, stadionun bu durumda olması ən azı vətəninin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Yaşar Çələbi oğlu Məmmədzadənin ruhuna hörmətsizlikdi. Şəhidin xatirəsi belə anılır, bu şəkildəmi əbədiləşdirilir? Qısası, infrastruktur ətrafdakılara ruh vermək, komandanın ən azından əzmini yüksəltmək əvəzinə onu daha da məhvə sürükləyir desək daha doğru olar. Hansısa bölgənin futbolundan bəhs edilərkən dərhal yada həmin bölgənin əsas komandası və mərkəzi stadionu yada düşür. Şanlı futbol tarixi olan bu bölgə isə hər 2 cəhətdən əziyyət çəkir.
Arenanın durumu ilə bağlı stadionun direktoru Akif Hüseynovla söhbət etdik. Söhbət zamanı direktor stadionun yenidən əsaslı təmirə ehtiyacı olduğunu söylədi. O, bununla bağlı danışıqlar aparıldığını, yaxın zamanda bu problemin aradan qaldırılması üçün tədbir görüləcəyini bildirdi. Hüseynov qurğunun son əsaslı təmiri zamanı azarkeşlər üçün nəzərdə tutulan tribunalara 5200 nəfərlik skamya quraşdırıldığını, əvvəlki vaxtında skamyaların əvəzinə taxtalar olduğunu nəzərə çatdırdı. Direktor meydançaların təmir olunmadığını güman ki, sovet dövründən qaldığını söylədi.

AFFA tərəfindən inşa edilmiş süni örtüklü mini meydançası (20-40m) da baxımsızlıq ucbatından məhv olub.

UŞAQ FUTBOLU

Mingəçevirdə uşaq futbolu ilə Uşaq Gənclər və İdman Məktəbi (UGİM) məşğul olur. Məktəbin direktoru futbolda heç də yad isim olmayan keçmiş FİFA referisi Rövşən Əhmədovdu. O, Mingəçevir futbolunun yetirməsidi. Vaxtilə Azərbaycanı beynəlxalq arenalarda təmsil edən Əhmədov hazırda doğma şəhərində həm hakimlik kursları keçir, həm də UGİM-ə rəhbərlik edir.
Rövşən Əhmədov haqqında qısa araşıy təqdim edək. 1967-ci ildə Mingəçevirdə doğulan Əhmədov elə uşaq yaşlarından futbola məşğul olub. 1982-ci ilə kimi UGİM-in nəzdində fəaliyyət göstərən uşaq komandalarında çıxış edib. Ali təhsil alan Rövşən müəllim zədə epidemiyası ucbatından sevimli peşəsindən ayrılmamaq üçün hakimlik sənətini seçir. 1990-cı ildən hakimlik etməyə başlayır, 1993-cü ildən I dəstənin oyunlarına təyinat alıb. Yüksək dəstədə ilk oyunu 1994-cü ildə Ağdamın “Qarabağ” komandası ilə Ağstafanın “Avey” komandası arasında keçirlən qarşılaşma olub. Artıq 20 ildən çoxdur ki, hakimlik edir. 1997-ci ildə ilk dəfə beynəlxalq oyunlarda baş hakim kimi təyinat alıb. Belə ki, həmin ildə Avropa gənclərinin birinci spartagiyadası çərçivəsində keçrilən Yunanıstan – Norveç, Yunanıstan – Latviya, Portuqaliya – Gürcüstan oyunlarında baş hakimlik edib. Yüksək dəstədə 250-dən artıq oyunda baş hakim kimi oyun idarə edib. Rövşən müəllim hakimlik kurslarının yüksək səviyyədə keçirildiyini və yetirmələrinin respublikadaxili yarışlara təyinat aldığını bildirdi: “Hazırda Mingəçevirdə 11 gənc yerli hakimin hazırlanması ilə məşğulam. Hazırladığım gənclər AFFA bayrağı altında keçirilən Premyer Liqa klublarının əvəzedici heyəti, birinci dəstə və U 13 – 14 - 17 yaşlılar arasında keçirilən oyunlarda hakimlik edirlər. Yeniyetmələrdən Samir Hacıyev 2010 – cu ildə FİFA – nın referi köməkçisi adını almış və Premyer Liqa oyunlarına köməkçi hakim kimi təyinat alıb.
Mingəçevir UGİM-də direktor vəzifəsində çalışan Əhmədov orada istedadlı və perspektivli uşaqların çox olduğunu söylədi: “UGİM-də əsasən 8 yaşından 15 yaşına qədər uşaqlardan ibarət komandalar var. 3 komanda ibtidai, 4 komanda isə təlim-məşq qruplarıdı. 8 yaşında 3 qrup, 9 yaşında 2, 12 yaşında 2, 15 yaşında 1 qrupumuz var. 15 yaşında artıq uşaqlar klublara getməyə başlayır. Əsasən peşəkar klubların akademiyalarına getməyə üstünlük verirlər. Çünki “Energetik”in hazırkı acınacaqlı durumunu görənlər təbii ki, burda qalmaq istəməyəcəklər. Təxminən bir həftə əvvəl Xaçmazda Gənclər və İdman Nazirliyininin təşkil etdiyi 9-10-cu sinif şagirdləri arasındakı futbol yarışının finalında Sumqayıta uduzaraq Mingəçevir UGİM II yerə çıxdı”.


Burada 8 yaş qrupunda təxminən 200-dən çox uşaq fəaliyyət göstərir. Bu yaş qrupları üzrə ümumi 14 futbol komandası var. Hər yaş üzrə təxminən 15-16 nəfər uşaq var. Burada 6 futbol məşqçisi fəaliyyət göstərir. Onlardan ikisi kateqoriyalıdı – Samir Məmmədov və Ruslan Nəsibov.
Məşqlərin əsas hissəsi ümumtəhsil məktəblərinin meydançalarında keçirilir. Mingəçevirin mərkəzi stadionun koməkçi meydançasında da bəzi məşqlər keçirilir. Lakin yarışlar əsas meydançada təşkil olunur.


UGİM-in yetirmələri əsasən “Qəbələ”nin akademiyasında çoxdur. “Qəbələ” komandasının əsas heyətində çıxış edən Roman Hüseynov da Mingəçevirin yetirməsidi. Rövşən Əhmədov “Qəbələ” ilə əməkdaşlıqlarının yüksək səviyyədə olduğunu söylədi: “Qəbələ” klubu heç vaxt məşqçilərin əziyyətini itirmir, toplar, formalar, digər inventarlar məktəbə hədiyyə edirlər. Akademiyadan bizə köməklik çox olur. Təxminən 2 ay bundan öncə məşqçilərimizin hamısını futbol maykaları və geyimlər hədiyyə etdilər”.


UGİM-in direktoru Mingəçevirdəki uşaqların motivasiyasının çətin olduğunu bildirdi: “Zona yarışlarında uğurlu çıxışlarımız çox olur, lakin peşəkar klubların komandaları ilə qarşılaşanda əziyyət çəkirik. Səviyyə fərqi aşkar özünü göstərir. Uşaqları yerli komandamızın yaxşı durumda olmadığı üçün motivasiya etməkdə çox çətinlik çəkirik. Yəqin vaxt gələr ki, bir imkanlı şəxs Mingəçevir futboluna da yatırım edər. Bir mingəçevirli futbol adamı kimi “Energetik”in bu halına çox acıyıram. Öz meydanımızda 0-5, 0-7 və başqa hesablarla yenilmək utancvericidi. Yenə “Turan”a və başqa köklü klublara yenilsək o qədər hiddətlənmərəm, lakin “Ağsu”ya, “Neftçala”ya uduzmaq ayıbdı. Belə vəziyyətdənsə, oynamamaq daha yaxşıdı. Amma yenə orada 60-100 manat maaş alan uşaqların da futbolsuz qalmasına ürəyimiz dözməz. Burada faydalı işlə məşğul olurlar, pis vərdişlərdən uzaqlaşırlar. Mən keçən dəfə Ramin Musayevə də dedim ki, AFFA “Turan”a, İmişli futboluna və digər rayonlara köməklik göstərir, bizə də yardım edə bilməzlər? Ramin müəllim, cavab verdi ki, əgər klubu götürüb saxlayan, himayədarlıq edən varsa, AFFA maddi yardım edə bilməz. Futbol ənənəsi olan, Azərbaycan futbol tarixində özünəməxsus yeri olan Mingəçevir futbolunun hazırkı durumu şəhərin bütün futbolsevərlərini incidir”.

Reportajımızda qeyd etdiyimiz kimi Mingəçevir futbolunun durumu çox bərbaddı. İstər infrastruktur, istərsə də, resurslar və şərait baxımından imkanlar məhdud çərçivədədi.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 

 


.
.
.
0.34880685806274