(LAYİHƏ) Qusar futbolu və “Şahdağ” FK

13:56 25-06-2017
(LAYİHƏ) Qusar futbolu və “Şahdağ” FK

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində növbəti reportajımız Qusar futbolundan olacaq. Bu bölgənin elə də böyük futbol ənənəsi olmayıb. Hərçənd ki, Qusarda futbolun tarixi 19-cu əsrin əvvəllərinə gedib çıxır, lakin bu şəhər futbolu ilə heç vaxt önə çıxmayıb. Ümumiyyətlə, şimal zonası futboluna görə müxtəlif vaxtlarda müəyyən uğurlar qazansalar da, heç vaxt futbol bölgəsi kimi tanınmayıblar. Qusardan hazırladığımız reportajın ilk hissəsində bu şəhərin futbol tarixi və hazırda varlığı ilə yoxluğu bilinməyən “Şahdağ” futbol klubundan bəhs edəcəyik.

Qusar futbolunun qısa tarixi

Qusar şəhərində Peşəkar Futbol Komandası 1950-ci ildə qurulsa da, buna qədər şəhərdə həvəskar klub fəaliyyət göstərib. Qusarda futbolun yaranma tarixi isə 1930-cu illərə gedib çıxır. Qusar əhalisi də o illərdə futbola böyük maraq göstərmiş, həvəskar komandanın oyunlarını həvəslə yaxından izləmişdilər. Bir az da dəqiqləşdirsək Qusarda ilk futbol klubu 1936-cı ildə yaranıb. Həmin klubun adı rayonun öz adını daşıyıb. Şəhərin eyniadlı komandası müharibəyə qədər müxtəlif yarışlarda iştirak etmiş, müəyyən kiçik uğurlar əldə etmişdir. 1941-ci ildə başlayan müharibə Qusar futboluna da təsirsiz ötüşməyib. Belə ki, müharibənin başlanğıcında klub fəaliyyətini dayandırıb.
Müharibə bitdikdən sonra Qusar yenidən böyük futbola dönüb. 1950-ci ildə artıq qeyd etdiyimiz kimi "Şahdağ Qusar" FK-nın əsası qoyulub. Bu Qusarda yaradılmış ilk peşəkar futbol klubu olub. Məhz buna görə klubun emblemində yaranma tarixi kimi 1950-ci il yazılıb. Lakin yarandığı dövrdə komanda “Şahdağ” adlandırılmamışdı. SSRİ vaxtı bir çox idman cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar arasında ən məşhur olanlardan biri də “Məhsul” idi. Xüsusilə də rayonlarda yaradılan futbol komandaları bu cəmiyyətin nəzdində yaradılırdı. 1950-ci ildə də hazırkı “Şahdağ” məhz “Məhsul” cəmiyyətinin nəzdində yaradılmış və elə bu adla da fəaliyyət göstərməyə başlamışdı. Ümumiyyətlə, müstəqillik dövrünə qədər Qusar futbolu ölkə futbolunda “Məhsul” adı ilə təmsil olunub.
1990-cı illərin sonunda "Məhsul" adı ləğv olunaraq "Şahdağ" ilə əvəz edilib və bu ad altında ilk dəfə milli futbol çempionatımızda iştirak edib. 1999-cu ildə "Şahdağ" yerli icra hakimiyyətinin himayəsindən çıxaraq Ədliyyə Nazirliyinin Xaçmaz bölməsində qeydiyyatdan keçib və müstəqil klub kimi fəaliyyətə başlayıb (red: o illərdə bir çox klublarımız yerli icra hakimiyyətinin himayəsi altında qeyri müstəqil fəaliyyət göstərirdi). 2003-cü ildə klubun adı yenidən dəyişdirilərək "Şahdağ Samux" olub.

Ləğv olunan çempionluq

1994-cü ildə Peşəkar Futbol Liqası (PFL) yaradıldıqdan sonra "Qarabağ", "Şəmkir", Dinamo (Sumqayıt) klubları kimi "Şahdağ" da AFFA-nın bayrağı altıda keçirilən yarışlardan imtina edərək yeni yaradılan qurumun keçirdiyi kubokda iştirak etmiş və ilk ildəcə çempion olmuşdur. Lakin bundan xəbər tutan UEFA AFFA-ya xəbərdarlıq məktubu göndərmiş, bir ölkədə iki futbol qurumunun yaradılmasının qanuna zidd olduğunu xatırladaraq Azərbaycanı bu qurumdan çıxarılacağını bildirmişdir. Bundan sonra AFFA PFL-in fəaliyyətinə son verdi və "Şahdağ"ın qazandığı çempionluq ləğv edildi.

2004-cü ildən etibarən futbolumuza axan maliyyə nəticəsində ölkə futbolu ən yaxşı günlərini yaşayırdı. Düzdür, o vaxtlar “Şahdağ”ın “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Bakı”, “Karvan” qədər büdcəsi yox idi. Buna baxmayaraq, böyük komanda yaratmaq və hətta legioner gətirməyə yetəcək maliyyə var idi. Komandaya sponsorluq edən “Atlans” şirkəti klub üçün normal şərait yaratmışdı. Bunun nəticəsində Qusar təmsilçisi çempionatda ardıcıl 5 mövsüm müntəzəm çıxış etdi. Komandanın tarixində qazanılan ən böyük uğuru isə 2005-06-cı il mövsümünə təsadüf etdi. Belə ki, həmin mövsüm “Şahdağ” Sabir Əliyevin rəhbərliyi altında 35 xalla mövsümü 8-ci pillədə başa vurdu. Həmin vaxt 5-7-ci yerləri tutan komandalar “İntertoto” kubokunda oynamaqdan imtina etdikləri üçün bu hüquq “Şahdağ”a verildi. Bununla da, Qusar klubu tarixində ilk dəfə avrokuboklarda oynamaq şansı qazandı. Təəssüf ki, komandanın o vaxtkı rəhbərliyi bu vəsiqədən imtina etdi. Deyilənə görə, onlar bu vəsiqəni 250 min dollara 9-cu pillədə qərarlaşan İmişli “MKT Araz”ına satmışdılar. Həmin vaxt İmişli klubu böyük məbləğdə pullar xərcləyirdi, legionerlər gətirirdi, amma nəticə qazana bilmirdi. Bu mənada havadan düşən vəsiqə onlar üçün hava-su misalı oldu. “MKT Araz”dan fərqli olaraq “Şahdağ” üçün 250 min böyük pul idi. Bir sözlə, Qusar klubu rayonun tarixində ilk dəfə Avropada oynamaq şansını 250 minə başqasına satdı.

Klub rəhbəri və ya "xilaskar"...

Klub rəhbəri Ərəstun Niftiyevdir. Ərəstun Niftiyev ən fədakar klub rəhbəri kimi tanınır. Deyilənə görə, bir müddət öncə klubun sponsoru "Azenko" şirkəti futbolçuların maaşını verə bilmirdi. Komandanı düşdüyü bu çətin vəziyyətdən məhz Ərəstun Niftiyev qurtarıb. O, öz şəxsi maşınını satışa çıxararaq klubun xərclərini ödəyib. Klubda söz söhbət gəzir ki, Ərəstun müəllim qapı qapı gəzərək imkanlı şəxslərdən klub üçün borc alıb. Hətta, bir dəfə səfərdən qayıdarkən futbolçulara deyib ki, "daha borc verən də yoxdu, götürün bu 60 manatı öz aranızda bölüşdürüb evə qayıdın". Qusar camaatı Ərəstun müəllimi "qəhrəman", "xilaskar" kimi tanıyır. Biz də fədakar klub rəhbəri ilə əlaqə saxladıq, suallarımıza cavab tapmağa çalışdıq:

- Ərəstun bəy, "Şahdağ" deyəndə maliyyə problemlərinə baxmayaraq, əzmkar futbol nümayiş etdirən komanda adamın ağlına gəlir...
- Bu gün "Şahdağ"ın problemləri normadan çoxdu, o problemlərin ucbatından normal və səviyyəli komanda yığmaq çox çətindir.

- Maliyyə probleminə görə hər il bir komanda dağılır. "Şahdağ"ın bu problemi olsa da hələ ayaq üstdədi. Bunun sirri nədədir?
- Buna sirr deməzdim.

- Biraz da ətraflı zəhmət olmasa...
- Burada iki faktor var, birinci sponsor və maliyyələşdirən "Azenko" şirkəti, ikinci "Şahdağ"ın rəhbər heyəti. Bu halda "Şahdağ" klubunu buraxıb rahat nəfəs almaq düzgün olmaz. "Şahdağ"ın tarixi var və o tarixi qorumaq bizim borcumuzdu.

- Azarkeşlər isə "Şahdağ"ın maliyyə problemlərini sizin öz şəxsi hesabınıza qarşıladığınızı deyirlər.
- Ola bilər azarkeşlərin məlumatları məndən çoxdu.

- Qusarın mərkəzi stadionunun hazırkı durumu nə yerdədir?
- Qusar stadionu hazırda 1980-cı illərini yaşayır. Küçədə isə 21-ci əsrdir və bu gün həmin stadiondan rahat muzey kimi istifadə etmək və ora xeyli turist cəlb etmək olar. Çox istəyərdim Qusarda da muasir stadion olsun.

- İcra başçısına stadionun təmiri ilə bağlı müraciət etmisinizmi və ümumiyyətlə, icra başçısı komandaya nə kimi yardım edir?
-Yox, çünki stadion klubun və sponsorun balansındadı.

- Sponsor yeni mövsüm öncəsi stadionda təmir işləri aparmağı düşünür, yoxsa dəyişiklik olmayacaq?
-Hər mövsümdən öncə kosmetik işləri görürük, amma bu, yetərli deyil.

-Ərəstun müəllim, 2 il öncəyə qayıdaq. Mövsümün sonunda "Şahdağ" MOİK qarşısına 8 nəfərlə çıxmışdı. Oyundan öncə nə baş verdi ki, komanda 11 nəfər futbolçu tapa bilmədi meydana çəxmaq üçün?
- İstəməzdim o günləri birdə yada salım. Çünki illər boyu mənimlə çiyin çiyinə işləyən adamlar "Şahdağ"ın vəziyyəti pis olan kimi klubu 1 qəpiyə satırlar.

- "Şahdağ"ın uşaq futbolu hazırda nə durumdadı?
- Aprel ayından etibarən uşağ futbolunu bərpa etmişik və iki yaş qrupumuz var. " Şahdağ" U11 və U12. İnşallah, bu mövsümdən AFFA keçirdiyi yarışlarda iştirak edən komandalarımız olacaq.

- Futbolçuların maaşında problemlər yaşanırmı?
- Gecikmələr olur.

- "Şahdağ" Azərbaycanın ən çox azarkeşi olan klublarından biridir. Bu azarkeşlərin Premyer Liqaya həsrət qalmasını futbolumuza zərbə olduğunu hesab edirsinizmi?
- Qismət olsa bir gün "Şahdağ" FK Premyer Liqaya qayıdar.

- Yeni mövsümdə klubun əsas hədəfi?
- Bu sirrdir, çünki çempionata qədər iki aydan çox vaxt var. Başımıza nə iş gələcək tək Allah bilər.

- Yeni transferlər gözlənilir?
- Olmalıdır, amma birinci növbədə şimal bölgə futbolçuları nəzərə alınacaq.


"Şahdağ " Peşəkar Futbol Klubu 1950-ci ildə Qusar şəhərində yaranıb. Komanda uzun müddət yüksək liqada mübarizə aparsa da, 15-ci Azərbaycan çempionatında 13-cü yer tutaraq aşağı liqaya düşüb. İndiyə kimi bu liqada mübarizə aparır. Xatırladaq ki, bu klub əvvəllər "Şahdağ Qusar" FK adı altında çıxış edirdi. Hazırda "Şahdağ" FK adlanır.
Komanda bütün uğurlarını I Divizionda qazanıb. 1997-1998-ci il mövsümündə I Divizion çempionu olub. 2000-2001-ci mövsümündə bürünc mükafata yiyələnən "Şahdağ" 2008-2009 mövsümündə aktivinə gümüş medal yazdırmağı bacarıb.
Premyer Liqada ən böyük uğuru 2 dəfə 8-cı yer tutmaq olub( 2001-2002, 2005-2006). Komanda əsas liqada sonuncu dəfə 2006-2007-ci ildə çıxış edib. Bundan əlavə 2012-2013-cü il mövsümündə heç bir liqada iştirak etməyib.

Qeyd edək ki, Qusar futbolundan hazırladığımız reportajın davamında şəhərin futbol infrastrukturundan və uşaq futbolundan bəhs edəcəyik.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”


NURLAN CƏFƏRİ
SPORTMEDİA.AZ


.
.
.
0.33844995498657