(LAYİHƏ) Qusar futbolunun acınacaqlı durumu (FOTOLAR)

22:18 30-06-2017
(LAYİHƏ) Qusar futbolunun acınacaqlı durumu (FOTOLAR)

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Qusardan hazırladığımız reportajın ikinci hissəsində şəhərin futbol infrastrukturundan, uşaq futbolundan və orada futbol üçün yaradılan şəraitdən bəhs edəcəyik. Təbii ki, hər bir bölgənin futbolundan bəhs edərkən oranın futbol komandası və stadionu dərhal yada düşür. Reportajımızın I hissəsində rayonun futbol tarixi və peşəkar klubundan geniş yazdıq. Bu yazımıza isə rayonun mərkəzi stadionu haqqında geniş yazmaq la başlayacağıq.

1980-ci illərini yaşayan Qusar stadionu...


Qusar futbolundakı problemləri saymaqla bitməz. Ən qlobal problem isə həmişəki kimi stadion olaraq qalır. Öncə klubun əsas stadionundan danışaq. Yazının ilk hissəsində "Şahdağ" rəhbəri Ərəstun Niftiyev öz müsahibəsində " stadionumuz 1980-ci illərini yaşayır" demişdi. Bu sözləri klubun rəhbəri deyirsə, deməli problem həddindən artıq böyükdür. 1936-cı ildə kök atmış, 1950-ci ildə doğulmuş klubun stadionu tariximizdi. Bəs, bu tarixi qorumağa borclu olub qoruya bilməyənlər kimlərdir? Sponsor? Qusar İcra Hakimiyyəti? Bu barədə də klub rəhbərinə müraciət etdik. O, "stadionumuz klubun nəzdindədir, sponsor bu işlə məşğul olmalıdır" dedi. Ümid qalır "Azenco"ya. Bu şirkətin pulu yoxdu stadionu təmir etməyə? Varlığı ilə yoxluğu bilinməyən, aşağı divizionda həvəskar futbol nümayiş etdirən "Energetik"ə “gözdən pərdə asmaq” üçün etdiyi sponsorluq da ayrı bir mövzu...
Yeni mövsümün başlamağına 2 ay qalıb. Stadionda isə yenilik hələ də yoxdur. Klub rəhbəri yalnız kosmetik işlərin görüləcəyini bildirib. Stadion klubun balansında olsa da, Qusarın İcra Hakimiyyəti ən azından rayonu təmsil etdiyinə görə bacardığı qədər köməklik göstərə bilər...

Stadionda tikilən ev....

Qusarın əsas stadionundan başqa rayonun kəndlərində daha bir neçə futbol meydançası var. Qusarda bələdiyyənin torpaqları deyəsən, bitib, tükənib. Artıq stadionu sahibkarlara satırlar. Sohbət Qusarın Urva kəndindəki stadiondan gedir.
3 minə yaxın əhalisi olan Urva kəndində cəmi 2 stadion var. Onlardan biri sürüşmə nəticəsində yararsız olduğu üçün sakinlər uzun illərdir yalnız bir stadiondan istifadə edirlər. İndi isə o stadiondan da məhrum olublar. Hazırda fəaliyyət göstərən meydançanın ərazisinə ev tikilməsi üçün tikinti materialları boşaldılıb. Bələdiyyə ərazini hansısa sahibkara satıb. Bələdiyyəyə stadion ərazisini satmağa kim ixtiyar verib? O ərazi bələdiyyənin siyahısında stadion ərazisi kimi qeydə alındığı üçün bələdiyyə sədri bütün ərazinin pulunu mənimsəməyin yolunu tapıb?
Urva Kənd Bələdiyyəsinin sədri Ramin Tarıquliyev həmin meydançayla bağlı açıqlamasında bildirib:
"1998-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanan sərəncamla 20 sot torpaq sahəsi ayrılıb vətəndaş üçün. Bura idman meydançası kimi qalsın deyə".


Stadionda ev tikən sahibkar Eynulla Yaqubovun oğlu Cərulla Yaqubov isə torpaq sahəsinin onlara aid olduğunu bildirib:
"Məhkəmə qərarına qədər hər şey var. İmzalı, möhürlü, adamın ağlına gələ biləcək bütün sənədlər var"
Kənd Bələdiyyə sədrinin qarşısına qoyulubmu o sənəd, ya yox bu sual olaraq qalır. İndi burada kim haqlıdı, kim haqsız bunu müəyyənləşdirmək mümkün olmayıb. İcra başçısı isə susur...

Uşaq futboluyla tanınan Şirvanofka kəndi...

Qusar şəhərində hazırda 2 kənddə uşaq futbol məktəbi var. Bunlar Şirvanovka və Kuxurovna kəndləridir. Bunların arasında Şirvanovka kəndindəki futbol məktəbi daha çox tanınıb. Bu komanda Qusarı təmsil etsə də, "Şahdağ"ın balansında deyil. Komanda hazırda milli çempionatların heç bir yaş qrupunda oynamır. Əslində bunun üçün komandanın hər şəraiti var, sadəcə hər şey AFFA-nın maliyyə dəstəyi göstərməsindən asılıdı. Baş məşqçiləri "Şahdağ"ın keçmiş futbolçusu Kamran Nurəhmədovdur. Bu mərkəz hazırda "Şahdağ" üçün futbolçu yetişdirməklə məşğuldu. İndiyə qədər Şirvanofka "Şahdağ"a çox sayda futbolçu yetişdirib. Onların arasında "Şahdağ"ın heyətində tanınan futbolçular da az deyil. Komandada 30-40-a yaxın 2006-2007-2008 təvəllüdlü uşaqlar Kamranl Nurəhmədovun rəhbərliyi altında məşq edir. Nurəhmədov bütün bu sistemin hamısını öz gücü hesabına qurub. Komandaları bəzi yarışlarda “Şahdağ” adı altında çıxış edir, lakin adı çəkilən klubdan heç bir maliyyə yardımı və asılılıq olmadan. Yəni tam sərbəst və müstəqil şəkildə.

İnfrastruktur...

Şirvanovka kəndinin komandası dövlətdən maliyyə dəstəyi almasa da, çətinliklə fəaliyyətini davam etdirir. Komandanın bazası, soyunub-geyinmə otağı, əla vəziyyətdə olan meydançası var. Qusarda peşəkar klub yaranandan bəri Şirvanovka kəndi əsas komanda üçün futbolçu yetişdirməklə məşğul olub. Kənddən indiki uşaq komandasının baş məşqçisi Kamran Nurəhmədov, Rahid Əmirquliyev, Faiq Əmirquliyev kimi tanınmış futbolçular çıxıb. Təsadüfi deyil ki, Şirvanovka "Şahdağ"ın əsas futbolçu bazasıdır. Nəinki Qusarda, həmçinin Quba-Xaçmaz zonasında ən tanınmış və ən çox futbolçu yetişdirən kənd elə Şirvanovka kəndidir. Aldığımız məlumata görə, uşaqların məşq etdiyi stadion Quba-Qusar-Xaçmaz zonasında ən yaxşı meydançadır. Xaçmaz və Quba futbolunun Şirvanovka kənd futbol məktəbi ilə müqayisə edilməsi isə acı bir həqiqətdir. Ərazisinə və əhalisinə görə, Şirvanovkadan qat-qat üstün olan bu 2 rayonda peşəkar futbol klubu olmadığı üçün o zonada futbolun nə vaxt yaranacağı isə sual altındadır. Şirvanovka kənd stadionunda futbol oynamaq üçün demək olar ki, hər cür şərait var. Belə stadiondan tanınmış futbolçuların çıxmağı normal haldır. Son illərdə sözügedən kənddən  "Vətən" komandasına  futbolçular çox gedib. Şirvanofka kəndi ölkənin tanınmış bir çox uşaq futbol məltəblərinə futbolçu verib.

Şövkət Orduxanov adına Qusar şəhər stadionu...

Şövkət Orduxanov adına Qusar şəhər stadionunun ümumi ərazisi (200x130) 2 hektar 60 sotdur. Meydançanın ölçüləri 105x69 m-dır. Meydançanın ot örtüyü təbiidir. Stadionun suvarma sistemi olmadığı üçün ot örtüyü əl ilə (şlanqlar vasitəsilə) suvarılır. Meydançanın işıqlandırma sistemi yoxdur. Stadionun tribunasının azarkeş tutumu 2500 nəfərdir.

Tribunadakı kosmetik vəziyyət ürəkaçan deyil. Bəzi oturacaqlar qırılıb, bəziləri isə ümumiyyətlə yoxdur. Arenanın hazırkı vəziyyəti həddindən artıq pisdir. 1950-ci ildə qurulan bu idman qurğusu sonuncu dəfə 5 il öncə təmir olunub. 5 il ərzində stadionun baxımsız halda olmağı maraq doğurur. Ümumiyyətlə, 5 öncə təmir olunan arena bu qısa müddətə niyə bu vəziyyətə düşüb?


Bazadakı soyunub-geyinmə otaqlarından biri yaxşı vəziyyətdə olsa da, digəri pis vəziyyətdədir. Burada masaj otağı olsa da yarasız haldadı. Hakimlər üçün məşvərət otağının şəraiti qənaətbəxşdi. Stadionun əlavə olaraq uşaqlar üçün süni mini meydançası da var. Ölçüsü 24x42m. Bundan əlavə əsas meydançanın yanında futbolçuların məşq etməsi üçün təbii ot örtüyünə malik əlavə meydançalar mövcuddu. Lakin ölçüləri standarta uyğun deyil.

Qusarın uşaq futbolunda baza rolunu yerinə yetirən UGİM

Şəhərin uşaq futbolu Şirvanofka kəndi ilə yanaşı Uşaq Gənclər və İdman Məktəbində (UGİM) də var. Burada daha böyük və geniş təriblidi.
UGİM-də hazırda 180 uşaq futbolun sirrlərinə yiyələnməyə çalışır. Uşaqlar bütün yaş qrupları üzrə 9 məşqçi olmaqla 12 qrupda məşq edirlər. UGİM-ə 6 yaşdan 16 yaşa qədər uşaqlar daxildir.
Hazırda UGİM-in 1 komandası U-12-də, 2 komandası U-13-də, 3 komandası U-14-də AFFA-nın bayrağı altında aşağı yaş qruplarında iştirak edir.

UGİM-in uğurları...

U-13 və U-14 iki dəfə Sumqayıtda keçirilən zona birinciliyində yer tutublar. UGİM U-17 və U-19 milli komandası üçün bir neçə futbolçu yetişdirib. U17-də Əzizov Marat Çingiz oğlu, Ağabalayev Nurlan Firuz oğlu eləcə də, U19-da Camalov Famil Şamil oğlu, Şeydayev Ruhin Vəkil oğlu UGİM yetirmələridir. Burada tanınmış futbolçular da yetişib. Hazırda "Neftçi"də oynayan Ələsgərov Namiq həmin UGİM-in yetirməsidir. Məktəbin yetirmələri arasında ətraf kəndlərdən də var. Onları əsasən valideynləri aparıb gətirir.


Məktəbdə fəaliyyət göstərən müəllimlərdən ikisi kateqoriyalı məşqçilərdi - Cavadov Telman Cavad oğlu- C kateqoriyası, Səfərov Salman Baba oğlu - A kateqoriyası.
UGİM-in komandaları məşqlərini əsasən Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirir. Məktəb "Vətən" və "Təhsil" futbol klubları ilə müqavilə bağlayıb. 17 və 19 yaşlı uşaqlar əsasən adı çəkilən klublarındafutbol karyeralarını davam etdirirlər. Bundan başqa "Şahdağ" klubuna da bir neçə futbolçu verilib, komandanın 5 üzvü UGİM-in yetişdirdiyi futbolçudu.
Uşaqların məktəbdəki xərclərinin bir hissəsini Təhsil Şöbəsi ödəyir. Kiçik yaşlı futbolçuların çempionatlarda iştirakı üçün səfər xərclərinə AFFA köməklik göstərəcəyini bildirib. Məktəbin yetirmələri Qusar futbolunun gələcəyidir.

Hazırda bu şəhərin futbolu bərbad vəziyyətdə olsa da, uşaqlar futbolçu kimi yetişmək üçün səylə çalışırlar. Qusarın uşaq futbolunun gələcəyi perspektiv edir, lakin böyük futbolu haqqında pozitiv düşünməyə heç bir əsas yoxdu. Təssüflər olsun ki, Qusar futbolunun hazırki durumu bu mövzuda müsbət proqnoz verməyə imkan vermir. Bu bölgənin futbolunun taleyi "Azenco" şirkətindən asılıdır. Maraqlısı odur ki, azarkeşlər daxil olmaqla Qusar futboluna yaxından, uzaqdan bələd olan insanların tək ümidi Ərəstun Niftiyevdir. Hara qədər-bunu zaman göstərəcək...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Nurlan Cəfəri
Sportmedia.az

 


.
.
.
0.40529608726501