(LAYİHƏ) Sportmedia.az-ın Zaqataladan reportajı (I HİSSƏ)

18:21 28-07-2017
(LAYİHƏ) Sportmedia.az-ın Zaqataladan reportajı (I HİSSƏ)

 

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində bu dəfə reportajımız Zaqataladan olacaq. Respublikamızın şimali-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşən Zaqalata şəhəri futbola olan marağı ilə digər ətraf regionlarından seçilir. Bu şəhərdə insanlarla söhbət edərkən futbola bağlılıqlarını, sevgilərini duymamaq mümkün deyil. Hələ sovetlər dönəmində belə futbolu ilə fərqlənən Zaqatala Azərbaycan futboluna bir çox tanınmış futbolçular bəxş edib. Futbolumuzun inkişafında bu bölgənin də müstəsna rolu olub desək yanılmarıq. Coğrafi mövqeyi və iqlimi qış fəslində futbolla məşğul olmaq üçün bir az çətinlik yaratsa da, digər 3 fəsildə bu idman növüylə məşğul olmaq üçün iqlimi ideal sayıla bilər.
Zaqatala haqqında reportajımızı iki hissədən ibarət edəcəyik. İlk olaraq şəhərin futbol tarixi haqqında məlumat verək. Məlumat verərkən onu da qeyd edək ki, bu bölgənin futbol tarixi haqqında heç bir yerdə informasiya yoxdu, ona görə də şəhərin yaşlı futbol adamlarından və tarixçilərindən məlumatlar toplayaraq tarixi haqqında informasiya verməyə çalışacağıq.

TARİX

Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə görə Zaqata futbolunun tarixi Azərbaycan futbolunun yaranma tarixləri ilə eyni illərə təsadüf edir. XX əsrin əvvəllərində Zaqatalada formalaşmağa başlayan futbol əsasən kortəbii şəkildə oynanılıb. Təxminən 1910-cu illərdə Zqatalada fəaliyyət göstərən türmədə olan məhbuslardan ibarət futbol komandası yaradılıb. Bir neçə il sonra həmin məhbuslardan ibarət komanda inkişaf edərək Zaqatala komandasıyla oyunlar keçirib. Böyük fubol bu bölgəyə bu şəkildə gəlib. Sonralar müəyyən kolxozların öz komandaları yaranıb şəhər daxili yarışlar keçirilib. II Dünya Müharibəsinə kimi Zaqatalada bu idman növü belə formalaşıb. İlk rəsmi komanda isə 1968-ci ildə “Daşqın” adı ilə yaradılıb. O dövrkü şəhərin I katibinin təşəbbüsü ilə belə komanda formalaşıb. Bu komanda SSR çempionatının IX zonasında mübarizə aparıb. Komandanın heyətində olan futbolçular əsasən digər rayonlardan, şəhərlərdən gəlmələrdən ibarət olub. 2 il normal çıxış edən komanda sonrakı fəaliyyətini yerli futbolçularla davam etdirib. 1974-75-ci illərdə normal komanda formalaşıb və kolxozların maliyyə dəstəyilə fasilələrlə Azərbaycan çempionatında iştirak edib. 1970-ci illərin sonunda zaqatalanın uşaq futbolunda da dirçəlmə baş verib. Belə ki şəhərin uşaq komandası o dövrdə məşhur olan “Sevinc Kuboku”nda qalib olublar. Bundan sonra həmin futbolçulardan baza kimi istifadə olunub. Sonrakı illərdə Asif Namazovun rəhbərliyi ilə Zaqatala futbolunun inkişafında böyük rolu olmuş Şaban Şirdanov, Yaşar Vahabzadə kimi məşhur futbolçular karyeralarına burada başlamışlar. “Aşağı Tala” adlı komandanın tərkibində çıxış edən Şaban Şirdanov respublika məktəblərinin yığma komandasına 2 qol vurduğu üçün diqqət mərkəzinə çevrilir. Həmin oyundan sonra o dövrkü UGİM-in direktoru Tahirov Gediç Şirdnaovun əsas komandaya götürülməsində böyük rol oynayıb. Bu komanda 15 yaşlılardan ibarət idi.
1981-ci ildə Şirdanovun təşəbbüsü ilə dağılmış “Daşqın” komandası yenidən bərpa olunub. Şaban Şirdanov 1995-ci ilədək həmin komandanın oynayan baş məşqçisi olub. “Daşqın” onun rəhbərliyi altında 1988-1990-cı illərdə SSRİ çempionatının aşağı dəstələrində, 1992-1993-cü illərdə müstəqil Azərbaycanın ilk milli çempionatlarında, 1994-1995-ci illərdə Azərbaycan çempionatının aşağı dəstəsində mübarizə aparıb. 1991-ci ildə Azərbaycanda ilk dəfə rayon kəndləri arasında bütün mövsümü əhatə edən dairəvi, iki dövrəli futbol çempionatı keçirilib.
1992-ci ildə keçirilən ilk Azərbaycan çempionatının Güclülər dəstəsində mübarizə aparan "Daşqın" 26 komanda arasında 16-cı olub.
1993-cü il mövsümünü isə komanda yüksək səviyyədə keçib, uzun müddət öz qrupuna başçılıq edib, son anda öz meydanında Sumqayıt "Xəzər"inə uduzaraq yarımfinala çıxa bilməyib. Bundan sonra "Daşqın" maliyyə problemləri ilə əlaqdar olaraq dağılıb.


Bu komandanın heyətində müxtəlif vaxtlarda çıxış etmiş məşhur futbolçular: Elçin Qurbanov, Radik Qurbanov, Babək Salahov, İmran Usamov, Elçin Həsənov, Etibrar Bayramov, Elxan Hüseynov.
Saydığımız və başqa bir neçə futbolçu sayəsində 1986-cı ildən Zaqatala futbolunda dirçəliş başlayıb. Öncə 22 yaşında Musa Qurbanov komandaya gətirilib, daha sonra isə Qurban Qurbanov. Musa Qurbanov fubola gəlişindən qısa müddət sonra parlamağa başlayıb və məşhur komandaların heyətlərində çıxış edib.

1964-cü ildə anadan olan Musa Qurbanov 1986-cı ildə ilk dəfə futbola gəlib. Heç bir futbol təhsili olmadığı halda öz istedadı sayəsində qabaqcıl komandaların diqqətini cəlb etməyi bacarıb. “Neftçi”, “Kəpəz”, “Dinamo Kirovabad”, “Turan”, “Kür-Nur Mingəçevir”, “Daşqın”, “Göyəzən” kimi komandalarda çıxış edib. 1992-93-cü illərdə milli komandanın heyətində də forma geyinib.

Musa Qurbanovu ilk məşçisi Şaban Şirdanov belə xatırladı: “Sizə bir maraqlı məqamı deyim. Musa bilirsinizmi futbola nə vaxt gəlib? 22 yaşında. Təsəvvür eləyin, 22 yaşında futbola gələsən və necə də oynayasan. Allah Musaya futbol oynamaq üçün hər şey vermişdi. Boy-buxun, texnika, güclü zərbə…Mən Azərbaycan futbolunda Musa qədər fiziki cəhətdən həddən artıq güclü birisini tanımıram. Onun cərimə meydançasına girməsi bəs idi ki, 100 faizli qol vəziyyəti yaransın. Adətən müdafiəçi hücumçunu dartır, onu irəliləməyə qoymur. Amma Musa müdafiəçini sürüyə-sürüyə öz ardınca rəqib qapıya tərəf aparırdı”.

Zaqatala futbolunun digər istedadlı yetirmələrindən biri də Qurban Qurbanovdu. O, 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində dünyaya göz açıb.


Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan Kubokunun, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.
1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə 33 yaşında futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. O, “Qarabağ”la böyük uğurlara imza atıb və UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ əldə edib. Onun rəhbərliyi altında Ağdam təmsilçiləri 4 dəfə ölkə çempionu adına, 4 dəfə də ölkə kubokuna sahib olub.
Evlidir, 2 övladı var. Futbola gəlişinə səbəb olmuş məşqçi Şaban Şirdanovdu.

Şaban müəllim demək olar ki, Zaqatala futbolunun fomalaşmasında, inkişafında, futbolçu bazasının yaradılmasında və bu bölgənin futbolunun uğurlarında böyük rolu var. Zaqatalalı futbolçuların böyük hissəsi Şirdanovun yetirmələridi.
Şaban Rəcəb oğlu Şirdanov 1960-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Futbol karyerasına Zaqatalada başlamış və buranın futbolu üçün çalımışdır. 14 yaşından futbolla məğul olan Şirdanov uzun müddət futbolçu kimi çıxış etdikdən sonra 1978-ci ildə Azərbaycan SSR Bədən Tərbiyəsi İnstitutunu daxil olub və 1982-ci ildə buranı fərqlənmə ilə bitirib.
Ali təhsil aldığı illərdə tərkibində İqor Ponomaryovun da oynadığı Azərbaycan SSR-in tələbələrdən ibarət yığma komandasında çıxış edir. Ali məktəbi bitirdikdən sonra onun təyinatını elə doğulduğu Zaqatala rayonuna verirlər. Burada idman müəllimi kimi işə başlayır. Az sonra rayonda futbol məşqçisi kimi tanınır. “Daşqın” komandasında çalışan mütəxəssis komanda dağıldıqdan sonra futboldan uzaq qalmır, uşaq futbolunun inkişafı və futbolun kütləviləşdirilməsi üçün çalışır. Belə ki, 1995-2000-ci illərdə Qala düzündəki stadionda uşaq qrupları ilə işləyir və dəfələrlə turnirlər təşkil edir.


Şaban müəllim, 2001-ci ildə "Başqala" futbol klunu təsis edir, çalışmalarına əsasən Tala stadionlarında, kifayət qədər məhdud şəraitdə davam edir. Şəxsi səyləri və bəzi iş adamlarının yardımı ilə "Başqala" 2001 və 2007-ci illərdə Futbol üzrə Azərbaycan çempionatının Həvəskarlar Liqasında iştirak edir.
Azərbaycanda futbolda böhranın hökm sürdüyü 2002-2003-cü illər mövsümündə Zaqatalada tarix ərzində ikinci dəfə yenə də onun təşkilatçılığı ilə 16 kənd komandasının iştirak etdiyi və 10 ay davam edən 30 turluq futbol çempionatı keçirilir.
Zaqatala futbolunun inkişafının əsas səbəbkarlarından olan Şirdanov 2005-ci ildə "Simurq" futbol klubu yaranandan sonra yeni komandadan öz köməyini əsirgəmir, "Başqala"nın yetirmələriylə "Simurq"un adından aşağı yaş qrupları üzrə bir neçə ölkə çempionatında iştirak edir.
Şaban Şirdanov "Simurq" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi və AFFA-nın regional selekdioneri kimi də fəaliyyət göstərib. O, 2010-cu ilin aprelində Unibank Premyer Liqasındakı komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının XXVII turunda Zaqatalada keçirilən "Simurq" - "Turan" oyununda meydana çıxıb və 90+2-ci dəqiqədə komandasının yeganə qoluna imza ataraq, ən qoca qol müəllifi kimi Azərbaycan futbolunun tarixinə düşüb.
Onun əsas yetirmələri: Qurban Qurbanov, Musa Qurbanov, Tural İsgəndərov, Tural Rəcəbov, Oruc Balaşlı, Yusif Dilanov, İlkin Qırtımov. 2007-ci ildə yetirməsi olan 11 yaşlı Rəhman Şabanov AFFA-nın təşkil etdiyi "Top" festivalında qalib gələrək, Ukraynanın "Arsenal" klubuna 3 aylıq təlimlərə göndərilib. Daha bir yetirməsi isə 2010-cu ildə İtaliyanın "Milan" klubunda təlim-məşq toplanışı keçmək üçün dəvət alıb.

Reportajın II hissəsində Zaqatalada futbol üçün şəraitdən, infrastruktur və resusrlardan, oradakı uşaq futbolunun vəziyyətindən və “Zaqatala” klubunun hazırkı durumundan bəhs edcəyik.

Ardı var...

“Layhə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//ZAQATALA


.
.
.
0.38838887214661