(LAYİHƏ) Sportmedia.az-ın Zaqataladan hazırladığı reportaj (II HİSSƏ)

22:16 31-07-2017
(LAYİHƏ) Sportmedia.az-ın Zaqataladan hazırladığı reportaj (II HİSSƏ)

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Zaqataladan hazırladığımız reportajın davamında bu bölgənin futbolunun hazırkı durumundan, infrastrukturundan, resurslar və şəraitdən, uşaq futbolundan bəhs edəcəyik. 

Zaqatala futbolunun hazırkı durumundan danışarkən ilk növbədə buradakı peşəkar futbol klubuna diqqət yönəlir. Hazırda bu şəhəri I divizonda “Zaqatala” adlı klub təmsil edir. Vaxtilə Premyer Liqada “Simurq” adıyla çıxış edən komanda əsasən maliyyə, sponsorun klubdan imtinası və rəhbərlik dəyişikliyi nəticəsində Zaqatalanı I divizionda təmsil etməli oldu. Belə olan halda isə klubun adı dəyişdirilərək “Zaqatala” oldu.

“Simurq” haqqında qısa arayış

2005-ci ildə yaradılan Simurq Peşəkar Futbol Klubu yarandığı ildəcə birinci dəstədə 3-cü yeri tutaraq Güclülər dəstəsinə vəsiqə qazanır. 2006-2007-ci illər mövsümündə Premyer Liqada 9-cu yerlə kifayətlənməli olur.
2008/2009-cu illər mövsümündə “Simurq” Roman Pokoranın rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc mükafatlarını qazanır. Bu, “Simurq”un bu günə qədər Premyer Liqada ən böyük uğuru olaraq qalır. Daha sonradan çempionatın bürünc mükafatçısı Azərbaycanı UEFA Avropa Liqasında (2009/2010) təmsil etmək hüququ qazanır. Buna baxmayaraq “Simurq”un avrokuboklarda debütü uğurlu alınmır və zaqatalalılar ilk mərhələdə İsrailin “Bnei Yehuda” klubuna evdə 0-1, səfərdə 0-3 hesabı ilə məğlub olur.
2010-cu ildə ardıcıl bir neçə oyunda məğlub olan “Simurq”da məşqçi dəyişikliyi baş verir və Roman Pokoranın yerinə makedoniyalı Qyoko Haciyevski gətirilir. “Simurq” 2010/2011-ci illər mövsümünü 11-ci yerdə bitirir və yalnız “Muğan” (Salyan) klubunun maliyyə problemləri olduğuna və Premyer Liqada mübarizəni davam etdirə bilmədiyinə görə “Simurq” Premyer Liqada qalır.
2011/2012-ci illər mövsümünə komanda yeni məşqçi - rusiyalı Sergey Yuran ilə başlayır. Buna baxmayaraq bu məşqçi də “Simurq”a uğur qazandıra bilmir, belə ki klub çempionatda ilk altılıqdan kənarda qalır, Azərbaycan Kubokunda isə ilk mərhələdən mübarizəni dayandırır. 2012-ci ilin yaz aylarında Sergey Yuran istefaya yollanır, “Simurq” isə mövsümü İqor Getmanın məşqçiliyi altında 9-cu pillədə bitirir. 2012-ci ilin yayında klub gürcüstanlı mütəxəssis Georgiy Çixradze ilə müqavilə bağlayır. Bu məşqçi ilə də Zaqatala təmsilçisi uğur qazana bilmir. 2015-ci ildən etibarən isə klubun “qara günlər”i başlayır. Sponsor “Simurq”dan imtina edir və klubda maliyyə böhranı yaşanmağa başlayır. Uzun müddət futbolçular maaş ala bilmir, oyunlara getməyə maliyyə tapılmır və beləliklə, 2015-ci ildə klub rəsmi olaraq fəaliyyətini dayandırır.


Bundan sonra Zaqatala eyni adlı klubla I divizionda təmsil olunmağa başlayır. Baş məşqçisi Şaban Şirdanov olan komanda uğursuzluq seriyasını davam etdirdiyi üçün Şirdanov çempionatının başa çatmasına bir tur qalmış istefa verir. Müəyyən danışıqlardan sonra yeni mövsümdən artıq Şaban müəllim yenidən öz postuna qayıdır. Nə baş verdiyini niyə komandadan getdiyini və geri qayıtmasına səbəbin nə olduğunu isə Şaban müəllimlə söhbətimizdə özü aydınlıq gətirdi:
“Ötən mövsüm sonuncu oyundan sonra uğursuzluq səbəbindən klubdan ayrıldım, sonra komanda tam buraxıldı. Bir qədər komandadan qıraq qaldıqdan sonra rəhbəlik yenidən komandanın baş məşqçisi olmağımı uyğun gördü. Səbəb ancaq komandanın yenidən I divizionda çıxış etməsi deyil, eyni zamanda yerli futbolçuları, heyəi daha yaxşı tanımağımdı. Həm də futbolu daha çox bilən və real vəziyyət çıxış etməyi bacaran məşqçi kimi yenidən komandaya rəhbərlik etməyim məsləhət görüldü. Musa Qurbanov dəvəti zamanı komandanın ixtiyarını tam mənə verdi. Ümumiyyətlə, komandanı yeni formalaşdırırıq, ilk altı yerlərdən birində qərarlaşmaq tapşırılıb, əsasən yerli futbolçulardan ibarət heyət olacaq. Zaqatalada azarkeş futbolu yaxşı bilir, qayəmizin əsas məqsədlərindən biri də, azarkeşlərimizin xoşuna gələn futbolu oynamaq olacaq. Komandamızı Zaqatala futbolunun yetirmələri əsasında formalaşdırırıq. Biz işimizi sırf peşəkarlıq səviyyəsində qururuq, şəxsi münasibətləri işdən kənarda qoyuruq. I divizionda olan limit problemini də nəzərə alıb ona uyğun heyət yığmalıyıq. Bundan əlavə digər klublarda olan yetirmələrimizin də yenidən komandaya cəlb olunmasına çalışacağıq”.
Komandanın yenidən yığılması və Şaban Şirdanovun yenidən baş məşqçi postuna gəirilməsiylə bağlı “Zaqatala”nın Müşahidə Şusarının sədri Musa Qurbanovla da söhbət etdik. O, söhbət əsanasın bir çox maraqlı məqamlara toxundu: “Komandanın yerli futbolçularla forlaşmasına və bu heyətlə çempionata qoşulmasına qərar verildi. Çünki əsas məqsədimiz uşaq futbolunun inkişafı olaaq. Uşaq futboluna ciddi diqqət ayrılacaq. Bütün bu göstəricilərin hamısına bizim rayonda cavab verən Şaban Şirdanovdu. Müşahidə Şurasının qərarı da belə oldu ki, Şaban müəllim yenidən komandaya rəhbərlik etsin, buna görə də, onunla danışıb razılığa gəldim. Əsas komandadan başqa uşaq futboluna da Şirdanov rəhbərlik edəcək. Məşqçilər korpusu da onun ixtiyarında olacaq. Şaban müəllim, lisensizaya və məşqçilərin kateqoriyalarının artırılması işləri də məşğul olacaq”.

Musa Qurbanov uşaq futbola xüsusi diqqətin ayrılmasından və yeni yaş qruplarının yaradılacağını da nəzərə çatdırdı. O, artıq bu yöndə müəyyən addımların atıldığını da söylədi: “Mövcud yaş qruplarından başqa yeni yaş qruplarının yaradılmasını Şaban müəllimə tapşırmışıq. Çalışacağıq ki, gələcəkdə əsas komandanın heyətini tam öz yetirmələrimiz əsasında quraq. Başqa rayonlardan futbolçu gətirib Zaqatalada saxlamaq xeyli xərc tələb edir, buna görə də özümüzün uşaq futbolunu gücləndirməyi qarşımıza məqsəd qoymuşuq. Zaqatala futboluna kənardan heç bir kömək yoxdu, infrastruktur normal səviyyədədi. Maliyyə məsləmiz də o qədər güclü deyil, ancaq AFFA-nın ayırdığı maliyyə vəsaiti hesabına fəaliyyət göstəririk. Buna görə də, bizim I divizionun qalibi olmaq Premyer Liqada iştirak edəcəyimizi qarantiləmir. Yüksək liqada çıxış etmək üçün daha ağır şərtlər var, bu şərtlərin də ən çətini maliyyədi. AFFA-nın da daha artıq vəsait ayırmağa imkanı çatmır. AFFA-nın ayırdığı maliyyə ötənilki kimi olsa da, xərclər daha da artıb. Bizə ancaq stadiondan istifadəyə icazə verirlər. İcarə əsasında yalnız bu arenadan istifadə edirik”.
Reportajımzı hazırlayarkən məlum oldu ki, hazırda Zaqatalada eyni adlı klub uşaq futbolunun inkişafı üçün xüsusi işlər görür. Lakin klubla yanaşı, şəhərdə fəaliyət göstərən Zaqatala UGİM-i də uşaq futbolunun inkişafına çalışır. UGİM-də hazırda 15 futbol qrupu var. Bu qruplar üzrə 225 uşaq futbolun sirlərinə yiyələnməyə çalışır. Əsas 7 yaş qrupu fəaliyyət göstərir (U-9, U-11, U-12, U-13, U-14, U-15, U-16). Məşqləri orta məktəblərin idman zalları və stadionlarında keçirilir. Hər qrupda 1 məşqçi olmaqla, ümumi 15 məşqçi uşaqlara dərslər keçir. Kateqoriyalı məşçilər yoxdu. Məktəbin fəaliyyəti ilə bağlı direktoru Əsgər Əsgərovla söhbət etdik. O, qruplarında perspektivli uşaqların olduğunu söylədi:
“AFFA-nın keçirdiyi yarışlarda iştirak edirik. Qəbələdə keçirilən yarışlarda 13 və 14 yaşlı uşaqlardan ibarət komandalarımız iştirak edir. Bizim yetirmələrimizin bəziləri “Zaqatala” FK-də çıxış edirlər. Düzdü, “Qəbələ”nin futbol akademiyasına gedən uşaqlarımız da var, lakin əsas baza “Zaqatala” FK-dı. Əvvəllər “Qəbələ” bizim uşaqlara yaxşı sponsorluq edirdi, lakin son zamanlar heç nə eləmirlər. AFFA isə yarışda istirak edən komandaları formalarla, toplarla təmin edirlər və uşaqların yol pullarını ödəyirlər. Zaqatalada futbol başqa rayonlarla müqayisədə üstündü”.

Zaqtalada uşaq futbolu ilə sırf peşəkar formada çalışan isə “Zaqtala” FK-dı. Burada hazırda 6 yaş qrupu (U-11, U-12, U-13, U-14, U-15, U-16) yaradılıb. Artıq 6 uşaq məşqçisi klubdan əmək haqqı alacaq. Şaban Şirdanov söhbət əsanasında bildirdi ki, artıq məşqçilər seçilib və hamısı kateqoriyalı məşçilərdi. Şaban müəllim onu da qeyd etdi ki, klub rəhbərliyi həmin məşqçlərin kateqoriyalarını artırmağa da çalışacaq. O, uşaq futbolunun inkişafı üçün əllərindən gələni edəcəklərinə, lakin maliyyə cəhətdən imkanlarının dar çərçivədə olduğunu söylədi: “Maddi-texniki bazamız da var, ibu cəhətdən şəraitimiz də əladı. Lakin futbol akademiyası yaratmağa imkanımız çatmır. Futbolçuların qalmağı üçün kotteclər belə var, lakin orada qalmaq üçün də pul lazımdı. Həli ki, yerli məşqçilərdən istifadə edəcəyik”.

İnfrastruktur və resurslar baxımından Zaqatalada şərait idealdı. Futbolla məşğul olmaq üçün imkanlar genişdi. Zaqtala Olimpiya Komleksinin nəzdində hər bir şərait var, lakin klubun ixtiyarında yalnız stadiondu. Zaqatala Şəhər Stadionu 1964-ci ildə inşa olunub. 2004-cü ildə yenidən əsaslı təmir olunub. Hazırda arena Zaqatala Olimpiya Komleksinin balansındadı. İdman qurğusu 3 meydançadan ibarətdi. Hər üç meydança süni ürtüklüdü, lakin əsas meydançanın örtüyü keyfiyyətlidi. Vaxtilə təbii otla döşənmiş əsas meydançanın ölçüsü 105-68m-di. Köməkçi meydançalar da standarta uyğundu. Əsas meydançanın işıqlandırma sistemi mövcuddu. Suvarma sistemləri müasirdi. Soyunub-geyinmə otaqları, hakimlərin məşvərət otağı, həkim-dopinq və massaj otaqları, ofislər hamısı təmirlidi, vəziyyətləri normaldı. Maddi-texniki baza Premyer Liqa klubları ilə müqayisə olunacaq səviyyədədi.


Reportajımızın sonunda qeyd edək ki, Zaqatalada futbolla məşğul olmaq üçün hər bir şərait mövcuddu. Müasir standartlara cavab verən baza və peşəkar klubu var, uşaq futbolunun inkişafı isə klubun əsas hədəflərindən biridi.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

//ZAQATALA

 


.
.
.
0.34413313865662