“Neftçi” və “Qarabağ” öndə, “Səbail” 59-cudur!

16:00 03-08-2017
“Neftçi” və “Qarabağ” öndə, “Səbail” 59-cudur!

SM: Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün püşkü atılıb. Artıq gələn həftə yeni çempionata start veriləcək. Sayca 26-cı olacaq ölkə çempionatında 8 komanda mübarizə aparacaq. Onlardan biri – Bakının “Səbail” klubu yüksək dəstənin debütantıdır. Digər 7 komanda isə əvvəlki çempionatlarda da mükafatlar uğrunda mübarizə aparıb. Ümumiyyətlə, indiyədək baş tutan 25 çempionatda 58 komanda çıxış edib. Bu çempionatlardan biri – 2001/02 mövsümü yarımçıq dayandırılıb. Həmin yarışda çempionat dayandırılana qədər baş tutan matçların nəticələri nəzərə alınır. 58 iştirakçıdan birinin – “Gənclik” komandasının nəticələri ləğv olunsa da, rəqiblərinə 2 texniki qələbə verilib. Bu üzdən həmin iştirakçı da ümumi siyahıda yer alıb. Yeri gəlmişkən, texniki nəticələr ümumi cədvəldə top fərqində nəzərə alınmır.

Peşəkar Futbol Liqasının rəsmi saytı 1992-ci ildən keçirilən çempionatların ümumi cədvəlini təqdim edir. Siyahıda yarışda iştirak edən 58 komanda sonuncu adı ilə göstərilib. Məsələn, “Olimpik”, “Olimpik-Şüvəlan”, AZAL adları altında çıxış edən paytaxt klubu indiki adı “Şüvəlan” kimi qeyd olunub.

Qələbəyə görə 3 xal prinsipi ilə tərtib olunan cədvələ nəzər salsaq, ilk iki pillədə çempionatların daimi iştirakçıları “Neftçi” və “Qarabağ”ın qərarlaşdığını görmək olar. Bakılılar 1-ci, Ağdam klubu 2-ci sırada qərarlaşıb. Böyük fərqlə geri qalan izləyicilərdən “Kəpəz” 3-cü, “İnter” 4-cüdür. Fəaliyyətini peşəkar səviyyədə dayandıran klublardan “Turan” 5-ci, “Bakı” 6-cı, “Xəzər Lənkəran” 7-cidir. Premyer Liqanın indiki sakinlərindən “Qəbələ” 8-ci yerdədirsə, “Sumqayıt” və “Zirə” üçüncü “onluq”dadır.


.
.
.
0.37628602981567