(YAZI) “Qarabağ” – “Kopenhagen” oyunu öncəsi bilet problemi!

16:59 15-08-2017
(YAZI) “Qarabağ” – “Kopenhagen” oyunu öncəsi bilet problemi!

SM: “Qarabağ” – “Kopenhagen” matçı öncəsi bilet problemi yaşanır. Hələ 2 gün öncədən kassada oyunu stadiondan izləmək üçün biletlərin qalmadığı bildirildi. İlk dəfədi ki, azarkeşlər bilet almaq üçün bu həddə əziyyət çəkirdilər. İndiyə kimi belə hallar çox olub, amma bu qədər də açıq şəkildə edilməyib. Bu problemin nə olduğunu öyrənmək üçün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna yollandıq. Orada - kassanın önündə yaşananlar doğrudan da acınacaqlı idi. Bu qədər diqqət olan oyuna beləmi hazırlaşmışıq? Nəisə...
Kassada biletlərin isə niyə yox olduğu bəlli oldu. Çünki biletlərin böyük əksəriyyəti “qara bazar”a ötürülüb. Buna görə də, kassadan normal şəkildə bilet almaq müşkül məsələyə çevrilib. Bu “iş”ə kimlərin şərait yaratdığını araşdırmaq istədik. Bununla bağlı stadionun direktoru Şamil Quliyev ilə söhbət etdik. Quliyev kassanın satış üçün bütün hüquqlarının müqavilə əsasında “Qarabağ”a aid olduğunu bildirdi. Stadion direktoru yaşanan bilet problemi ilə bağlı stadion rəhbərliyinin heç bir məsuliyyəti olmadığını, hətta özlərinin belə bilet almaqda çətinlik çəkdiyini söylədi.
Belə olan halda kimlərin “qara bazar”a biletlərin ötürülməsində maraqlı olduğunu öyrənmək istədik. Bilet alverçiləri və başqa səlahiyyətli şəxslərlə söhbətimizdə məlum oldu ki, kassada bilet satışına “Qarabağ”dan YusifAnar adlı şəxs rəhbərlik edir. Məgər bu şəxslərdən və klubdan xəbərsiz biletlər “qara bazar”a ötürülür? Bu, o qədər də inandırıcı deyil. Kassanın arxa qapısından yüzlərlə bileti alıb çıxan alverçilərə klub niyə göz yumur? Yoxsa bu “oyun” fürsətdən istifadə edib biletləri qeyri-rəsmi olaraq 5-6 qat baha qiymətinə satmaq üçündü?
“Qara bazar”da1 manatlıq bilet 10-15 manata, 5 manatlıq isə 25 manata qədər baha qiymətinə satılır.

P.S. Azarkeşləri belə neqativ hallarla yenidən futboldan küsdürməyin... Onsuz da yerli çempionatda yetərincə azarkeş problemi yaşanır!

İLKİN VİDADİOĞLU

SPORTMEDİA.AZ


.
.
.
0.53875088691711