(LAYİHƏ) Sportmedia.az-ın Şəmkirdən reportajı - I HİSSƏ (FOTOLAR)

19:40 27-08-2017
(LAYİHƏ) Sportmedia.az-ın Şəmkirdən reportajı - I HİSSƏ (FOTOLAR)

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində növbəti reportajımız Şəmkir futbolundan oldu. Şəmkir futbolu ilə bir vaxtlar çox məşhur idi. Bu bölgənin adı gələrkən dərhal yada futbol düşürdü. Bütün yerli komandalar üçün “Şəmkir” FK ciddi rəqib sayılırdı. Hətta Avrokuboklarda belə “Şəmkir” ilklərə imza atmış komanda kimi Azərbaycan futbol tarixinə düşüb. Bu bölgənin futbolundan geniş reportaj hazırlayarakən tarixini “gözardı” etmək mümkün deyil. Repotajımıza ilk olaraq Şəmkirin futbol tarixindən başlayaq.

TARİX

Klubun rəsmi adı:Şəmkir Futbol Klubu
Rəngləri:ağ-qırmızı
Ləqəbi:Şəmkirlilər
Yaranma tarixi: 1954
Stadionu:Şəmkir Olimpiya İdman Kompleksi
Tutumu:2,500 nəfər

 

Şəmkir futbolunun tarixi təminən 1940-cı illərə təsadüf edir. Lakin burada peşəkar səviyyədə futbolla məşğul olmağa 1950-ci ildən başlayıblar. Öncə komanda yaradılıb, 1954-cü ildə isə ilk peşəkar klub - “Şəmkir” yaradılıb. Sovetlər dönəmində komandanın ara-sıra fəaliyyətini dayandırdığı da olub, lakin 1986-ci ildən yenidən komanda yığılıb. Ölkə çempionatının aşağı dəstəsində çıxış edib. “Şəmkir”in ən böyük uğuru isə müstəqillik illərində olub.
“Şəmkir” müxtəlif vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. İki dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medala sahib olublar. Şəmkirlilər 2 dəfə futbol üzrə Azərbaycan Kubokunun finalına yüksəliblər. Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu olan Skontonu Bakıda 4-1 hesabı ilə məğlubiyyətə uğradıb.
2001/2002 mövsümü yarımçıq dayandırılan zaman “Şəmkir” FK birinci pillədə idi və üçüncü çempionluğuna çox yaxınlaşmışdı. 2003-2004 mövsümünün çempionu “Neftçi”ni məğlub edən yeganə komanda məhz “Şəmkir” olub (3-1). Həmin il Bakıda keçirilən cavab görüşü isə 2-2 hesablı heç-heçə ilə bitib.
2004-cü ildə keçirilən Azərbaycan kubokunun finalında əlavə vaxtda ilk qolu məhz şəmkirlilər vursa da - hakim İmamxan Sultani qolu qeydə almadı. Bütün mətbuat orqanlarında bu qolun haqsız yerə sayılmaması qeyd olundu. Bu final matçından sonra klubun əksər aparıcı futbolçuları komandadan ayrıldılar. 2004/2005 mövsümünü 11-ci yerdə (18 klub arasında) bitirməsinə baxmayaraq mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırdı.

YENİ TARİX

“Şəmkir” 2009-cu ilin sonlarında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olundu və komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olundu. Klub ev oyunlarını yeni istifadəyə verilmiş Şəmkir İdman Olimpiya Kompleksinin stadionunda keçirməyə başladı. 2010/2011 mövsümünün gedişində Anar Kələntərov baş məşqçi təyin olundu və klub I divizionda mövsümün sonunda 9-cu pillədə qərarlaşdı. 2013-cü ildə klubun baş məşqçisi Ruslan Abbasov təyin edildi. 2014/2015-ci illər mövsümündə klub 30 futbolçunun xidmətindən istifadə etdi və turnir cədvəlini 9-cu pillədə başa vurdu. Aktivində 5 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət olan “Şəmkir” 22 xalla mövsümü başa vurdu. 2015-ci ilin yanvarında kluba sponsor tapıldı və baş məqşçi Kamran Əlibabayev təyin olundu. Bu mövsüm komanda uğur qazana bilmədi.
Növbəti illərdə komandaya müxtəlif baş məşqçilər gətirilidi. Şəmkir futbolunun əfsanəsi Badri Kvaratsxeliya, Qəhrəman Əliyev və Əli Məmmədov rəhbərlik etdi. Lakin komanda heç bir uğur qazana bilmədi, əksinə son mövsümdə futbol adına ləkə gətirən bəzi hərəkətlərdə klubun adı hallandı. Klubun rəhbəri Elvin Səfərlinin adı nəticəsi danışılmış oyunlarda hallandı. Bununla da vəziyyətin gərginliyi pik həddə çatdı və sonda klub dağıldı. 2017-2018-ci illər mövsümündə isə çıxış edəcəyi sual altındadı, hətta böyük ehtimalla klub fəaliyyətini tam dayandırıb. Son illərdəki klubun fəaliyyətini bərpa etməyində AFFA-nın da böyü rolu olub. Şəmkirin İcra Hakimiyyətilə yanaşı AFFA da bu bölgədə futbolun canlanmasında müəyyən işlər görüb. Klubun maliyyə məsələsinin böyük hissəsini AFFA ödəyib, lakin hazırda heç bir qurum bu kluba maliyyə ayırmır. Yerli İcra Hakimiyyətinin rəhbərliyi isə növbəti mövsümdə klubun yaşaması üçün bir şey fikirləşəcəklərini söyləyib. Şəmkirli iş adamlarından isə kluba kömək etmək üçün hələ yaxın duran yoxdu. Bu neqativ hala ən çox Şəmkir futbolu üçün “can” qoyan veteran və hazırda heyətdə çıxış edən futbolçular üzülür.
Komandanın dağılmasının və komandada məşqçilikdən imtina edən Əli Məmmədov bizimlə söhbətində hazırkı durumun çox üzücü olduğunu, Şəmkir futbolunun bu vəziyyətdə olmamasını söylədi. Məmmədov komandadan getməsinin ən əsas səbələrindən birinin Elvin Səfərlinin danışılmış oyunlarda adının hallanması olduğunu qeyd etdi. O, Elvini komandaya özünün cəlb etdiyini, lakin belə “işlər” görəcəyini düşünmədiyini bildirdi. Gənc məşqçi Şəmkir futbolunun inkişafı üçün əlindən gələni təmənnasız etməyə hazır olduğunu nəzərə çatdırdı.

Şəmkir futbolunun əfsanəsi sayılan, bu zonada çox sevilən Badri belə komandadan ayrı qalıb. Amma onun Şəmkir futbolu üçün etdikləri heç zaman unudulmamalıdı.
Gürcü balası Badri Kvaratsxeliya Azərbaycan çempionatında 1997-ci ildə “Kəpəz”də debüt edib. Buna kimi ölkəsinin “Skuri”, “Dinamo” (Tbilisi), “Kaxeti”, “Metallurq”, ŞSS “Akademiya”, “Merani” klublarının şərəfini qoruyub. Həmin il Gəncə komandasının heyətində “qızıl dubl” edən hücumçu növbəti mövsüm “Şəmkir”ə dəvət alıb. Burada da qol vurmaq bacarığı ilə seçilən Badri 2005-ci ilə kimi “Şəmkir sakini” olub. Azərbaycanda çıxış etdiyi müddətdə 132 oyunda 71 dəfə fərqlənib. Badrini daha çox Çempionlar Liqasında ilk dəfə mərhələ adlayan “Şəmkir”in heyətində “Skonto”ya vurduğu qollarla xatırlayırıq. Məhz onun Bakıda keçirilən cavab qarşılaşmasının son dəqiqələrində vurduğu qol əlavə vaxtın təyin olunması ilə nəticələnmişdi (əsas vaxt 2:1 hesabı ilə başa çatmışdı – İ.T.). Yeri gəlmişkən, Badri 3 dəfə yığma komandamızda da çıxış etməyə imkan tapıb. Bir ara “Standard”ın baş məşqçisi kimi ölkəmizdə fəaliyyət göstərib. Ötən il isə “Qəbələ”də məşqçi kimi işləyib. Tiflisdə yaşayır, işsizdir. İki oğlu var və hər ikisi “Dinamo”nun futbol akademiyasında təhsil alır.

ŞƏMKİRDƏ FUTBOL ÜÇÜN ŞƏRAİT, İMKANLR VƏ İNFRASTRUKTUR

Futbol infrastrukturu və şəraitdən söhbət düşdükdə ilk olaraq yada stadion və meydançalar düşür. Şəmkirdə hazırda stadion ancaq Şəmkir Olmpiya Kompleksindədir. Vaxtilə rayonun böyük, stadartlara cavab verən stadionu var idi. Lakin bilinməyən səbəblərdən həmin stadion təmir olunmaq əvəzinə söküldü. O stadion şəmkirlilər üçün çox dağma idi, bir çox tarixi oyunlar məhz həmin arenada keçirilmişdi. Stadionun sökülməsilə bağlı heç bir rəsmi məlumat belə verilmədi. Təbii ot örtüyündən olan idman qurğusunun sökülməsində kimlər maraqlı idi bu hələ də bilinmir. Lakin rayonda futbol üçün imkanları genişləndirmk əvəzinə, əldə olanı da məhv etmək futbolun inkişafına zərbə vurmaq deməkdi.


Hazırda Şəmkirdə ancaq Şəmkir Olmpiya Kompleksinin nəzdində olan stadionun bir əsas meydançası var. Digər meydança isə mini futbol üçündü. Hər iki meydança təbii ot örtüklüdü. Əsas meydançanın ölçüləri standarta tam uyğundu, lakin mini futbol meydançasının ölçüləri 60-40m-dir. Əsas meydançanın işıqlandırma sistemi mövcuddu, tribunasının azarkeş tutumu 2500 nəfərlikdi. Soyunub-geynimə otaqlarının şəraiti qənaətbəxşdi, lakin yenidən təmirə ehtiyacı var. Hakimlər üçün məşvərətə otağı və massaj otağı mövcuddu. Lakin bu stadiondan istifadə etmək ödənişlidi.
Rayonun bir neçə qəsəbəsində də standartlara cavab verməyən stadionlar var. Biri Kür qəsəbəsində, hansı ki orada əsasən Şəmkirin uşaq futbolu ilə məşğul olunur. Digəri isə Zəyəm qəsəbəsində...

Reportajımızın ikinci hissəsini əsasən uşaq futboluna və Şəmkirdə futbolun inkişafına mane olan ünsürlərə həsr edəcəyik.

Ardı var...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//ŞƏMKİR


.
.
.
0.41130089759827