(LAYIHƏ) Sportmedia.az-ın Şəmkirdən reportajı - II HİSSƏ (FOTALAR)

22:06 30-08-2017
(LAYIHƏ) Sportmedia.az-ın Şəmkirdən reportajı - II HİSSƏ (FOTALAR)

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Şəmkirdən hazırladığımız reportajın ikinci hissəsini əsasən uşaq futboluna və Şəmkirdə futbolun inkişafına mane olan ünsürlərə həsr edəcəyik.
Reportajımızın ilk hissəsində Şəmkirdəki stadionlar barəsində məlumat vermişdik. Bu rayonda ümumi futbol infrastrukturu barəsində Şəmkir İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyidlə söhbət etdik. O, rayonda futbol infrastrukturunun yüksək səviyyədə qurulduğunu söylədi: “Şəmkirdə futbolun yaşaması üçün hər bir şərait yaradılıb. Hazırda rayon ərazisində Olimpiya Stadionu daxil olmaqla bir neçə stadion var ki, gənclərin futbol oynamaları yüksək şərait yaradılıb. Bunlar arasında Kür qəsəbə, Zəyəm qəsəbə, Dəllər Cəyir, Çinarlı qəsəbə stadionlarını göstərmək olar. Demək olar ki, günün bütün münasib vaxtlarında bu stadionlarda boş yer tapmaq olmur. Rayon İcra Hakimiyyəti tərəfindən də futbolun və ümumilikdə idmanın inkişafına hər cür dəstək göstərilir. Hazırda Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayon birinciliyi keçirilir”.
Elgün bəy “Şəmkir” FK-nın gələcək fəaliyyətilə bağlı rayon rəhbərliyinin nə düşündüyü” sualına belə cavab verdi: “İnanırıq ki, gələcəkdə hər şey yaxşı olacaq. İndidən nəsə demək tezdir. Bu dəqiqə bütün diqqət daxili çempionatın yüksək səviyyədə təşkil olunmasına yönəlib. Rayon İcra Hakimiyyəti komandanın yerli uşaqlardan təşkil olunub daha yaxşı vəziyyətdə formalaşması üçün bu daxili çempionatın keçirilməsini dəstək göstərib”.

Şəmkir Olimpiya İdman Kompleksinin futbol meydançasında Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şəmkir Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyininə start verilib. Turnirin açılış mərasimində çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu turnirin keçirilməsinin xüsusi əhəmiyyətli və vacib olmasını bildirib. O, turnirin keçirilməsində məqsəd rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsi olduğunu nəzərə çatdırıb.


Açliş mərasimində çıxış edən tanınmış şəmkirli futbolçu Rövşən Əmiraslanov, futbolun fəxri azarkeşi İdris Hüseynov Şəmkir futbolunun keçdiyi şanlı tarix barədə məlumat veriblər. Çıxışlarda bu gün Şəmkir rayonunda futbolun inkişafına göstərilən dəstəyin gələcəkdə istedadlı futbolçuların yetişməsinə mühüm töhvlərini verəcəyi qeyd olunub.
Daha sonra Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov tədbir iştirakçılarına turnirin keçirilməsinin məqsədi, qaydaları və ümumilikdə turnir barədə ətraflı məlumat verib.
Qeyd edək ki, futbol turniri püşkatma nəticəsində 4 qrup sistemi üzrə, 14 komandanın iştirakı ilə keçirilir.
Turnirin matçları Şəmkir Olimpiya İdman Kompleksində, digər qarşılaşmalar isə Kür qəsəbə, Zəyəm qəsəbə, Çinarlı qəsəbə stadionlarında keçiriləcək.
Turnirin final oyunu dekabrın 26-da Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.

ŞƏMKİRDƏ UŞAQ FUTBOLU

Şəmkirdə uşaq futbolu ilə son müddətə kimi “Şəmkir” FK, Təhsil Nazirliyinin nəzdindəki yerli Uşaq Gənclər və İdman Məktəbi (UGİM) və Gənclər və İdman Nazirliyinin nəzdindəki UGİM məşğul olur. Klub fəaliyətini dayandırdıqdan sonra oradakı uşaq futbolu dayandırılıb.
UGİM-lərin nəzdində isə uşaq futbolu fəaliyyət göstərir. Təhsil Nazirliyinin nəzdindəki UGİM-də bir müəllim uşaq futbolu ilə məşğul olur. Burada kiçik yaşlıların məşq etmək üçün meydançaları belə yoxdu. Ümumiyyətlə, burada şəraitsizlikdi.
Gənclər və İdman Nazirliyinin nəzdindəki UGİM-də uşaq futbolu ilə məşğul olan bir neçə məşqçi-müəllim var. Burada 10 yaşından 16 yaşına kimi uşaq qrupları var.
Bütün bunlarla bağlı məlumat almaq üçün UGİM-in futbol üzrə məşqçi-müəllimi Əli Əhmədovla söhbət etdik. O, hazırda 3 qrupa futbol dərsləri keçdiyini söylədi: “Hazırda mənim 3 qrupum var. Hər qrupda 15-dən çox uşaq var. U-10, U-11 və U-14 komandalarına rəhbərlik edirəm. AFFA-nın təşkil etdiyi yarışlarda iştirak edirik. Ümumi 50-yə yaxın uşağa futbolun sirlərini öyrtəməyə çalışıram. Məşqləri Kür qəsəbəsində keçirik. Burada stadion var, meydançanın ölçüləri standarta uyğun olmasa da vəziyyəti yaxşıdı. Məndə cəmi 3 yaş qrupu var. Amma digər müəllimlərdə başqa qruplar da var. Məndə məşçi kateqoriyası yoxdu, amma sənədləri vermişəm ki oxuyum kateqoriya alım. Hazırda isə futbol diplomu var”.
Əhmədov komandalarının çıxışlarından razı qaldığını və yaxşı nəticələr verdiklərini dedi: “Ötən mövsüm 13 yaşlılar arasında keçirlən qərb zonası üzrə çempionatda U-13 komandamız qalib oldu. Hazırda həmin komanda U-14 liqasında çıxış edəcək. Fərqlənən, perpektivli uşaqlarımız çoxdu. Danışıqlar aparırıq, çalışırıq ki, perspektivli uşaqlar peşəkar klublara getsin. AFFA-dan və digər klublardan da qərb zonasının oyunlarına gələnlər çoxdu. Çünki istedadlı uşaqlar qərb zonasında çoxdur, gəlib oyunlara baxırlar uşaq seçib götürə bilsinlər. İnventarlar hər 3-4 aydan bir verilir, toplarla, geyimlərlə uşaqlar təmin olunur. Qərb zonası üzrə AFFA-nın nümayəndəsi var Vüsal Qocayev həqiqətən çox dəstək olur bizə. Yeri gələndə uşaqları həvəsləndirmək üçün dəfələrlə öz cibindən idman geyimləri, butsilər alıb verib. Aldığını da elə verib ki, guya AFFA-dan ən yaxşı oyunçuya verilib. Ötən mövsümə qədər “Şəmkir” FK fəaliyyət göstərirdi, lakin indi sual altındadı. Klubun fəaliyyətini davam etdirməsi uşaqların da motivasiya edilməsində çox böyük rol oynayır. Bizdə Şəmkir daxili çempionatına start verildi. Möhtəşəm açılış oldu, bu, Şəmkir futbolunun inkişafı üçün çox önəmli addım idi. 16 komanda iştirak edir, bu çempionata böyük maraq var. I divizionda iştirak edən komandamızın fəaliyyəti dayansa da, bu çempionatın keçirilməsi rayon futbolunun inkişafında böyük rol oynayacaq. Heyətlər gənc futbolçulardan ibarət olacaq, bu da əsas komanda üçün yeni futbolçuların üzə çıxarılması deməkdi”.

“Şəmkir” klubu fəaliyyətini dayandırana kimi klubun nəzdində də uşaq komandaları mövcud idi. Klubda uşaq futboluna nəzarəti Elşad Mirzəyev edib. O, “Şəmkir”in 15 yaşlılardan ibarət komandasının da baş məşqçisi olub. Hazırda klub fəaliyyətini dayandırdığına görə Mirzəyev öz hesabına uşaq komandası saxlayır. Bununla bağlı Elşad müəllimin özüylə söhbət etdik və o, bir çox mətləblərə toxundu: “AFFA gərək bir az səbr edərdi ki, Fərid Hüseynov bir mövsüm də klubun rəhbəri olardı. O zaman Fərid Hüseynov yeni mövsümdən klubun nəzdində 8 uşaq komandası yaradacaqdı. Lakin AFFA buna səbr etmədi və klubun maliyyəsi kəsildi. 15 yaşlılarla yanaşı 10-11 yaşlı uşaqlardan ibarət də komanda yaratmışdım. Fərid bəy bizə çox dəstək olurdu.”

Elşad Mirzəyev “Şəmkir”in son rəhbəri Elvin Səfərlidən, Şəmkir Olimpiya Komplesinin rəhbərliyindən şikayətləndi. Mirzəyev hazırda Şəmkirdən uşaq futbolunun bərbad durumda olduğunu söylədi:
“Elvin Səfərli kluba rəhbər gəldikdən sonra buranın uşaq futbolunu məhv etdi. İlk dövrədən uşaq futbolunu ləğv etdi. Bir dəfə baş məşqçi Qəhrəman Əliyevlə Elvin Səfərli kompleksin (Şəmkir Olimpiya Kompleksini nəzərdə tutur) qarşısında oturmuşdu. Mən gəlib yaxınlaşdım ki, 15 yaşlılardan ibarət komandanın saxlanılması üçün pul lazımdı. Əvvəldən də hesablamışdıq ki, cüzi bir məbləğlə yola verə bilərik. Sadəcə oyuna gedib-gəlmək üçün 150 manat lazım idi, onu istəyirdik. Bu, ayda 300 manat edirdi. Elvin Səfərliyə deyəndə ki, bu komandanın saxlanması üçün cüzi maliyyə lazımdı, o, yox dedi. Mən də heç nə deməyib dönüb qayıdırdım. 50-60 metr getmiş Elvin çağırıb soruşdu nə qədər pul lazımdı? Dedim 150 manat. Soruşdu ki, 150 manatla sən neyləyəcəksən? Dedim ki, bunu mən yoluna qoyacam, sadəcə səfər oyunlarına gediş-gəliş pulu istəyirəm. Bakıya gedib-gəlmək üçün sürücünü 120 manata danışmışdım, 30 manat da yolda çay, su içmək üçün. Yeməyi özümüzlə evdən götürərik dedim. Komanda heyifdi, əziyyətlə yığmışıq, məhv olmasın. Qəhraman müəllim də sağ olsun, dəstək oldu. Razılaşdıq, oyunlara davam edirdik. “Vətən” ilə oyuna gedəndə heyətin 3 futbolçusu xəstə idi, zorla sistem köçürtdürüm, iynə vurdurub oyuna apardım. Getdik, orada böyük hesabla məğlub olduq. Elvin Səfərli məni çağırıb dedi ki, bundan sonra sənə 100 manatdan artıq verməyəcəm. Razılaşdım, yerdə qalan pulu cibimdən qoyurdum. Komandanın dağılmasını istəmirdim, hansı əziyyətlərlə bu komandanı yığmışdım. Uşaq futbolunun Şəmkirdə inkişafından danışırıqsa, nə qədər ki, burada Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, UGİM-in direktoru Namiq Mahmudov var, inkişaf mümkün deyil. Emin 5-6 komandanı yığıb Şəmkir çempionatı keçirir, hamısı da yaşlı kişilərdi. Adı olur ki, uşaq futbolunun inkişafına dəstək. Belə inkişaf olmur, bundan qazanan ancaq Namiq Mahmudov və Emin İsmayılov olacaq. Bizim Kür qəsəbəsi var, orada stadion da var. Hazırda orada məşqlər dayandırılıb. 10 gündən sonra Azərbaycan birinciliyi başlayır, amma uşaqlar 3 aydır ki, məşq keçmirlər. Şəmkirdə belə şeylər olur. Mən hər şeyin düzünü deyirəm, mən Emin İsmayılovdan 2000 manat pul istədim ki, 15-16 yaşlılardan ibarət komandanın fəaliyyəti üçün bu məbləğə ehtiyac var. Amma İsmayılov vermədi. Bir ilə bu məbləğ elə də böyük deyil. 15 yaşlıların yarışında komleksdə oyunları keçirmək üçün hər oyun məndən 100 manat alırdılar. Elvin Səfərli ilə Şəmkir Olimpiya Kompleksinin stadionun direktorun müavini Mahir müəllim birləşib məni stadiondan çıxartdılar. Mən oyunları gedib şəraitsiz yerlərdə keçirirdim. Bəlkə də Mövlud Mirəliyevin belə bir hadisədən xəbəri yox idi. Mahir müəllim deyirdi ki, kompleks mənimdi 100 manat ödə hər hissəsi 35 dəqiqədən ibarət 2 hissəli oyun keçirt. 4 oyun bu pulu cibimdən ödədim, amma sonra gücüm çatmadı. “Qəbələ” ilə ev oyununa qədər oyunları burada keçirdim. Sağ olsun dostlar kömək etdi. Dedim ki, oyunun birinin pulunu verəcəm birinin də pulunun ayın 13-ü verəcəm. Mahir müəllim qayıtdı ki, get pulun olanda gələrsən. Beləcə “Qarabağ” ilə oyunu keçirtməyə imkan vermədilər və sonra “Qarabağ” rəhbərliyinə də deyiblər ki, özləri gəlməyiblər. Buna görə bizə texniki məğlubiyyət verildi. Gərək mən gedib kompleksin qarşısında dayanardım deyərdim ki meydança vermirlər oyun keçirtməyə. Bütün şəmkirlilər bildi ki, belə problem yaşandı. Sonra da valideynlər uşaqları komandadan geri çəkməyə başladılar. Şəmkirdə uşaq futbolu bərbad vəziyyətdədi. Hazırda 2006-ci il təvəllüdlü uşaqlardan ibarət bir komandam var. Muxtariyyə kəndin sakinlərinin hesabına bu komandanı saxlayıram. 3 dəst uşaqların forması var, topları var, kənd bələdiyyəsinin tərkibində fəaliyyət göstərirəm. Yarışlara getmək üçün AFFA yol pulumuzu ödəyir”.

Hazırda Şəmkir futbolunun vəziyyəti heç də yaxşı deyil. Əsas komandaları fəaliyyətini dayandırıb, uşaq futbolu inkişafsız, stadion, meydança problemləri var. Futbol bölgəsi olan Şəmkirin futbolunun belə acınacaqlı durumda olması həqiqətən üzücüdü...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ
//ŞƏMKİR

 

 

 


.
.
.
0.37457799911499