(MÜSAHİBƏ) Əli Məmmədov: “Şəxsən mən Elvin Səfərlinin klubla bağlı qumar oynadığını bilirdim” (LAYİHƏ)

22:29 31-08-2017
(MÜSAHİBƏ) Əli Məmmədov: “Şəxsən mən Elvin Səfərlinin klubla bağlı qumar oynadığını bilirdim” (LAYİHƏ)

“Şəmkir” FK-nin keçmiş məşqçisinin Sportmedia.az-a müsahibəsi

- Uşaq yaşlarınızdakı Şəmkir futbolunu necə xatırlayırsınız?
- 1998-ci ildə ilk dəfə “Şəmkir” klubunun nəzdində uşaq futbol məktəbi yaranmışdı. Həmin uşaq futbol məktəbini Vahid Musayev yaratmışdı. Biz də klubun heyətində çempionatlarda çıxış edirdik.
-Futbolçu karyeranıza nə zaman başlamısınız?
-Mən futbolçu karyerama 1998-ci ildə, 13-14 yaşlarımda başlamışam.

- O vaxta qədər məhəllə futbolunda oynayırdınız?
- Məhəllə futbolu var idi. Vahid Musayev bizi məhəllə futbolundan uşaq məktəbinə cəlb etmişdi. 1999-cu ildən çempionatda iştirak etməyə başladıq. Biz həmin ildən etibarən 3 il ardıcıl olaraq respublika çempionu olduq. Uşaq məktəbindən yaxşı futbolçular yetişirdi. Çoxları karyerasına davam etmədi. Hazırda futbol karyerasına davam edən oyunçulardan Cavid İmamverdiyevin, Samir Zərgərovun adlarını çəkə bilərəm.

- Artıq peşəkar futbolla məğul olmağa başlayandan sonra “Şəmkir”in əsas heyətinə çağırıldınız?
- Bəli, 2002-ci ildən başlayaraq, biz Ağasəlim Mircavadov tərəfindən əsas heyətdə məşqlərə çağırıldıq. Oyunlarda qısa müddət də olsa iştirak edirdik. Daha sonra Rövşən Əmiraslanov, Orxan Məmmədov, Cavid İmamverdiyev başqa klublara keçdilər. Mən özüm 2004-cü ildən “Ədliyyə”nin heyətində Premyer Liqada oynadım.

- Daha sonra yenidən “Şəmkir”ə qayıtdınız?
- 2006-cı ildə Şəmkirə qayıtdım. Lakin klub artıq dağılmışdı. Sonra “Saf” klubunun heyətində yarım mövsüm oynadım və futbolçu karyeramı bitirdim. Futbolçu karyeramı sonlandırdıqdan sonra hakimlik etməyə başladım. 9 il respublikanın 1-ci dərəcəli hakimi olmuşam. Hakimliklə eyni vaxtda uşaq futbol məktəbində məşqçi kimi fəaliyyət göstərmişəm. Əsas istəyim karyerama məşqçi kimi davam etmək idi.

- Məşqçilik üzrə kateqoriyanız var?
- Bəli. C kateqoriyalı məşqçi kurslarında iştirak etmişəm. Növbəti ildə B kateqoriyası almaq üçün məşqçilik kurslarına yenidən qatılacam.

- “Şəmkir”də iki dəfə məşqçi kimi fəaliyyət göstərmisiz. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, 2015-ci ildə köməkçi məşqçi kimi fəaliyyət göstərdim. Həmin vaxt Kamran Əlibalayev baş məşqçi idi. 2016-2017 mövsümündə baş məşqçilik postuna gətirildim. Həmin dövrdə klubun rəhbərliyi dəyişdi. Rəhbərlik dəyişəndən sonra yenidən köməkçi məşqçi kimi fəaliyyət göstərdim. Baş məşqçilik postuna Qəhrəman Əliyev təyin olundu. Mövsümün 1-ci dövrəsinin sonuna qədər köməkçi məşqçi kimi fəaliyyət göstərmişəm. Daha sonra isə Elvin Səfərlinin (klub prezidenti) “şou”sundan sonra klub fəaliyyətini dayandırdı.

- “Şou” dəyəndə nəyi nəzərdə tutursunuz?
- O, klubun çəkdiyi əzyyəti yerə vurdu. Şəxsən mən onun klubla bağlı qumar oynadığını bilirdim.

- Hər hansı bir cəza verildi?
- Xeyr. Olan kluba oldu.

- Elvin Səfərlinin kluba gəlməyi səhv etmirəmsə, sizin təşəbüsünüzlə olub...
- Bəli, Elvin mənim təşəbbüsüm ilə kluba gəldi. Klubun maliyyə cəhətdən vəiyyəti pis idi, AFFA da maliyyə dəstəyini dayandırdı. Belə olan halda razılıq əldə olundu ki, klubun rəhbəri Elvin Səfərli olsun. Onun əslən şəmkirli olduğuna görə kluba rəhbər gətirilməyinə dəstək olduq.

- Hazırda kluba Şəmkir İcra Hakimiyyəti dəstək göstərir?
- Xeyr, Şəmkir İcra hakimiyyətindən dəstək görümürük. Çünki maliyyə vəziyyəti buna imkan vermir. İmkan olsa, kömək edərlər. Çünki yalnız İcra Hakimiyyətinin futbolumuza can yandırdığını fikirləşirəm. Kənar bir şəxs gəlsə, Elvin kimi edib gedər.

- Siz məşqçi kimi “Şəmkir”ə daha çox xeyir vermisiniz, yoxsa futbolçu kimi?
- Futbolçu kimi daha çox xeyir vermişəm. Çünki məşqçi kimi xeyir verməyimə Elvin Səfərli kimi insanlar icazə vermədi. 1998-ci ildən 2004-cü ilə kimi “Şəmkir”in uşaq futbol klubunda kapitan olmuşam. Fikrimcə, futbolçu kimi kluba daha çox xeyir vermişəm.

- Sizcə Badri Kvaratsxeliya məşqçilik dönəmində niyə uğursuz oldu?
- “Badri futbolçu kimi komandaya çox kömək edirdi”. Lakin məşqçi kimi çox uğurlu fəaliyyət göstərə bilmədi. Həmin dövrdə klubda çalışmırdım. Fikrimcə, Elvin Səfərlinin etdiyi hərəkətlər “Badri”nin məqşçi kimi uğursuz olmasına gətirib çıxardı. Ümumiyyətlə, Elvin Səfərli futboldan uzaq insan idi, onun fikri yalnız qumarda idi. Heç kim onunla yola getmirdi.

- Şəmkir futbolu sizin üçün nə deməkdi?
- Şəmkir futbolu mənim üçün çox şeyi ifadə edir. Mən Şəmkir futbolunda həyatımı qoymuşam. Şəmkir futbolu mənim həmişə ürəyimdə olub, damarlarımda axan qan olub, bundan sonra da həmişə belə olacaq. Mən “Şəmkir”də maaşsız da oynamışam. Burada bir çox uğurlar əldə etmişəm. Təbii ki, uğursuzluqlarım da olub. Lakin buna baxmayaraq, “Şəmkir” mənim həyatımdı.

- Azərbaycan futbolunun inkişafında “Şəmkir”in rolunu necə qiymətləndirirsiz?
- Azərbaycan futbolunun inkişafında Şəmkir futbolunun rolunu zəif qiymətləndirirəm. Çünki, klub çox tez fəaliyyətini dayandırdı. “Şəmkir” klubunun yetirmələri olan Rövşən Əmiraslanov, Cavid İmamverdiyev, Samir Zərgərov, Elşad Sadıqov, Orxan Məmmədovun Azərbaycan futbolunda müəyyən qədər rol oynayıblar, müxtəlif klublarda çıxış ediblər. “Şəmkir” klubu Azərbaycan futboluna daha çox oyunçu qazandıra bilərdi, lakin uşaq futbol məktəbinin, klubun tez bir vaxtda fəaliyyətini dayandırması buna imkan vermədi. Düzdür, indi də Şəmkirdə yaxşı futbolçular yetişir, amma çox azdı. Hətta, Şəmkirdən olan çox istedadlı bir uşağı “Qarabağ” klubuna təqdim etdim, müqavilə də bağlandı. Həmin uşağın adı Elvin İsmayılovdur. Elvin “Qarabağ”ın U-17 komandasında çıxış edəcək.

- Şəmkirdə Uşaq Gənclər İdman Məktəbi orada uşaq futbolunun inkişafında nə kimi əhəmiyyət kəsb edir?
- Həmin məktəbdə müəllimlərimiz də var, kiçik yaşlı uşaqlarla məşğul olurlar. Sağ olsunlar, həmin müəllimlər Şəmkir futbolunun tam sıradan çıxmasına icazə vermirlər.

-“Şəmkir” futbolunun azarkeşləri barəsində nə deyə bilərsiniz?
- Mən azarkeşlərə yalnız təşəkkür edə bilərəm. Onlar komandanı yaxşı vaxtında da, pis vaxtında da həmişə dəstəkləyiblər. “Şəmkir” azarkeşləri, Şəmkir əhalisi hər şey etməyə hazırdılar. Çünki, onlar Şəmkir futbolunu çox sevirlər. Azarkeşlərin rolu çox böyükdür. Onların futbolçulara münasibəti çox yaxşı idi, oyunlarda komandanı sona qədər dəstəkləyirdilər. Başqa yerdən gələn futbolçular da, həmişə azarkeşlərdən razı şəkildə gediblər.

- Elvin Səfərliyə azarkeşlər, futbolçular necə reaksiya göstərirdilər?
- Təbii ki, azarkeşlərin ona qarşı münəsibəti çox pisdi. Futbolumuzu bu vəziyyətə salan insana qarşı yalnız mənfi fikir formalaşa bilər.

- “Şəmkir” iddialı olduğu vaxtlarda, adıcıl çempionluqlar yaşadığı vaxtlarda özünə hansı klubu güclü rəqib hesab edirdi?
- “Tovuz” klubuna qarşı oyunlarımız həmişə maraqlı keçib. Həmin oyunlarmız derbi adlanırdı. Oyunu stadiondan izləyən azarkeşlər də çox idi. İndiki “Qarabağ” - “Qəbələ” oyunu kimi idi həmin matçlar. İnşallah, futbola marağı olan bir şəxs və ya İcra Hakimiyyəti dəstək olar, klubunun fəaliyyətini bərpa edər və yenidən komandanı əvvəlki günlərinə qaytarar. Biz də bu yolda əlimizdən gələni etməyə hazırıq.

- Bir zamanlar Şahbaz Süleymanov kimi iş adamları “Şəmkir” klubuna uzun müddət dəstək oldular. Bu haqda nə deyə bilərsiniz?
- Şahbaz müəllim kluba gələndə çox dəstək oldu. Daha sonra Şəmkir İcra Hakimiyyəti dəstək oldu. Düzdür, indi də Şəmkirdə imkanlı şəxslər var. Amma hələlik onların dəstəyini görmürük. Bəlkə də futbola maraqları yoxdu. Mən inanıram ki, futbola marağı olan imkanlı biri “Şəmkir” klubuna dəstək olacaq.

- “Badri”ni futbolçu kimi necə xatırlayırsınız?
- “Badri” “Şəmkir”ə çox xeyir verib. Onunla eyni vaxtda oynamışam. O zaman mənim 17 yaşım var idi. Onunla birlikdə məşq eləyirdim. Lakin, o vaxt ilk 18-liyə düşmək çətin idi. Həmin dövrdə Mirbağır İsayev, Aslan Kərimov, Faiq Cabbarov, Xaliq Mədənov, Mahmud Qurbaov, Vidadi Rzayev oynayırdı. Rəqabət güclü idi. O dönəm üçün sadaladığım futbolçular üst səviyyəli fubolçular olub. Mənim mövqeyim isə müdafiə olub. Həmin mövqe üçün çox güclü oyunçular var idi. Ona görə şansımız az idi. Amma sağolsun, Ağasəlim Mircavadov bizə hərdən şans verirdi.

- Şəmkirdə infrastruktur, futbol üçün şərait necədi?
- Şəmkirdə futbol üçün infrastruktur çox zəifdi. Bunun səbəbi stadionların olmamasıdı. “Şəmkir”in öz stadionu var idi. Lakin sonra onu sökdülər. Hazırda Şəmkir futbolu infrastruktur cəhətdən acınacaqlı vəziyyətdədi.

- Nə üçün stadionu sökdülər?
- Bir çox səbəb göstərdilər. Lakin hələ də nə üçün söküldüyü dəqiq bilinmir.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 


-


.
.
.
0.33277702331543