(LAYİHƏ) “Parıltısı sönən” “cənub mirvarisi”  – I HİSSƏ

18:30 17-09-2017
(LAYİHƏ) “Parıltısı sönən” “cənub mirvarisi”  – I HİSSƏ

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində bu dəfəki reportjımız Lənkəran futbolundan oldu. Lənkəran futbolu və azarkeşləri ilə daima fərqlənən bölgələrimizdən biri olub. Buranın çılğın futbol fanatları Azərbaycan futboluna xüsusi “rəng” qatıb. Lənkəran futbolu dedikdə ağıla ilk olaraq “Xəzər Ləkəran” gəlir. O “Xəzər Ləkəran” ki 2000-ci illərdə özündən söz etdirməyi bacarıb, lakin bu bölgənin futbol tarixi çox qədimlərə gedib çıxır. Lənkəran futbolundan hazırlayacağımız reportajda çalışacağıq ki, bu bölgənin futbol tarixinə, hazırkı durumuna, uşaq futboluna və futbol üçün şəraitinə toxunaq. İlk olaraq Lənkaran futbolunun tarixi haqqında qısa məlumatı nəzərinizə çatdıraq.

TARİX

Lənkəranın futbol tarixi ilə bağlı hansı mənbəyə müraciət etsəniz yalniz bir tarixlə qarşılaşırsız -1975. Lakin bu kökündən yanlış məlumatdı. Geniş araşdırma apardıqda və şəhərin yaşlı nəsli ilə söhbət edərkən burada futbolun daha qədimlərə gedib çıxdığını görərik. Qısa araşdırmamızdan sonra müəyyən mənbələrdən əldə etdiyimiz məlumatlar maraqlı gəldi. Bu məlumatlara əsasən şəhərin futbol tarixi sovetlər dönəmindən əvvələ təsadüf edir.
Araşdırmamıza görə, Lənkəranda futbolun tarixi XIX əsrin əvvələrinə söykənir. Lənkəran çayının kənarında yerləşən “Əlbəxçatan” məhəlləsinin adı ilə bağlıdır. Bu məhəllədə əski parçalarından top şəklində boxça düzəldib futbol oynanması “Əlbəxçatan” adının yaranmasına səbəb olur və məhəllə bu adla tanınır.

1875-ci ildə Lənkəran qalası söküldükdən sonra “Qala çəməni” ərazisi yaranır. Bu çəmənlikdən isə stadion kimi istifadə edilərdi Geniş meydanı olan ərazi şəhərin “Ağalar” məhəlləsindədir. Şəhərin yaşlı sakinlərindən biri Əbdüləli Əlizadə deyirdi ki, “biz bu meydanda oynamağı çox sevirdik. Qonşumuz həkim İsabəy Əlibəyov həmişə top alırdı. Özü isə evinin ikinci mərtəbəsində olan eyvanından bizə tamaşa edərdi. Hazırda onun evində Lənkəran Dövlət Universtetinin inzibati binası yerləşir”. ( Mənbə: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı)


XX əsrin əvvəllərində isə müxtəlif həvəskar komandalar da Lənkəran tarixində olub. Lakin əsas tarix “Xəzər Lənkəran”la bağlıdı. Bu komandanın yaradılması ilə bağlı müxtəlif fikirlər söylənir. Bəziləri XX əsrin əvvəlində, bəziləri 1975-ci ildə, bəziləri isə sovetlər dönəminin son illərində, hətta müstəqillik illərində yarandığını deyənlər belə var. Komandanın yaranma tarixi ilə bağlı fikirlər çox haçalanır. Amma müəyyən faktlara əsaslansaq “Xəzər Lənkəran” XX əvvəllərində yaranıb. Amma həmin komandanın adı “Xəzər” olub. Bu komandanın 1920-ci ildə İran Astarasında yoldaşlıq matçı keçirməsi barəsində də məlumatlar var. Sonrakı illərdə - sovetlər dönəmində komanda Azərbaycanın zona birinciliklərində iştirak edib. Beləliklə, Lənkəranda futbol inkişaf etməyə başlayıb. Sonrakı illərdə komanda heyətini daha da peşəkarlaşdırmağa başlayıb və 1975-ci ildə “Xəzər” Azərbaycan yüksək dəstəsində iştirak etmək hüququ qazanıb. Bununla da bu bölgənin futbolu yeni mərhələyə qədəm qoyur. 1977-ci ildə ölkə çempionatını 3-cü pillədə başa vuran Lənkəran təmsilçisi, növbəti mövsümdən SSRİ çempionatının 2-ci divizionunda çıxış etməyə başlayıb. Komandanın II divizionda çıxış etməsində həmin dövrdəki şəhərin birinci katibi İsa Məmmədovun da böyük əməyi olub. Əsasən yerli futbolçulardan ibarət olan “Xəzər” 1981-ci ildə Kazbek Tuayevin rəhbərliyi altında çempionatı 3-cü pillədə başa vurub. Bu da omandan ən yüksək nəticəsi olub və 1984-cü ildə şəhər rəhbərliyi dəyişilir və yeni rəhbərin futbola o qədər də marağı olmur. Buna görə də baxımsız qalan komanda yenidən 9-cu zonadan çıxır və Azərbaycan çempionatında iştirak etməyə başlayır. Yerli sovxoz və kolxozlardan maliyyələşən komanda 1987-ci ildə ölkə kubokuna yiyələnir. Bundan sonra yenidən SSR çempionatının ikinci dəstəsində çıxış edir. Sovetlər dönəminin son illərində komanda dağılmağa başlayır. Lakin 1992-ci ildə hazırda Cənub Regional Futbol Federasiyasının prezidenti olan Sakin Məmmədzadə komandaya rəhbərlik edərək “Xəzər”in yenidən ölkə çempionatında iştirak etməsinə nail olur. İlk müstəqil çempionatda iştirak edən komanda 1992-ci ildən 1995-ci ilə qədər yüksək liqada mübarizə aparıb. Yerli futbolçulardan ibarət “Xəzər” bu müddət ərzində 1993/94-cü illərdə ölkə kubokunun finalına vəsiqə qazanıb və yekun qarşılaşmada “Kəpəz”ə yenilib. Həmin illərdə Lənkaranı I divizionda “Çeşmə” adlı komanda da layiqincə təmsil edib. Aşağı liqada bu komandalarla yanaşı “Şilavar” adlı komanda da olub, lakin hamısı maliyyə çatışmazlığı ucbatından fəaliyyətlərini dayandırmalı olublar.

2004-cü ilə kimi Lənkəranın futbolsuz qaldığını demək olar. Lakin bu ildə Lənkəran futbolunda yeni canlanma oldu. Ümumiyyətlə, bu ildə Azərbaycan futbolunda canlanma oldu desək daha doğru olar. İdmanın ən populyar növünə iş adamlarının marağı nəticəsində ölkənin müxtəlif bölgələrində yeni futbol klubları yarandı. Yeni yaranmış klublar ilk illərdə qarşılarına sadəcə çıxış etdikləri çempionatda möhkəmlənmək məqsədi qoysa da, Azərbaycanda bu proses ənənəvi şəkildə olmadı. Belə ki, yeni klublar dərhal böyük iddialar uğrunda mübarizəyə qoşuldu ki, bu da ölkə çempionatında gərgin mübarizəyə gətirib çıxardı. Həmin il iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun yaratdığı “Xəzər Lənkəran” bölgə futboluna yeni nəfəs gətirdi. Maraqlıdı o oldu ki, bu komanda yenidən təsis olundu. Yəni “Xəzər”in balansında yaranmadı. Lakin lənkəranlılar yeni yaranmış komandanı elə “Xəzər”in davamçısı kimi qəbul etdilər. Lənkəran şəhər stadionu əsaslı təmir edilərək müasir standartlara uyğun vəziyyətə gətirilir.


“Xəzər-Lənkəran” heç kimin gözləmədiyi halda ilk mövsümdəcə çempionluq arzusunu gizlətmədi və hədəfə nail olmaq yolunda böyük addımlar atdı. Artıq çempionatın ilk turlarından sonra komandanın sükanı arxasına futbolçu və məşqçi karyerası ilə adından söz etdirmiş türkiyəli çalışdırıcı Rasim Kara keçdi. Onun gəlişi ölkədə böyük səs-küyə səbəb oldu. Öz çıxışlarında Rasim Kara Azərbaycan futbolunda vəziyyətin ürəkaçan olmadığını desə də, görülən işlərin tezliklə bəhrə verəcəyini bildirirdi. Rasim Kara klub rəhbərliyinin də böyük dəstəyi ilə “Xəzər Lənkəran”da ilk öncə təsisləşmənin özülünü qoydu. Komandanın heyətinə milli komandanın bir çox üzvü dəvət olundu. Belə ki, mövsümün ortalarına doğru artıq “Xəzər Lənkəran” rəqiblərini doğma rayonda qəbul edir və komanda kluba məxsus bazada məskunlaşırdı. Bu arada komanda heyətinə dünya səviyyəli bir ulduz da cəlb etmişdi. Bir müddət Türkiyə millisinin, “Beşiktaş”, “Fənərbağça” kimi klubların şərəfini qorumuş Oktay Dərəlioğlu “Xəzər Lənkəran”da da qollarını sıralayırdı. 2004/2005-ci il mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən “Xəzər Lənkəran” çempionluğa doğru irəlilədi. Mövsümün sonunda “Xəzər Lənkəran” və “Neftçi” eyni xala malik olduqlarından, əlavə matça - “Qızıl oyun”a ehtiyac yarandı. Qızıl medalların taleyinə 2005-ci il, iyun ayının 10-da Gəncə şəhər stadionunda aydınlıq gəldi. “Xəzər-Lənkəran” matça yaxşı başlayaraq, hesabda irəli çıxsa da, ikinci hissədə daha təcrübəli futbolçulardan qurulmuş “Neftçi” hesabı öz xeyrinə dəyişərək çempion tituluna yiyələndi. Lakin “Xəzər Lənkəran” meydançanı mövsüm ərzindəki çıxışı ilə Gəncə şəhər stadionuna toplaşmış 25 mindən artıq azarkeşın alqış sədaları altında tərk etdi.


2006-cı ildə komanda yenə məşqçi dəyişikliyinə qərar verdi və ölkənin ən titullu çalışdırıcısı Ağasəlim Mircavadov “Xəzər Lənkəran”ın baş məşqçisi oldu. Uğur qazanmağın yollarını bilən Mircavadov reallaşdırdığı bir neçə transferlə Lənkəran şəhərinə möhtəşəm bir il yaşatdı. Komanda mövsümboyu inamlı təsir bağışladı və çempionatın son turunda Qəbələdə yerli komandanı 4:0 hesabı ilə məğlub edərək qızıl medallara yiyələndi. 28 may 2007-ci ildə - Respublika günündə isə “Xəzər Lənkəran” ölkə kubokunun finalında İmişlinin “MKT-Araz” klubunu qəbul etdi. İki əyalət klubunun mübarizə apardığı görüşdə gülən tərəf Lənkəran təmsilçisi oldu. Beləliklə, gözlənilən və arzulanan “qızıl dubl” reallaşdı və “Xəzər Lənkəran” mövsümü ölkə çempionluğu və kuboku ilə tamamladı.



Bununla belə, “Xəzər Lənkəran” Azərbaycandan kənarda da özündən söz etdirməyi bacardı. Belə ki, MDB və Baltikyanı ölkə çempionlarının çıxış etdikləri “Birlik Kuboku”nda komanda Azərbaycanı layiqli təmsil etdi. Litva, Qazaxıstan və Tacikistan çempionlarının iştirak etdiyi qrupdan lider kimi çıxan “Xəzər Lənkəran” növbəti mərhələdə Moldova çempionu “Şerif”i yarışdan kənarlaşdırdı. Dramatik matçın ardından lənkəranlılar yarımfinalda Belarus çempionu “BATE”ni də məğlub etdi. Böyük azarkeş kütləsi toplayan final matçı “Xəzər Lənkəran”la Özbəkistan çempionu “Paxtakor” arasında keçirildi. Matçı FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko şərəf tribunasından izləyirdi. İlk hissədə özbəklər komandamız önündə hesabda iki dəfə irəli çıxsa da, fasiləyə komandalar 2:2 hesablı bərabərliklə yollandı. Xüsusilə Zaur Ramazanovun “Paxtakor”un qapısından keçirdiyi qol FİFA və UEFA prezidentləri tərəfindən ayaqüstə alqışlandı. İkinci taymda matça tam nəzarət edən “Xəzər Lənkəran” nəticədə 4:3 hesablı qələbə qazanaraq, kuboku Azərbaycana gətirdi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komanda əsl qəhrəmanlar kimi qarşılandı.
Ölkə rəhbərliyi də bu hadisəyə biganə yanaşmadı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev əlamətdar qələbə münasibəti ilə “Xəzər Lənkəran”ın qalib heyətini prezident iqamətgahında qəbul etdi.


2 ildə “Xəzər Lənkəran”a 4 titul qazandıran Ağasəlim Mircavadovla komandanın yolları 2008-ci ildə ayrıldı. Səbəb isə son mövsümkü uğursuzluq və UEFA kubokunda Polşa “Lex”inə məğlubiyyət idi.
Növbəti 2 mövsüm “Xəzər Lənkəran” üçün uğursuz oldu. Növbəti illərdə Rasim Kara və yenidən Ağasəlim Mircavadova şans verən komanda 2010/2011 mövsümünün başlanmasına az müddət qalmış "Xəzər Lənkəran"ın sükanı arxasına rumıniyalı mütəxəssis Mirça Rednik gətirildi. Hazırlıq müddətinin az olmasına, Azərbaycan bələd olmamasına baxmayaraq Rednik qısa zamanda komandasını qurdu və ilk turlardan başlayaraq çempionluğa oynamağa başladı.

Çətinliklər hiss olunsa da, məşqçinin işi də göz qabağında idi. Qış trasnfer pəncərəsində bir sıra futbolçuları da komandaya gətirən mütəxəssis mövsüm sonuna artıq daha baxımlı futbol nümayiş etdirən heyət qura bildi. Nəticədə "Xəzər Lənkəran" çempionata gümüş medallarla yekun vurdu. Mövsümün ən uğurlu nailiyyəti isə komandamızın tarixində üçüncü dəfə Azərbaycan Kubokunu qazanması oldu.

2013-cü ildə “Xəzər Lənkəran” ölkə superkubokunda əzəli rəqibi “Neftçi” ilə qarşılaşdı. Naxçıvan şəhər stadionunda keçirilən oyun lənkəranlıların 2:1 hesablı qələbəsiylə nəticələndi. Bu, “Xəzər Lənkəran”ın tarixi ərzində qazandığı ilk superkubok idi. Bu kubok cənub təmsilçisinin son titulu oldu.

Növbəti illərdə uğursuzluqlar yaşayan komanda artıq “qara zolaq”a düşmüşdü. Klubda maliyyə problemi yaşanmağa başladı və legionerlərin pulunu verməkdə klub çətinlik çəkməyə başladı. Belə olan təqdirdə klub rəhbərli yerli akademiyanın uşaqlarına üstünlük verdi. Bununla da ağır məğlubiyyətlərə uğrayan “ağ-yaşıllar” 2016-ci ildə klubun fəaliyyətini dayandırdığını açıqladılar. Beləliklə, Azərbaycan futbolu bununla böyük itki verdi deyə bilərik. Hər ev oyunlarında 15 minlik stadionu tam dolduran “Xəzər Lənkəran” artıq əfsanəyə çevrilib. Futbol həvəsi ilə “alışıb-yanan” lənkəranlılar isə nə vaxtsa doğma komandalarının arenalara qayıdacağına ümid edirlər...

Ardı var...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İlkin Vidadioğlu
Sportmedia.az

 

 


.
.
.
0.32153606414795