(LAYİHƏ) “Parıltısı sönən” “cənub mirvarisi” – II HİSSƏ

21:43 21-09-2017
(LAYİHƏ) “Parıltısı sönən” “cənub mirvarisi” – II HİSSƏ

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Lənkərandan hazırladığımız reportajın ikinci hissəsində bu bölgənin uşaq futbolundan və şəhərdəki futbol üçün şəraitdən bəhs edəcəyik. Ilk olaraq Lənkərandakı futbol infrastrukturundan qısaca yazaq.

Burada futbolla məşğul olmaq üçün şərait idealdı. Hər hansısa bölgənin futbolu, futbol infrastrukturu deyiləndə ağıla ilk olaraq stadion gəlir. Lənkəranda “Xəzər Lənkəran” şəhər stadionu mövcuddu. Stadion 2004-cü ildə inşa olunub və 2006-cı ildə rəsmi şəkildə təntənəli açışılı olub. Açılışda ölkə prezidenti iştirak edib. Stadionun açılış mərasimində ilk oyun “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması olub. Arena “xəzər Lənkəran” klubunun balansındadı. Ərazisi genişdi. Stadion on beş min azarkeş tutumuna malikdi. Tribunalar genişdi və skamyalar baxımlıdı. Stadion tam müasir standartlara cavab verir. Meydança təbii ot örtüklüdü, köməkçi meydançaları və mini fubol meydançası mövcuddu. Əsas meydança işıqlandırma sistemilə təmin olunub. Soyunub-geyinmə otaqları, massaj və həkim otağı, hakimlər üçün məşvərət otağı təmirlidi.


Bundan əlavə Lənkəranda futbol akademiyası var. Həmin akademiya da “Xəzər Lənkəran” klubuna məxsusdu. Akademiyanın mehmanxanası, trenajor zalı, üzgüçülük hovuzu, hər cür şərait var. Hazırda akademiyanın fəaliyyəti tam deyil.
Lənkəranda futbol mütəxəssisi cəhətdən imkanlar genişdi. Ümumuyyətlə, burada futbolla məşğul olmaq üçün resurslar və şərait baxımından əlverişlidi.


UŞAQ FUTBOLU

Ölkə çempionatında fırtına kimi əsən “Xəzər Lənkəran” yarandığı gündən daim iddialılar sırasında idi və yüksək yerlər uğrunda mübarizə aparırdı. Təbii ki, “Xəzər Lənkəran”ın premyer-liqada oynaması Lənkəranda uşaq futbolunun inkişafına təkan idi. Bu klubun sayəsində cənub bölgəsində günü gündən futbola maraq artırdı. Belə deyək, Mübariz Mənsimov “Xəzər Lənkəran”a sponsorluq etdiyi dönəmlərdə Lənkəranı bir futbol bölgəsinə çevirə bilmişdi. Məhz bu klubun dönəmində bölgədə neçə-neçə futbolçu yetişdi, hansı ki, onların bir çoxu hazırda Azərbaycan çempionatlarında oynayır...

Azərbaycanda ən böyük 4 UGİM-dən biri

Lənkaranda hazırda uşaq futbolu ilə əsasən Uşaq Gənclər və İdman Məktəbi (UGİM) məşğul olur. Burada UGİM-in hansı vəziyyətdə olması ilə bağlı fikirlərə keçməmişdən öncə qısaca məlumat verək ki, 80-ci illərin sonunda, yəni sovet ittifaqının süqutundan sonra lənkəranlı futbolçuların, 50 faizi məhz burada yetişib. Bu məktəbdə futbol ənənəsi ilə yanaşı, voleybol, basketbol, üzgüçülük və sair idman növləri də olub. Ümumiyyətlə, Sovet İttifaqı dövründə Azərbaycanda 4 böyük idman məktəbindən biri məhz Lənkərandakı UGİM idi. Orada üzgüçülük, futbol və digər idman növləri ayrı-ayrı şöbələrə bölünürdü və hamısı ayrılıqda keçilirdi. Elə son illərdə də “Xəzər Lənkəran”ın heyətində oynamış bir çox futbolçular da məhz bu idman məktəbinin yetirmələri idi. Təəssüf ki, hazırda Lənkərandakı UGİM-in durumu heç də ürəkaçan deyil. Azərbaycanın bir çox bölgələri kimi bura da futbol baxımından zərbə dəyib. “Xəzər Lənkəran”ın Premyer Liqada komanda kimi fəaliyyətini dayandırması Lənkəranda futbolun inkişafına xeyli maneə törədib. Hətta burada futbola maraq azalıb deyə bilərik. Hər halda yazımızı oxuduqca bunun səbəblərini öyrənəcəksiz...

“Dedilər ki, “yığmaya dəvət almaq üçün 1000 dollar pul və ikra istəyirlər”

Təbii ki, uşaqların futbolçu kimi yetişməsində, onların idmana marağının artmasında UGİM-də çalışan məşqçilərin böyük əməyi var. Əməklərinin qarşılığını layiqincə almasalar da onların bu işdə payı böyük və danılmazdı. Bəxtiyar Mirsadıqov da belələrindəndi. Vaxtilə futbolçu kimi Lənkərana və Azərbaycana xidmət göstərmiş Bəxtiyar bəy artıq 18 ilə yaxındı ki, məşqçi kimi fəaliyyət göstərir və Lənkəranda yetişmiş bir çox futbolçuların müəllimi olub: “Mən elə bu UGİM-in yetirməsi olmuşam. 1984-cü ildə İdman Məktəbinin açılışı olub və bilavasitə şagird kimi iştirak etmişəm. Orada “Sevinc Kuboku”ndan tutmuş Respulikada keçirilən müxtəlif yarışlarda iştirak etmişəm. Daha sonra “Xəzər”də futbolçu kimi karyeramı davam etdirmişəm. 1987-ci ildə kubokun finalında ilk dəfə olaraq Yevlaxı təmsil edən “Avtomobilçi”ni məğlub etmişik. Həmin vaxtlarda 16-17 yaşım olub. Uzun illər komandada oynamışam, 18 ilə yaxındı məşqçi kimi fəaliyyət göstərmişəm”.
Bəxtiyar bəylə söhbətdə maraqlı faktlar da eşitdik. Mütəxəssisin o vaxt yığmaya qədər yüksəlmək şansı olsa da bundan yararlana bilməyib. Daha doğrusu maraqlı səbəblər üzündən yığmanın heyətinə çağılrılmayıb: “Yığmaya yüksəlmək qismətim olmayıb. Biz Masallıda Bakı təmsilçisi “İnşaatçı” ilə oynayırdıq. Həmin oyunda Orucəli Durmuşov baş hakim idi, həm də yığmaya namizədləri qeyd edirdi. 8 nömrəli formada oynayırdım, məni bəyəndi. Sonra gəlib məşqçilərimdən soruşdum ki, “bu məsələnin axırı necə oldu?” Dedilər ki, “yığmaya dəvət almaq üçün 1000 dollar pul və ikra istəyirlər”. Lənkəran zonasındayıq deyə, elə bilirlər ki, ikranı bazarda adama havayı verirlər. Hamı ikra istəyirdi. Dedim ki, “buna imkanım yoxdu”. O vaxtı yerli komandanın durumu yaxşı deyildi, düz-əməlli maaş da ala bilmirdik. Tərlan Əhmədovla bir yerdə oynayırdıq. Bir müddətdən sonra ayrıldım. Qalsam bəlkə də layiqli futbolçu olardım. Tərlan Əhmədov isə irəli gedə bildi”.


"Xahişlərə, müraciətlərə baxmayaraq, AFFA bizə heç bir yardım etmir"

Hazırda 13-14 yaşlı uşaqlardan ibarət qrup çalışdıran Bəxtiyar bəy bir sıra problmlərlə üz-üzə qaldıqlarını da dilə gətirdi. Uşaq toplamaq baxımından əziyyət çəkdiklərini, hər yaş qrupuna uyğun məşq keçdiklərini bildirən mütəxəssis komandanın hazırkı durumu haqda danışdı və onları hardan topladıqlarını söylədi. O cümlədən şəraitdən də şikayətləndi. Sən demə uşaqlara verilən qidalanma və sair digər yardımlar artıq ləğv olunub: “Hər yaş qrupuna uyğun təlim metodları var. Nisbətən böyük yaşlılara fiziki yükləmə vermək olar, amma azyaşlılara olmaz. Hər yaşın öz məşq “dozası” var. Komandanın durumu isə normaldı. AFFA-nın keçirdiyi respublika birinciliyinə hazırlaşırıq. Uşaqları məktəblərdən toplayırıq. Siniflərə daxil oluruq, elan veririk. İstəyənləri qəbul edirik. Bu proses çətindi. Yaxşı ki, zəng vurmusuz, maraqlanırsız. Ürəyimiz doludu, amma deyə bilmirik. AFFA nümayəndələri gəlir, ancaq sənədləşmədən danışıb çıxıb gedirlər. Bizi isə uşaqların qidalanması maraqlandırır, onu ləğv ediblər. Əvvəl yarışlarda uşaqlar qida ilə təmin olunurdular, normal yeyib, futbollarını oyanyırdılar. Hamı da razı qalırdı. Uşaq oyundan sonra istirahət edirdi və inkişafdan da qalmırdı. Yeməlidi ki, itirdiyi kalorini bərpa etsin. Amma yemək verilmir. Bundan əlavə uşaqlara forma, getr, top, ayaqqabı verilirdi. AFFA bunu da ləğv etdi. Hardasa 4-cü ildi ki, almırıq. Top problemi var. Top çox olanda müxtəlif məşqlər keçə bilirdik. Uşaqları formaya salmaq üçün işlədirdik. İndi top çatmır, biz nə etməliyik? Uşaq topla oynamalıdı. Topsuz futbol olmaz ki. Xahişlərə, müraciətlərə baxmayaraq AFFA bizə heç bir yardım etmir, qətiyyən. Ancaq hər dəfə gələndə oyun qaydaları filanla bağlı kitab verirlər. Oyun qaydalarını bilmirik? Vacib olan uşaqların ehtiyaclarıdı ki, onları inkişaf etdirək. Şəxsən neçə futbolçu yetişdirmişəm. Kamran Abdullazadə, Kazım Kazımlı, hazırda “Neftçi”də oynayan Elnur Cəfərov mənim yanımda futbola başlayıb, şagirdlərim olub. Elvin Mirzəyev hazırda klubsuzdu. Sadiq Ramazanov “Şahdağ”da oynayırdı. İndi uşaqları cəlb edib yetişdirmək problemdi. Çünki görürlər ki, onlara forma verilmir, qidalanma yoxdu, gəlmirlər. Əvvəl cənub zonasının bütün yarışları Cəlilabadda keçirilirdi. Sonradan az pul xərcləmək üçün yarışları iki zonaya böldülər, həm Cəlilabadda, həm də Lənkəranda olacaq. Bu AFFA-nın işidi, qarışmırıq. Amma müraciət edəndə deyirlər ki, “yuxarıya” danışın. Kimə deyək? Amma heç kim gəlib maraqlanmırdı ki, bizə nə lazımdı. Əvvəl top festivalı keçirirdilər, hədiyyələr verirdilər. Uşaqlarda maraq artırdı. İndi fəaliyyət yoxdu. Sonra da deyirlər ki, “Azərbaycan niyə uduzdu?”, “Qarabağ” niyə 6 top buraxdı?”

Ardı var...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ//
LƏNKƏRAN

 


.
.
.
0.33315014839172