(LAYİHƏ) “Parıltısı sönən” “cənub mirvarisi” - III HİSSƏ

16:08 25-09-2017
(LAYİHƏ) “Parıltısı sönən” “cənub mirvarisi” - III HİSSƏ

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində Lənkərandan hazırladığımız reportajın davamını təqdim edirik.

“UEFA-nın uşaq futboluna ayırdığı pullar hara gedir?”

Mirsadıqov çətinlikləri bu şəkildə də ifadə etdi. Onun sözlərinə görə bölgədə futbola maraq getdikcə azalmaqdadı. “Xəzər Lənkəran”ın Premyer Liqadan çəkilməsi və fəaliyyətini dayandırması da marağın azalmasında böyük rol oynayır: “Müəllimlər məni tanıyır, xətrimi istəyirlər. Sinifə girəndə nə üçün gəldiyimi bilirlər və özləri uşaqları təqdim edirlər. Amma uşaqların reaksiyası 0-dı. Futbola maraq yoxdu heç birində. Adamın ürəyini ağrıdır. Oğlanlardan yox qızlardan maraqlananlar və futbola gəlmək istəyənlər var (gülür). Sevinc Cəfərzadəni tanıyırsız? O da mənim yetirməmdi. Qızlar yığmamızda oynayıb. Yaxşı idmançı oldu. “Xəzər Lənkəran”ın futboldan çəkilməsi də inanılmaz dərəcədə mənfi təsir edib. Nəinki uşaqlar, məni görən azarkeşlər də ürəkağrısı ilə danışırlar. Lənkəran futbolunda bişmişəm. Valideyn gəlib deyir ki, uşağıma forma verin. Mən yazıq ona formanı hardan alıb verim? İnanın maaşımızı da almamışıq, vəziyyət qarışıqdı. Bu bir kənara, əvvəl AFFA verirdi geyimi. İndi valideynə necə deyim ki, verə bilmirik?. Əvvəl yaxşı idi, formaları paylayırdıq uşaqlara, sevinirdilər. İndi hanı bəs onlar? O pullar hara gedir? UEFA-nın uşaq futboluna ayırdığı pullar hara gedir? Başa düşə bilmirəm onu klublara verirlər, yoxsa kimlərinsə cibinə gedir?. Bu da çox təsir edir. Oyunçuları forma ilə təmin edə bilmirik, maraq getdikcə azalır. Hansı ki, nə vaxtsa komanda olacağına inam böyükdü. İmkansızlıq ucbatından uşaqlara forma verə bilmirik. Mübarizdən başqa biri yoxdu ki, sponsorluq edib komanda yaratsın? Bir iş adamı ortaya çıxsın da? Heç kim irəli durmur. “Xəzər Lənkəran”ın stadionu boş qalıb. Hər gün otları biçirlər, meydanı saxlayırlar, tribunalar qaydasındadı. Mehmanxanası, trenajor zalı, üzgüçülük hovuzu, hər cür şərait var. Təkcə komanda yoxdu”.

“Oturub bizə kompyuterdən, transferlərdən danışırlar”

Çalışdırıcı komandasının hazırlığına da toxundu. Məşq qrafikini və qrupla bağlı məlumatları verən Bəxtiyar bəy bəzi məqamlara da toxundu: “Həftədə 3 dəfə hazırlaşırıq. Məktəb olduğuna görə cədvəl üzrə fəaliyyət göstəririk. Hardasa 25 nəfərim var. İnandırım sizi seçim gücü yoxdu. Həm də UGİM olduğuna görə gələn uşaqları qəbul etməliyik. Seçim klublarda gedir. UGİM-in strukturu başqadı. Əlimizdə olan materialla işləməliyik. Perspektivi olmayan uşaqlardan məşqlərdə istifadə edirik, amma başqa vaxt ona deyirik ki, “bu meydan sənlik deyil, gözlə hazır olanda oynayarsan” (gülür). Forma məsələsini direktora deyəcəyik təşkil etsin. Komandanın forması olmalıdı. Bu yaxınlarda Tiflisdə turnir təşkil etdilər, 5-ci yeri tutduq. Yaxşı təşkilatçılıq oldu. Görək forma məsələsi nə olacaq. AFFA-dan da xəbər yoxdu. Qurumdan nə üçün yardım etmək istəməmələrinin səbəblərini bizə demirlər. Daha doğrusu, onlarlıq bir şey olmadığını söyləyirlər. Məşqçilərə ancaq proqram öyrədirlər və sair. Mənim sənətim oyunçu yetişdirməkdi. Bunlardansa şərait yaratsınlar, yardım etsinlər. Oturub bizə kompyuterdən, transferlərdən danışırlar. Mən futbol kurslarında olmuşam, bilmirəm ki, bunlar nə deməkdi?”

“Yağış yağanda damından elə su gəlir ki, məşq keçmək mümkün deyil”

Çalışdırıcı harda məşq keçdikləri, meydança şəraitləri ilə də bağlı məlumat verdi: “Meydançamız normaldı. Amma qışda yağış olduğuna görə zalda keçirik. Hansı ki, həmin zal 1984-cü ildə təhvil verilib. İki dəfə döşəməsi dəyişdirilib. Hazırda isə yağış yağanda onun damından elə su gəlir ki, məşq keçmək mümkün deyil. Ona görə də içəri girəndə küncdə-bucaqda uşaqlara “kvadrat” oynadırıq ki, formadan düşməsinlər. Yarış vaxtı uşağı evə buraxa bilmərik. Zalla bağlı çox problemlər var. Müraciət etmişik hər dəfə gəlib baxırlar, düzəldəcəklərini deyirlər. Yalan olmasın, 5 ildi “tikirlər” hələ də qurtarmayıblar. Şəhərin əsas stadionu “Xəzər Lənkəran”a məxsusdu, onu heç kimə vermirlər. Biz özümüz veteranlarla gedib orda pul ödəyib oynayırıq. Məşq meydançasının yarısını verirlər, bir saatı 20-25 manatdı. Problemlər boğazdandı”.

“Ağasəlim Mircavadovla Tuyqun Nadirov bizi aldadıb pulumuzu vermədi”

Azərbaycanın hər yerində olduğu kimi, burda da məşqçilər əziyyətlərinin bəhrəsini görmürlər. Yetişdirdiyi futbolçulara görə heç bir haqq almayan müəllimlər UGİM-dən aldıqları “quru maaş”la dolanmağa çalışırlar: “İşləyirdim, uşaq yetişdirirdim. “Xəzər Lənkəran” məndən neçə futbolçu götürüb, amma 1 qəpik də verməyib. Deyirdilər ki, məşqçiyə pul verməklə bağlı qanun yoxdu. Halbuki, xaricdə belə deyil. “Qalatasaray” Ardanı “Atletiko”ya satdı, onun məşqçisinə məbləğin müəyyən faizini verdilər. Üstəgəl Arda “Barselona”ya transfer olanda da ona müəyyən miqdarda pul verdilər. Bizdə bununla bağlı heç bir qanun yoxdu ki, məşqçi “köpəyoğlu” da yaşasın də. İnanın uşaqları dənizə aparırdım, onlara fiziki məşqlər keçirdim. İnanındırım sizi buna görə sağlamlağımı itirirdim. Təsəvvür edin 40 dərəcəyə yaxın isti hava altında fizki məşqlər keçirdim ki, uşaqlar hazırlaşsın oyunlara. Futbolda sağlamlığımı itirmişəm, amma qiymət görməmişəm. Əslində mənə birinci kateqoriya veriləcəkdi. Amma adamlardan kimsə dedi ki, bunun ali təhsili olmalıdı. Məndə isə orta təhsildi. Bunun nə dəxli var? Uşaq yetişdirirəm də. 5-10 manat pul alırdım onu da kəsdilər. O qədər belə şeylər var saymaqla qurtarmaz. Yetişdirdiyim futbolçulara görə haqqımı alsaydım, indi altımda “Mersedes”im olardı. Adi, veteranlara verilən avtomobilim belə yoxdu.
“Xəzər Lənkəran”da çalışdığım vaxt, bir dəfə iclas oldu. Ağasəlim Mircavadov, Tuyqun Nadirov mən və daha bir neçə məşqçi də orda iştirak edirdi. Ağasəlim müəllim dedi ki, komandama uşaq yetişdirin sizə 5000 manat pul verəcəm, bölərsiz. Tuyqun müəllim də onu dəstəkləyib müəyyən məbləğ verəcəyini bildirdi. İnandırım sizi, uşaq yetişdirdik, amma onlar da bizi aldadıb pul vermədilər. Bu söhbət zamanı yanımda iki nəfər məşqçi də olub. Çox əziyyət çəkmişəm, həmişə aldanmışam. Bu da təsir edir. Çünki indi elə vaxtdı ki, imkan daxilində hamıya kömək lazımdı. Hələ maaş ala bilməmişik. Məlumat veriblər ki, Təhsil İdman Mərkəzini, Şahmat Məktəbini və UGİM-i birləşdirirlər. Konkret İdman Məktəbinin necə fəaliyyət göstərəcəyi barədə heç nə demirlər. İş stajıma və keçdiyim dərs saatlarına görə maaş alıram. Təbii ki, qane etmir. O vaxt bizə Nikolay Adam kurs keçirdi. Deyirdi ki, “sizin kimi məşqçilər Almaniyada 5000 avro maaş alır”.

Daha bir futbol bölgəmizi məhv etmək istəyirlər

Əlbəttə Lənkəran kimi futbol bölgəsində belə xoşagəlməz durumların yaranması üzücü haldı. Ən azı orada bu idman növü ilə yaşayan azarkeşlər var və cənub zonasının ümid mənbəyi olan Lənkəran futbolunu məhv etmək, hətta belə demək mümkünsə cinayətdi. Ən azı futbolla əlaqədar qurumlar bu bölgənin futbolunun yaşaması üçün bir çıxış yolu tapmalıdı. Gördüyünüz kimi, “Xəzər Lənkəran” fəaliyyətini dayandırandan sonra Azərbaycan futboluna maraq da xeyli azalıb. Nə azarkeş gəlir oyunlara nə də rəqabət var. Neçə-neçə istedadlar batır. Ən azı Lənkəran futbolunun tarixinə hörmət qoyulmalıdı. Təəssüf ki, təkcə Lənkəranda deyil, bütün bölgələrdə oxşar problemlər hökm sürür. Şəraitsizlik, yetişdirdikləri futbolçulara görə haqlarını almayan məşqçilərin nəticədə işə həvəssiz yanaşması (Ki bu normal haldı) bu idman növünün inkişafının qarşısını almaqdadı. Bəzən deyirlər ki, Azərbaycanda futbol daha populyardı. Amma getdikcə bunun əksi sübut olunmaqdadı. Hər halda qarşıya kütləviləşdirmək məqsədi qoyulub, lakin tam olaraq həyata keçirilmir. Buna isə yalnız təəssüflənmək qalır...

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ//
LƏNKƏRAN


.
.
.
0.33468508720398