(LAYİHƏ) Futbolsuz qalan Masallı...

22:05 29-09-2017
(LAYİHƏ) Futbolsuz qalan Masallı...

 

“Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsi çərçivəsində cənub bölgəsindən olan reportajlarımızı davam edirik. Növbəti reportajımız masallıdan olacaq. Futbola böyük marağı olan bu bölgənin adı gələndə dərhal yada “Viləş” komandası düşür. Təbii ki “Viləş” uzun müddət adından söz etdirməyi bacarıb və uğurlu çıxışları ilə yaddaşlara həkk olunub. Masallıda futbol azarkeşləri ilə söhbət edərkən rayonlarında peşəkar komanda olmamasının üzgünlüklərini gözlərindən anlamaq olur. Nəinki peşəkar komanda, hətta stadion, meydança belə yoxdu. Kiçik yaşlı uşaqlardan ibarət komandalar da oynamağa meydança tapmırlar. Ümumiyyətlə, Masallıda futbol infrastrukturu çox bərbad səviyyədədi. Bu rayon resurslar və imkanlar cəhətdən çox əziyyət çəkirlər. Rayon futbolunun inkişafında ciddi maneələr olduğu aşkar sezilir. Reportajımızı hazırlayarkən ilk növbədə bu bölgənin qısa futbol tarixi ilə sizi tanış etmək istəyərdik.

TARİX


Masallıda futbolun yaranma tarixi 1950-ci illərə təsadüf edir. Futbol adamlarının dediyinə görə, rayonda futbolun təməlini Qulam Mustafayev qoyub. Əsasən 1956-cı ildən başlayaraq Masallıda futbol kütləvi şəkildə inkişaf etməyə başlayıb. Bu illərdə şəhər komandalarının bir çoxu SSRİ çempionatlarının müxtəlif birinciliklərində çıxış edir, adətən kiçük rayon komandaları “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin təşkil etdiyi respublika birinciliyindı qüvvəsini sınayırmış. Masallı futbolunun yaranması və inkişafında müstasna xidməti olan Boyukağa Ağayevin rəhbərliyi və iştirakı ilə ictimai əsaslarla əvvəlcə “Viləşçay”, sonra isə “Viləş” komandası yaradılıb.
Heyətində Məhbub Ağayev, Ramiz Qasımov, Böyükağa Ağayev, Yasər Əlizadə, Böyükağa Əsədov, Siyavüş Əsgərov, Əli Sultanov, Adil Əsədov, Aydın Hacıyev, Aydın Cəbiyev, Güləhməd Əbilov, Bəhrəm Mehrəliyev, Rafael Vahabov, Zabil Bayramov, Nizami Mirzəyev, Fəzail Nağıyev, Nadir İsmayılov, Cabir, Daməd, Tapdıq və başqalarının çıxış etdiyi “Viləş” komandası tədricən rəqiblərinə baş ağrısı olmağı bacarıb. Ilk uğur və nəticələri 1964-cü ildə gəlməyə başlayıb. Masallı futbolçuları kənd komandaları arasınada keçirilən respublika birinciliyində çempion adını qazanıb. Komandanın gənc qapıçısı Məhbub Ağayev “Məhsul” cəmiyyətinin Azərbaycan yığma komandasına cəlb olunaraq əsas heyətin üzvünə çevrilib.

“Viləşə” rəhbərlik isə Aşqabadın “Stroitel”, Bakının “Lokomativ”, Zaqatalanın “Daşqın”, İmişlinin “Meliarator” və Lənkəran “Xəzəri”nin şərəfini qorumuş, “Xəzərin” heyətində çıxış edərkən keçilməz müdafiə xəttinə rəhbərlik edən Çingiz Həşimova həvalə olunurub. Zaman keçdikcə onun yetirmələri Seyran Əliyev, Asəf Əlizadə, (“Viləşin” ilk oyunçularından və kapitanı olan mərhum Yasər Əlizadənin oğludur), Mirsəfa Abdullayev, Ədalət Həşimov, Məmmədağa Eynullayev, Ənnağa Eynullayev, Nizami Bağırov, Vasif Hüseynov, Natiq İbrahimov, Fəxrəddin Talıbzadə. Canəli Ağalıyev, Balayar İbayev, Rahib və Rafiq Babayev qardaşları, Məmmədağa Seyfullayev, Bahadır Nağıyev, Balakişi Atakişiyev, Şakir Abdullayev, Əzizağa Alışov, Möhsüm Tağıyev, Alay Bəhrəmov, Qəhraman Əliyev karyeralarının sonuna qədər Masallı futbolunun şərəfini layiqincə qoruyaraq onun və azarkeşlərinin etimadını layiqincə qazanıblar. Çingiz Həşimovun rəhbərliyi ilə “Viləş” futbol komandası bir sıra uğurlu nəticələrə nail olub. Masallı futbolçuları dörd dəfə Azərbaycanda “Qızıl Sünbül” kubokuna (1964, 1977, 1978, 1983-cü illərdə) sahib olub, ilk dəfə UEFA “İntertot” kuboku yarışlarının iştirakçıları sırasında olublar.

Vaxtilə cənub bölgəsinin qüruru, indi isə ürək ağrısı olan klub – “Viləş”in yaxın tarixi ilə bağlı da qısa məlumat verək. Çünki Masallının əsas futbol tarixi sırf bu klubla bağlıdı. Uzun müddət idi ki Azərbaycan futbolundan ayrı düşən “Viləş” deyəsən, yenidən meydanlara qayıdır.
“Viləş” 10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış edib. 2000/2001-ci il futbol mövsümündə çempionatın bürünc medalını qazanıb. İki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil edib. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlanıb. Sonradan 2005-ci ildə komanda yenidən fəaliyyətə başlayıb. 2006-2007 mövsümündə Azərbaycan Birinci Divizionununda komanda 1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə edib. 2006-cı ildə klub “Masallı” adlandırılıb. Ancaq sonradan komanda yenidən bağlanıb və yenidən qurulub. Bu dəfə komanda “Viləş Masallı” FK deyə adlandırılıb və komanda Həvəskarlar Liqasında çıxış edib. Komanda elə ilk cəhdlərindən finala vəsiqə qazanıb. Lakin finalda “MTK-Ulduz” komandasına 3:1 hesabı ilə məğlub olaraq gümüş medalın sahibi olub. Bu nəticədən sonra komanda 2013-2014 mövsümündə Həvəskarlar Liqasında çempionluğa oynayıb. Və mövsüm başlayan kimi “Viləş” öz uğurlu çıxışıyla qrupda cəmisi bir məğlubiyət alaraq Həvəskar Liqasının final mərhələsinə vəsiqə qazanıb. Eyni zamanda komandanın birinci diviziona çıxması üçün rəhbərlik tərəfindən müəyyən işlər görülür. Komandanın əslində öz şəxsi stadionu - Anatoli Banişevski adına stadion olsa da komanda dağılandan sonra o stadion baxımsız qalıb və stadionda oynamaq mümkünsüz hala gəlib. Bu səbəbdən komanda öz ev oyunlarını Ərkivan qəsəbə stadionunda keçirib. “Viləş” öz köhnə stadionunda təmir işlərinə başlayır. Stadion təmiz sökülür, ancaq sonradan yeni stadion tikilmir və klub növbəti mövsümdə də Həvəskarlar Liqasinda mübarizə aparmağa məcbur qalır. Həvəskarlar Liqasında isə komanda yarım finala qədər irəliləyir, lakin yarım finalda iki oyunun neticesine gore 2:1 hesabi ile meglub olur. Həvəskarlar kubokunda da komanda eyni vəziyətlə üzləşir. Novbeti movsum klubu cetin gunler gozleyirdi. Komandada maliyyə problemləri artdığından son olaraq 2014-15 mövsümündə Həvəskarlar Liqasında mübarizə aparıb.
10 ilə yaxındır ki, Masallının nə Premyer Liqada, nə də I divizionda təmsilçisi yoxdur. Ötən illərdə Həvəskarlar Liqasında çıxış ediblər, lakin o da çox uzun çəkməyib. Amma peşəkar futtbolla, həvəskar futbol arasında böyük fərq var. Hazırda isə rayonu təmsil edən heç bir böyük komanda yoxdu.

Lakin rayonun futbol adamlarının bildirdiyinə görə “Viləş” yenidən yığılmağa başlayır. Hazırda isə kiçik yaşlı uşaqlardan ibarət komandalarla yarışlara qatılacaqlar. Masallının uşaq futbolunun durumunu da oxucularımızın nəzərinə çatdıracağıq, amma ilk olaraq Masallının stadionu və rayondakı futbol infrastrukturu barəsində məlumat verək.

Masallının bərbad futbol infrastrukturu...

Anatoli Banişevski adına Masallı mərkəzi stadioni bir neçə il bundan qabaq "Palmali" şirkəti tərəfindən alınıb və hasarlanıb. Sonradan "Xəzər Lənkəran"ın dağılması və sözügedən şirkətin böhran keçirməsi Masallı stadionu ilə bağlı layihəni də yarımçıq qoydu. Halbuki burada yenidənqurma işləri aparılmalı, "Xəzər Lənkəran"ın akademiyasının filialı açılmalı, Masallıdan olan uşaqlar da bu filialda məşq etməli idi. Lakin qeyd etdiyimiz problem ucbatından stadionda işlər yarımçıq qaldı. Bu isə Masallının uşaq komandalarına da əlavə zərbə vurdu. Yenə söküntüdən əvvəl uşaqlar oradakı soyunub-geyinmə otaqlarında paltarlarını dəyişirdi. İndi artıq o şərait də yoxdur. Qazondan da əsər-əlamət qalmayıb. Bir sözlə uşaqlar paltarlarını dəyişməyə yer, məşq etməyə meydança tapmırlar. Rayonda məşq üçün başqa məkan da yoxdu. Olimpiya Kompleksi isə mərkəzdən uzaq yerləşdiyi üçün ora gedib gəlmək də mümkün olmur.


Bir sözlə Masallıda stadion və meydança problemi ən yüksək həddədi. Uşaq futbolu ilə məşğul olan məşqçilər meydança yoxluğundan şikayət edirlər. Uşaq futbolu demişkən artıq “Viləş” klubunun U-15 komandası AFFA-nın bayrağı altında keçirilən U-15 liqasında mübarizəyə qoşulub. Masallı təmsilçisi uzun fasilədən sonra Anatoli Banişevski adına stadionun xidmətindən istifadə edəcək. Bunun üçün arenanın məxsus olduğu "Palmali" şirkətlər qrupundan, daha da konkretləşdirsək şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Mais Mənsimovdan icazə də alınıb. Hazırda arenada təmir işləri də aparılır, soyunub-geyinmə otaqları və ot örtüyünə əl gəzdirilir.

Bununla bağlı komandanın baş məşqçisi Kənan Seyfullayevlə söhbət etdik. O, hazırda stadionda işlər getdiyi üçün təmirə bağlandığını bildirdi: “Stadionda təmir işləri gedir. Tribunası və soyunub-geyinmə otaqları təmir olunur. Lakin meydançanın ot örtüyünün də vəziyyəti yaxşı deyil, buna görə də biz həmin meydançada məşq edə bilmirik. Təxminən 15-20 günə meydança da düzələcək. Təbii ot örtüklü meydançadı, yağış çox yağdığı üçün ot normallaşır. Çünki meydançanın suvarma sistemi yox idi, amma onu da rayon rəhbərliyi ilə danışıb yoluna qoymağa çalışırıq”.

Seyfullayev hazırda “Viləş”in nəzdində 3 komandanın yaradıldığını söylədi: “U-13, U-14, U-15 komandaları yaratmışıq. Hazırda 3 yaş qrupumuz var, lakin gələcəkdə artırmaq fikrindəyik. Təxminən 2 aydı məşqlərə başlamışıq. Maliyyə məsələmizi isə əslən Masallıdan olan iş adamı var Çingiz Abbasov o, həll edir. Cənub zonasında U-15 liqası olmayıb, əvvəlki uşaqlardan yığıb yeni komanda hazırlamışam. Komandamızda perspektivli uşaqlar çoxdu. Məşqlərimizi Ərkivan stadionunda keçirik. Öz stadionumuz hazır olana kimi burada məşq edəcəyik”.

20 min əhalisi olan Ərkivan kəndində də stadion var. Lakin buna stadion yox. Adi kənd meydançası desək daha doğru olar. Uzunluğu 130 m, eni 70 m olan meydançada uşaqların futbol oynaması üçün normal şərait var. Məşqə gələn uşaqlar geyinib-soyunma otağı olmadığı üçün elə stadiondaca paltarlarını dəyişirlər. Yay fəslidə kənd yeri olduğu üçün bu, o qədər də problem yaratmır, lakin qışda bu problem ciddi maneə törədir. Çünki meydançanın yuyunmaq üçün duş otağı belə yoxdu.

Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə ilə də Massalı futbolu haqqında söhbətləşdik:
“Uşaq futbolu ilə Masallıda əsasən Uşaq Gənclər və İdman Məktəbi (UGİM) məşğul olur. Lakin Boradigah və Ərkivan kəndlərində də uşaq komandalarımız var. Hamısı AFFA-nın keçirdiyi zona yarışlarında iştirak edirlər. Komandalar kəndlərdə olan təsərrüfatlardan kiçik formada maliyyə dəstəyi alırlar. Müəyyən iş adamları da dəstək olurlar, AFFA da komandaların yol xərclərini ödəyir. 10-yaşdan 14 yaşa qədər komandaları var. AFFA-nın keçirdiyi zona yarışları Lənkəran və Cəlilabadda keçirilir. Cənub bölgəsində meydança problemi var. Ümumiyyətlə, süni meydança burada tamamilə yoxdu. Komandalarımız UGİM-in meydançasında məşqlər keçirdi hazırda onlarda da mövsüm başladığı üçün yer olmur. Bilmirik, bu problemi necə həll edək?”

Masallıda futbola həvəs çox böyük olsa da imkanlar çox dar çərçivədədi. Buranın futbol infrastrukturu bərbad vəziyyətdədi. Resurslar və şərait baxımından da rayon çox geridə qalıb. Hazırkı durumla Masallı futbolunun inkişafından necə danışmaq olar?

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ//
MASALLI

 


.
.
.
0.52009010314941