"Qarabağ" - "Atletiko" qarşılaşması ən çox tamaşaçı toplayan oyun olub

14:13 19-10-2017
"Qarabağ" - "Atletiko" qarşılaşması ən çox tamaşaçı toplayan oyun olub

"Qarabağ"ın "Atletiko" (Madrid) ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçını 47923 tamaşaçı izləyib.
Sportmedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma C qrupunda turun ən yüksək göstəricisi olub. Ümumilikdə isə bu oyun 6-cı yerdə qərarlaşıb.
İngiltərənin paytaxtı Londondakı "Stemford Bric" stadionunda "Çelsi" ilə İtaliya "Roma"sı arasındakı görüşdə tamaşaçı sayı 41105 nəfər olub. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Birinci yeri İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"lə İngiltərə "Tottenhem"inin 1:1 hesablı heç-heçə etdiyi oyun tutub. Oyuna 76589 nəfər baxıb.
Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" 70000 tamaşaçı ilə ikinci olub. Həmin stadionda "Bavariya" Şotlandiya "Seltik"ini 3:0 hesabı ilə məğlub edib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj"da "Benfika" ilə İngiltərə "Mançester Yunayted"inin üz-üzə gəldiyi matça 57684 nəfər baxıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
55026 tamaşaçı "Kamp Nou"da İspaniya "Barselona"sının Yunanıstan "Olimpiakos"una 3:1 hesabı ilə qalib gəldiyi oyunu, 48520 nəfər İngiltərədə "Mançester Siti"nin İtaliya "Napoli"sini 2:1 hesabı ilə yendiyi görüşü izləyib.
Ən az tamaşaçı isə Fransa "Monako"sunun Türkiyə "Beşiktaş"ına 1:2 hesabı ilə məğlub olduğu görüşə təsadüf edib - 7403 nəfər.
Qeyd edək ki, "Qarabağ" - "Atletiko"qarşılaşması turun qolsuz yekunlaşan yeganə matçı olub.


.
.
.
0.32695007324219