“Qarabağ”ın qrupdan çıxma şansı var - UEFA açıqladı

14:17 21-10-2017
“Qarabağ”ın qrupdan çıxma şansı var - UEFA açıqladı

Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” 3 turdan sonra aktivinə 1 xal yazdırıb. Sportmedia.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi “ölüm qrupu”nda son sırada olmasına baxmayaraq, hələ də növbəti mərhələ şansını saxlayır.
Belə ki, qitə futbol qurumu “Qarabağ”la yanaşı, ilk 3 turda qələbə qazana bilməyən komandaların 1/8 final mərhələsinə adlayacaqlarını istisna etməyib. Bu barədə yazı hazırlayan UEFA yaxın keçmişdə analoji vəziyyətlə üzləşib qrupdan çıxan klubları örnək göstərib.
Hazırda Azərbaycan çempionu ilə bərabər “Benfika”, “Anderlext”, “Atletiko”, “Olimpiakos”, “Maribor”, “Feyenoord”, “Monako”, APOEL və Dortmund “Borussiya”sı qrup mərhələsinin ilk dövrəsindən sonra qalibiyyət üzü görməyən komandalardı.
2003-04 mövsümündən bəri isə 11 komanda eyni vəziyyətə düşməsinə baxmayaraq, qrupu ilk iki sırada tamamlamağı bacarıb. Bunlar “Arsenal” (2003-04), “Selta” (2003-04), “Porto” (2004-05), “Verder” (2005-06), “Liverpul” (2007-08), “Panatinaikos” (2008-09), “Ştutqart” (2009-10), “Qalatasaray” (2012-13), “Mançester Siti” (2014-15), “Gent” (2015-16) və “Roma”dı (2015-16). Adıçəkilən komandalardan göstərilən mövsümlərdə 8-i 1/8 finalda mübarizəni dayandırıbsa, “Arsenal” və “Qalatasaray” 1/4-ə, “Liverpul” isə yarımfinala qədər irəliləməyi bacarıb.
UEFA ilk 3 turda 7 xal qazanan “Çelsi”, “Real” və “Tottenhem”i arxayınlaşmamağa da çağırıb. Çünki vaxtilə Moskva MOİK-i (2006-07), “Marsel” (2007-08), “Reyncers” (2007-08) və “Porto” (2015-16) uğurlu start götürərək 2 qələbə, 1 heç-heçəlik nəticə göstərsələr də, sonda qrupda qalıblar.
Həmçinin ilk 3 turda aktivinə 2 qələbə yazdıran “Bazel”, “Bavariya”, “Yuventus” və Donetsk “Şaxtyor”u da çox öyünməsinlər. Əks təqdirdə “Ayaks” (2003-04), Kiyev “Dinamo”su (2003-04) və Donestk “Şaxtyor”unun (2007-08) aqibəti ilə üzləşərlər.
Statistika onu deməyə əsas verir ki, hal-hazırda 9 xala malik olan “Mançester Yunayted”, PSJ, “Barselona”, “Mançester Siti” və “Beşiktaş” mütləq 1/8 final mərhələsinə adlayacaqlar.


.
.
.
0.38152599334717