2 boksçumuz yarımfinalda

23:12 24-10-2017
2 boksçumuz yarımfinalda

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə start verilib.
Sportmedia.az xəbər verir ki, mərhələnin birinci günündə Azərbaycan yığmasının 3 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin ediblər.
Belə ki, 81 kq çəki dərəcəsində gücünü yoxlayan Surət Qarayev 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) görüşüb. Döyüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qarayev 1/2 finalda rusiyalı Ruslan Kolesnikovla qüvvəsini sınayacaq.
Millimizin ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ikinci qarşılaşmasını xeyrinə bitirib. O, 1/4 finalda rumıniyalı Emanuel Mikanı mübarizədən kənarlaşdırıb. Abdullayev ilk döyüşündə olduğu kimi bu dəfə də nokautla qələbə qazanıb. Boksçumuz final üçün xorvatiyalı Yosip Biletiçlə qarşılaşacaq.
Qarayevlə Abdullayevdən fərqli, Nicat Həsənov 1/4 final səddini keçə bilməyib. 69 kq çəki dərəcəsində yarışan təmsilçimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub.
Sabah başa çatacaq 1/4 finalda daha 4 boksçumuz mübarizə aparacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri oktyabrın 27-də olacaq.


.
.
.
0.74108505249023