Həvəskarlar Liqasının problemləri

22:36 26-10-2017
Həvəskarlar Liqasının problemləri


Həvəskarlar Liqasının problemləri

“Həvəskarlar futbolu” layihəsi çərçivəsindəki ilk yazımızda Həvəskarlar Liqasındakı problemləri aşkara çıxarmağa çalışacağıq. Azarkeşlər baxımından Premyer-Liqa və I diviziondan geri qalmayan bu çempionata maraq getdikcə artmaqdadı. Fanatların həvəskar futbolla bu qədər maraqlanması doğrudan da sevindirici haldı. Bu göstərici o deməkdi ki, ölkəmizdə bu idman növünə maraq heç də az deyil. Bu, həm futbolumuzun kütləvilik və populyarlaşdırılması, həm də futbolun təbliğatı baxımından mühüm amildi. Azərbaycanda həvəskar futbolun ən pik nöqtəsi məhz Həvəskarlar Liqasıdı. Yazımızda bu liqanın müsbət və mənfi cəhətlərini, problemlərini aşkara çıxarmağa çalışacağıq.

Müsbət cəhətləri

Öncə qeyd etmək istəyirik ki, bu liqanın keçirilməsi çox əhəmiyyətlidi. Gənclərin məşğuliyyəti və vaxtlarının səmərəli keçirilməsi problemi daima aktualdı. Bunun üçün gənclərin maraq göstərdiyi sahələri inkişaf etdirmək lazımdı. Gənclərin maraq göstərdiyi sahələrindən biri də futboldur ki, burada da gənclərin vaxtlarını futbol ilə keçirilməsinə yönələn tədbirlər vardır. Bunlara misal olaraq məhəlli futbolu, həvəskar komandalar, müxtəlif turnirlər, stadionlar və kiçik meydançaların təmiridi. Əgər futbolun təbliği, bu idman növünə olan marağın artırılması istiqamətində işlər görülməsə bu stadionlar və tikililər səmərəsiz şəkildə qalacaqdır.
Son zamanlar bu sahədə fəaliyyət göstərən, boş qalmış stadionlara minlərlə gənci toplamağa müvəffəq olan, gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə, lazımsız vərdişlərdən uzaq, sağlam gəncliyin formalaşmasına səy göstərən həvəskar futbol liqaları yaranmaqdadır.
Bu liqalardan ən çox marağa səbəb olmuş Həvəskarlar Liqasıdı. Bu çempionatda iştirak edən komandaların heyəti sırf həvəskar futbolçulardan ibarət olur. Oyunlar peşəkar hakimlər tərəfindən idarə olunmaqla futbol qaydalarına tam riayət edilərək keçirilir. Yekunda qalib komandalara mukafatlar təqdim olunur. Bu liqa demək olar ki, özünə “azarkeş ordusu” toplaya bilib. Bu isə gənclərin futbola marağının artması deməkdi.


Bütün bunlarla yanaşı həvəskarlar arasında keçirilən bu çempionatın ən müsbət cəhətlərindən biri də, burada yeni istedadların “kəşf” olunmasıdı. Hazırda peşəkar futbolumuzda çıxış edən bir çox futbolçular məhz həvəskar futbolda debüt edib və bu liqada futbolçu kimi özünü göstərib. Bu müsbət amil Həvəskarlar Liqasındakı istedadların çoxalması deməkdi. Artıq gənc futbolçular özlərinə güvəndikləri və peşəkar futbolçu karyerasına başlamaq üçün bu liqada səylə çalışırlar ki, təcübəli məşqçilər və peşəkar komandaların diqqətlərini cəlb edə bilsinlər. Həvəskarlar arasında keçirilən çempionatda istedadlı gənclər dərhal seçilir və onlarla dərhal maraqlanmağa başlanılır. Buna görə yerli seleksiyaçı məşqçilər tez-tez bu yarışa baxmağa gəlirlər. Özlərinə lazımlı futbolçuların axtarışına çıxırlar. Futbolçuların həvəskar futboldan peşəkar futbola keçidi digər komanda yoldaşlarında həvəsi daha da artırır.


Həvəskar komandaların da sayının artdığını görürük. Bu isə bu liqaya göstərilən marağın və futbolun kütləviləşməsi istiqamətində aparılan işlərin düzgün olduğunun təsdiqidi. Hətta bəzi həvəskar komandalar artıq peşəkarlaşmaq istiqamətində müəyyən addımlar da atırlar. Buna misal olaraq, I divizonda çıxış edən “Xəzri”, “Binə” komandalarının adlarını çəkmək olar.

“Binə” klubunda eyni zamanda həvəskar komanda və kiçik yaşlı uşaq komandaları da fəaliyyət göstərir. Bundan başqa bir neçə həvəskar komanda var ki, onların kiçik yaşlı uşaq komandaları da mövcuddu. Bütün bunlar həvəskar komandaların peşəkarlaşmaq istiqamətində atdıqları addımların göstəriciləridi. Həvəskarlar Liqasının keçirilməsinin müsbət tərəflərindən biri də budur. Digər müsbət tərəfi isə futbolsuz qalmış bölgələrimizdən həvəskar futbol komandalarının bu yarışa qatılmasıdı. Bununla da həmin bölgələrin futbol azarkeşləri öz komandalarını dəstəkləmək üçün stadionlara axışır və azarkeş dolu stadionlarda maraqlı mübarizənin şahidi oluruq. Bu məqamda onu da qeyd edək ki, həvəskar komandaların qarşılaşmasında çoxsaylı azarkeşlərin stadionlara gəldiyini görürük, hətta bəzi Premyer-Liqa oyunlarından daha çox azarkeş olduğunu da deyə bilərik. Bütün bunları nəzərə alaraq həvəskar futbola marağın necə yüksək olduğunu görürük. Məsələn, vaxtilə Azərbaycan çempionatında at oynadan Masallı “Viləş”inin stadionu hazırda yüksək səviyyədə olmasa da onu yenidən yararlı vəziyyətə gətirməyə çalışırlar. Hansı ki, sözügedən cənub bölgəsində “Viləş” adlı komanda indi də var və həvəskarlar liqasında iştirak edəcək. Bu komandanın nəzdində müxtəlif yaş qruplarında uşaq komandaları da mövcuddu və AFFA-nın təşkil etdiyi zona yarışlarında mübarizə aparır.

Həvəskarlar Liqası təcrübəsiz futbolçuların, məşqçilərin, hakimlərin ixtisas üzrə inkişafına böyük dəstəkdi.

 

Problemlər

Həvəskarlar Liqasının təşkilində olduqca böyük problemlər var. Onlardan ən başlıcası bu çempionata AFFA nümayəndəsi və hakim-inspektorların göndərilməməsidi. Bu isə hakimlərin bir çox yanlış qərarlarının cavabsız qalması və böyük söz-söhbətlərə, dava-dalaşlara səbəb olmasıyla nəticələnir. AFFA nümyəndəsinin iştirak etməməsi isə oyunlarda təhlükəsizlik qaydalarına tam əməl olunmamasına və futbol adına ləkə olan müəyyən davranışların çoxalmasına gətirib çıxarır.

Təşkilati işlərdə digər böyük problem isə əsasnaməyə tam riaəyət olunmamasıdı. Belə neqativ hallar isə həvəskar komandaları bu liqadan soyutmağa gətirib çıxarır. Məsələn, Həvəskarlar Futbol Federasiyasının əsasnaməsinə əsasən Həvəskarlar Liqasının çempionu iki ildən bir keçirilən UEFA Region Kubokunda iştirak etməlidi. Lakin Azərbaycan Həvəskarlar Futbol Federasiyası (AHFF) hazırda son çempion – “Binə” komandasını 2018-ci ildə keçiriləcək bu beynəlxalq yarışa göndərmək istəmir. Səbəb kimi isə əsasnaməyə dəyişiklik ediləcəyidi. Dəyişiklik edilsə belə bu proses özündən sonrakı zaman üçün nəzərdə tutulmalıdı. Əgər “Binə” komandasının haqqı tapdalanıb onları keçirilən UEFA Region Kubokuna göndərməsələr bu, özbaşnalıq olacaq. Azərbaycan Həvəskarlar Futbol Federasiyası Həvəskarlar Liqasıyla federasiyanın həvəskar fəaliyyətini səhv salırlar.
Bununla bağlı “Binə” komandasının baş məşqçisi Məmmədəli Ağatalibovla söhbə etdik. O, açıqlamasında yeni əsasnamənin düzgün olmadığını bildirdi: “2016-cı ildə həvəskarlar liqasının qalibi olmuşuq. Bizə elə o vaxt əsasnaməni vermişdilər. Orda qeyd edilir ki, hər iki ildən bir həvəskarlar liqasının qalibi UEFA Region Kubokunda iştirak etməlidi. İndi Həvəskar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov deyir ki, “biz səhv edib, vaxtı iki il qoymuşuq”. Ancaq həmin sənəddə həm Rəhimovun, həm də AFFA-nın baş katibi Elxan Məmmədovun imzası var. Mən yüz faiz bilirəm ki, Elxan Məmmədovun bu işdən xəbəri yoxdu. İndi Rəhimov deyir ki, bu il də həvəskarlar liqasını qazanın, gələn il gedərsiz. Mən də deyirəm ki, biz keçən il qalib gəlmişik axı, əsasnaməyə görə biz getməliyik. Ancaq əvəzində Rəhimov səhv etdiklərini, indi düzəltdiklərini bildirir.
Necə olur, “Şərur” gedir, “Çağırğan” gedir, lakin bizə çatanda səhv etmiş olurlar? Deyirlər, əsasnaməni dəyişirik - 2017/18 mövsümünün qalibi kim olar, o da gedər. Guya bu addımı atmalarına səbəb Region Kubokuna son çempionun yollanmalı olmasıdı. Onlar düşünürlər ki, 2 il çox uzun müddətdi, bu zamanda komanda zəifləmiş ola bilər. Amma heç də elə deyil. Biz komandanın özəyini qoruyub-saxlamışıq. Bu il də 1/4 finala qədər irəlilədik. Özü də, bizim hələ bir il vaxtımız var. Bir az da yaxşı hazırlaşa bilərik. Lakin onlar bizim bu tələblərimizə məhəl qoymurlar. Onların bir məqsədi var: bizi bu yarışa buraxmamaq. Niyə belə edirlər, bilmirəm.”


Birincisi, əsasnamədə dəyişiklik etmək üçün AFFA-nınvə Sahə Futbol Federasiyasının razılığı alınmalı və AHFF-nin İcraiyyə Komitəsinin dəyişiklik edilməsi ilə bağlı qərarı olmalıdı. İkincisi isə bütün bu proseslər düzgün olsa belə, qəbul olunmuş yeni əsasnamə qəbul olunduğu tarixdən sonraya aid olmalıdı. Bu, aksiomadı.
Rəhbərlik dəyişikliyə əsas kimi UEFA nümayəndələrnin tələblərini bəhanə edirlər. Federasiya 2015-ci ildə bu əsasnaməni qəbul edərkən va razılaşdırarkən UEFA-nın tələblərindən xəbərsiz idi? Yəni bu qədər qeyri-peşəkarlıq ediblər? Əgər, AHFF səriştəsizlik etmişdirsə, bəs, AFFA niyə bununla razılaşmışdı?
Bu haqsızlıq tək komandaya qarşı deyil, onun yüzlərlə azarkeşinə, təmsil etdiyi qəsəbəyə və Azərbaycan futboluna qarşıdı. Bütün bunlar komandaların bu liqaya marağını azaldır. Çempionatda iştirak edən komandalar bu haqsızlıqların sabah onların da başına gələcəyindən qorxurlar və beləcə Həvəskarlar Liqasının qərarlarına inam itir və çempionatın səviyyəsi azalan xətt üzrə gedir.
Həvəskar Liqasında olan digər problem isə çıxış edən komandaların maliyyə çətinliyidi. Bəzi komandalar səfər oyunlarına belə getməyə pul tapmırlar. Müəyyən bölgə komandaları isə ev oyunlarını keçirmək üçün meydança tapa bilmirlər. Meydança problemi artıq bölgə futbolunun qlobal probleminə çevrilib.

“Layihə AFFA yanına Media Komitəsi tərəfindən maliyyələşdirlir”

İLKİN VİDADİOĞLU
SPORTMEDİA.AZ

 


.
.
.
0.33481121063232